Məhkəmə qərarları › İş №2(107)-2094/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2094/2021

09.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2094/2021 09.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququ, kompensasiya məbləği) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1209/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər X2 və qeyrilərinə qarşı, «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehlərin 2000 manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən onun adına 05 mart 2021-ci il tarixində ********** qeydiyyat nömrəli **********35-10301 saylı çıxarışla Yevlax rayonu, Qaramanlı kəndində 54,60 kv.m sahədə yerləşən 0,21 ha həyətyanı torpaq sahəsinə malik fərdi yaşayış evi, evə münasibətdə tam olaraq onun, həyətyanı torpaq sahəsinə münasibətdə yarısı onun mülkiyyətindədir. Digər torpağın mülkiyyətçisi Cavabdeh3dur. Çıxarışdan da göründüyü kimi mübahisələndirilən fərdi yaşayış evi tam olaraq onun mülkiyyətindədir. O öz evinə və mülkiyyətinə daxil ola bilmir. Hazırki yaşayış evi cavabdehlərin qanunsuz hərəkətləri ucbatından onun tərəfindən idarə edilə bilmir. O öz evinə daxil ola bilmir. Cavabdeh3 ümumi birgə mülkiyyətdə olan torpağın yarısının mülkiyyətçisidir. Burada onun hər cürə şəraiti mövcuddur ki, özünə ev tikdirsin və yaşasın. Ancaq ümumi məqsəd onun mülkiyyətindən çıxmamaqdır. Bütün bunlar ona mənəvi əziyyət verir. Digər istifadəçi Cavabdeh2 konkret olaraq özünə aid olan torpaq sahəsində ev tikdirmək, yaşamaq əvəzinə onun mülkiyyətindən çıxmır. Bu da öz özlüyündə mülkiyyət üzərində hüquqlarını davamlı qaydada pozmaqdadır. O Azərbaycan Respublikasının vətəndaşıdır. Onun Konstitusion hüquqları var. Yaşadığı, mülkiyyətçisi olduğu evinə getmək istəyir, ancaq ciddi təsirlərə məruz qalır. Bütün bunlara tab gətirə bilmir. Necə ola bilər ki, onun mülkiyyəti bu şəkildə əlindən alınsın. Belə özbaşınalıq mövcud olsun. O çoxsaylı instansiyalara müraciət etmişdir. Mülkiyyət üzərində hüquqlarının bərqərar edilməsini istəmişdir. Bu onun qanunla qorunan, mülkiyyətlə bağlı ali dəyərləridir. Cavabdehlərin evindən çıxarılmasını istəyir. Bu mülkiyyət ona məxsusdur. Bunun üçün də cavabdehlərə 2000 manat kompensasiya ödəyə bilər. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1209/2021 saylı qətnaməsi ilə (hakim R.Əlizadə) İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 İddiaçı qardaşıdır. İddiaçı adına Yevlax rayonu Qaramanlı kəndində fərdi yaşayış evi vardır. Həmin evə cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 istifadə hüquqları tanınması və onlar həmin evə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. İddiaçı cavabdehlərin həmin evdən 2000 manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddianı qəbul etmir. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, İddiaçı Yevlax rayonu, Qaramanlı kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Yevlax şəhəri, X.Əkbərov küçəsi 43-də yaşayır. Yevlax rayonu, Qaramanlı kəndində İddiaçı yaşayış sahəsi 54.60 kv.m fərdi yaşayış evi, İddiaçı torpaq ümumi birgə və Cavabdeh3 ümumi birgə 0.21 ha torpaq sahələri vardır. Yevlax Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 2(039)-931/2019 saylı qətnaməsi ilə iddiaçılar X3, Cavabdeh3 və Cavabdeh2 X4 xüsusi mülkiyyətində olan Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüquqları tanınması və onlar həmin evə köçürülməsi; X4 qarşılıqlı iddiasının təmin edilməsi və o, xüsusi mülkiyyətində olan Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 31 iyul 2019-cu il tarixli 2(107)- 2272/2019 saylı qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(039)-931/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(102)-8012/2019 saylı qərarı ilə kasasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin 16 avqust 2021-ci il tarixdə ƏQ-04/2021 saylı rəyi ilə İddiaçı məxsus Yevlax rayonu, Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinin real bazar dəyəri 10000 manat, aylıq kirayə dəyəri 50 manat təşkil etməsi məlum olmuşdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərin mənzildən çıxarılmasını tələb etsə də, hazırkı bazar qiymətinə uyğun kompensasiya verilməsini təklif etmir. Cavabdehlərin çıxarılması üçün hazırki bazar qiymətinə uyğun olaraq kompensasiya ödənilməlidir. Həmçinin tərəflər ailə üzvləri olmaqla həmin evdə qeydiyyatdadılar. Bundan başqa evin inşa edildiyi həyətyanı torpaq sahəsi birgə paylı mülkiyyət olduğundan Cavabdeh3 həmin torpaqda payı vardır. Odur ki, belə bir vəziyyətdə həmin cavabdehlərin mübahisəli evdən istifadə hüququna xitam verilməsi və onların evdən çıxarılması cavabdehlərin mənzil hüquqlarını pozmuş olacaqdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 43-cü, 71-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci, 228.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o bu şəxslərə evindən çıxarılmaları üçün evin yarı dəyərinin qiymətini verdiyini, 5000 manat kompensasiya verilməklə onların evdən çıxmalarını tələb etmişdir. O mülkiyyətini idarə edə bilmədiyini, yaşadığı evin, dəyərinin 10.000 manat olduğunu, köhnə bina olduğunu, 5000 manat kompensasiya verməklə evin ümumi dəyərinin yarısını cavabdehlərə ödəyərək evdən çıxarılmalarını tələb etmişdir. Qeyd edilən kompensasiyanın aylıq evin kirayə xərci kənd yeri üçün 50 manat qiymətləndirildiyindən 10 il dövr üçün əvvəlcədən kirayə xərcinin ödənilməsi deməkdir. Bu səbəbdəndə cavabdehlərə 5000 manat kompensasiya verilməklə evindən çıxarılmasını iddiasında tələb etmişdir. Məhkəmə qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Qeyd olunanlara əsasən o,Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1209/2021 saylı qətnaməsinin ləğv edilərək 5000 manat kompensasiya verilməklə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı; R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır....” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1209/2021 saylı qətnaməsinin ləğv edilərək 5000 manat kompensasiya verilməklə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1209/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı qardaşıdır. İddiaçı adına Yevlax rayonu Qaramanlı kəndində fərdi yaşayış evi vardır. Həmin evə cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 istifadə hüquqları tanınması və onlar həmin evə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. İddiaçı cavabdehlərin həmin evdən 2000 manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradangötürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququ mövcud olduğu halda həmin şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, mütənasibliyi, habelə həmin hüquqların həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi məsələsi ilə bağlı əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ yaşayış sahəsindən istifadə hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud olmadığından mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarına toxuna biləcəyindən qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi məhkəmələr üçün rəsmi şərh hesab olunduğundan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmasa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulduğuna görə tərəflər arasında olan hazırki mübahisə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından, qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad olunmaqla həll edilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qanunvericiliyin normasına və Konstitusiya Məhkəməsinin Qərarlarına istinad edərək belə qənaətə gəlmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün verilən kompensasiyanın miqdarı elə bir həcmdə müəyyən edilməlidir ki, istifadəçiyə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı versin. İddiaçı cavabdehlərə 2000 manat kompensasiya təklif etmiş, apellyasiya mərhələsində isə 5000 manat kompensasiya ilə cavabdehlərin evə olan istifadə hüququna xitam verilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf cavabdehlərin hər birinə veriləcək kompensasiyanın məbləğini müəyyən etməmiş, ümumilikdə 5000 manat kopensasiya təklif etmişdir. Kollegiya hesab edir ki, iddiaçı tərəf cavabdehlərin hər birinə veriləcək kompensasiyanın məbləğini müəyyən etmədiyindən, eyni zamanda həmin məbləğ (kompensasiya) hazırkı bazar qiymətinə uyğun deyil. Cavabdehlərin istifadə hüququna xitam verilməsinə təyin edilən kompensasiya hazırki bazar qiymətinə uyğun olmalıdır. Həmçinin cavabdehlərə təklif edilən 5000 manat məbləği həmin cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehlərin mübahisəli evə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olacaqdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun qərarını nəzərə alır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, məhkəmə, iddiaçının cavabdehlərə təklif etdiyi 5000 manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab etmir və həmin məbləğin 8000 manat, cavabdehlərin hər birinə 2000 manat civarında olmasını daha məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1209/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddiaçının cavabdehlərə 5000 manat kompensasiya verməklə istifadə hüquqların xitam verilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1209/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər X2 və qeyrilərinə qarşı, cavabdehlərə 5000 manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar