Məhkəmə qərarları › İş №2(107)-21/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-21/2023

28.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-21/2023 28.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınmasına və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə, 2000-ci ilə qədər) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınmasına və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(035)-724/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı və Cavabdeh qardaşdırlar. Zərdab şəhəri Azərbaycan küçəsi ev 2 ünvanında yerləşən 9 nömrəli mənzil Zərdab rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1974-cü il tarixli, 08 nömrəli qərarına əsasən iddiaçının və cavabdehin atası Kənd təsərrüfatı texnika Birliyində mexanik işləyən, 22 avqust 2014-cü ildə Zərdab rayon Sarıqaya kəndində ölmüş X8 verilmişdir. Zərdab rayon Texniki inventarlaşdırma bürosu tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş reyestr kitabı № 322, inventar işi 226 olan Qeydiyyat vəsiqəsi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61.77 kv.m, yaşayış sahəsi 39.76 kv.m olan, üç otaqlı yaşayış mənzili şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh iddiaçının doğma qardaşıdır. Haqqında mübahisə qaldırılan mənzil əvvəllər iddiaçının atasına məxsus olmuş, iddiaçı cavabdeh kimi həmin mənzildə yaşamışdır. İddiaçı 1988-ci ildə ailəsi ilə birlikdə qaynanasına məxsus Zərdab şəhəri, 1 May küçəsində yerləşən evə köçərək ötən 32 il müddətində həmin ünvanda yaşamışdır və hazırda da orada yaşayır. İddiaçı hazırda əvvəllər atasına məxsus olmuş sözügedən evə köçüb yaşamaq istəyir. Lakin, indi məlum olur ki, cavabdeh sözügedən mənzili 1996-cı ildə özəlləşdirərək mülkiyyətinə keçirmişdir. Ona görə də hazırkı iddia ilə məhkməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

4. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun böyük qardaşıdır. Haqqında mübahisə qaldırılan mənzil əvvəllər atasına məxsus olmuş, daha doğrusu Zərdab rayon XDS-i tərəfindən 1974-cü ildə mənzil atasına verilmişdir. İddiaçı 1988-ci ildə ailəsi ilə birlikdə qaynanasına məxsus Zərdab şəhəri, 1 May küçəsində yerləşən ünvana köçərək orada özünə fərdi yaşayış evi tikmiş, ötən 32 il müddətində həmin ünvanda yaşamışdır və hazırda da orada yaşayır. İddiaçıdan sonra sözügedən mənzildə özü yaşamış və 1996-cı ildə qanunvericiliyə uyğun olaraq özəlləşdirmişdir. Hazırda həmin mənzil 25 ildir ki, onun xüsusi mülkiyyətidir. Mülkiyyət hüququ toxunulmazdır və qanunla qorunur. Ona görə də məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər doğma qardaşdırlar. Haqqında mübahisə qaldırılan mənzil əvvəllər tərəflərin atasına məxsus olmuş, daha doğrusu Zərdab rayon XDS-i tərəfindən 1974-cü ildə onların atasına verilmişdir. İddiaçı 1988-ci ildən öz ailəsi ilə birlikdə qaynanasına məxsus ünvan 4 ünvana köçərək orada özünə fərdi yaşayış evi tikmiş, ötən 32 il müddətində həmin ünvanda yaşamışdır və hazırda da orada yaşayır. İddiaçıdan sonra sözügedən mənzildə cavabdeh özü yaşamış və 1996-cı ildə qanunvericiliyə uyğun olaraq mənzili özəlləşdirmişdir. Hazırda həmin mənzil 25 ildir ki, onun xüsusi mülkiyyətidir.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçı 1988-ci ildən sözügedən mənzili tərk edərək daimi yaşamaq üçün başqa yaşayış yerinə - ünvan 4 ünvana getdiyi və hal-hazırda da orada yaşadığı üçün əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən hazırda haqqında mübahisə qaldırdığı mənzildən istifadə hüquqlarını itirmişdir.

7. Haqqında mübahisə qaldırılan mənzil artıq 1996-cı ildən cavabdehin xüsusi mlkiyyəti olduğundan onun mülkiyyətçi olaraq iradəsinə zidd iddiaçının həmin mənzilə köçürülməsi və istifadə hüququnun tanınması tələbi onun qanunla qorunan hüquq və azadlıqlarına aid deyildir. Ona görə də həmin hüquqa məhkəmə qaydasında təminat verilməməlidir. Əksinə, məhkəmə hesab edtmişir ki, iddianın təmin edilməməsi ilə cavabdehin mülkiyyət hüququ gözlənilməlidir. Ona görə də iddia təmin edilməməlidir.

8. Zərdab Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(035)-724/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınmasına və mənzilə köçürülmə tələbi”nə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə və xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə istinad etmişdir. İşə əlavə edilmiş sənədlər:

10. İşdə olan Zərdab rayon Texniki inventarlaşdırma bürosu tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş reyestr kitabı № 322, inventar işi 226 olan Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61.77 kv.m, yaşayış sahəsi 39.76 kv.m olan, üç otaqlı yaşayış mənzili şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır.

11. İşdə olan Zərdab şəhər MİS-i tərəfindən verilmiş 233 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, sözügedən ünvan 1999-cu ilə kimi ünvan 1, 2009-cu ilə kimi ünvan 2, 2009-cu ildən hal-hazıra kimi Zərdab şəhəri Azərbaycan küçəsi bina 93, mənzil 9 adlandırılmışdır.

12. İşdə olan Zərdab rayon İHB-nın Qoşaoba kənd İƏD-si üzrə nmyəndəliyi tərəfindən verilmiş 378 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı uzun illərdir ki, ailəsi ilə birlikə ünvan 6 ünvanında yaşayır.

13. Zərdab rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1974- cü il tarixli, 08 nömrəli qərarına əsasən, Zərdab şəhəri Azərbaycan küçəsində istifadəyə verilmiş 16 mənzilli yaşayış evinin 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən 9 nömrəli 3 otaqlı mənzil iddiaçının və üçüncü şəxsin atası Kənd təsərrüfatı texnika Birliyində mexanik işləyən Murad Fərəcova verilmişdir.

14. Zərdab rayon ZDS İcraiyyə Komitəsinin mənzil təsərrüfatı şöbəsi tərəfindən Texniki İnventarlaşdırma Bürosuna təqdim edilməsi üçün X7 adına Zərdab şəhəri, Azərbaycan küçəsi 55 nömrəli evin 9 nömrəli mənzili ilə bağlı xx.xx.1996-cı il tarixli, 744 nömrəli arayışın kötüyü tərtib edilmiş, həmin sənəddə mənzildə daimi qeydiyyata götürülmüş şəxslərin siyahısında X9, İddiaçı, Nümayəndə, X13, X19, X14, Cavabdeh, X4, X15 göstərilmişdir. Zərdab RİH başçısının Qoşaoba kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, ünvan 8 ünvanı ünvan 9, evlərdən biri 1961-ci ildə, digəri isə 1985-ci ildə tikilmişdir. Hər iki ev X2 məxsus həyətyanı sahədə tikilmişdir. Evlərdən birində X5, digərində isə İddiaçı yaşayır. Hər iki təsərrüfat 2004-cü ildə Qoşaoba icra nümayəndəliyi yaradılan zaman ayrı təsərrüfat kimi təsərrüfatbaşına uçot kitabında qeydiyyatda olmuşdur. Nümayəndəlikdə həmin evlərin kimə məxsus olması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Evlərdən birində Fərəcov X10 icra nümayəndəliyi yaranan gündən- 2004-cü ildən yaşayır, onun həyat yoldaşı Nümayəndə ailə problemləri ilə əlaqədar hazırda ünvan 10 ünvanında yaşayır. Səki iznibati Məhkəməsinə Zərdab rayonu Sarıqaya kənd sakini X24 oglu, X23 oglu və X21 oglu tərəfindən verilmiş İzahatlarda göstərilir: “atam X17 oglu 1974-cu ildə aldığı Zərdab rayonu, Azərbaycan kucəsi, bina 2, mənzil 9-u qardasim İddiaçı vermişdir. Qardaşım İddiaçı 1979-cu ildə ailə həyatı qurmuş, həyat yoldaşı Nümayəndə 1979-cu ildən qızı X13 ,1980- ci İldən , oglu X25 oglu 1982-ci ildən həmin mənzildə qeydiyyatda olmuş və orada yaşamışlar. Lakin qardaşım Cavabdeh oglu qeyri qanuni yolla 1996- ci İlin dekabr ayının 26-dan mənzili özəlləşdirmiş və qardaşim İddiaçı və ailəsinin mənzilində yaşamaq hüququndan məhrum etmişdir. Mən həmin mənzilin Cavabdeh adina özəlləşdirilməsinə heç bir raziliq ərizəsi verməmişəm və sənəd imzalamamışam.”

15. Qətnamədən narazı olan İddiaçı apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmənin qətnamə çıxararkən istinad etdiyi Zərdab rayonu Texniki inventarlaşdırma bürosu tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş reyster kitabı N0 322, inventar işi 226 olan Qeydiyyat vəsiqəsi qanunsuz yollarla əldə edilmişdir. Həmin sənədin saxtalığı məhkəmə tərəfindən yoxlanılmamışdır. Məhkəmə işin faktiki hallarını nəzərə almamış, şahidlərin dindirilməsini təmin etməmişdir.

17. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(035)- 724/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

20. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu ilədək qüvvədə olan); 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

25. İddiaçı Zərdab Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(035)-724/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

28. Bu qətnamənin 1-ci bəndində göstərilənlər işin mübahisə edilməyən hallarıdır. Bundan başqa, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Hüquqların dövlət qeydiyyatı haqqında Zərdab Rayon İnventariaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı ildə verilmiş reyestr kitabı №322, inventar işi 226 olan qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-826/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı ilə (hakim V.Qasımov) iddia təmin edilmiş, Zərdab rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı ildə Cavabdeh adına verilmiş, reyestr kitabı № 322, inventar işi 226 olan Qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər V.Məlikov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) 2-1(107)-309/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2-1(102)- 312/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2-1(107)-309/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, yuxarıda göstərilən məhkəmə qərarları hazırki iş üçün preyudisiallıq kəsb etməsə də, mübahisəli fərdi yaşayış evinin artıq Cavabdeh mülkiyyəti hesab olunmadığını göstərir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun olub-olmamasının, olduğu halda itirilib itirilməməsi məsələsinin müəyyən edilməsi üçün xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 və 87-ci maddəsində göstərilən halların mövcud olub-olmaması araşdırılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 1988-ci ildən öz ailəsi ilə birlikdə qaynanasına məxsus ünvan 4 ünvana köçmüşdür. Məhkəmə kollegiyasının araşdırmaları zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2-1(102)-312/2023 nömrəli qərarında istinad edilmiş və Şəki İnzibati Məhkəməsindən istənilərək hazırki işə əlavə edilmiş Zərdab RİH başçısının Qoşaoba kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, ünvan 8 ünvanı ünvan 9, evlərdən biri 1961-ci ildə, digəri isə 1985-ci ildə tikilmişdir. Hər iki ev X2 məxsus həyətyanı sahədə tikilmişdir. Evlərdən birində X5, digərində isə İddiaçı yaşayır. Hər iki təsərrüfat 2004-cü ildə Qoşaoba icra nümayəndəliyi yaradılan zaman ayrı təsərrüfat kimi təsərrüfatbaşına uçot kitabında qeydiyyatda olmuşdur. Nümayəndəlikdə həmin evlərin kimə məxsus olması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Evlərdən birində Fərəcov X10 icra nümayəndəliyi yaranan gündən- 2004cü ildən yaşayır, onun həyat yoldaşı Nümayəndə ailə problemləri ilə əlaqədar hazırda ünvan 10 ünvanında yaşayır. Kollegiya bu qətnamənin 14-cü bəndində göstərilmiş Zərdab RİH başçısının Qoşaoba kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına və Səki iznibati Məhkəməsinə Zərdab rayonu Sarıqaya kənd sakini X24 oglu, X23 oglu və X21 oglu tərəfindən verilmiş İzahatlara işin digər halları ilə birlikdə qiymət verərək qeyd edir ki, göründüyü kimi, Cavabdeh İddiaçı həmin mənzildən 1988-ci ildə köçüb getdiyini bildirsə də, bu xüsusat toplanmış sübutlarla təsdiq olunmamışdır. İddiaçı həmin mənzildən qayınanası X1 yaşadığı ünvana yalnız 2004-cü ildə köçdüyü müəyyən edilir. O cümlədən, müəyyən edilir ki, İddiaçı mübahisəli mənzildən köçdükdən sonra da, onun və ailə üzvlərinin həmin mənzillə əlaqəsi kəsilməmiş, arvadı Nümayəndə mübahisəli - Zərdab şəhəri, Azərbaycan küçəsi ev 2 ünvanında yerləşən 9 nömrəli mənzildə yaşamışdır. Beləliklə, kollegiya hesab edir ki, xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54-cü maddələrinin tələbləri baxımından iddiaçının mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Sonuncunun mənzildən istifadə hüququnun itirilməsi üçün həmin məcəllənin 60 və 87-ci maddələrində göstərilən hallar hazırki iş üzrə müəyyən edilmir. Cavabdeh mübahisəli mənzili özəlləşdirərkən özəlləşmə prosesində iştirakları təmin edilməli olan şəxslərin iştirakını təmin etmədən iddiaçının istifadə hüququnu şübhə altına salsa da, özəlləşmə nəticəsində əldə olunmuş qeydiyyat vəsiqəsi ləğv edildiyindən iddiaçının mövcud olmuş istifadə hüququ yenidən mübahisəyə səbəb olmaması üçün həmin hüquq hazırki qətnamə ilə yenidən tanınmalı və mənzilə köçürülmə təmin edilməklə həmin hüquq reallaşdırılmalıdır. Göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olmuşdur və təmin edilməlidir.

30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(035)-724/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı Zərdab şəhəri, Azərbaycan küçəsi ev 2 ünvanında yerləşən 9 nömrəli mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməli, İddiaçı Zərdab şəhəri, Azərbaycan küçəsi ev 2 ünvanında yerləşən 9 nömrəli mənzilə istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Zərdab Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(035)-724/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı Zərdab şəhəri, Azərbaycan küçəsi ev 2 ünvanında yerləşən 9 nömrəli mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilsin. İddiaçı Zərdab şəhəri, Azərbaycan küçəsi ev 2 ünvanında yerləşən 9 nömrəli mənzilə istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar