Məhkəmə qərarları › İş №2(107)-2110/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2110/2021

09.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2110/2021 09.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə» tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə (Açar sözlər: ilk iddia- mənzilə köçürmə, qarşılıqlı iddia- mənzilə istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(051)-1060/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun və 15.09.2006-cı il təvəllüdlü X6, 02.11.2011-ci il təvəllüdlü X10 adlı övladlarının ünvan 1 ünvanına köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qzı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 16 sentyabr 2005-ci ildə nikahları rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 15.09.2006-cı il təvəllüdlü X6 və 02.11.2011-ci il təvəllüdlü X10 adlı iki övladları olmuşdur. Əvvəllər münasibətləri normal olsa da, sonradan aralarında olan münasibətlər pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş və iki övladı onun himayəsinə verilmişdir. Qeyd edir ki, o, Cavabdeh ilə ailə qurarkən ünvan 2 ünvanına köçərək orada yaşamışdır. Nikahları pozulduqdan sonra da, həmin evdə iki övladıyla birlikdə yaşamaqda davam etmişdir. Mənzil Azərbaycan Respublikası ƏMDK-ın yanında DƏDRX-də Cavabdeh adına qeydə alınmışdır. Lakin keçmiş əri Cavabdeh ona və övladlarına həmin mənzildə yaşamağa mane olur. Tez-tez evdə söz-söhbət yaradaraq onu və uşaqlarını evdən çıxarır. Sonuncu dəfə də, onları evdən qovaraq mənzilin kilidini də, dəyişmişdir. Yetkinlik yaşına çatmayan iki övladının və onun qeyd edilən mənzildən başqa yaşamağa heç bir yerləri yoxdur. Hazırda uşaqlarıyla birlikdə anasının yanında yaşayır. Mülkiyyətiçinin keçmiş arvadı kimi onun və övladlarının həmin mənzildə yaşamaq hüququ var. Lakin cavabdeh ona və övladlarına mübahisəli mənzildə yaşamağa imkan vermir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də məhkəmədən onun və 15.09.2006-cı il təvəllüdlü X6, 02.11.2011- ci il təvəllüdlü X10 adlı övladlarının ünvan 1 ünvanına köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh qarşılıqlı iddia ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, ilkin iddianın rədd olunması və qarşılıqlı iddiasının təmin olunmaqla İddiaçı ünvan 3 ünvanında istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı ona qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbini qəbul etmir. Sözügedən iddia tələbinin rədd olunmasını və onun qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş edir. Qarşılıqlı iddia ərizəsində ilkin iddianın rədd olunmasını xahiş edir. Belə ki, ünvan 3 ünvanı onun mülkiyyətindədir və sözügedən ünvanda yaşayır. Həmin mənzil onun mülkiyyətindədir və Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Sözügedən mənzil ona vərəsəlik qaydasında keçmişdir. Cavabdehin ona məxsus evdən heç bir hüququ yoxdur. Cavabdeh uzun müddətdir ona məxsus mənzildə yaşamır. Cavabdehin onun mənzilində qeydiyyatda olması onun istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Cavabdeh ona məxsus mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, onun ona məxsus mənzildə hər hansı istifadə hüququ olması barədə rəsmi sənəd mövcud deyil. İstifadə hüquqları ona məxsus mənzilə köçmək istəməsi qanunun tələblərinə uyğun deyil. Cavabdehin uzun müddətdir ona məxsus mənzildə yaşamaması və başqa yaşayış yerinin olması onun ona məxsus evdən istifadə hüquqlarına xitam verilməsinə əsas olmalıdır. Sözügedən tələbini əsaslandıran halları məhkəmə iclasında göstərəcək və bununla əlaqədar öz sübutlarını təqdim edəcəkdir. Cavabdehin ona məxsus evdə qeydiyyatda olması istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Məhkəmə işləri araşdırarkən işin faktiki hallarını tam araşdırmalı və hər bir işə fərdi yanaşmalıdır. Məhkəmə qərar qəbul edərkən şablonluqdan uzaq durmalı və işlərə fərdi qaydada yanaşmalıdır. Ona görə də məhkəmədən ilkin iddianın rədd olunması və qarşılıqlı iddiasının təmin olunmaqla İddiaçı ünvan 3 ünvanında istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(051)-1060/2021 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov) İddiaçı və 15.09.2006-cı il təvəllüdlü X6, 02.11.2011-ci il təvəllüdlü X10 adlı övladları ünvan 1 ünvanına köçürülməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mübahisəli mənzildən istifadə üzrə hüquq münasibəti uzun müddətdir yaranmışdır. Hazırda tərəflər arasında göstərilən mənzillə bağlı mübahisə və ixtilaf vardır. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, 15.09.2006-ci il təvəllüdlü X6 və 02.11.2011-ci il təvəllüdlü X10 adlı uşaqların atası Cavabdeh, anası isə X11r. Cavabdeh ilə X13 arasında 16 sentyabr 2005-ci il tarixdə Mingəçevir VVADQ Şöbəsində bağlanmış və 384 nömrə ilə dövlət qeydiyyatına alınmış nikah qeydi pozulmuş və boşanmadan sonra tərəflərin birgə nikahından 15 sentyabr 2006-cı il tarixdə doğulmuş X6 və 02 noyabr 2011ci il tarixdə doğulmuş X10 adlı uşaqların iddiaçı X7 yanında qalması müəyyən edilmiş və 26 avqust 2020-ci il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 50 manat, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X12 verilmişdir. Cavabdeh ilə X13 arasında olan nikaha 09.03.2021-ci il tarixdə xitam verilmişdir. M.Məmmədov küçəsindəki 30/1 saylı ünvanı X8 əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirilməsinə icazə verilməsi qərara alınmışdır. ünvan 5 ünvanında yerləşən 45.2 kv.metr ümumi sahəli mənzil Cavabdeh xüsusi tam mülkiyyətindədir. 18.01.2015-ci il tarixli ölmüş X3 vərəsəsi Cavabdeh Mirsahab oğludur və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 49.02 kv/m olan daşınmaz əmlakdan ibarətdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı iddia tələbində haqlıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında 16 sentyabr 2005-ci ildə nikahları bağlanmış və onlar həmin tarixdən mübahisəli mənzildə yaşamağa başlamışlar. Buradanda görünür ki, mübahisə üzrə münasibət həmin tarixdən yaranmışdır. İlkin iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı və 15.09.2006-cı il təvəllüdlü X6, 02.11.2011-ci il təvəllüdlü X10 adlı övladları ünvan 1 ünvanına köçürülməlidir. Qarşlıqlı iddia tələbi MM-in 228.5-ci maddəsinə əsasən əsassız olduğundan rədd edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair 08 oktyabr 2013-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1ci, 88-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə Mülki-Prosessual Məcəlləyə uyğun tərtib edilməmişdir. Qətnamədə İddiaçı izahatı iki dəfə yazılsa da onun izahatı ümümiyyətlə yazılmamışdır. O qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Qətnamənin məzmunundan onun qarşılıqlı iddia ərizəsi icraata götürülməmiş kimi görünür. Qarşılıqlı iddia ərizəsi barədə qətnamədə heç bir qeyd yoxdur. Mülki Prosessual Məcəllədə qətnamənin forması təsvir edilərkən giriş və təsviri hissədə tərəflərin tələbləri göstərilməlidir. Lakin onun qarşılıqlı iddia ərizəsinin nədən ibarət olması barədə qətnamədə heç bir göstəriş yoxdur. İş üzrə əlavə qətnamə çıxarılmalı olduğunu düşünür. Belə ki, hər hansı tələblə bağlı qətnamə çıxarılmadıqda əlavə qətnamə çıxarılmalıdır. Lakin elə bir əlavə qətnamə onun iddiası barəsində çıxarılmamışdır. Bundan əlavə onun tərəfindən məhkəmə iclaslarında verilmiş izahatları qətnamədə öz əksini tapmamışdır. Qətnamə prosessual qaydaları kobut surətdə pozmaqla qətnamənin forma və məzmununa riayət etməməklə çıxarılmışdır. Bundan əlavə qətnamənin nəticə hissəsində ilkin iddianın tam və ya qismən təmin olunması barədə heç bir göstəriş yoxdur. Qətnamənin nəticə hissəsində Nurlan adlı uşağın iki dəfə köçürülməsi yazılsa da qızının mənzilə köçürülməsi yazılmamışdır. Onun və qanunun tələblərinə göstərilən pozuntular tam ziddir. Qətnamədə onun tələbi barədə heç bir şey qeyd edilməməsi kobut prosessual pozuntudur və onun hüquqlarını pozur. Minngçevir şəhəri N.ünvan 6 ünvanda yaşayır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakin Dövlət Reyestrindən çıxarış almışdır. Sözügedən mənzil ona vərəsəlik qaydasında keçmişdir. Cavabdehin ona məxsus evə heç bir hüququ yoxdur. Cavabdeh uzun müddətdir ona məxsus mənzildə yaşamır. Cavabdehin mənzilində qeydiyyatda olması onun istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Cavabdeh ona məxsus mənzilə köçürülmə barədə iddia ərzəsi ilə məhkəməyə müraciət etsə də iddiaçının ona məxsus mənzildə hər-hansı istifadə hüququ olması barədə rəsmi sənəd mövcud deyil. Qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Qeyd olunanlara əsasən o Mingəçevir Şəhər Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2(051)-1060/2021 saylı qətnaməsinin ləğv edilməsini, yeni qətnamə çıxarılmasını, iddiaçı tərəfindən verilmiş iddianın rədd edilməsi və onun tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(051)- 1060/2021 saylı qətnaməsinin dəyidirilmədən qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: (2009-cu ildən qüvvədə olan) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı maddəsinə görə mənzil hüquq və vəzifyələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.2.1 və 9.2.2-ci maddələrinə əsasən o cümlədən mənzil hüquqlarının müdafiəsi müvafiq olaraq mənzil hüquqlarının tanınması; mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülukiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Pespublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu ili oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvü» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında yaşayış sahəsi mülkiyyətçisinin «digər qohumları»nın onun ailə üzvü kimi qiymətləndirilməsi həmin şəxslərin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində müəyyən edilmiş şəxslər dairəsinə, yəni yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxslər dairəsinə daxil olması ilə şərtləndirilmişdir. Yəni yaşayış sahəsi mülkiyyətçisinin arvadı (əri), uşaqları və valideynləri olmayan digər qohumları o halda mülkiyyətçinin ailə üzvü kimi yaşayış sahəsindən onunla bərabər istifadə hüququna malik şəxs kimi qiymətləndirilə bilər ki, həmin şəxslər Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin muülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxslərdən olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir, Mingəçevir Şəhər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(051)-1060/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, ilk iddia qismən, qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə X13 arasında 16 sentyabr 2005-ci il tarixdə Mingəçevir VVADQ Şöbəsində bağlanmış və 384 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçı nikah bağlandıqdan sonra ünvan 5 ünvanında yerləşən 45.2 kv.metr ümumi sahəli mənzilə gəlin köçmüşdür. İddiaçı gəlin köçərkən mübahisəli mənzil X3 mülkiyyətində olmuşdur. İddiaçı gəlin köçərkən mülkiyyətçi ilə hər hansı bir müqavilə imzalamamışdır. Birgə nikahdan tərəflərin 15 sentyabr 2006-cı il tarixdə X6 və 02 noyabr 2011-ci il tarixdə X10 adlı uşaqları doğulmuşdur. X1 Allahverdi Mirsahib oğlunun xüsusi tam mülkiyyətindədir. X9 18.01.2015-ci il tarixdə öldükdən sonra mübahisəli mənzil onun oğlu iddiaçının keçmiş əri Cavabdeh Mirsahab oğlunun adına keçmişdir. Cavabdeh ilə X13 arasında olan nikah 09.03.2021-ci il tarixdə pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı azyaşlı uşaqları ilə bərabər cavabdehə məxsus ünvan 5 ünvanında yerləşən evə müəyyən müddətə, yəni 3 il müddətinə köçürülməlidir. Kollegiya qeyd edir ki, iddiaçı əvvəlki mülkiyyətçi ilə notarial qaydada razılıq əldə etməsə belə, mübahisəli mənzildə davamlı olaraq 2021-ci ilə qədər yaşamışdır. Bundan başqa kollegiya xüsusi olaraq qeyd etməyi lazım bilir ki, evin əvvəlki mülkiyyətçisi 18.01.2015-ci il tarixdə öldükdən sonra mübahisəli mənzil onun oğlu iddiaçının keçmiş əri Cavabdeh Mirsahab oğlunun mülkiyyətinə keçmişdir. Belə olan halda kollegiya hesab edir ki, həmin vaxt iddiaçı cavabdehin ailə üzvü olduğundan iddiaçının mübahisəli mənzildə yaşaması üçün cavabdehlə notarial qaydada razılaşmaya zərurət qalmır. Belə ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qedə alınması zərurəti yoxdur. Hazırda tərəflər arasında olan nikah pozulduğundan kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarına əsasən iddiaçı müəyyən müddətə mübahisəli mənzilə köçürülə bilər. Belə ki, Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçının maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermir. Kollegiya hesab edir ki, iddiaçının başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmadığı halda mübahisəli evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış edilməməli, məhkəmələr öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı azyaşlı uşaqları ilə bərabər mübahisəli mənzilə müəyyən müddətə, yəni 3 il müddətinə köçürülməlidir. Kollegiya müəyyən müddətə yəni 3 il müddətinə köçürülmə qənaətinə gələrkən iddiaçının böyük oğlu, 15 sentyabr 2006-cı il tarixdə anadan olmuş X4 18 yaşı tamam olmuş olacaq. X2 yetkinlik yaşına çatdıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasında anasına və qardaşına yardımçı olacağı istisna edilmir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; Cavabdeh qarşılıqlı iddia ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ünvan 3 ünvanında istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, nə qədər ki, ilk iddia qismən təmin edilərək, iddiaçı X13 azyaşlı uşaqları ilə bərabər 3 il müddətinə Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən evə köçürülür, qarşılıqlı iddia təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın qismən təmin edilməsini istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə qismən razılaşsa da (birinci instansiya məhkəməsi tərəfindən mülki işin kifayət qədər araşdırılmaması, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə) ilk iddianın tam rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətəli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı ) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Birinci instansiyası məhkəməsi cavabdehin qarşılıqlı iddiasına münasibət bildirməməklə, eyni zamanda ilk iddianın tam təmin edilməsi ilə onu bu hüquqdan məhrum etmişdir. Eyni zamanda işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərlən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Birinci instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, cavabdehin dəlillərinin aydınlaşdırlması üçün heç bir cəhd göstərməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Ona görə də kollegiya hesab edir ki, şikayət qətnamənin tamamilə ləğv edilməsi hissəsində əsaslıdır. Kollegiya iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə birinci instansiya məhkəməsinin səhv nəticəyə gəlməsi barədə dəlili ilə qismən razılaşır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarına əsasən iddiaçı müəyyən müddətə mübahisəli mənzilə köçürülə bilər. Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçının maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermir. Ona görə də kollegiya hesab edir ki, şikayət iddianın tamamilə rədd edilməsi üçün əsas ola bilməz. Şikayətin digər dəlili isə birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddiaya qiymət verilməməsidir. Kollegiya şikayətin həmin dəlili ilə razılaşsa da, qarşılıqlı iddianın təmin edilməsi barədə dəlili ilə razılaşmır. Nə qədər ki, ilk iddia qismən təmin edilərək, iddiaçı X13 azyaşlı uşaqları ilə bərabər 3 il müddətinə Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən evə köçürülür, qarşılıqlı iddia təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, ilk iddia qismən, qarşılıqlı iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(051)- 1060/2021 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İlk iddia qismən təmin edilsin. İddiaçı X13 azyaşlı uşaqları ilə bərabər 3 il müddətinə, qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra hesablanmaqla Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən evə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar