Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2115/2021 09.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik еdən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X19 oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(075)-210/2020 nömrəli qətnaməsindən cаvаbdehlər Cavabdeh1 оğlu və Cavabdeh2 оğlu tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 06 mart 2020-ci il tarixli 2(075)- 210/2020 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cаvаbdehlər Cavabdeh1 оğlu və Cavabdeh2 оğlunа (bundan sonra cavabdeh və ya Cavabdeh1 və Cavabdeh2) qаrşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı 27 may 2012-ci il təvəllüdlü uşağı X15 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, 10 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, onun oğlu X15 ilə birlikdə ünvan 2 ünvanından istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında 14 oktyabr 2011-ci il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmışdır. Birgə nikahdan onların 27 may 2012-ci il tarixdə övladları X15 dünyaya gəlmişdir. Münasibətləri uyğun gəlmədiyinə görə o, aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə aralarında olan rəsmi nikahın ləğv edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2 (031)-974/2018 saylı qətnaməsinə əsasən iş üzrə cavabdeh olan Cavabdeh1 ilə aralarında olan rəsmi nikah ləğv edilmiş, birgə nikahdan doğulmuş övladları X4 üçün onun himayəsinə verilmiş və övladı X2 üçün iş üzrə Cavabdeh1ndan hər ay 110 (yüz on) manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra o, Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minumumu haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmiş və Şabran Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli 2 (031)-198/2019 saylı qətnaməsinə əsasən uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılaraq 164 (yüz altmış dörd) manat müəyyən edilmişdir. O, Cavabdeh1 ilə ailə həyatı qurduğu vaxtdan, yəni 2011-ci ilin iyul ayından Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yaşamış və hal-hazırda da onun cehiz əşyaları həmin evdədir. Onlar bir müddət həmin evdə yaşadıqdan sonra Cavabdeh1 ilə birlikdə işləmək üçün Türkiyə Respublikasına getmişlər. O, 2017-ci ilin sentyabr ayında uşağı Bayramın məktəb yaşına çatması ilə əlaqədar Azərbaycan Respublikasına qayıtmışdır. Cavabdeh1 isə Türkiyədə işləməkdə davam etmişdir. O, Azərbaycan Respublikasına qayıdan vaxt mübahisə predmeti olan həmin evdə qayınanası Sədaqət, qaynı Rauf, qaynının yoldaşı Zərqələm və onların uşaqları yaşayırdılar. Cavabdeh1 ailə üzvləri tez-tez onu təhqir etmiş, hətta onu döyməkdən belə çəkinməmişlər. 2018-ci ilin iyun ayında isə Cavabdeh1 ailə üzvləri onu döyərək məcburi olaraq yaşadığı ünvan 2 ünvanından çıxarmışlar. O, həmin vaxtdan uşağı ilə birlikdə Xırdalan şəhərində kirayə ev tutaraq yaşayır. Cavabdeh1 ailə üzvləri tərəfindən döyülməsi və evdən qovulması barədə bir neçə dəfə Cavabdeh1 məlumat vermişdir. Lakin hər dəfə Cavabdeh1 ona ailəsinin necə deyirsə elə də olmalı olduğunu bildirmişdir. Göstərilənləri, 2011-ci ilin iyul ayında daimi yaşamaq üçün ünvan 2 ünvanına köçdüyünü və həmin vaxtdan da orada yaşamasını, cehiz əşyalarının halhazırda da həmin evdə olmasını, habelə 2018-ci ilin iyun ayından Cavabdeh1 ailə üzvləri tərəfindən döyülərək evdən qovulmasını nəzərə alaraq belə hesab edir ki, onun sözügedən ünvandakı evdən istifadə hüququ vardır və o, uşağı ilə bərabər həmin evə köçürülməlidir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsində göstərilən tələbi qəbul etməyərək izahatında göstərmişdir ki, о, İddiaçı ilə 14 oktyabr 2011ci il tarixdə Şabran Rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Əslində, nikahları qız toyu zamanı rəsmiləşdirilmiş və qız toyundan bir həftə sonra onların Xırdalan şəhərində oğlan toyları olmuşdur. Toydan sonra İddiaçı ünvan 2 ünvanına gəlin düşmüşdür. İddiaçı cehizi isə toydan 1-2 gün əvvəl həmin evə gətirilmişdir. O, İddiaçı ilə ailə qurduqdan iki ay sonra yaşamaq üçün Türkiyə Respublikasına getmişlər. O, 7 ilə yaxın, yəni 2018-ci ilə qədər Türkiyə Respublikasında yaşamış və 2019-cu ilin mart ayında Azərbaycan Respublikasına qayıtmışdır. Həmin müddət ərzində İddiaçı Azərbaycan Respublikasına gedib-gəlmişdir. Türkiyə Respublikasında yaşayarkən onların 27 may 2012-ci il tarixdə Bayram adlı uşaqları anadan olmuşdur. İddiaçı isə 2018-ci ildə yenə də atasını görmək adı ilə uşağı ilə birlikdə Azərbaycan Respublikasına gəlmiş və bir gün mübahisə predmeti olan evdə yaşadıqdan sonra öz atası evinə getmişdir. Həmin ev onun qardaşı Cavabdeh2 evidir. Qardaşı Cavabdeh2 həmin evi 2007-ci ildə inşa etdirmişdir. Lakin, həmin evin hüquqi sənədi yoxdur. O, özü də qardaşının evində yaşayır. 30 noyabr 2019-cu il tarixdə İddiaçı öz əmlaklarını həmin evdən çıxararaq aparmışdır. Sonradan onun xəbəri olmadan İddiaçı Şabran Rayon Məhkəməsinə aralarında bağlanmış nikahın pozulması tələbi ilə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən onların nikahı pozulmuş və birgə nikahdan olan uşaqları X4 üçün İddiaçı himayəsinə verilmiş, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 110 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Sonradan İddiaçı iddiası əsasında Şabran Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qətnaməsinə ilə uşağının saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılaraq 164 manat müəyyən edilmişdir. Hesab edir ki, İddiaçı iddiası əsassızdır. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 izahatında göstərmişdir ki, onun qardaşı Cavabdeh1 İddiaçı ilə 2011-ci ildə nikah bağlamaqla ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə onların 27 may 2012-ci il tarixdə Bayram adlı uşaqları anadan olmuşdur. Lakin, sonradan münasibətləri uyğun gəlmədiyindən onlar ayrılmışlar və aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. İddiaçı onun qardaşı ilə ailə qurarkən onun 2007-ci ildə inşa etdirdiyi evə gəlin köçmüşdür. Onlar iki ay həmin evdə yaşadıqdan sonra Türkiyə Respublikasına getmişlər. İddiaçı 2018-ci ildə Türkiyə Respublikasından qayıtdıqdan sonra həmin evdə bir neçə gün yaşamışdır. Həmin ev bir mərtəbəli iki otaqlı evdir. Həmin evdə onunla birlikdə yeddi nəfər ailə üzvü yaşayır. Evin və evin yerləşdiyi torpaq sahəsinin hüquqi sənədi yoxdur. Həmin evin qardaşı Cavabdeh1 keçmiş arvadı olan İddiaçı heç bir aidiyyəti yoxdur. Buna görə də iddianı qəbul etmir və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(075)-210/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh2 və Cavabdeh1 apellyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli 2(107)- 1140/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(075)-210/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli 2(107)- 1140/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2021-ci il tarixli 2(102)-3558/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətini belə əsaslandırmışlar ki, iddia rədd edilməli idi. Belə ki, məhkəmə tərəfindən ətraflı araşdırma aparılmamışdır. İddiaçı yaşamaq üçün Türkiyəyə getmiş və 7 ilə yaxın mütəmadi olaraq orada yaşamışdır. Bununla da iddiaçının ona məxsus evdən heç bir tələbi olmadığını hələ 7 il bundan qabaq etiraf etmişdir. İddiaçının 30 noyabr 2019-cu ildə öz əmlaklarını həmin evdən çıxarması bir daha sübut edir ki, iddiaçının sözügedən evlə bağlı heç bir tələbi qalmamışdır. Həmin evdə onun ailə üzvləri yaşayır. İddiaçının qaldırdığı iddianın ona heç bir dəxli yoxdur. İddiaçının həmin evdə yaşamaması onun cehiz əşyalarının həmin evdə olmaması, uzun müddət Türkiyədə yaşaması həmin evlə iddiaçının heç bir bağlılığının olmaması anlamına gəlir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(075)- 210/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 11 fevral 2020ci il tarixdə verilmiş məktubdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 adlarına daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və keçmiş DTXK tərəfindən təqdim edilmiş tam olmayan elektron bazada məlumat yoxdur. Şabran Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2 (031)-974/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan anadan olmuş uşaqları 27 may 2012-ci il təvəllüdlü X5 Fərqanə Vaqif qızının yanında saxlanılmış və Cavabdeh1ndan 110 manat məbləğində alimentin tutularaq 27 may 2012-ci il təvəllüdlü X1 ötrü İddiaçı verilməsi qət edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin 27 mart 2019-cu il tarixli, 1026 saylı arayışından görünür ki, Cavabdeh2 2007-ci ildən özü tikdiyi Xırdalan şəhəri Quşçuluq massivi Nəvai küçəsi 58 ünvanında yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh2, Cavabdeh1, X16, X12, X13 və X14 tərəfindən tərtib edilmiş 02.04.2019cu il tarixli aktdan müəyyən edilir ki, ünvan 1 saylı ev 2006-cı ilin ikinci yarısında inşa olunmuş, həmin fərdi yaşayış evini uzun müddətdir ki, qonşu olan Cavabdeh2 öz şəxsi vəsaiti hesabına tikdirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərtib etdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 30.04.2021-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayon Xırdalan şəhəri Tofiq Bəhramov küçəsi ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 48.10 kv.m olan, 0,0071 ha torpaq sahəsində yerləşən 66 saylı fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. (Həmin daşınmaz əmlak iddiaçının köçürülməsini tələb etdiyi evdir) Şabran Rayon Məhkəməsinin 06 dekabr 2021-ci tarixli 2 (031)-848/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X8 qarşı “Uşağın atanın himayəsinə verilməsi” tələbinə dair iddiası təmin edilərək iddiaçı Cavabdeh1 ilə cavabdeh X7 birgə nikahlarından anadan olmuş 27.05.2012-ci il təvəllüdlü X9 Cavabdeh1 yanında qalması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(102)- 3558/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli 2(107)-1140/2020 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “İş materiallarından görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında mənzildən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 14 oktyabr 2011-cı ildə yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Məhkəmələr mübahisəli evin hüquqi statusunu, bununla da onun mülkiyyət formasını müəyyən edərkən mülkiyyət formalarından hər hansı birinə aid olmamasını, özbaşına tikinti olmasını, mübahisəli evin tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsini, bununla da mübahisəli evin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməməsini nəzərə alaraq hesab etmişlər ki, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir. Ona görə də mübahisəyə Mənzil Məcəlləsinin 68-69-cu maddələrinin müddəalarını tətbiq etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə analogiya üzrə Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməsi barədə düzgün nəticəyə gəlsə də, analogiya üzrə həmin Məcəllənin 68-69-cu maddələrini deyil, 30-cu maddənin müddəalarını tətbiq etməli idi. Belə ki, məzmunundan göründüyü kimi Mənzil Məcəlləsinin 68-69-cu maddələri dövlət və ya bələdiyyə mənzil fonduna aid mənzillərdə kirayəçinin, onun ailə üzvlərinin və digər şəxslərin istifadə hüququ əldə etməsini və bununla bağlı məsələləri tənzimlədiyi halda həmin Məcəllənin 30-cu maddəsi xüsusi mülkiyyətdə olan mənzillərdə istifadə hüququnun əldə edilməsi və bununla bağlı məsələləri tənzimləyir. Nəzərə alınmalıdır ki, özbaşına fərdi yaşayış evlərinin inşa edilməsi dövlət orqanlarının və ya bələdiyyələrin deyil, ayrı-ayrı şəxslərin öz vəsaiti hesabına aparılır. Eyni zamanda son nəticədə bu tikililərə Mülki Məcəllənin 180.3-cü maddəsində nəzərdə tutulmuş hallarda onu inşa etmiş şəxsin mülkiyyət hüququ tanına bilər. Göstərilənlərə əsasən mübahisə predmeti olan tikili qanunsuz tikili olduğundan və qanunvericilikdə qanunsuz tikiliyə istifadə hüququnun tanınmasını və həmin tikiliyə köçürülməni tənzimləyən normalar mövcud olmadığından hazırkı mübahisəyə qanunun analogiyası üzrə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Bundan başqa işin halları ilə müəyyən edilir ki, mübahisə predmeti olan ev iddiaçı həmin evə köçməmişdən əvvəl inşa edilmişdir və iddiaçının sabiq əri Cavabdeh1 həmin evin qardaşı Cavabdeh2 оğlu tərəfindən inşa edildiyini bildirir. Belə olan vəziyyətdə mübahisə predmeti olan evin kim tərəfindən inşa edilməsinin müəyyənləşdirilməsi hazırkı mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallardan biri olmasına baxmayaraq nə birinci instansiya, nə də apellyasiya instansiyası bu halı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli evin iddiaçının keçmiş əri Cavabdeh1 оğlu tərəfindən inşa edildiyi müəyyənləşdirilərsə, yalnız bu halda analogiya üzrə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarına əsasən iddiaçının həmin evə istifadə hüququ müəyyən müddətə saxlanıla bilər. Həmçinin qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mənzilə istifadə hüququ əldə etmiş şəxsin mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda və buna əsaslar olduğu halda həmin şəxsin mənzildən istifadə hüququ yalnız müəyyən müddət çərçivəsində saxlanıla bilər. Ona görə də mübahisə predmeti olan evə iddiaçının istifadə hüququ yaranarsa həmin maddəyə əsasən iddiaçı həmin evə daimi deyil, müəyyən müddətə köçürülməlidir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırki iş üzrə İddiaçı ünvan 1 saylı evdə yaşamaqda davam etmə niyyəti olduğundan, cehiz əmlaklarını mübahisəli evə yerləşdirərək orada məskunlaşması, ümumi təsərrüfat aparıb uşaq dünyaya gətirməsi, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşaması və başqa yerdə yaşayış yerinin olmaması əsası ilə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməsi və pozulmuş hüquqlarının bərpa edilməli olması barədə gəlinmiş nəticə əsaslıdır. Buna görə də iddiaçı həmin mənzilə köçürülməsini tələb etməkdə haqlıdır və onun iddiası həmin hissədə təmin edilməlidir. Lakin tikili özbaşına tikili olduğundan iddia tələbi istifadə hüququnun tanınması hissəsində əsassızdır və təmin edilməməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşin gerçək halları belədir ki, İddiaçı Cavabdeh1 ilə 14 oktyabr 2011-ci il tarixdə nikahlarını Şabran Rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə ailə qurmuşlar. Tərəflər аilə qurаrkən iddiaçı, cavabdehlərin və onların аilə üzvlərinin rаzılığı ilə həmin vaxt rəsmi qaydada heç bir qeydiyyatı olmayan cavabdehlərin və onların ailə üzvlərinin istifadəsində olan ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş, 2 ay həmin evdə yaşamışdır. Sonradan işləri ilə əlaqədar yaşamaq üçün İddiaçı əri Cavabdeh1 ilə birlikdəTürkiyə Respublikasına getmişlər. 7 ilə yaxın, yəni 2018-ci ilə qədər Türkiyə Respublikasında yaşamışlar. Türkiyə Respublikasında yaşayarkən onların 27 may 2012-ci il tarixdə Bayram adlı uşaqları anadan olmuşdur. İddiaçı 2018-ci ildə uşağı ilə birlikdə Azərbaycan Respublikasına qayıdaraq mübahisə predmeti olan evdə qısa müddət yaşadıqdan sonra öz atası evinə getmişdir. Cavabdeh1 isə 2019-cu ilin mart ayında Azərbaycan Respublikasına qayıtmışdır. Müəyyən edilir ki, mübahisəli ev Cavabdeh1 qardaşı, digər Cavabdeh2 tərəfindən tikilmişdir və ona məxsusdur. Cavabdeh2 həmin evi 2007-ci ildə inşa etdirmiş, lakin həmin vaxt evin hüquqi sənədi olmadığından evə mülkiyyəti təsdiq edən sənəd ala bilməmişdir. Lakin sözügedən ev hazırda Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 30.04.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 mülkiyyəti kimi qeydə alınmışdır. Göründüyü kimi, iddiaçının köçürülməsini tələb etdiyi ev onun keçmiş əri Cavabdeh1 deyil, sonuncunun qardaşı Cavabdeh2 mülkiyyətidir. İşdə olan Şabran Rayon Məhkəməsinin 06 dekabr 2021-ci tarixli 2(031)-848/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçının nümayəndəsi, yəni atası X17 məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirmişdir ki, Şabran Rayon Məhkəməsinin 2(031)-974/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında 14 oktyabr 2011-ci ildə Şabran Rayon Qeydiyyat Şöbəsində bağlanmış 267 saylı nikah pozulmuş, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından 27.05.2012-ci ildə doğulmuş X9 İddiaçı yanında qalması, Cavabdeh1 12.09.2018-ci il tarixdən başlayaraq hər ayda 110 (bir yüz on) manat məbləğində aliment tutularaq 27.05.2012-ci ildə doğulmuş X3 üçün İddiaçı verilməsi qət edilmişdir. Qızı Fərqanə ikinci dəfə ailə qurub Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yaşayır. Artıq qızı Fərqanənin ikinci nikahdan bir qız övladı dünyaya gəlmişdir. X6 bir neçə aydır ki, atasının yanında yaşayır. Cavabdehin məhkəmədə qaldırdığı uşaq tələbinə dair iddiasını qəbul edir. İddianın təmin edilməsinə etiraz etmir. Göründüyü kimi, İddiaçı yenidən, ikinci dəfə rəsmi nikahla ailə həyatı quraraq başqa kişiyə ərə getmiş və ərinin soyadını (Məmmədova) qəbul etmişdir. İddiaçı hal-hazırda yeni əri ilə birlikdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yaşayır. Fərqanənin yeni nikahından bir qız övladı da dünyaya gəlmişdir. Bundan başqa, Şabran Rayon Məhkəməsinin 06 dekabr 2021-ci tarixli qətnaməsindən görünür ki, iddiaçının mübahisəli evə özü ilə birlikdə köçürülməsini tələb etdiyi 27 may 2012-ci il təvəllüdlü övladı X15 uzun müddətdir ki, atası Cavabdeh1 ilə birlikdə atasının kirayədə qaldığı evdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə, Konsitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. MPM-nin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılır. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cüi maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kolegiyasının araşdırmaları zamanı müəyyən edilmiş hallardan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulduqdan sonra iddiaçı ikinci dəfə ərə getmiş, ikinci nikahından bir qız övladı doğulmuş və hazırda iddiaçı yeni ailəsi ilə (yeni əri və uşağı ilə) birlikdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yaşayır. Göründüyü kimi, iddiaçının digər mənzildə yaşayış sahəsi vardır. Belə olan halda, onun ünvan 1 ünvanında yerləşən və Cavabdeh2 mülkiyyətində olan (indiki hüquqi ünvan ünvan 3adə hüququnun tanınması və köçürülməsi haqqında iddiasının qanunui əsası yoxdur. Yuxarıda göstərilən qanun normalarının və qərarların tələbinə görə iddiaçının hazırkı iş üzrə iddia tələbinin qanuni əsası olmadığından onun iddiası təmin edilməməlidir. İddia tələbi İddiaçı ilə Cavabdeh1 birgə nikahlarından doğulmuş 27.05.2012-ci il təvəllüdlü X10 aid olan hissədə də təmin edilə bilməz, ona görə ki, 27.05.2012-ci il təvəllüdlü X15 hal-hazırda öz atası Cavabdeh1 himayəsində yaşayır, atası tərəfindən yaşayış sahəsi ilə təmin edilmişdir və başqa mənzilə ehtiyacı yoxdur. Qeyd edilən hal Şabran Rayon Məhkəməsinin 06 dekabr 2021-ci tarixli 2(031)-848/2021 nömrəli qətnaməsi ilə öz təsdiqini tapır. MPM-nin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almadan iddia tələbini təmin etmiş, bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni və ədalətli hesab etmək mümkün deyildir. Kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin 09 sentyabr 2021-ci il tarixli 2(102)-3558/2021 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər, o cümlədən mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(075)-210/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 оğlu və Cavabdeh2 оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(075)-210/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cаvаbdehlər Cavabdeh1 оğlunа və Cavabdeh2 оğluna qаrşı “onun oğlu X15 ilə birlikdə ünvan 2 ünvanından istifadə hüququnun tanınması və həmin evə köçürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-2115/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2115/2021
09.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver