Məhkəmə qərarları › İş №2(107)-213/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-213/2021

28.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-213/2021 28.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-26/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxx 2020-ci il tarixli 2(014)- 26/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsindən məcburi çıxarılma və tikintinin sökülməsi” tələbinə dair iddiаsı təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 100 saylı reyestr kitabının 54 saylı vərəqində xx xxxxxx 2010-cu il tarixdə qeydiyyata alınmış RX 14008800 nömrəli çıxarışa əsasən Ağdaş rayonu Şəmsabad kəndində yerləşən tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0,24 hektar həyətyanı torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən istifadənin Cavabdeh qadağan edilməsi, həmin torpaq sahəsində özbaşına tikilmiş tikili-yaşayış evinin Cavabdeh hesabına sökülməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı mülkiyyətdə olan torpaq sahəsindən məcburi çıxarılma və tikintinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(014)-785/2012 saylı qətnaməsinə əsasən əri X1 xx xxx 2010-cu ildə ölümündən sonra ondan miras qalmış, tərəfindən miras əmlak kimi qəbul edilmiş, həmin miras əmlakın həmin vaxtdan ona məxsus olması faktı müəyyən edilmiş və adına qeydə alınması qət olunmuş, Ağdaş rayonu Şəmsabad kəndində Ağdaş rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 20 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktına (JN-0050, kod 90318018) əsasən məxsus olan 0.23 hektar çöl pay torpaq sahəsi, xx xxxxxxxx 2005-ci ildə qeydə alınmış torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə (JN-071A) əsasən məxsus olan 0.24 hektar həyətyanı torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evi ilə əlaqədar hər hansı hərəkətlərin edilməsinin Cavabdeh qadağan edilməsinə, hətəryanı torpaq sahəsində apardığı özbaşına tikinti işlərini dərhal dayandırmasına, həmin torpaq sahələrindən məcburi qaydada çıxarılmaqla hər hansı bir formada istifadəsinin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏMDK-in yanında DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 100 saylı reyestr kitabının 54 saylı vərəqində xx xxxxxx 2018-ci il tarixdə qeydiyyata alınmış çıxarışa RX ******* əsasən Ağdaş rayonunun Şəmsabad kəndində yerləşən tam mülkiyyət hüququ əsasında ona məxsus olan 0,24 hektar həyətyanı torpaq sahəsini özbaşına zəbt etmiş Cavabdeh oradan məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən istifadəsinin qadağan edilməsi,mülkiyyət hüququnu pozmaqla həmin torpaq sahəsində apardığı özbaşına tikilinin yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(014)-785/2012 saylı qətnaməsi ilə X1 xx xxx 2010-cu ildə ölümündən sonra ondan miras qalmış Ağdaş rayonu Şəmsabad kəndində Ağdaş rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 20 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktına (JN-0050, kod 90318018) əsasən məxsus olan 0.23 hektar çöl pay torpaq sahəsi, xx xxxxxxxx 2005ci ildə qeydə alınmış torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə (JN-071A) əsasən məxsus olan 0.24 hektar həyətyanı torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və adına qeydə alınması qət edilmişdir. Ağdaş rayonu Şəmsabad kənd sakini olan X5 ilə xx.xx.2004-cü ildə Şəmsabad k.i.n.-də 17 saylı nikah qeydə aldırmaqla ailə qurub hazırda miras qalmış təsərrüfatda birlikdə yaşamağa bağlamışlar. Ərinin xx.xx.2010-cu ildə Ağdaş rayonu Şəmsabad kəndində ölümündən sonra yuxarıda qeyd olunan pay torpaq sahəsi və həyətyanı torpaq sahəsi miras qalmışdır. Ərinin qanun üzrə birinci dərəcəli vərəsələri ola biləcək valideynləri olan atası 1982-ci ildə, anası 1986-cı ildə öldükləri, həmin vaxtdan həyət təsərrüfatının ərinin adına keçməklə ona məxsus oldugu, əri ilə birgə nikahlarından və ya başqa nikahdan ərinin övladlarının olmaması səbəbindən onun qanun üzrə yeganə birinci dərəcəli vərəsəsi yalnız o olmuş və onun öldüyü gündən ondan qalan miras əmlakı o, qəbul etməklə idarə etməyə başlamışdır. Hazırda cavabdeh ərindən miras qalmış əmlakla əlaqədar məhkəmənin tam qanuni qərarının olmasına reyestr çıxarışına əsasn 0,24 ha torpaq sahəsinin mülkiyyətində olmasına baxmayaraq cavabdeh heç bir hüquqi əsası olmadan mülkiyyət hüququnu pozmuş, həyətyanı torpaq sahəsini özbaşına zəbt etmiş, torpaq sahəsində özbaşına şəkildə yaşayış evi tikmişdir. Hesab edir ki, iddiası əsaslıdır. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, cavabdeh hazırda mübahisə predmeti olan iddiaçının mülkiyyətində yerləşən torpaq sahəsini zəbt edərək özbaşına yaşayış evi tikmişdir. Hesab edir ki, iddiaları əsaslıdır. Bütün bunlar Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(014)-785/2012 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi və mütəxəssis rəyi ilə də isbat edilir. Odur ki, iddia əsaslı olduğu üçün iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, xx xxxxx 1969-cu il tarixdə mübahisə predmeti olan torpağın yerləşdiyi kənddə həmin təsərrüfatda anadan olmuş və bu günədək həmin təsərrüfatda qeydiyyatda olmaqla 2008-ci il tarixədək həmin evdə yaşamışdır. 2008-ci ildə ailə qurmağı ilə əlaqədar müvəqqəti olaraq Bakı şəhərində köçərək orada yaşamış və 2012-ci ilin dekabr ayında yenidən Şəmsabad kəndinə qayıtmışdır. Bu gün də həmin kənddə həmin təsərrüfatda qeydiyyatdadır. Ağdaş rayon Dövlət Arxivindən əldə etdiyi sənədlərdən məlum olur ki, 1996-2000-ci illərin təsərrüfatbaşına kitabında onun adının üstündən xətt çəkilmiş və təsərrüfatı ayrı göstərilmişdir. Lakin təsərrüfatı barədə səhifə açılmamış, təsərrüfatının həyətyanı torpaq sahəsi ölçüsü göstərilməmişdir. Bütün bunlar barədə onun məlumatı və xəbəri olmamışdır. Ona ayrı təsərrüfat verilməsi ilə əlaqədar heç bir qruma müraciət etməmişdir. Kənd icra nümayəndəliyindən verilən məlumata görə ona torpaq sahəsi mərhum valideynlərindən qalmış 0.24 hektar torpaq sahəsindən ayrılmışdır. Belə olmasaydı, kənddə islahat zamanı adambaşına 0.42 hektar pay torpaq sahəsi düşdüyü halda mərhum qardaşına cəmi 0.23 hektar pay torpaq sahəsi verilməzdi. Yəni onun adına verilmiş şəhadətnaməyə əsasən həmin ünvanda yerləşən 0.24 hektar torpaq sahəsinin 0.11 hektar hissəsi ya zəbt kimi və yaxud da özgə torpağı kimi yazılmışdır. 2010cu ildə mərhum qardaşının ölümündən sonra iddiaçı tərəfindən 2012-ci ildə mirasın qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməsindən, həmin iş üzrə məhkəmə tərəfindən miras qalmış həyətyanı torpaq sahəsinin və onun üzərində mərhum valideynləri tərəfindən tikilmiş və mərhum anasının adına olan yaşayış evinin iddiaçı tərəfindən qəbul edilməsinə dair xx xxxxxx 2012-ci il tarixdə qətnamə qəbul edilməsindən xəbərim olmamışdır. Bütün bunlar da onun xəbəri olmadan onun təsərrüfatı üçün ayrılmış 0.10 hektar həyətyanı torpaq sahəsinin hazırda iddiaçının mülkiyyətində olan 0.24 hektar həyətyanı torpaq sahəsində yerləşdiyini təsdiq edir. Məhz buna görə də o, 2018-ci ildə həmin həyətdə heç kim yaşamadığından şəxsən kənd icra nümayəndəliyini xəbərdar etməklə və onun icazəsi ilə yaşayış evi tikdirmişdir. Həmin vaxt kənd icra nümayəndəsi onun üçün ayrılmış təsərrüfatın məhz mərhum valideynlərinə, onların ölümündən sonra mərhum qardaşı Məhəbbət İsrəfilovun adına qeydə alınmış 0.24 hektar həyətyanı torpaq sahəsində olduğu bildirilmişdir. Hesab edir ki, iddia əsassızdır belə ki, o, heç kimin torpağını zəbt etməmişdir. Faktiki olaraq özünə məxsus olan torpaqdan istifadə edir və həmin torpaqda yaşayış evi tikdirir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-26/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2010-cu ildə mərhum qardaşının ölümündən sonra hazırki iş üzrə iddiaçı tərəfindən 2012-ci ildə mirasın qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməsindən, həmin iş üzrə məhkəmə tərəfindən miras qalmış həyətyanı torpaq sahəsinin və onun üzərində mərhum valideynləri tərəfindən tikilmiş və mərhum anasının adına olan yaşayış evinin iddiaçı tərəfindən qəbul edilməsinə dair xx xxxxxx 2012-ci il tarixdə qətnamə qəbul edilməsindən xəbəri olmamışdır. Bütün bunlar da onun xəbəri olmadan onun təsərrüfatı üçün ayrılmış 0.10 hektar həyətyanı torpaq sahəsinin 0.24 hektar həyətyanı torpaq sahəsində yerləşdiyini təsdiq edir. Göründüyü kimi, onun həmin təsərrüfatdan ayrılmağı formal xarakter daşıyır və heç bir qanuni əsasları yoxdur. Məhz buna görə də o, 2018-ci ildə həmin həyətdə heç kim yaşamadığından şəxsən kənd icra nümayəndəliyini xəbərdar etməklə və onun icazəsi ilə yaşayış evi tikdirmişdir. Həmin vaxt kənd icra nümayəndəsi onun üçün ayrılmış təsərrüfatın məhz mərhum valideynlərinə, onların ölümündən sonra mərhum qardaşı Məhəbbət İsrəfılovun adına qeydə alınmış 0.24 hektar həyətyanı torpaq sahəsində olduğu bildirilmişdir. İddiaçı bütün yuxarıda qeyd etdiyi həqiqi halları yaxşı bildiyindən onun həmin həyətdə ev tikdirdiyindən əvvəldən xəbəri olduğu halda işlər yekunlaşandan sonra məhkəməyə müraciət etmişdir. Halbuki həyətə mişar daşı töküləndə, ustalar işləyəndə Hicranın bu barədə məlumatı vardı və heç bir etirazı olmayıb. Qardaşı Məhəbbət 2010-cu ildə vəfat etdikdən sonra onun yoldaşı Hicran uşağı olmadığından həyəti tərk etmiş və bir gün də olsa həmin həyətə gəlməmiş və yaşamamışdır. Qardaşı Məhəbbətin ölümündən uzun müddət sonra Hicran onun və digər bacı- qardaşlarının xəbəri olmadan həmin həyətyanı torpaq sahəsini və onun üzərində mərhum valideynləri tərəfindən tikilmiş və mərhum anası X8 adına qeydə alınmış yaşayış evinin məhkəmə qətnaməsi ilə qəbul edilməsinə nail olsa da, qətnamədən sonra həmin həyətyanı torpaq sahəsini və üzərində yerləşən yaşayış evini DƏDRX- nin 17 saylı Ərazi İdarəsində mülkiyyət hüquqi əsasında adına qeydə aldıra bilməmişdir. Çünki yaşayış evinin texniki pasportu qeyd etdiyi kimi mərhum anasının adına rəsmiləşdirilərək onun adına qeydə alınmışdır. Göründüyü kimi, iddiaçının daşınmaz əmlaka mülkiyyət hüquqları müvafiq icra orqanında qeydə alınmadığına görə ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir hüquqi əsası olmamışdır. Bildirir ki, kənddə bütün kənd sakinləri, qohum-əqraba hamı bu qətnamədən narazıdır, ata-anasının mülkünün başqa qadına verilməsinə, həmçinin onun evinin sökülə biləcəyinə çox hiddətlidirlər. Hər kəs bu qətnaməni ədalətsiz sayır. O, doğulduğu gündən hazırkı vaxta qədər bu evdə qeydiyyatdadır və torpaq sahəsinin hər hansı formada iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq onun qeydiyyatda olduğu və yaşadığı bu həyətdə ev tikmək ixtiyarı vardır. Bu həyətdə onun valideynlərinin köhnə evi vardır və hazırda da həmin ev mövcuddur. O, həmin evdə doğulmuş və bütün həyatı boyu həmin evdə yaşamış, indi necə ola bilər ki, onun bu həyətdə, bu evdə heç bir hüququ yoxdur? Bu ədalətsizlikdir. Onun ata-anasının, qardaşlarının ruhu bu həyətdədir, indi heç bir övladı da olmayan keçmiş gəlinləri Hicranın bütün həyət-bacaya yiyələnməsi və üstəlik də onu bu həyətdən çıxararaq tikdiyi evini sökməsi heç bir haqqa-ədalətə sığmır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, Cavabdeh və nümayəndəsi X9 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini, məhkəmənin başqa günə təyin edilməsini xahiş etmişdir. Lakin xəstə olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə Əliyeva Hicran Əsgər qızı xx xxxxxx 2004-cü ildə rəsmi nikah qeydindən keçməklə evlənmişlər, evləndikdən sonra qadın ərinin İsrəfilova soyadını qəbul etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxx 2010-cu ildə vəfat etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(014)-785/2012 saylı qətnaməsindən görünür ki, X1 xx xxx 2010-cu ildə ölümündən sonra ondan miras qalmış Ağdaş rayonu Şəmsabad kəndində yerləşən və Ağdaş rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 20 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktına (JN-0050, kod 90318018) əsasən məxsus olan 0.23 hektar çöl pay torpaq sahəsi, xx xxxxxxxx 2005ci ildə qeydə alınmış torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə (JN-071A) əsasən məxsus olan 0.24 hektar həyətyanı torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və adına qeydə alınması qət edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-0050, kod-90318018 saylı dövlət aktından görünür ki, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu Şəmsabad kəndində yerləşən 0,23 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-071A kod-90318018 saylı şəhadətnamədən görünür ki, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu Şəmsabad kəndində yerləşən 0,24 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxx 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Ağdaş rayonu Şəmsabad kəndində yerləşən İddiaçı mərhum həyat yoldaşı X3 JN-071A nömrəli şəhadətnamə ilə verilmiş 0,24 ha torpaq sahəsində Cavabdeh fərdi yaşayış evi inşa etdirmiş və həmin torpaq sahəsindən istifadə edir. JN-050 nömrəli dövlət aktı ilə İddiaçı mərhum həyat yoldaşı X4 verilmiş 0,23 ha torpaq sahəsindən Cavabdeh istifadə etmir. Torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 60 manatdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx xxxxxx 2018-ci il tarixli çıxarışdan görünür ki, Ağdaş rayonu Şəmsabad kəndində yerləşən 0,2409 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Ağdaş rayonu Şəmsabad kəndində yerləşən 0,2409 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.Plan və ölçünün tərtib edilməsinə əsas Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi və edilən torpağın mülkiyyətə verilməsinə dair JN-071A, kod-90318018 saylı şəhadətnamədir. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyən edilməsinə dair arayışdan görünür ki, Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən 0,2409 ha torpaq sahəsinin xx xxxxxx 2018-ci il tarixə real bazr dəyəri 6400 manatdır. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin gerçək halı ondan ibarətdir ki, mübahisə predmeti olan Ağdaş rayonu Şəmsabad kəndində yerləşən 0,24 ha torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşı və cavabdehin qardaşı olan X1 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olmuşdur. Məhəbbət İsrəfilovun vəfatından sonra torpaq sahəsi Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə miras əmlak kimi birinci dərəcəli vərəsə kimi iddiaçı tərəfindən qəbul edilmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti versə də, apellyasiya şikayəti təmin edilməmişdir. Odur ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə dair öz adına Ağdaş rayonu Şəmsabad kəndində yerləşən 0,24 ha torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olduğunu göstərən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx xxxxxx 2018-ci il tarixli çıxarış almışdır. Verilmiş mütəxəssis rəyi ilə və tərəflərin izahatları ilə cavabdehin iddiaçının mülkiyyətində olan 0,24 hektar torpaq sahəsini zəbt edərək orada özbaşına tikilmiş tikili yaşayış evi inşa etdirməsi məlum olmuşdur. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddia əsaslı olduğu üçün təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 100 saylı reyestr kitabının 54 saylı vərəqində xx xxxxxx 2010cu il tarixdə qeydiyyata alınmış RX 14008800 nömrəli çıxarışa əsasən Ağdaş rayonu Şəmsabad kəndində yerləşən tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0,24 hektar həyətyanı torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı, həmin torpaq sahəsindən istifadə Cavabdeh qadağan edilməli, həmin torpaq sahəsində özbaşına tikilmiş tikili yaşayış evi Cavabdeh hesabına sökülməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 238.1, 238.3-cü maddələrinə görə, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 82-ci maddəsinə əsasən, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsi hazırkı iş üzrə mütəxəssis rəyini sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf iddia tələbinin əsassız olması, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması, həmin torpaq sahəsinin onun məxsus olmasına dair hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X15 Məhkəməsi “X7” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X15 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-26/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-26/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar