Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2079/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(046)-714/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(046)-714/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, İddiaçı himayəsində olan azyaşlı uşaqları 23.02.2004-cü il tarixdə anadan olmuş X7, 16.08.2006-cı il tarixdə anadan olmuş X8, 06.06.2009-cu il tarixdə anadan olmuş X10, 04.06.2011-ci il tarixdə anadan olmuş X2 və 28.11.2012-ci il tarixdə anadan olmuş X13 ilə birlikdə Cavabdeh yaşadığı Göyçay rayonunun Mırtı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Cavabdeh 10 manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan azyaşlı uşaqları ilə birlikdə Cavabdeh yaşadığı Göyçay rayonunun Mırtı kəndində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh ilə 2001-ci ildə ailə həyatı qurmuş, 02.01.2004-cü il tarixdə nikah bağlamışlar. Birgə nikahdan 30.04.2002-ci il tarixdə X6, 23.02.2004- cü il tarixdə X7, 16.08.2006-cı il tarixdə X8, 06.06.2009-cu il tarixdə X10, 04.06.2011-ci il tarixdə X2 və 28.11.2012-ci il tarixdə X13 anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da münasibətləri korlanmış, buna görə də Goranboy rayon məhkəməsinin 21.10.2015-ci il tarixli 2(045)-105 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Nikaha daxil olarkən cavabdehin atasına məxsus olan ünvan 1i ünvanında yerləşən evinə gəlin köçmüşdür. Cavabdehin anası 1999-cı ildə, atası X11 2012-ci ildə vəfat etmişdir. Ev faktiki olaraq cavabdehə qalmışdır. Cavabdeh onu və övladlarını heç bir səbəb olmadan evdən qovub çıxarmışdır. Hal-hazırda övladları ilə müvəqqəti sığınacaqdaqohumlarımın yanında Goranboy şəhərində yaşamağa məcbur olmuşdur. Cehiz əşyaları da hələ də həmin evdə qalmışdır. Onun və azyaşlı uşaqlarının yaşayış yeri yoxdur. Hesab edir ki, onun və azyaşlı uşaqları ilə birlikdə cavabdehin atasına məxsus ünvan 1ində yerləşən evə yaşamaq hüququ vardır. Cavabdeh həmin evə qayıdıb yaşamasına könüllü razılıq vermədiyinə görə azyaşlı uşaqları ilə birlikdə cavabdehin yaşadığı Göyçay rayonu Mırtı kəndində yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçının azyazşlı uşaqları ilə mərhum atasına məxsus olan, hazırda özünün yaşadığı Göyçay rayonu Mırtı kəndində yerləşən yaşayış evinə köçərək yaşamasına etiraz etmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay rayon Məhkəməsinin 27 avqust 2021 -ci il tarixli, 2(046)-714/2021 saylı qətnaməsi hüquqi nöqteyi-nəzərdən qanuni və əsaslı deyildir, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir, məhkəmə istinad etdiyi normalara yanlış şərh vermişdir. Bu səbəbdən Göyçay rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İlkin olaraq onu qeyd edir ki, iddiaçının ondan boşanmasına əsas səbəb həmin evdə yaşamaq istəməməsidir. Belə ki, iddiaçının anası və atası ayrı yaşayırlar. İddiaçının atası Zərifin qardaşı ilə ayrı ünvan olmaqla ayrı evdə, anası isə iddiaçı Zərif ilə birlikdə 5 otaqlı evdə yaşayırlar. X1 7 övladı olmuş onlardan 1 rəhmətə getmi,ş lakin onunla birlikdə hazırda 6 övladı var. Atamın əmlakının qanuni olaraq vərəsəsi kimi qəbul edə bilməməyimə səbəb digər bacı və qardaşlarımın atam mülkinə dair vərəsə kimi məndən pay istəmələridir. İddiaçının irəli sürdüyü iddia tələbində istifadə etdiyi "istifadə" hüququ anlayışı mülkiyyət hüququnun tərkib hissəsi olan əmlakdan istifadə hüququ deyil, şəxsi servitut mahiyyətində məhdud əşya hüququdur. Bununla bağlı istər Mülki Məcəlləsinin, istərsə də Mənzil Məcəlləsinin müvafiq normalarının Konstitsiya Məhkəməsi tərəfindən şərhləri mövcuddur. İş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında nikah münasibətləri 02 yanvar 2004-cü il tarixdə yaranmış, tərəflər arasında nikah Goranboy ayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(045)-105/2015 saylı qətnaməsi ilə pozulmuşdur. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırki iş üzrə iddiaçı X4 ilə Cavabdeh arasında olan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Lakin, məhkəmə iddiaçının tələb irəli sürdüyü evə gəlin köçdüyü zaman, 02 yanvar 2004-cü il tarixdə evin dövlət reyestrində qeydiyyatının olmamasını əsas gətirərək, sözügedən münasibətə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 54, 123-cü müddəalarını tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 -ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki normanın tələbindən göründüyü kimi 228.1 və 228.2-ci maddələri özündə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri və digər şəxslər arasında münasibətləri tənzimləyir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27.05.2008-ci il tarixli, o cümlədən "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 26.09.2007-ci il tarixli qərarlarında göstərilir ki, " MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, "mülkiyyət hüququ" Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür. Nəzərə alınmalıdır ki, 02 yanvar 2004-cü il tarixə (nikah tarixinə) mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyatdan keçirilməmiş vəziyyətdə olmuş, Cavabdeh mülkiyyət hüququnu tanıtdırılmamışdır. Bundan başqa işdə olan Texniki Pasportun surətindəndə görünür ki, Göyçay rayonu Mırtı kəndində yerləşən fərdi yaşayış evi cavabdehin X1 mülkiyyətindədir. Belə ki, atam X11 17 aprel 2012-ci il tarixdə vəfat etmişdir. Məhkəmə bu məsələyə hüquqi qiymət verərkən, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin "X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 11.07.2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə almamış, nəticədə maddi hüquq normasının tələbini kobud şəkildə pozmuşdur. Belə ki, sözügedən qərara əsasən". Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması M.Bəylərovun mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir". Göründüyü kimi Konstitusiya Məhkəməsinin 11,07.2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması cavabdehlə iddiaçının arasında olan hüquq və vəzifələrin həcminin dəyişməsinə səbəb olmuşdur. Belə olan halda məhkəmə hazırki iş üzrə Azərbaycan SSR Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrini deyil, məhz Mülki Məcəllənin 228-ci maddəsinin tələblərini tətbiq etməliydi. İş materiallarından göründüyü kimi hazırki evin mülkiyyətçisi cavabdehin atasıdır. İddiaçı ilə mülkiuyyətçi digər ailə üzvü olduğundan, yalnız Cavabdeh əmlakı faktiki vərəsəsi kimi qəbul etmədiyində iddiaçı həmin evə köçürülə bilməzdi. Azərbaycan Respublikas MM-nin 228.5-ci maddəsində istifadə edilmiş "mülkiyyətçinin razılığı" ifadəsinə Konstitusiya Məhkəməsi öz qərarında aydınlıq gətirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27.05.2008-ci il tarixli qərarında göstərilir ki, "Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun əliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan insanlar qanunla müəyyən olunmuş qaydada daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının həqiqiliyinə etimad göstərməlidirlər. İnsanlar həmin reyestrdən əldə etdikləri məlumatları şübhə altına alan, dəyişən xarakterə malik olan və özü üçün neqativ nəticələrə səbəb olan başqa yeni məlumatları daimi olaraq gözləməməlidir. Bu baxımdan vurğulanmalıdır ki, MM-in 228.5-ci maddəsində əks olunmuş "mülkiyyətçinin razılığı" müddəasının həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin ziddinə təfsiri Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi) və 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin müddəaları ilə uyğunsuzluğa gətirib çıxara bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5- ci maddəsində əks olunmuş "mülkiyyətçinin razılığı" müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş "mülkiyyətçinin razılığı" yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Həmin müddəanın belə şərhi mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş təminat və hüquqlarını pozmur... 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5- ci maddəsinin "mülkiyyətçinin razılığı" müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5- ci maddəsinin "həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır" müddəası Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edilsin. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Beləliklə, iddiaçı və cavabdeh arasında olan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Sözügedən normaların tələbindən və Konstitusiya Məhkəməsinin yuxarıda sadalanan mövqelərindən də göründüyü kimi iddiaçının cavabdehin atasının mülkiyyətində olan Göyçay rayonu Mırtı kədində yerləşən evdən istifadə hüququnun yaranması üçün onun cavabdehin atası ilə notarial qaydada bağlanmış müqavilənin olması mütləq şərtdir. Lakin hazırki halda tərəflər arasında belə bir notarial razılaşma olmadığı üçün iddiaçının sözügedən evə istifadə hüququ yaranmamışdır. Bu baxımdan hesab edirik ki, Göyçay rayon Məhkəməsinin sözügedən qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə yekunda yanlış hüquqi mövqe nümayiş etdirmiş, işin mövcud hallarına düzgün hüquqi qiymət verməmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmənin qətnamə qəbul edərkən özünün hüquqi mövqeyini əsaslandırmaq üçün Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad etməsi də anlaşılan deyildir. Belə ki, məhkəmə özün Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli Qərarına istinad etmişdir ki, həmin qərardan da açıq-aydın görünür ki, hazırki münasibətlərə Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilə bilməz. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(046)- 714/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(046)-714/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəməyə təqdim edilmiş X9 Şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 25.04.202016-cı il tarixdə pozulmuşdur. Məhkəməyə təqdim edilmiş Fərdi Yaşayış evinin Texniki Pasportundan görünür ki, Göyçay rayonu Mırtı kəndində yerləşən fərdi yaşayış evi cavabdehin X1 mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, X11 17.04.2012-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 18.06.2021-ci il tarixli mətubundan görünür ki, Cavabdeh və X3 adlarına Göyçay rayonu Mırtı kəndində qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Məhkəmə təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahdan 30.04.2002-ci il tarixdə X6, 23.02.2004-cü il tarixdə X7, 16.08.2006-cı il tarixdə X8, 06.06.2009- cu il tarixdə X10, 04.06.2011-ci il tarixdə X2 və 28.11.2012-ci il tarixdə X13 anadan olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsində burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus evə köçürdüyü ailə üzvləri, onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh arasında mübahisəli fərdi yaşayış evindən istifadə ilə bağlı münasibətlər 2004-cü ildə yaranmışdır. İddiaçı Cavabdeh ilə həmin evdə 11 il fasiləsiz olaraq azyaşlı uşaqları ilə yaşamışdır. İddiaçı ilə Cavabdeh arasında olan ailə münasibətləri pozulduğundan Cavabdeh İddiaçı həmin fərdi yaşayış evində yaşamağa imkan verməmişdir. Mübahisəli ev üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınmamışdır. Tərəflər arasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evə köçürülmə ilə bağlı mübahisə yaranmışdır. Tərəflər arasında hüquq münasibətlərinin 2004-cü il tarixdə yaranmasını nəzərə alaraq, məhkəmə belə hesab edir ki, mülki mübahisə 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normalarına uyğun şəkildə həll edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehin istifadəsində olan Göyçay rayonu Mırtı kəndində yerləşən evə gəlin köçmüş, cavabdehlə birlikdə təsərrüfuat aparmış, həmin evdə uşaqları anadan olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələblərinə əsasən həmin evdən istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(046)-714/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(046)-714/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2079/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2079/2021
10.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver