Məhkəmə qərarları › İş №2(107)-2001/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2001/2021

02.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2001/2021 02.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh3 və onun vəkili X6 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Ziyavəddin qızına qarşı “torpaq sahəsinə görə verilmiş pulun və çəkilmiş xərcin ödənilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(019)- 690/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Ziyavəddin qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək torpaq iddiasının tanınması və ya verilmiş pulun və çəkilmiş xərcin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxışı iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək torpaq sahəsinin alınmasına görə verdiyi ******* (üç milyon) AZM pulun və torpağın münbitləşdirilməsi ilə bağlı üzvi və mineral gübrələrə 2005-2019-cu illərdə verdiyi 2800 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 Ziyavəddin qızından alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53- cü maddəsinə əsasən icraata qəbul edilmişdir Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 12 avqust 2021-ci il tarixli, 2(019)- 690/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Ziyavəddin qızından torpaq sahəsinə görə ödənmiş 600 (altı yüz) manat alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 30 manat dövlət rüsumu xərcinin 5.40 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Ziyavəddin qızından alınıb İddiaçı verilməsi, dövlət rüsumu xərcinin 24,60 manatının iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh3 apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-cı il oktyabr ayının 12-də Talalar kənd Notariat Kontorunun Dövlət X2 və Talalar Bələdiyyəsinin o zamankı sədri Bilal Rüstəmovun iştirakı ilə Talalar kənd sakinləri cavabdehlər Cavabdeh1 , Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Ziyavəddin qızından JN-779 KOD 40113018 nömrəli Dövlət Aktı ilə onlara pay torpağı kimi verilmiş 0,43 ha torpaq sahəsini özlərinin inadlı xahişlərinə görə 30 “şirvan”a (3000000 AZM) almışdır. 15 ildir əkin üçün məhsuldar olmayan həmin sahəyə xeyli əlavə xərc qoymuş, üzvi və mineral gübrələr vermişdir. Hər il ziyanla yekunlaşan təsərrüfat ilinin yalnız 2018-2019-cu illərində cuzi səmərə götürmək mümkün olmuşdur. 2020-ci ilin təsərrüfat ilində isə 350 manat zərərlə yekunlaşmışdır. Ona görə ki, münbitləşdirdiyi həmin ərazi süni şəkildə əlindən alınmışdır. 15 ildir həmin torpaq sahəsinin vergisi onun tərəfindən ödənilir. İndi isə ciddi bir problemlə üz-üzədir. Ona məlum olan bir qrup adamlar tərəfindən öyrədilən yuxarıda adlarını sadaladığı şəxslər çöl qarovulu Fuad adlı şəxsin əli ilə bu təsərüfat ilində onu həmin sahəyə buraxmamışlar. Əllərində əsas olmaq üçün 0,20 hektar yerdə isə arpa əkmişlər. Bəhanələri isə budur ki, “biz sənə o torpaq sahəsini satmamışıq, icarəyə vermişik”. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən rayon Məhkəməsi qətnamə qəbul edərkən bir sıra qanun pozuntularına yoll verməklə araşdırmalı olan diğər hallan araşdırmadan onun zərərinə olan qərar qəbul etmişdir. Belə ki, iddiaçı öz iddiasında mübahisəli torpaq sahəsinin yaxşılaşdırılması üçün 2800 manat xərc çəkdiyini göstərib. Düzdür məhkəmə bu yöndə öz araşdırmasında düzğün qərar verib. İddiaçı həmin mübahisəli torpaqdan 15 il istifadə etdiyini də etiraf edir. Necə ola bilər ki, onun mülkiyyətində olan tporpaq sahəsi onların mülkiyyətində olan zaman onlar həmin sahədən norma əsasında bəhrə götürürdülər. Lakin iddiaçı istifadə etdiyi 15 il müddətində o, həmin torpaq sahəsindən heç nə əldə edə bilməmişdir. Məhkəmə daha sonra İddiaçı torpaq sahəsindən istifadə edərək gəlir əldə etməsini bildirmiş və ona görədə məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etməmişdir. Əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Bununlada məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı torpaq sahəsinə görə ******* AZM yəni 600 AZN pul vermişdirsə, məhkəmə tərəflər arasındakı əqdin etibarsız olması cavabdehlərin iddiaçıya verdikləri 0,43 ha torpaq sahəsini geri almalarını nəzərə alaraq hesab edib ki, torpaq sahəsinə görə iddaçının ödədiyi 600 AZN pul cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Ziyavəddin qızından alınıb İddiaçı verilməlidir. Bundan başqa məhkəmənin torpaq sahəsinə görə 600 (altı yüz) manat olan hissədə iddianı təmin etməsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə bu hissədə düzğün olmayan qərar qəbul etmişdir. Belə ki, onun mülkiyyəti 15 il iddiaçının istifadəsində olmaqla həmin mülkdən küllü miqdarda gəlir götürdüyü halda 14 il ancaq həmin sahəyə qulluq etdiyini bildirir. Halbuki, həmin torpaq sahəsi ilə yanbayan torpaq sahələri əkinə yararlı olduğundan hər il məhsuldar olmuşdur. Bunu qonşu torpaqların mülkiyyətçiləri də təsdiq edə bilər. Lakin məhkəmənin bu məqamı gözdən qaçırması nəticəsində o hələ iddiaçıya pul da verməli olmuşdur. Məhkəmə həmin hissədə torpaq sahəsinə yerində ekspertiza keçirsəydi iddiaçının həmin torpaq sahəsindən ildə nə qədər məhsul götürməsi ortaya çıxacaqdı. İddiaçının istifadəsində olmuş 0,43 ha torpaq sahəsindən il ərzində nə qədər gəlir götürmək mümkün olub-olmaması barədə ekspertizanın keçirilməsini zəruri hesab edir. Bununla da iddiaçının istifadəsində olmuş torpaq sahəsinə keçirməli olduğu 600 manat ödəməli olduğu halda ,həmin torpaq sahəsindən 15 il istifadə edərək əldə edilən qazancı o ələdə edə bilərdi. Həmin gəlir də hesablanaraq eynilə iddiaçı tərəfindən ona ödənilməlidir. Qeyd edilənlərə əsasən Balakən Rayon Məhkəməsinin 12.08.2021-cu il tarixli 2(019)-690/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o iddiaçını tanımır, mübahisəli torpağı da iddiaçıya satmamış, icarəyə vermişlər. Həmin vaxt iddiaçı tərəfindən onlara bir kisə unun pulu verilmişdir. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmamasını kollegiyadan xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X8 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmamış, tərəflər üzrə qarşılıqlı münasibətə düzgün qiymət verməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehin danışdığının hamısı yalandır. Belə ki, o cavabdehlə qonşuluqda yaşayır. Mübahisəli torpaq sahəsini də əvəzini ödəməklə cavabdehlərdən almışdır. Düzdür, həmin vaxt cavabehlərin sözünə inanaraq alqı-satqı etməmişdir. Sonradan cavadehlər vədlərinə əməl etməyərək torpağı geri almışlar. O, alqı-satqı zamanı vermiş olduğu puldan başqa, torpağın münbitləşdirilməsinə də xeyli xərc çəkmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını kollegiyadan xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər səbəb və mümkünsüzlüyü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(019)- 690/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; JN 779, KOD 40113018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Balakən rayon Aqrar islahat Komissiyasının 04 fevral 1998-ci il tarixli , 02 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1,Cavabdeh2 Paşa qızının, Cavabdeh3 və Cavabdeh4 Ziyavəddin qızının ümumi birgə mülkiyyətinə Balakən rayonu Talalar kəndi ərazisindən 0,85 ha kənd təsəsrrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Balakən rayonu Talalar bələdiyyəsi tərəfindən verilmiş 04 mart 2021-ci il tarixli 13 nömrəli arayışdan görünür ki, İddiaçı vergi ödəyicisi kimi Talalar bələdiyyəsində qeydiyyatdadır və bu günə kimi hesablanmış vergilər onun tərəfindən ödənilmişdir. 12 oktyabr 2005-ci il tarixdə Talalar kənd Notariat Kontorunun Dövlət X3 və Talalar Bələdiyyəsinin sədri X1 ünvanlanmış ərizədə cavabdehlər Cavabdeh1 ,Cavabdeh2 Paşa qızı , Cavabdeh3 və Cavabdeh4 Ziyavəddin qızı göstərmişlər ki, xüsusi mülkiyyətlərinə verilmiş 779 nömrəli dövlət aktında göstərilmiş Tuqay çöl adlanan sahədən 0,43 hektar torpaq sahəsini şəhər sakini İddiaçı əvəzi ödənilməklə birdəfəlik olaraq bağışlayırlar. Bundan sonra bu torpaq sahəsinə iddiaları olmayacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli,02 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1,Cavabdeh2 Paşa qızının, Cavabdeh3 və Cavabdeh4 Ziyavəddin qızının ümumi birgə mülkiyyətinə Balakən rayonu Talalar kəndi ərazisindən 0,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 12 oktyabr 2005-ci ildə cavabdehlər həmin torpaq sahəsinin 0,43 hektar hissəsini əvəzi ödənilməklə birdəfəlik olaraq İddiaçı vermişlər. Cavabdehlər hətta bununla bağlı iddialarının olmayacağı barədə ərizə də vermişlər. İddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı cavabdehlərə ******* AZM (600 AZN ) verdiyini, cavabdehlər isə həmin pulun icarə haqqı olaraq verildiyini israr edir. Lakin kollegiya tərəfindən təklif olunmasına baxmayaraq cavabdeh tərəf mübahisəli torpaq sahəsinin iddiaçıya icarəyə verildiyini təsdiq edə bilməmiş, iş materiallarında olan “torpağın əvəzi ödənilməklə bağışlanması barədəyə ərizəyə” də aydınlıq gətirə bilməmişdir. Kollegiya belə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassız olmaqla yanaşı, iş materialında olan sənədlərlə, xüsusən də iş materialının 49-cu səhifəsində olan “torpağın əvəzi ödənilməklə bağışlanması barədəyə ərizə” ilə tam təkzib olunur. Göründüyü kimi hər bir tərəf öz mənafeyindən çıxış edərək özünün haqlı olmasını israr edir, lakin təklif olunmasına baxamyaraq cavabdeh tərəf etirazının əsası kimi hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(019)-690/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar