Məhkəmə qərarları › İş №2(107)-206/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-206/2024

29.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-206/2024 29.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı torpaq sahəsinə zəruri yol və keçidin verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə zəruri yol və keçidin verilməsi, servitut) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinə zəruri yol və keçidin verilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2 avqust 2023-cü il tarixli 2(033)-86/2023 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Maqov kəndi ərazisində yerləşən, X14 Komitəsinin Zaqatala rayon Şöbəsi tərəfindən verilmiş JN-219G KOD 40212018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş 0,22 ha torpaq sahəsinə gediş-gəliş üçün cavabdehə məxsus torpaq sahəsindən zəruri yol və keçidin verilməsi, həmin yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdır ki, onların Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha torpaq sahələri vardır. Həmin torpaq sahəsinə JN-219G KOD 40212018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edirlər. Həmin torpaq sahəsinin ictimai yola çıxış üçün yolu yoxdur. Belə ki, həmin torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmadığı üçün və həmin torpaq sahəsinə ən yaxın cavabdehə məxsus torpaq sahəsindən keçmək uyğun olduğuna görə onlar indiyə kimi cavabdehə məxsus torpaq sahəsindən keçərək işləmişlər. Onlar həmin torpaq sahəsinə ictimai yola çıxışın olub-olmaması barədə Reyestr xidmətinə müraciət ünvanlamışlar və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli **********06 saylı cavab məktubu ilə bildirmişdir ki, həmin torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Bundan başqa, Zaqatala rayonu Maqov bələdiyyəsinin xx.xx.2022-ci il 32 saylı arayışı ilə bir daha təsdiq olunur ki, İddiaçı1 verilmiş 0.22 ha torpaq sahəsinə yol nəzərdə tutulmamış və həmin torpaq sahəsinin ictimai yola çıxışı yoxdur. Beləliklə, cavabdeh indiyə kimi işlədikləri yolu bağlamaqla onların torpaq sahəsinə gedən yolu bağlamış olur və belə olan halda onlar öz torpaqlarına gedib-gələ bilmirlər. Bununla da mülkiyyətlərində olan torpaq sahəsindən istifadə və mülkiyyət hüquqları pozulmuşdur. Buna görə də, məhkəməyə müraciət etməli olmuşlar. Hesab edir ki, cavabdehə məxsus torpaq sahəsindən onların torpaqlarına zəruri yol verilməlidir ki, onlar öz mülkiyyətlərində istifadə edə bilsinlər. Əgər cavabdeh onlara verilən zəruri yol üçün haqq tələb edirsə bu haqq məhkəmə tərəfindən müəyyən edilsin. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 2 avqust 2023-cü il tarixli 2(033)-86/2023 saylı, qətnaməsi (hakim T.Həsənov) ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinə zəruri yol və keçidin verilməsi, torpaq sahəsinin servitutla yüklü edilməsi, servitutun dəyərinin və müddətinin müəyyən edilməsi tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı1 ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci iddiaçılar X8, İddiaçı3 və İddiaçı2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X6 kodu 210005, VÖEN **********, müxbir AZ41NABZ********************4 hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömrəli qərarı ilə Zaqatala rayonu Maqov kəndində yerləşən 0.22 ha həyətyanı sahə iddiaçılar Qardaşov Məmmədseyid (Seyidməmməd) Ömər oğlunun, X5, X1 və digər subyektlər X2, X3 mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda Cavabdeh qardaşı olan X9 mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004cü il tarixli 113 nömrəli qərarı ilə verilmiş 0,34 ha torpaq sahəsi və atası olan X10 mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı əsasında verilmiş 3408 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yerləşir. X13 12 dekabr 2003-cü ildə və X15 28 mart 2004-cü ildə ölmüşlər. X13 və X9 mülkiyyətində olan torpaq sahələrindən hazırda Cavabdeh istifadə edir. İddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi hər tərəfdən torpaq sahələri ilə əhatə olunmuşdur və həmin torpaq sahəsinə ümumi istifadədə olan gediş-gəliş yolu nəzərdə tutulmadığından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 hazırki iddia tələbi ilə müraciət edərək cavabdehə məxsus torpaq sahəsindən zəruri yol və keçidin verilməsi, həmin yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 04 aprel 2023-cü il tarixli 10/873 nömrəli ekspert rəyinə əsasən iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə gedişgəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmamış, iddiaçıların tələb etdiyi yol ərazisi hüquqmüəyyənedici sənədlər əsasında X13 və X9 ailə üzvlərinin xüsusi mülkiyyətlərinə işlənilmişdir. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, onların mülkiyyətində olan torpaq sahəsinə iddiaçıların qohumlarının mülkiyyətində olan torpaq sahələrindən keçən faktiki iddiaçılar tərəfindən istifadə edilən yol mövcuddur və cavabdehin atası və qardaşının mülkiyyətində olan torpaq sahələrindən keçərək iddiaçılara məxsus torpaq sahəsinə həmin torpaq sahələrinin bir hissəsi bataqlıq olduğundan getmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi ilk növbədə onu qeyd etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmasa da onların faktiki istifadə etdikləri və cavabdehin istifadəsində olan torpaq sahələrindən keçməyən gediş-gəliş yolu mövcuddur. Həmin yolun keçdiyi ərazi iddiaçıların qohumlarına məxsusdur və iddiaçıların həmin yoldan istifadəsini torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən məhdudlaşdırılması və ya həmin ərazidən istifadə edilməsinin qadağan edilməsi halı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, qanunverici tərəfindən keçidin ayrılması halında keçidin ayrılmasını tələb edən şəxs tərəfindən zəruri keçidin tam əvəzini ödəməli olduğu müəyyən edilmişdir. Hazırki iş üzrə Zaqatala rayonu Maqov kəndində yerləşən mülkiyyətlərində olan 0,22 ha torpaq sahəsinə keçid tələb edən iddiaçılar keçid tələb etdikləri torpaq sahələrinin istifadəçisi olan cavabdehə ödəniləcək servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsini tələb etsələr də, onlar ağlabatan məbləğdə kompensasiya ödəməyə razı olmamış və tələb etdikləri keçid müqabilində 500 manat ödəyə biləcəklərini bildirmişlər. Cavabdeh bu təkliflə razılaşmamış, eyni zamanda mülki iş üzrə tərəflər keçidin dəyəri ilə bağlı sübut təqdim etməmişlər. İddiaçıların kompensasiya qismində ödəyə biləcəklərini qeyd etdikləri məbləğdə kompensasiyanın keçidin tam əvəzi hesab edilə biləcəyinə dair sübut iddiaçılar tərəfindən təqdim edilmədiyini və işin faktiki hallarını nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların kompensasiya qismində təklif etdikləri məbləğin zəruri keçid müqabilində cavabdehə ödənməsi cavabdehin mənafelərinə uyğun hesab edilə bilməz və keçid ayrılarkən tərəflərin hər birinin qarşılıqlı mənafeləri nəzərə alınmalı olduğundan iddiaçının təklif etdiyi məbləğ müqabilində keçidin verilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0.22 ha torpaq sahəsinə gediş-gəliş üçün cavabdehə məxsus torpaq sahəsindən zəruri yol və keçidin verilməsi hissəsində rədd edilməlidir. Birinci instansiya məhkəməsi eyni zamanda, iddianın digər hissələrini yəni “yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulması” hissələri üzrə araşdıraraq, hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Buna görə də iddia tələbi həmin hissələrdə də rədd edilməlidir. Belə ki, iddiaçıların “yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulması” tələbi birinci, iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndinsə yerləşən 0.22 ha torpaq sahəsinə gediş-gəliş üçün cavabdehə məxsus torpaq sahəsindən zəruri yol və keçidin verilməsindən sonra yaranan törəmə tələbdir. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinə cavabdehin istifadəsində olan torpaq sahələrindən zəruri keçid verilmədiyi halda və iddia tələbinin digər hissələri həmin hissə ilə əlaqəli olduğundan iddia tələbi digər hissələr olan “yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsi, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsi, servitutun daimi istifadə üçün nəzərdə tutulması” hissəsində də təmin edilməməlidir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi ümumilikdə əsaslı hesab edilərək təmin edilə bilməz. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, tərəflərin istifadə və sahiblik etdikləri torpaq sahələri ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Halbuki, qanunvericiliyin tələbinə əsasən servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Beləliklə, birinci instansiya məhkəməsi işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinə zəruri yol və keçidin verilməsi, torpaq sahəsinin servitutla yüklü edilməsi, servitutun dəyərinin və müddətinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi qanuni və əsaslı olmadığına görə rədd edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci iddiaçılar X8, İddiaçı3 və İddiaçı2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X6 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 175.1, 175.2, 175.3, 255.1, 255.2, 255.4, 256.1, 261.1 və 261.2-ci maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 54-cü maddəsinin 3, 4, 5 və 6-cı hissələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı2 apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, məhkəmə ciddi qanun pozuntuları ilə qətnamə qəbul etmiş, prosessual hüquq normalarının tələblərini əməl etmədən verilmiş tələb istiqamətində araşdırma aparmamışdır. Belə ki, məhkəmələrin gedişatı məhkəmə iclaslarının vaxtı ekspert rəylərinin vaxtı barədə ona məlumat verilməmiş, məhkəmə iclaslarına o, dəvət olunmamışdır. Keçirilmiş ekspertiza rəylərindən onun xəbəri və məlumatı olmayıb. Ekspert rəyi ona təqdim olunmayıb. Mübahisə predmetinə, yəni torpaq sahəsinə ekspert və ya mütəxəssis tərəfindən baxış keçirilərək tədqiqat aparılan zaman ona məlumat verilməyib və onun iştirakı təmin olunmamışdır. Bundan başqa məhkəmə qətnamədə qeyd etmişdir ki, keçirilmiş ekspertizanın rəyinə əsasən həqiqətən də onun digər iddiaçılarla birgə mülkiyyətində olan 0,22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmamış, onların yol ərazi cavabdehin xüsusi mülkiyyətinə səhvən işlənmişdir. Daha sonra məhkəmə qeyd etmişdir ki, guya onlar həmin torpaq sahələrinə qohumlarına aid torpaq sahəsindən keçməklə istifadə edirlər. Belə bir fakt və belə bir hal mövcud deyildir. Daha sonra ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqat obyektinə baxış keçirən ekspertlər və yaxud da mütəxəssislər cavabdehin qardaşı və atasının mülkiyyətində olan torpaq sahələrindən keçərək iddiaçılara məxsus torpaq sahəsinə həmin torpaq sahələrinin bir hissəsi bataqlıq olduğundan getmək mümkün olmamışdır. Məhkəmənin yazdığı fikir burada aydın deyildir. Belə ki, onların iddiası cavabdehlərə qarşıdır. Cavabdehin qardaşı və atasına qarşı deyildir. Məhkəmə tərəfindən ekspertiza və mütəxəssislər qarşısında yol kimi tələb etdiyi sahənin xüsusiyyətləri barədə sual qoyulmadığı halda həmin sahənin bir hissəsinin bataqlıq olduğu qeyd olunmuşdur. Məhkəmə tərəfindən ekspert və mütəxəssislərə belə bir sual verilmədiyi halda onların belə bir sual yaradaraq cavab yazması iddianın təmin olunmaması üçün ekspert və ya mütəxəssislər tərəfindən müdaxilə və ya maneələrin törədilməsi açıq aydın görünür. Məhkəmə daha sonra qeyd etmişdir ki, guya onların hal-hazırda həmin torpaq sahəsinə gediş-gəliş yolu mövcuddur. Bu yalan ifadədir. Onların mülkiyyətində olan 0,22 ha həyətyanı torpaq sahəsinə rəsmi olaraq və yaxud da qeyri-rəsmi olaraq hər hansı bir gediş-gəliş yolu yoxdur. Cavabdehlər isə mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş etmək üçün onlara icazə vermirlər. Servitutu müəyyənləşdirmək üçün tələb olunan keçid sahəsi üzrə torpaq sahəsinin ölçüsü və sahəsi müəyyən edilməli, müəyyən edilmiş həmin ərazinin, yəni keçidin yerləşdiyi torpagın qiymətləndirilməsi isə ƏMDK tərəfindən həyata keçirilməlidir. Belə ki, hal-hazırda ƏMDK hər bir şəxsə öz mülkiyyətində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən həmin torpaq sahəsinin dəyərinə dair arayışı məcburi şəkildə vətəndaşdan xidmət haqqını alaraq vətəndaşa təqdim edir. Deməli, ƏMDK hazırda tələb etdiyimiz keçid üçün nəzərdə tutulmuş torpaq sahəsinin ölçülərini, eyni zamanda qiymətini müəyyən edə bilər. O, da öz növbəsində bildirir ki, keçid üçün ayrılacaq ərazinin tam bazar qiymətini ödəyə bilər. Məhkəmə isə qətnamədə qeyd etmişdir ki, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə servitutun daimi istifadəsi üçün nəzərdə tutulması barədə iddiası əsassızdır. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)- 86/2023 saylı qətnaməsinin tam ləğv edilməsinə, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar və cavabdeh məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbli barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Həmin Məcəllənin 175.3-cü maddəsinə əsasən əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Həmin Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Həmin Məcəllənin 256.1-ci maddəsinə əsasən servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Həmin Məcəllənin 261.1-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Həmin Məcəllənin 261.2-ci maddəsinə əsasən haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 54-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. 54-cü maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahəsinə torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; torpaq sahəsində drenaj işləri aparmaq; torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); torpaq sahəsindən mal-qaranı keçirmək; yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və mal-qara otarmaq; torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti istifadə etmək; qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçən tikililər və qurğular ucaltmaq; qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların ucaldılmasını qadağan etmək; torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər təbiətqoruyucu obyektlər yaratmaq; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar müəyyən edilə bilər. 54-cü maddəsinin 5-ci hissəsinə əsasən servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. 54-cü maddəsinin 6-cı hissəsinə əsasən qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri İddiaçının apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-86/2023 saylı qətnaməsinin tam ləğv edilməsinə, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 2 avqust 2023-cü il tarixli 2(033)-86/2023 saylı qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2 avqust 2023-cü il tarixli 2(033)-86/2023 saylı qətnaməsi İddiaçı2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin halları bundan ibarətdir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömrəli qərarı ilə Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha həyətyanı sahə iddiaçılar Qardaşov Məmmədseyid (Seyidməmməd) Ömər oğlunun, X5, X1 və digər subyektlər X2, X3 mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda Cavabdeh qardaşı olan X9 mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömrəli qərarı ilə verilmiş 0,34 ha torpaq sahəsi və atası olan X10 mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı əsasında verilmiş 3408 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yerləşir. X13 12 dekabr 2003-cü ildə və X15 28 mart 2004-cü ildə ölmüşlər. X13 və X9 mülkiyyətində olan torpaq sahələrindən hazırda Cavabdeh istifadə edir. İddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi hər tərəfdən torpaq sahələri ilə əhatə olunmuşdur və həmin torpaq sahəsinə ümumi istifadədə olan gediş-gəliş yolu nəzərdə tutulmadığından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 hazırki iddia tələbi ilə müraciət edərək cavabdehə məxsus torpaq sahəsindən zəruri yol və keçidin verilməsi, həmin yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin ilk dəlili ondan ibarət olmuşdur ki, məhkəmələrin gedişatı, məhkəmə iclaslarının vaxtı, ekspert rəylərinin vaxtı barədə ona məlumat verilməmiş, məhkəmə iclaslarına o, dəvət olunmamışdır. Keçirilmiş ekspertiza rəylərindən onun xəbəri və məlumatı olmayıb. Ekspert rəyi ona təqdim olunmayıb. Mübahisə predmetinə, yəni torpaq sahəsinə ekspert və ya mütəxəssis tərəfindən baxış keçirilərək tədqiqat aparılan zaman ona məlumat verilməyib və onun iştirakı təmin olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, e-2(033)-958/2022 saylı məktubu ilə iş üzrə tədqiqat obyektinə baxışın keçirilməsi 6 dekabr 2022-ci il tarixə saat 10:00 təyin edilməsi ilə bağlı məlumat iddiaçılara və cavabdehə göndərilmişdir. Həmin məktubu İddiaçı2 26 noyabr 2022-ci il tarixdə xəbərnaməyə imza çəkərək qəbul etmişdir. Göründüyü kimi torpaq sahəsinə ekspert və ya mütəxəssis tərəfindən baxış keçirilərək tədqiqat aparılan zaman ona məlumat verilməməsi və onun iştirakının təmin edilməməsi barədə şikayətin dəlilləri əsassızdır. Bundan başqa iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 19 aprel 2023cü il tarixli, e-2(033)-86/2023 saylı məhkəmə bildirişi ilə məhkəmə iclası 11 may 2023-cü il saat 15:30-a təyin edilməsi barədə iddiaçıya bildiriş göndərilmişdir. Eyni zamanda Zaqatala Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, e-2(033)- 86/2023 saylı protokolu ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 04 aprel 2023-cü il tarixli 10/873 nömrəli ekspert rəyi Cavabdeh iştirakı ilə elan edilmişdir. Şikayətin digər dəlilləri ondan ibarətdir ki, keçirilmiş ekspertizanın rəyinə əsasən həqiqətən də onun digər iddiaçılarla birgə mülkiyyətində olan 0,22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmamış, onların yol ərazi cavabdehlərin xüsusi mülkiyyətinə səhvən işlənmişdir. Daha sonra məhkəmə qeyd etmişdir ki, guya onlar həmin torpaq sahələrinə qohumlarına aid torpaq sahəsindən keçməklə istifadə edirlər. Belə bir fakt və belə bir hal mövcud deyildir. Məhkəmə tərəfindən ekspertiza və mütəxəssislər qarşısında yol kimi tələb etdiyi sahənin xüsusiyyətləri barədə sual qoyulmadığı halda həmin sahənin bir hissəsinin bataqlıq olduğu qeyd olunmuşdur. Məhkəmə tərəfindən ekspert və mütəxəssislərə belə bir sual verilmədiyi halda onların belə bir sual yaradaraq cavab yazması iddianın təmin olunmaması üçün ekspert və ya mütəxəssislər tərəfindən müdaxilə və ya maneələrin törədilməsi açıq aydın görünür. Məhkəmə daha sonra qeyd edir ki, guya onların hal-hazırda həmin torpaq sahəsinə gedişgəliş yolu mövcuddur. Bu yalan ifadədir. Onların mülkiyyətində olan 0,22 ha həyətyanı torpaq sahəsinə rəsmi olaraq və yaxud da qeyri-rəsmi olaraq hər hansı bir gediş-gəliş yolu yoxdur. Cavabdehlər isə mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş etmək üçün onlara icazə vermirlər. Servitutu müəyyənləşdirmək üçün tələb olunan keçid sahəsi üzrə torpaq sahəsinin ölçüsü və sahəsi müəyyən edilməli, müəyyən edilmiş həmin ərazinin, yəni keçidin yerləşdiyi torpagın qiymətləndirilməsi isə ƏMDK tərəfindən həyata keçirilməlidir. Belə ki, hal-hazırda ƏMDK hər bir şəxsə öz mülkiyyətində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən həmin torpaq sahəsinin dəyərinə dair arayışı məcburi şəkildə vətəndaşdan xidmət haqqını alaraq vətəndaşa təqdim edir. Deməli, ƏMDK hazırda tələb etdiyi keçid üçün nəzərdə tutulmuş torpaq sahəsinin ölçülərini, eyni zamanda qiymətini müəyyən edə bilər. O da öz növbəsində bildirir ki, keçid üçün ayrılacaq ərazinin tam bazar qiymətini ödəyə bilər. Məhkəmə isə qətnamədə qeyd etmişdir ki, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə servitutun daimi istifadəsi üçün nəzərdə tutulması barədə iddiası əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin həmin dəlilləri də əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 4 aprel 2023-cü il tarixli 10/873 nömrəli ekspert rəyinə əsasən iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmamış, iddiaçıların tələb etdiyi yol ərazisi hüquqmüəyyənedici sənədlər əsasında X13 və X9 ailə üzvlərinin xüsusi mülkiyyətlərinə işlənilmişdir. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, onların mülkiyyətində olan torpaq sahəsinə iddiaçıların qohumlarının mülkiyyətində olan torpaq sahələrindən keçən faktiki iddiaçılar tərəfindən istifadə edilən yol mövcuddur və cavabdehin atası və qardaşının mülkiyyətində olan torpaq sahələrindən keçərək iddiaçılara məxsus torpaq sahəsinə həmin torpaq sahələrinin bir hissəsi bataqlıq olduğundan getmək mümkün olmamışdır. Eyni zamanda mübahisə predmeti olan Maqov kəndində yerləşən torpaq sahəsinə birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə keçirilmiş və 03 iyul 2023-cü il tarixli yerində baxış keçirilməsi haqqında protokoldan görünür ki, iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha torpaq sahəsi bir tərəfdən cavabdehin qardaşı və atasının, digər tərəfdən başqa şəxslərə məxsus torpaq sahələri ilə əhatə olunmuşdur. İddiaçının yol tələb etdiyi cavabdehin ailə üzvlərinə məxsus torpaq sahələrinin bir hissəsi bataqlıq ərazidir və buna görə də həmin ərazidən iddiaçıların mülkiyyətində olan 0,22 ha torpaq sahəsinə keçmək qeyri mümkün olmuşdur. Torpaq sahəsinə digər tərəfdən faktik olaraq gediş-gəliş yolu kimi istifadə edilən yol mövcuddur və mülki iş üzrə tərəflərin deməsinə görə həmin yol iddiaçıların qohumlarına məxsus torpaq sahələrindən keçir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qəbul etməsi ilə razılaşır. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyində torpaq sahəsinin bir hissəsinin bataqlıq olmasının qeyd edilməsi ekspert rəyində qoyulmuş suallardan kənara çıxma deyildir. Ona görə ki, cavabdehlərdən tələb edilən sahə iddiaçıların öz torpaq sahələrinə keçmək üçün yol kimi istifadə olunması məqsədilə servitut olaraq tələb edilir. Mülki Məcəllənin 255.6-cı maddəsinə görə servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Hazırki halda torpaq sahəsinin bir hissəsinin bataqlıqdan ibarət olması və bu səbəbdən həmin yola iddiaçıların torpaq sahəsinə gedib çıxmanın mümkün olmaması servitutun verilməsi məsələsinin həlli üçün əhəmiyyət daşıyan məsələdir. Ekspert qərardadda qarşısına qoyulmuş 4-cü sual, yəni torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdırsa həmin yolun X10 mülkiyyətinə verilmiş 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hesabına verilməsi mümkündürmü sualına aydınlıq gətirmişdir. İddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmasa da onların faktiki istifadə etdikləri və cavabdehin istifadəsində olan torpaq sahələrindən keçməyən gediş-gəliş yolu mövcuddur. Həmin yolun keçdiyi ərazi iddiaçıların qohumlarına məxsusdur və iddiaçıların həmin yoldan istifadəsini torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən məhdudlaşdırılması və ya həmin ərazidən istifadə edilməsinin qadağan edilməsi halı müəyyən edilməmişdir. Mülki qanunvericiliyə əsasən ictimai yola keçidi olmayan torpaq sahəsinin mülkiyyətçisinə belə bir keçidin ayrılmasını qonşuluqda olan torpaq sahələrinin mülkiyyətçilərindən tələb etmək imkanı müəyyən olunmuşdur. Qanunvericilikdə eyni zamanda tələbin hansı qonşuya qarşı yönəlməsi ardıcıllığı da qanunverici tərəfindən dəqiq göstərilmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən zəruri keçidlə bağlı tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Qeyd edilənlərə münasibətdə kollegiya hesab edir ki, iddiaçıların zəruri keçidlə bağlı tələbinin ilk növbədə mülkiyyətlərində olan torpaq sahəsinə faktiki keçid kimi (gediş-gəliş yolu kimi) istifadə edilən keçidin (yolun) yerləşdiyi və iddiaçılarla qohumluq əlaqələrində olan torpaq sahələrinin mülkiyyətçilərinə qarşı yönəldilməsi daha yolveriləndir, nəinki həmin tələblə istifadəsində olan torpaq sahələrinin bir hissəsinin bataqlıq ərazi olduğundan həmin sahədən keçid kimi istifadə edilməsi daha çətin olan cavabdehə qarşı yönəldilməsi. Məhkəmə kollegiyası iddianın digər hissələrini yəni “yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulması” hissələri üzrə araşdıraraq, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Belə ki, iddiaçıların “yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulması” tələbi birinci, iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndinsə yerləşən 0,22 ha torpaq sahəsinə gediş-gəliş üçün cavabdehə məxsus torpaq sahəsindən zəruri yol və keçidin verilməsindən sonra yaranan törəmə tələbdir. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinə cavabdehin istifadəsində olan torpaq sahələrindən zəruri keçid verilmədiyi halda və iddia tələbinin digər hissələrinin həmin hissə ilə əlaqəli olduğundan iddia tələbi digər hissələr olan “yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulması” hissəsində də təmin edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi ümumilikdə əsaslı hesab edilərək təmin edilə bilməz. Apellyasiya şikayətinin servitutun qiymətinin müəyyən edilməsi ilə bağlı hissəsinə gəldikdə kollegiya qeyd edir ki, Mülki Məcəllədə servitutun qiyməti deyil, Servitut üçün haqq institutu vardır ki, həmin haqq da tərəflərin razılaşması ilə və ya məhkəmənin qərarı ilə müəyyən edilir. Həmin haqqın məqsədi servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçidən alqı-satqı ilə alınması deyil, özgə mülkiyyətində istifadə, özgəsinin öz mülkiyyəıtindən istifadəsini məhdudlaşdırma əvəzində kompensasiya olaraq müəyyən edilən məbləğdir. Həmin məbləğin müəyyən edilməsinin torpaq sahəsinin qiymətindən asılı edilməsi ağlabatan deyildir. Hazırki iş üzrə iddiaçılar tələb etdikləri servitutun əvəzində cavabdehə 500 manat məbləğ təklif etmiş, cavabdeh isə həmin kompensasiya məbləği ilə razı olmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı rədd etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə, yəni iddianın qismən təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 2 avqust 2023-cü il tarixli 2(033)-86/2023 saylı qətnaməsi İddiaçı2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 2 avqust 2023-cü il tarixli 2(033)-86/2023 saylı qətnaməsi İddiaçı2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar