Məhkəmə qərarları › İş №2(107)-2000/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2000/2021

20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2000/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, iş üzrə maraqlı şəxs DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(046)-1115/2021 nömrəli qətnaməsindən iş üzrə maraqlı şəxs DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(046)-1115/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) ərizə təmin olunmuş, X9 Kolleci tərəfindən verilmiş 045156 nömrəli diplomun Ərizəçi məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. İşin halları Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X9 Kolleci tərəfindən verilmiş 045156 nömrəli diplomun ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki,xx xxxxx 1958-ci ildə Göyçay rayonu Ləkçıplaq kəndində anadan olmuşdur. Valideynləri tərəfindən doğumun qeydə alınması üçün Göyçay rayonu Ləkçıplaq kənd Sovetliyinə müraciət edilmiş, Sovetlikdə doğumu qeydə alınmış, bu barədə 30 aprel 1958 ci il tarixli, 81 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamə ona aid məlumatlar qrafasında soyadı, adı və ata adı “X4”, ata qrafasında “X7” və ana qrafasında “X1” kimi qeyd olunmuşdur. 17.01.1977-ci il tarixdə X6 ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Nikah bağlandıqdan sonra “Həsrətova” soyadını daşımışdır. Göyçay rayonunda orta məktəbi bitirdikdən sonra, 1974- cü ildə X9 Kollecinə daxil olmuşdur. 1977ci ildə həmin kollecin “İbtidai” sinif müəlliməliyi ixtisasını bitirmişdir. Yaş həddi ilə bağlı ona əmək pensiyası təyin edilərkən, təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi üçün Maraqlı şəxsnə müraciət edərkən məlum olmuşdur ki, X9 Kolleci tərəfindən ona verilmiş 045156 nömrəli diplomda səhvən ata adı, “Raşad” əvəzinə “Rəşid” kimi qeyd edilmişdir. Bu səbəbdən təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Buna görə də ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf ƏƏSMN yanında Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı tərəfin nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iş üzrə maraqlı şəxs DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İş üzrə maraqlı şəxs DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ərizəçi ərizəsində faktın məhkəmədən kənar tanına bilməməsini təsdiq edən sübutları göstərməmişdir. Birinci instansiya məhkəməsi də öz qətnaməsində faktın məhkəmədən kənar tanına bilməməsini təsdiq edən sübutları qeyd etməmiş və əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi faktı müəyyən edərkən qətnamədə həmin faktı təsdiq edən heç bir şahid ifadəsi və ya digər sübutlara istinad etməmişdir. Bu sübutların əldə edilməsi üçün məjkəmə tərəfindən müvafiq sorğular da göndərilməli idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Məhkəmə tərəfindən qətnamənin nəticə hissəsi də düzgün tərtib edilməmişdir. Belə ki “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun Qərarının 6.3-cü bəndinə əsasən, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(046)- 1115/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iş üzrə maraqlı şəxs DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Ərizəçi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. O, məhkəməyə teleqram ünvanlayaraq işə nonun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iş üzrə maraqlı şəxs DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(046)-1115/2021 nömrəli qətnaməsinin nəticə hissəsinin 2-ci abzasında “X9 Kolleci tərəfindən verilmiş 045156 nömrəli diplomun Ərizəçi məxsus olması faktı müəyyən edilsin” cümləsi “Ərizəçi Rəşid qızına X9 Kolleci tərəfindən verilmiş, 1974-cü ildə Azərb. SSR Ağdaş Pedaqoji Məktəbinin ibtidai sinif müəllimi şöbəsinə daxil olması, 1977-ci ildə ibtidai sinif müəllimi ixtisası üzrə tam kursu bitirməsi və 29.06.1977-ci il tarixli Dövlət ixtisas komissiyasının qərarı ilə ibtidai sinif müəllimi ixtisası verilməsi barədə 2405 nömrə ilə qeydə alınmış, Ağdaş şəhərində 30.06.1977-ci ildə tərtib edilmiş Я № 045156 olan diplomun Ərizəçi məxsus olması faktı müəyyən edilsin” cümləsinə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəməyə təqdim edilmiş X9 Kolleci tərəfindən 30.06.1977- ci il tarixdə verilmiş 045156 nömrəli diplomdan görünür ki, Ərizəçi Rəşad qızı həmin kollecin ibtidai sinif müəlliməliyi ixtisasını bitirmişdir. Məhkəməyə təqdim edilmiş X2 təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxxx 1958-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş X3 təsdiq edilmiş surətindən görünür ki, X4 ilə X6 ilə 17.01.1977-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş X9 Kolleci tərəfindən 15.03.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Həsrətova X8 Pedaqoji Məktəbinin İbtidai sinif müəlliməsi ixtisasına əyani şöbəyə qəbul edilmiş, 30.06.1977-ci il tarixdə həmin ixtisas üzrə tam kursu bitirmiş və ona 045156 nömrəli diplom verilmiş, həmin diplomda ata adı Rəşid kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1 və 307.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ərizəçi adına X9 Kolleci tərəfindən verilmiş 045156 nömrəli diplomun ona məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində sənədin əlamətləri (sənədin adı, kimin tərəfindən kimin adına verilməsi, verilmə tarixi və sair) göstərilməmişdir. Ona görə də, qətnamənin nəticə hissəsi həmin əlamətlər göstərilməklə dəyişdirilməlidir. Məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin apellyasiya şikayətində faktın məhkəmədən kənar tanına bilməməsini təsdiq edən sübutların göstərilməməsi barədə yazdıqlarına münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə ərizəçinin X9 Kollecinə diplomda texniki səhv olaraq atasının adının “Rəşid” kimi yazıldığını və onun həmin səhvin aradan qaldırılmasını xahiş etməsi ilə bağlı X9 Kollecinin 15 iyul 2021-ci il tarixli 104 nömrəli məktubu vardır ki, bu da maraqlı şəxsin nümayəndəsinin göstərdiklərinin təkzib edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan maraqlı şəxs də qətnamənin ləğv edilməli olması barədə göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iş üzrə maraqlı şəxs DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(046)-1115/2021 nömrəli qətnaməsinin nəticə hissəsinin 2-ci abzasında “X9 Kolleci tərəfindən verilmiş 045156 nömrəli diplomun Ərizəçi məxsus olması faktı müəyyən edilsin” cümləsi “Ərizəçi Rəşid qızına X9 Kolleci tərəfindən verilmiş, 1974-cü ildə Azərb. SSR Ağdaş Pedaqoji Məktəbinin ibtidai sinif müəllimi şöbəsinə daxil olması, 1977-ci ildə ibtidai sinif müəllimi ixtisası üzrə tam kursu bitirməsi və 29.06.1977-ci il tarixli Dövlət ixtisas komissiyasının qərarı ilə ibtidai sinif müəllimi ixtisası verilməsi barədə 2405 nömrə ilə qeydə alınmış, Ağdaş şəhərində 30.06.1977-ci ildə tərtib edilmiş Я № 045156 olan diplomun Ərizəçi məxsus olması faktı müəyyən edilsin” cümləsinə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə maraqlı şəxs DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(046)-1115/2021 nömrəli qətnaməsinin nəticə hissəsinin 2-ci abzasında “X9 Kolleci tərəfindən verilmiş 045156 nömrəli diplomun Ərizəçi məxsus olması faktı müəyyən edilsin” cümləsi “Ərizəçi Rəşid qızına X9 Kolleci tərəfindən verilmiş, 1974-cü ildə Azərb. SSR Ağdaş Pedaqoji Məktəbinin ibtidai sinif müəllimi şöbəsinə daxil olması, 1977-ci ildə ibtidai sinif müəllimi ixtisası üzrə tam kursu bitirməsi və 29.06.1977-ci il tarixli Dövlət ixtisas komissiyasının qərarı ilə ibtidai sinif müəllimi ixtisası verilməsi barədə 2405 nömrə ilə qeydə alınmış, Ağdaş şəhərində 30.06.1977-ci ildə tərtib edilmiş Я № 045156 olan diplomun Ərizəçi məxsus olması faktı müəyyən edilsin” cümləsinə dəyişdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar