Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-210/2021 07.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-312/2020 nömrəli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) xx xxxxxx 2020-ci il tarixli, 2(039)-312/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Yevlax şəhəri Şadlinski küçəsi 27 A ünvanında yerləşən 0,0052 ha torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək onların həmin torpaq sahəsindən çıxarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-312/2020 nömrəli qətnaməsindən həm İddiaçı, həm də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan, Yevlax şəhəri Şadlinski küçəsi 27 A ünvanında yerləşən 0,0052 ha sahibkarlıq təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılması və həmin torpaq sahəsində onun xəbəri və icazəsi olmadan cavabdehlər tərəfindən tikilmiş qeyri-yaşayış sahəsinin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi, həmçinin cavabdehlərdən maddi ziyanın əvəzi olaraq 25500 manat və mənəvi ziyanın əvəzi olaraq 10000 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlər ona məxsus olan torpaq sahəsində 2015-ci ildən mağaza tikməyə başlamış, təxminən 2 il sonra mağazanı tikib qurtarmış, sonradan icarəyə verərək, gəlir əldə etmişlər. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli torpaq sahəsində tikilmiş tikilinin onlara hər hansı aidiyyəti yoxdur, onlar orada hər hansı tikili inşa etməmişlər. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Bundan əlavə göstərmişdir ki, digər cavabdeh onun atasıdır, məhkəmə iclası barədə məlumatı vardır. Birinci instnasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-312/2020 nömrəli qətnaməsindən həm İddiaçı, həm də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qətnamə ilə qismən, yəni iddianın təmin edilmiş hissəsi ilə razıdır. Hazırkı apellyasiya şikayəti qətnamənin digər hissəsi, yəni iddia tələbinin təmin edilməmiş hissəsi ilə bağlıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Torpaq hərrac və müsabiqə Komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə xx xxxxxx 2015-ci il tarixli 01 №-li protokolundan görünür ki, müsabiqədə 728 manat ən yüksək təklif vermiş 01 №-li biletin sahibi X1 (yəni o) müsabiqənin qalibi hesab olunmuşdur. Həmçinin işdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx xxxxxx 2015-ci il tarixli, ********* №-li şəhadətnaməsindən görünür ki, İddiaçı xx xxxxxx 2015-ci il tarixdə keçirilmiş müsabiqənin qalibidir. xx xxxxx 2015-ci il tarixli, AN-İ seriyalı ******* №-li «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»ndən görünür ki, X2 şəhəri Şadlinski küçəsi 27A ünvanında yerləşən, ümumi sahəsi 0,0052 ha olan torpaq sahəsini sahibkarlıq məqsədləri üçün İddiaçı satmışdır. İşdə olan Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli ******* saylı «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış»dan görünür ki, Yevlax şəhəri Şadlinski küçəsi 27A ünvanında yerləşən 0,0052 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli A seriyalı 007007 saylı «Torpaq sahəsinin planı və ölçüsü»ndən görünür ki, Yevlax şəhəri Şadlinski küçəsi 27A ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 0,0052 ha torpaq sahəsinin cizgiləri çəkilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin «xxxx» MMC-nin Yevlax şəhəri Şadlinski küçəsi 27A ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində tikilmiş sahibkarlıq obyektinin tikinti layihəsindən görünür ki, həmin sahədə tikiləcək obyektin layihəsi çəkilmişdir. Göründüyü kimi, Yevlax şəhəri Şadlinski küçəsi 27A ünvanında yerləşən, 0.0052 ha torpaq sahəsi ona məxsusdur və onun mülkiyyətindədir. O, həmin torpaq sahəsini alan zaman məqsədi orada sahibkarlıq obyekti tikmək idi. Lakin cavabdehlər tamamilə qanunsuz və əsassız olaraq ona məxsus olan torpaq sahəsini zəbt etmiş, orada onun razılığı olmadan obyekt tikmişlər. Göründüyü kimi, cavabdehlər faktiki olaraq onun mülkiyyətinə müdaxilə etmiş və onu öz mülkiyyətindən məhrum etmişlər. Məlumat üçün qeyd edir ki, cavabdehlər tərəfindən tikilmiş qeyri-yaşayış sahəsi onun torpağı ilə yanaşı, bələdiyyə torpağının və artezian quyusunun üzərində yerləşir. Onun hazırkı tələbi cavabdehlərin ona məxsus olan torpaq sahəsindən çıxarılması, eyni zamanda onun xəbəri və icazəsi olmadan onun mülkiyyətindəki torpaqda tikdikləri qeyri-yaşayış sahəsinin onların öz vəsaiti hesabına sökülməsidir. Məhkəmə iddia tələbini bu hissədə təmin etdiyi üçün, qətnamənin bu hissəsindən narazı deyildir. Məhkəmə iddia tələbini maddi və mənəvi ziyanla bağlı rədd edərkən qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə bu barədə sübutlar təqdim edilməmişdir. Lakin o, bu müddəanı qətiyyən qəbul etmir. Belə ki, maddi ziyanla bağlı qeyd edir ki, cavabdehlərin ona məxsus olan torpaq sahəsini 4 ildən artıq zəbt etməsi nəticəsində o, xeyli miqdarda ziyana uğramışdır. Belə ki, həmin torpaq sahəsi sahibkarlıq təyinatlı sahədir və əgər həmin torpaq sahəsi onun sahibliyində olsa idi, o, orada qeyri-yaşayış sahəsi tikib icarəyə verərək xeyli gəlir əldə edərdi. Əgər həmin tikəcəyi obyekti hər ay 500 manat müqabilində icarəyə versəydi, o halda bu günə kimi 25500 manat gəlir əldə edərdi. İşdə olan «xxxx» tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli HŞ-2902 saylı məktubdan görünür ki, Yevlax şəhəri Şadlinski küçəsi 27A ünvanında fəaliyyət göstərən «xxxx» MMC-yə məxsus olan market icarə müqaviləsi əsasında fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi barədə «xxxx» MMC ilə Cavabdeh2 arasında xx xxxxxx 2018-ci il tarixdə icarə müqaviləsi bağlanmış, xx xxxxxxxx 2018-ci il tarixdən market fəaliyyət göstərməyə başlamış, xx xxxxxx 2019-cu il tarixdə isə Cavabdeh2 ilə icarə müqaviləsi yenilənmiş və icarə haqqı artırılmışdır. Onda (iddiaçıda) olan məlumata görə müqavilədə əvvəllər icarə haqqının məbləği 600 manat nəzərdə tutulmuş, sonradan isə artırılaraq 1000 manat edilmişdir. Sual olunur: - bu sübut deyilmi? Bundan əsaslı sübut nə ola bilər?... Məhkəmə iclasında Cavabdeh2 mübahisəli torpaq sahəsində tikilmiş tikilinin onlara heç bir aidiyyatının olmadığını bildirsə də, yuxarıda qeyd olunan («xxxx» tərəfindən verilmiş) arayış ilə bu fikirlər tamamilə təkzib olunur. Göstərilənlərə əsasən hesab edir ki, özü tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özləri tərəfindən verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquqi normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-in 385.1.1-ci, 385.1.3-cü və 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Bildirirlər ki, qeyd olunan iddia ilə bağlı onların məlumatı olmamışdır. Onlar məhkəmə prosesinin keçirilməsi ilə əlaqədar xəbərdar edilməmişlər. İddiaçı onların ünvanını düz yazmadığından məhkəmə tərəfindən onların çağırılmağı təmin edilməmişdir. Mübahisələndirilən torpaq sahəsi onlar tərəfindən 20 ildir ki, alınıb. Orada tikinti işləri aparılıb. Bütün bunları onun qohumu olan hazırkı iş üzrə İddiaçı çox gözəl bilirdi. Bütün bunları bilə-bilə onların torpağına hazırkı sənədləri alıb əldə etmək onun ən böyük səhvidir. Yevlax şəhər İcra Hakimiyyəti onun bazarda olan obyektini sökdüyündən və yaxud da əlindən aldığından, onlara aid olan torpaq sahəsini bu şəxs bilə-bilə adına sənədləşdirib. Halbuki, həmin torpaq üzərində onların tikilisi 2015-ci ildən 15 il arxaya həll edilib. İddiaçı bu sənədləri əldə edərkən niyə və hansı səbəbdən onun tikilisi altında olan torpağı nişan edib. X3 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestiri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəsis rəyi ilə müəyyən olunmuşdur ki, **********33 reyestr nömrəli çıxarışla iddiaçının adına qeydiyyata alınmış 0,0052 ha torpaq sahəsi bütövlüklə başqa şəxs və ya şəxslər tərəfindən inşa edilmiş tikili altında yerləşir. Həmin tikilini onlar tikiblər. 20 ilə yaxındır ki, həmin ərazi onlarındır. Üzərində “xxxx” yazılmış mağaza icarə müqaviləsi əsasında fəaliyyət göstərir. Bütün bunları iddiaçı bilərəkdən onlara aid torpaq sahəsinə nədən sənəd əldə edib... Göstərilənlərə əsasən hesab edirlər ki, özləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin, cavabdehlərin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-312/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-312/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx xxxxxx 2015-ci il tarixli şəhadətnaməsi, xx xxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli ********** №-li çıxarışı ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən 0,0052 ha yaşayış məntəqəsi torpağı iddiaçının xüsusi mülkiyyətindədir. İşdə olan X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, **********33 reyestr nömrəli çıxarışla iddiaçının adına qeydiyyata alınmış 0,0052 ha torpaq sahəsi bütövlüklə başqa şəxs və ya şəxslər tərəfindən inşa edilmiş tikili altındadır. İşdə olan birinci instansiya məhkəməsinin sorğusuna əsasən “xxxx” MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, HŞ-2902 saylı cavab məktubundan görünür ki, Yevlax şəhəri Şadlinski küçəsi 27 A ünvanında fəaliyyət göstərən “xxxx” MMC-yə məxsus olan market icarə müqaviləsi əsasında fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi barədə “xxxx” MMC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi bağlanmış, xx.xx.2018-ci il tarixdən market fəaliyyət göstərməyə başlamış, xx.xx.2019-cu il tarixdə isə Cavabdeh2 ilə icarə müqaviləsi yenilənmiş və icarə haqqı artırılmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehlər tərəfindən həmin torpaq sahəsində hər hansı əsas olmadan tikili - mağaza tikilmişdir, yəni həmin torpaq sahəsi hər hansı qanuni əsas olmadan cavabdehlərin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 178.1-ci mаddəsinə əsаsən, dаşınmаz əmlаkа mülkiyyət hüququ оnun verilməsinin dаşınmаz əmlаkın dövlət reyestrində qeydə аlındığı аndаn əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146-cı maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci mаddəsinə əsasən, mülkiyyət hüququ - subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhibi оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilrsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 84-cü mаddəsinə görə, tоrpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qоrunur. Оnlаrın pоzulmuş hüquqlаrı qаnunvericilikdə nəzərdə tutulmuş qаydаdа bərpа edilir və hüquqlаrın pоzulmаsı nəticəsində оnlаrа dəyən zərər tаm həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci mаddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə, Аzərbаycаn Respublikаsındа tоrpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаndır və özbаşınа tutulmuş (zəbt edilmiş) tоrpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır. Cavabdehlər apellyasiya şikayətində iddia edirlər ki, mübahisəli torpaq sahəsi iddiaçıya verilməmişdən daha əvvəl onların istifadəsində olmuş və orada mağaza binası inşa edib icarəyə vermişlər. Lakin cavabdehlər mübahisəli torpaq sahəsinin onların istifadəsinə verilməsinə, yaxud onların həmin torpaq sahəsindən istifadə etmələrinin qanuniliyinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Apellyasiya şikayətində isə onlar mübahisəli torpaq sahəsinə dair heç bir hüquqverici sənədlərinin olmamasını, həmin torpaq sahəsindən uzun illər qanunsuz və özbaşına istifadə etdiklərini dolayısı ilə etiraf etmişlər. Əslində cavabdehlərin sözügedən torpaq sahəsini mübahisələndirməyə subyektiv hüquqları yoxdur. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmuş və iddiaçı həmin torpaq sahəsini qanuni yolla əldə etmişdir (açıq hərracdan satın almışdır). Ona görə də məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlillərini əsassız və qəbulolunmaz hesab edir. İddiaçının apellyasiya şikayəti ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin mövqeyinə görə iddiaçı əmlakından qanunsuz məhrum edilməsi nəticəsində itirdiyi gəlirlərin (əlindən çıxmış faydanın) əvəzinin ödənilməsini tələb edərkən həmin gəlirlərin (faydanın) həqiqi imkanlara əsaslanmasını sübut etməlidir. Yəni itirilmiş gəlirlər və ya əldən çıxmış fayda ehtimal xarakterli və xəyali olmamalıdır. Konkret halda iddiaçı əlindən çıxmış faydanı cavabdehlərin onun torpaq sahəsində tikdikləri mağaza binasından götürdükləri gəlirə (icarə haqqına) əsasən hesablamışdır. Lakin iddiaçı əgər mübahisəli torpaq sahəsi onun istifadəsində olsaydı orada oxşar mağaza binası tikib icarəyə verə biləcəyini, buna real imkanlarının olmasını sübut etməlidir (o da nəzərə alınmalıdır ki, cavabdehlərin icarəyə verdikləri mağaza binasının sahəsi 80 m2 olduğu halda, həmin ərazidə iddiaçının torpaq sahəsi 52 m2-dir). Digər tərəfdən, mübahisəli torpaq sahəsi 2015-ci ildən iddiaçıya məxsus olsa da, lakin o, həmin torpaq sahəsini cavabdehlərdən məhkəmə qaydasında tələb etməyə 2019-cu ilin sonunda başlamışdır. Belə olduğu halda iddiaçının ona cavabdehlərin 4 ildən artıq müddətdə ziyan vurduqları barədə mülahizələri qəbulolunmazdır. İddiaçının mənəvi zərər əvəzinin ödənilməsi tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı Qərarına görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun... Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini ... aydınlaşdırmağa borcludur. Göründüyü kimi, hüququn pozulması faktı öz-özlüyündə mənəvi zərərin yaranmasına səbəb olmur. Mənəvi zərərin ödənilməsini tələb edən şəxs ona hüququnu pozan şəxs tərəfindən həqiqi mənəvi sarsıntı və iztirab yetirilməsini, bunun nədə ifadə olunmasını və hansı formada təzahür etməsini, onun üçün hansı mənfi mənəvi-psixoloji nəticələrə səbəb olmasını sübut etməlidir. Mənəvi zərərin həcmi də qeyd edilən xüsusatlar əsasında müəyyən olunur. İddiaçı məhkəməyə cavabdehlərin hərəkətlərindən mənəvi zərər çəkməsini əsaslandıran sübutlar təqdim etməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianı maddi və mənəvi zərərin ödənilməsi tələbinə aid hissədə təmin etməməklə bağlı qənaəti əsaslıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən, yəni İddiaçı xüsusi mülkiyyətində olan Yevlax şəhəri Şadlinski küçəsi 27 A ünvanında yerləşən 0,0052 ha torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək onların həmin torpaq sahəsindən çıxarılması hissəsində təmin, qalan hissədə rədd etməkdə haqlı olmuş, işin həqiqi halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan isə birinci instansiya məhkəməsinin qətnaməsindən həm iddiaçı, həm də cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)- 312/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-312/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən tələbləri təmin olunmamış işdə iştirak edən şəxslər qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-210/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-210/2021
07.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver