Məhkəmə qərarları › İş №2(107)-2126/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2126/2020

18.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2126/2020 18.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı Filipovnanın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Filipovnanın Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-1570/2020 nömrəli qətnaməsindən İddiaçı Filipovna tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-1570/2020 nömrəli qətnаməsi ilə (hakim Ruslan Əlizadə) İddiaçı Filipovnanın Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İşin halları İddiaçı Filipovna Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu, Aeroport qəsəbəsində yerləşən «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC «Azalaqro» Yevlax Aviasiya şirkətinin balansında və onun istifadəsində olan 3 nömrəli barak evdən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və onun öz əşyalar ilə birlikdə həmin mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı Filipovna iddianı müdafiə edərək izah etdi ki, cavabdeh onun oğlu Əvəz Qurbanovla ailə qurmuş və onun icarəsində olan «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC «Azalaqro» Yevlax Aviasiya şirkətinin balansında olan evə köçmüşdür. Onların birgə nikahlarından Oqtay Qurbanov adlı bir övladları olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qətnamsəsi ilə oğlu ilə Gülnarənin arasında olan nikah pozulmuşdur. Həmçinin Yevlax Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qətnamsəsi ilə Gülnarənin onun icarəsində olan evə köçürülməsi də qət edilmişdir. X7 xx xxxx 2020-ci il tarixdə anasının ona baxmaması səbəbindən vəfat etmişdir. Hazırda cavabdehin yaşayış tərzi onları narahat edir. Cavabdeh evdə təmizliyə riayət etmir. Uşaq öldükdən sonra cavabdehin həmin evdə qalması mənasızdır. İddiaçı Filipovna məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı Filipovnanın nümayəndəsi X5 iddianı müdafiə edərək izah etmişdir ki, sözgedən ev anasına icarəyə verilmişdir. Cavabdeh onunla ailəli olduğundan və birgə nikahlarından bir uşaqları olduğundan həmin mənzilə köçürülməsi qət edilmişdir. Hazırda birgə nikahlarından olan uşaq vəfat etmişdir. Cavabdehin həmin mənzildə qalması mənasızdır. İddiaçı Filipovnanın nümayəndəsi X5 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izah etmişdir ki, Əvəz Qurbanovla ailəli olmuşlar və birgə nikahlarından Oqtay adlı bir övladları olmuşdur. Uşaq anadən olandan qüsurlu uşaq olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Məhkəmə qətnaməsi ilə onun övladı ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Uşaq xəstə olduğundan vəfat etmişdir. Hazırda onun başqa yaşayış yeri yoxdur. Qətnamə ilə onun həmin evdə istifadə hüququ tanınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı Filipovna аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Filipovna apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və özünün və nümayəndəsinin birinci instansiya məhkəməsinin iclasında verdikləri izahatlarının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1570/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı Filipovnanın nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı Filipovna və Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Filipovna tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-1570/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli 2(039)-260/2009 saylı qətanməsinin surətindən məlum olur ki, «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC «Azalaqro» Yevlax Aviasiya şirkətinin balansında olan cavabdeh İddiaçı Filipovnaya icarəyə verilmiş iki otaqlı 3 nömrəli evdən iddiaçı Cavabdeh və onun azyaşlı uşağı X3 istifadə hüququ tanınmışdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(039)-237/2009 saylı qətanməsinin surətindən məlum olur ki, X5 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(039)-1284/2019 saylı qətanməsinin surətindən məlum olur ki, iddiaçı Cavabdeh X4 qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 1259 saylı arayışından məlum olur ki, X6 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edilməməsini qət edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə, 43-cü maddəsinin l hissəsinə, 71-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxxx 2007-ci il tarixli qərarınaistinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 43-cü maddəsinin l hissəsinə əsasən, Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, «…yaşayış sahəsindən istifadəyə xitam verilməsi məsələsi məhz yaşayış sahəsindən istifadə qaydasına aid olunan məsələlərdən biridir… Eyni zamanda, ailə üzvləri yaşadığı halda, onlardan birində mənzilə mülkiyyət hüququ, digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır… Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin». Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı Qurbanova X1 Qurbanovla Cavabdeh evlənmişlər. Onların birgə nikahlarında X6 adlı bir uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığında nikahları pozulmuşdur. Cavabdeh iddi ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun azyaşlı uşağı ilə birlikdə «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC «Azalaqro» Yevlax Aviasiya şirkətinin balansında olan İddiaçı Filipovnaya icarəyə verilmiş iki otaqlı 3 nömrəli evdən istifadə hüququ tanınmışdır. X6 adlı uşaq xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi və evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin istifadə hüququna xitam verilməsi hazırki bazar qiymətinə uyğun kompensasiya ödəməklə mümkündür. Cavabdehin istifadə hüququna kompensasya ödənilmədən xitam verilməsi mümkün deyildir. Odur ki, belə bir vəziyyətdə cavabdehin mübahisəli evdən istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olacaqdır. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçının oğlu Əvəz Qurbanovla birgə nikahlarından olan övladının vəfat etməsi onun istifadə hüququna xitam verilməsi üçün əsas deyil. Cavabdehin həmin evdən istifadə hüququnun tanınması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qət edilmişdir. Ona görə də İddiaçı Filipovnanın Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı Filipovna tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmadan, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-1570/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-1570/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı Filipovna tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar