Məhkəmə qərarları › İş №2(107)-2098/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2098/2020

18.11.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2098/2020 18.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh» MMC-nə qarşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-857/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-857/2020 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı cavabdeh “Cavabdeh» MMC-nə qarşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. İşin halları İddiaçı cavabdeh “Cavabdeh» MMC-nə qarşı «işə bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onun işdən azad etməyi barədə əmrin əsassız olduğu və əmək qanunvericiliyinin tələblərinə əməl edilmədən verildiyi nəzərə alınaraq ləğv edilməsi və vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC-də 14 ildir çalışır. 12 ildir ki, İnsan Resursları şöbəsinə rəhbərlik edir. 2018-ci ildə müəssisəyə direktor təyin edilmiş Elşad Paşayev onun qanunsuz əməllərinə etiraz etdiyi üçün onunla açıq düşmənçiliyə başlamışdır. Bir ildən çox çəkən çəkişmələrdən, əsəb gərginliyindən sonra 2019-cu ilin may ayında müəssisə rəhbərliyi onu qanunsuz olaraq, ştat ixtisarı bəhanəsi ilə işdən azad etmişdir. O, işə bərpa olunması üçün məhkəməyə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə əvvəlki vəzifəsinə bərpa olunaraq x xxxxxxxx 2019-cu il tarixdə işə başlamışdır. Elə birinci iş günü ona məlum olmuşdur ki, direktor bütün işini, gücünü atıb ona qarşı mübarizə aparmağı qarşısına məqsəd qoymuşdur. Belə ki, elə birinci iş günü müəssisəyə daxil olan məktubları açıb qeydə alıb, direktora təqdim edən kimi ondan nə ixtiyarla məktubları açdığı barədə yazılı izahat tələb etmişdir. Bundan sonra E.Paşayev sanki İnsan Resursları şöbəsinin rəisi yoxmuş kimi şöbəyə aid tapşırıqları xxxxxxxxxxnə deyil, şöbənin adi bir əməkdaşına verməyə başlamışdır. İşə bərpa olunduğu gündən direktor, kadrlar şöbəsinin möhürünü və künc ştampını özündə saxlayaraq xxxxxxxxxxnə verməmiş, səbəbini soruşduqda «zəhmət çəkib gətirərsiniz sənədi mənim yanıma, burda imzalanar» deyə cavab vermişdir. Bu cılız hərəkət direktorun onu alçaltmaq üçün atdığı addımlardandır. Bu ilin fevral ayında müəssisə PSC MMC adlı şirkətlə xidmət müqaviləsi bağlayaraq, İnsan Resursları işlərini bu şirkətə həvalə etmişdir. Şöbənin işçilərinə öz xahişi ilə işdən azad olunaraq həmin şirkətə keçmələrini təklif etmişlər. Bununla belə müəssisədə İnsan Resursları şöbəsi ləğv edilməmişdir. O, könüllü ərizə yazmayacağını və heç bir başqa şirkətə keçməyəcəyini bildirdikdə onu yenidən «ixtisar» adı ilə işdən uzaqlaşdırmağa başlamışlar. Bunun üçün müəssisə həmkarlar komitəsinin heç bir prosedura sığmayan iclasını keçirmişdir. İclasda cəmi 5 nəfər direktora yaxın işçilər iştirak etmişlər. Halbuki, həmkarlar komitəsinin həmin anda 70 üzvü olmuşdur. Nəhayət, xx.xx.2020-ci il tarixdə ona PRS MMC-yə keçmədiyi üçün ixtisar ediləcəyi barədə xəbərdarlıq məktubu verilmişdir. Xəbərdarlıq müddəti xx.xx.2020-ci il tarixdə bitmiş və o, direktorun imzaladığı əmrə əsasən işdən azad edilmişdir. Lakin hələ iyul ayının əvvəlində PSC MMC-nin fəaliyyətinə xitam verilməsi faktı nəzərə alınmamışdır. Mülki işin məhkəmə baxışı mərhələsində xx.xx.2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddiaya əlavə olaraq ərizə ilə məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300- cü maddəsinin 1-ci bəndinə əsasən cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi də əlavə olunmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh MMC-nin nümayəndəsi X10 iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, Cavabdeh MMC-nin rəhbərliyi müəssisədə işin keyfiyyətinin yüksəldilməsi məqsədi və müəssisədə aparılan optimallaşdırılma ilə əlaqədar olaraq İnsan Resursları şöbəsinin (Kadrlar şöbəsinin) işi qənaətbəxş və işçilərin iş yükünün ştat vahidlərinin iş yükünə uyğun olmadığı qətaətinə gəlmişdir. Ona görə də Cavabdeh MMC-nin rəhbərliyi İnsan Resursları şöbəsinin gördüyü işi xidməti müqavilə ilə PSC (X8) MMC-yə həvalə etmək qərarına gəlmişdir. Məlumat üçün bildirir ki, xx.xx.2020-ci il tarixində Cavabdeh MMC ilə PSC (X8) MMC arasında Xidməti müqavilə bağlanmış və həmin müqavilə hazırda qüvvədə olmaqla xidmət göstərilməkdədir. Bununla əlaqədar Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin işçilərinə PSC (X8) MMC-də iş təklif olunmuşdur. Həmçinin, İddiaçı da iş təklif edilmişdir. Digər işçilərdən fərqli olaraq sonuncu həmin işdən imtina etmişdir. Ona görə də müəssisənin rəhbərliyi İnsan Resursları şöbəsində «xxxxxxxxxx» vəzifəsini ləğv etmək qərarına gəlmişdir. Bununla bağlı ilkin olaraq müəssisə rəhbərliyi adından xx.xx.2020-ci il tarixdə müəssisə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahverənov Kənan Zakir oğluna müraciət məktubu ünvanlanmış və 10 gün müddətinə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə tutduğu vəzifəsindən azad edilməsi ilə bağlı təqdimata əsasən iclas keçirərək Həmkarlar İttifaqı Komitəsinin qərarının təqdim edilməsi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixində isə müəssisə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahverənov Kənan Zakir oğlunun sədrliyi ilə Həmkarlar ittifaqının iclası keçirilmiş və qərar qəbul olunmuşdur. İddiaçı işdən çıxarlmasına etiraz etmədiklərini bildirmişlər. Həmçinin, xx.xx.2020-ci il tarixdə müəssisəyə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahverənov Kənan Zakir oğlunun adından 57/20 saylı məktubu daxil olmuşdur. Məktubda da sonuncunun işdən azad edilməsinə etiraz olunmadığı müəssisənin nəzərinə çatdırılmışdır. xx.xx.2020ci il tarixdə isə İddiaçı müəssisə tərəfindən xəbərdarlıq məktubu verilərək ona əmək stajına uyğun olaraq 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti verilmiş və həmin müddətin xx.xx.2020-ci il tarixdə bitəcəyi bildirilmişdir. Həmin müddət ərzində hər həftənin 5-ci günləri iş axtarmaq üçün şərait yaradılmışdır. Xəbərdarlıq müddəti bitdikdən sonra xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru müəssisənin İnsan Resursları xidmətinin başqa şirkət tərfindən aparılması ilə əlaqədar xxxxxxxxxx vəzifəsininin ləğv edilməsi, sonradan isə həmin tarixdə İddiaçı Azərbaycan Respblikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işdən azad olunması barədə əmr imzalamışdır. Göstərilənlər birmənalı şəkildə deməyə əsas verir ki, İddiaçı işə bərpa olunma barədə yazmış olduğu iddia, həmçinin iddia ərizəsində qeyd etdiyi digər məsələlər tam əsassızdır. Qeyd olunan xüsusatlara əsasən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, qətnaməni əsassız və qeyri-obyektiv hesab edir. Birinci instansiya məhkəməsi faktları araşdırmağı lazım bilməmiş, göstərilənlərin təsdiq və ya təkzib edilməsini cavabdeh tərəfdən tələb etməmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)- 857/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, onun vəzifəsinə bərpa edilməsi və ƏM-nin 300.1 maddəsinə əsasən məcburi buraxdığı iş günləri üçün əmək haqqı ödənilməsi üçün yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X6 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-857/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-857/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Göyçay bölgə şöbəsində xx xxxx 2007-ci il tarixdə 0707- Y5455 nömrə ilə qeydiyyata alınmış nizamnaməsindən görünür ki, MMC təsis olunan vaxt təşkilati forması məhdud məsuliyyətli cəmiyyət təşkil edən müəssisənin hüquqi ünvanı Qəbələ şəhəri, E.Kərimov 34 olmuşdur. Gəmiyyətin təsisçisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2005-ci il tarixdə 1105-T13-3907 nömrə ilə dövlət qeydiyyatına alınmış ünvan 2 mənzil 7 hüquqi ünvanı olan «Gilan» məhdud məsuliyyətli cəmiyyətidir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə verilmiş **********090500 nömrəli çıxarışdan görünür ki, xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh MMC-nin nizamnamə kapitalı miqdarı 377,340.00 manat təşkil etməklə 10 saylı X14 «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cavabdeh MMC-nin təsisçisinin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, həmin tarixdən X7 Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad edilərək onun yerinə X15 bu vəzifəyə təyin edilmişdir. İşdə olan Cavabdeh MMC ilə «X8» MMC arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış 140 nömrəli «Xidmət müqaviləsi»nin surətindən görünür ki, həmin müqavilənin predmetinə əsasən - icraçı şirkət tərəfindən verilmiş sifarişlərə əsasən bu Müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə göstərilən xidmətləri təmin etməyi, şirkət isə hazırkı müqavilənin şərtlərinə və müddətlərinə müvafiq olaraq icra edilən xidmətləri qəbul edib xidmət haqqını bu müqavilə ilə razılaşdırılmış vaxtda icraçıya ödəməyi öz üzərinə götürürlər. İşdə olan «X8» MMC-nin direktoru X12 imzası ilə İddiaçı ünvanlanmış təklifdə ona İnsan Resursları şöbəsinin rəisi vəzifəsi PSC Qəbələ ofisində təklif olunmuşdur. Təklifdə başlanğıc tarix olaraq xx.xx.2020-ci il göstərilmişdir. İddiaçı təklifdə «təklifi qeyri-səmimi hesab etdiyim üçün etiraz edirəm» qeydi apararaq imzalamışdır. İşdə olan Cavabdeh MMC-nin direktorunun İddiaçı (Qəbələ şəhəri E.Kərimov küçəçi 34) ünvanladığı xx.xx.2020-ci il tarixli, 58/20 nömrəli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, Cavabdeh MMC ilə «X8» MMC arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İnsan Resursları şöbəsinin bütün funksiyaları «X8» MMC tərəfindən həyata keçiriləcək, buna əsasən müəssisədə İnsan Resursları şöbəsi ştatının ləğv edilməsi qərarına gəlmişdir. Bu səbəbdən də işsi kimi müəssisənin Həmkarlar İttifaqı komitəsi ilə razılaşaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ixtisar olunur. Cəmiyyətdə əmək stajının 12 ildən artıq olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuş və həmin maddənin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət verilməsi qərarı verilmişdir. xx xxx 2020-ci il tarixdən başlayaraq xəbərdarlıq müddəti xx xxxx 2020-ci il tarixdə başa çatacaq. Bu müddət ərzində həftədə 1 gün olmaqla iş axtarmaq üçün vaxt veriləcək və həmin günlər əmək funksiyalarının icrasından azad olunacaqdır. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında müavinət götürə bilər. Bu halda əmək müqaviləsinə xitam veriləcək və xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacaqdır. Həmin tarixdə xəbərdarlıq məktubu İddiaçı təqdim olunmuş və onun tərəfindən qəbul edilmişdir. İşdə olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahverənov Kənan Zakir oğluna ünvanladığı 54/20 saylı müraciətində Cavabdeh MMC ilə «X8» MMC arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İnsan Resursları şöbəsinin bütün funksiyalarının cəmiyyətdə aparılan optimallaşdırma məsqəsdilə «X8» MMC tərəfindən həyata keçiriləcəyi, artıq İnsan Resursları şöbəsində olan işçilərə «X8» MMC tərəfindən iş təklifi edildiyi və işə qəbul edildikləri, lakin İddiaçı təklif olunan işi qəbul etmədiyi, İnsan Resursları şöbəsinin rəisi ştatının ləğv edildiyi göstərilməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq bu barədə əsaslandırılmış formada yazılı şəkildə məlumat göndərildiyi, əmək qanunvericiliyin əsasən 10 gün ərzində əsaslandırılmış yazılı qərarın işəgötürənə təqdim edilməli olduğu, sonuncunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə tutduğu vəzifəsindən azad edilməsi ilə bağlı təqdimatın müzakirə edilərək qərarın təqdim olunması xahiş edilmişdir. İşdə olan Azərbaycan Kənd Təsərrüfatı və X21 X2 «Kənd-Qida-İş» Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin xx xxxx 2020-ci il tarixli 10 b.19 nömrəli kadrların təsdiqi barədə qərarın surətindən müəyyən edilir ki, Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx xxxxxx 2020-ci il tarixli Ümumi Yığıncağının qərarı nəzərə alınaraq Şahverənov Kənan Zakir oğlu MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış Azərbaycan Kənd Təsərrüfatı və X21 X1 (üçüncü redaksiya) 2.2-ci bəndində (Həmkarlar İttifaqının məqsəd və vəzifələri) dövlət və təsərrüfat idarələrində, məhkəmə orqanlarında, işəgötürən və sahibkarlar birliklərində, ictmai təşkilatlarda öz üzvlərinin və təşkilatlarının qanuni hüquq və mənafelərinin müdafiə edilməsi, işəgötərənlər, təsərrüfat və icra hakimiyəti orqanları ilə sahələrə aid razılaşmalar əldə etməsi, kollektiv müqavilələr bağlaması, kollektiv müqavilə və razılaşmalara əmək qanunvericiliyinə əməl olunmasına nəzarət etməsi və s. göstərilmişdir. İşdə olan Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsi sədrinin imzası ilə xx xxx 2020-ci il tarixdə İddiaçı ünvanlanmış məktubda Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə onun tutduğu vəzifədən azad olunması ilə bağlı təqdimata baxması üçün Həmkarlar İttifaqı Komitəsinə müraciət daxil olduğu nəzərinə çatdırılmaqla xx.xx.2020-ci il tarixdə saat 15.00-da baxılacaq iclasda iştirakının mütləq olduğu bildirilmişdir. Məktub həmin tarixdə iddiaçıya təqdim edilmiş və o, məktubla tanış olduğuna dair qeyd aparmaqla məktubu imzlamışdır. İşdə olan Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin yığıncağının xx xxx 2020-ci il tarixli 2 nömrəli protokolunun surətindən görünür ki, sədr Şahverənov Kənan Zakir oğlunun, üzvlər X5, X4, İsgəndərov Rövşən Vəli oğlunun və X11 iştirakları ilə keçirilən iclasın gündəliyini Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin rəisi İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə müəssisənin Həmkarlar Şttifaqı komitəsi tərəfindən razılıq verilməsi barədə müraciətinə baxılması təşkil etmişdir. Yığıncaq çıxışları dinləyərək qərara almışdır ki, Həmkarlar İttifaqı Komitəsi Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq işdən çıxarılmasına etiraz etmir. İşdə olan Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Şahverənov Kənan Zakir oğlunun xx xxx 2020-ci il tarixdə Cavabdeh» MMC-nin direktoru X13 ünvanladığı 57/20 saylı məktubun surətindən görünür ki, Həmkarlar İttifaqı Komitəsi Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq işdən çıxarılmasına etiraz etmir. İşdə olan Cavabdeh MMC-nin direktorunun xx.xx.2020-ci il tarixli, Ş20/68 nömrəli «ştat vahidinin ləğv edilməsi edilməsi haqqında» əmrin surətindən görünür ki, həmin əmrlə xx.xx.2020-ci il tarixindən etibarən müəssisənin ştat cədvəli üzrə İnsan Resursları şöbəsində bir tam ştat vahidi «xxxxxxxxxx» vəzifəsi (peşəsi) ləğv edilmişdir. Əmrə əsasən müəssisənin ştat cədvəlinə müvafiq dəyişiklik edilməsi, müəssisənin müvafiq strukturları tərəfindən əmrin icrasının təmini və bütün aidiyyəti üzrə şöbələrin məlumatlandırılması nəzərdə tutulmuşdur. İşdə olan Cavabdeh MMC-nin direktorunun xx xxxx 2020-ci il tarixli, X-20/15 nömrəli əmrindən görünür ki, həmin əmrlə cəmiyyətin İnsan Resursları şöbəsinin rəisi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştat ixtisarı) xitam verilmişdir. Əmrə əsasən son haqq hesab: 20 gün istifadə edilməmiş əsas məzuniyyət gününün pul əvəzinin ödənilməsi, Əmək Məcəlləsinin 77-3 maddəsinə əsasən 2 aylıq əmək haqqı məbləğində müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Əmrin verilməsinə əsas olaraq ştat ixtisarı və xəbərdarlıq məktubu qeyd edilmişdir. İddiaçı əmrlə tanış edilmiş və əmrin «tanış oldum» qeydinin qabağında onun tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 80-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-cı maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin rəhbərliyi müəssisədə işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müəssisədə aparılan optimallaşdırılmaya əsasən müəssisədə İnsan Resursları şöbəsinin (Kadrlar şöbəsinin) işi qənaətbəxş və işçilərin iş yükünün ştat vahidlərinin iş yükünə uyğun olmadığı qətaətinə gəlməklə İnsan Resursları şöbəsinin gördüyü işi xidməti müqavilə ilə PSC (X8) MMC-yə həvalə etmək qərarına gəlmişdir. Bu məqsədlərlə Cavabdeh MMC ilə «X8» MMC arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış 140 nömrəli «Xidmət müqaviləsi» bağlanmışdır. «X8» MMC-nin direktoru X19 rəsmi olaraq PSC Qəbələ ofisində İddiaçı İnsan Resursları şöbəsinin rəisi vəzifəsini təklif etmişdir. Lakin İddiaçı təklifin qeyri-səmimi olmasını əsas gətirməklə qəbul olunmasından imtina etmişdir. Bundan başqa, Cavabdeh MMC yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq İnsan Resursları şöbəsinldə «xxxxxxxxxx» vəzifəsini ləğv etmək qərarına gəlmiş və MMCnin direktoru İddiaçı xx.xx.2020-ci il tarixdə 58/20 nömrəli xəbərdarlıq məktubu ünvanlamışdır. Məktubda Cavabdeh MMC ilə «X8» MMC arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İnsan Resursları şöbəsinin bütün funksiyalarının «X8» MMC tərəfindən həyata keçiriləcəyi, buna əsasən müəssisədə İnsan Resursları şöbəsi ştatının ləğv edilməsi qərarına gəldiyi, bu səbəbdən də işçi kimi müəssisənin Həmkarlar İttifaqı komitəsi ilə razılaşaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ixtisar olunduğu, cəmiyyətdə əmək stajının 12 ildən artıq olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulduğu və həmin maddənin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət verilməsi qərarının verildiyi, xx xxx 2020-ci il tarixdən başlayaraq xəbərdarlıq müddətinin xx xxxx 2020-ci il tarixdə başa çatacağı, bu müddət ərzində həftədə 1 gün olmaqla iş axtarmaq üçün vaxt veriləcəyi və həmin günlər əmək funksiyalarının icrasından azad olunacağı iddiaçının nəzərinə çatdırılmışdır. Həmçinin, Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında müavinət götürə bildiyi, bu halda əmək müqaviləsinə xitam veriləcəyi və xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacağı bildirilmişdir. Bundan sonrakı mərhələdə isə Əmək qanunvericiliyinin tələblərinə tamamilə riayət olunaraq Cavabdeh MMC-nin direktorunun xx.xx.2020-ci il tarixli, Ş-20/68 nömrəli «ştat vahidinin ləğv edilməsi edilməsi haqqında» əmri ilə xx.xx.2020-ci il tarixindən etibarən müəssisənin ştat cədvəli üzrə insan resursları şöbəsində bir tam ştat vahidi «xxxxxxxxxx» vəzifəsi (peşəsi) ləğv edilmişdir. İşin halları ilə müəyyən olunur ki, Cavabdeh MMC-nin rəhbərliyi xx.xx.2020-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahverənov Kənan Zakir oğluna 54/20 saylı müraciət ünvanlamışdır. Müraciətdə Cavabdeh MMC ilə «X8» MMC arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İnsan Resursları şöbəsinin bütün funksiyalarının cəmiyyətdə aparılan optimallaşdırma məsqəsdilə «X8» MMC tərəfindən həyata keçiriləcəyi, İnsan Resursları şöbəsində olan işçilərə «X8» MMC tərəfindən iş təklifi edildiyi və işə qəbul edildikləri, lakin İddiaçı təklif olunan işi qəbul etmədiyi İnsan Resursları şöbəsinin rəisi ştatının ləğv edildiyi göstərilməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq bu barədə əsaslandırılmış formada yazılı şəkildə məlumat göndərilməsi, əmək qanunvericiliyin əsasən 10 gün ərzində əsaslandırılmış yazılı qərarın işəgötürənə təqdim edilməli olduğu, sonuncunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə tutduğu vəzifəsindən azad edilməsi ilə bağlı təqdimatın müzakirə edilərək qərarın təqdim olunması Həmkarlar İttifaqı Komitəsindən xahiş edilmişdir. Bu əsasla da Həmkarlar İttifaqı Komitəsi xx xxx 2020-ci il tarixdə sədr Şahverənov Kənan Zakir oğlunun, üzvlər X5, X4, İsgəndərov Rövşən Vəli oğlunun və X11 iştirakları ilə iclas keçirlmiş və xx xxx 2020-ci il tarixli 2 nömrəli protokol tərtib etmişdir.X9 Komitəsinin Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq işdən çıxarılmasına etiraz etmədiyi qərarına gəlmişdir. Bundan sonra Həmkarlar İttifaqı Komitəsinin sədri Şahverənov Kənan Zakir oğlunun imzası ilə xx xxx 2020-ci il tarixdə Cavabdeh» MMC-nin direktoru X13 57/20 saylı məktubla yığıncağın protokolunu ünvanlamışdır. Görülən qanuni prosedurdan sonra Cavabdeh MMC-nin direktorunun xx xxxx 2020-ci il tarixli, X-20/15 nömrəli əmri ilə cəmiyyətin İnsan Resursları şöbəsinin rəisi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştat ixtisarı) xitam verilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalı, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ilə birlikdə sonuncu iş günü işçiyə təqdim olunmuşdur. İşin bu halı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarını və işin şərh olunan hallarını nəzərə alaraq, müqayisəli təhlil edərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin direktorunun xx xxxx 2020-ci il tarixli, X-20/15 nömrəli əmri (əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» (ştat ixtisarı) bəndinə əsaslanması) əmək qanunvericiliyinin tələblərinə uyğundur. Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı xəbərdarlıq məktubu verilərək ona əmək stajına uyğun olaraq 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti verilməsi və həmin müddətin xx.xx.2020-ci il tarixdə bitəcəyi iddiaçının nəzərinə çatdırılmaqla, ona həmin müddət ərzində hər həftənin 5-ci günləri iş axtarmaq üçün şərait yaradılması, xəbərdarlıq müddəti bitdikdən sonra xx.xx.2020-ci il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi tam qanunidir. İşəgötürənlə işçi arassındakı əmək müqaviləsinin xitamına dair əmr əmək qanunvericiliyinin tələblərinə əsaslanmaqla çıxarılmışdır. Buna görə də iddiaçının işə bərpa olunması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddiaya əlavə olaraq ərizə ilə məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi də əlavə olunmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi tləbləri mahiyyət etibarı ilə bir-birinə əlaqəli tələblər olduğundan məntiqi baxımdan işə bərpa olunması tələbi təmin olunmadığı halda sonrakı iddia tələbi də təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdeh “Cavabdeh» MMC-nə qarşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, apelyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-857/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-857/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar