Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2133/2021 02.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh2nə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(046)-1667/2021 nömrəli qərardadından iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа, yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi və Cavabdeh2nə qarşı ərizə ilə məhkəməyə müraciət edərək Təhsil Nazirliyinin 30.06.2021-ci il tarixli K-670 saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməyi və 30 iyun 2021-ci il tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxma üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi etiraz ərizəsini belə əsaslandırmışdır ki, iddia ərizəsindən göründüyü kimi, tələbin əsasını “iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə” təhsil nazirinin 30 iyul 2021-cı il tarixli, K-670 saylı əmrin ləğv edilməsi olmuşdur. Hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə Göyçay Rayon Məhkəməsinə verildiyindən iş materialları cavabdehin yerləşdiyi ərazi üzrə məhkəməyə göndərilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçının işdən azad edilməsi ilə bağlı əmr Təhsil Nazirliyinin olduğundan, nazirlik bu işdə əsl cavabdeh qismində cəlb olunmalıdır. Nazirlik cavabdeh olduğundan iddia ərizəsi cavabdehin olduğu yer üzrə birinci instansiya məhkəməsinə verilməli idi. Təhsil Nazirliyinin hüquqi ünvanı Bakı şəhəri, Xətai pospekti 49 olmaqla Nərimanov rayonunun ərazisində yerləşir. Deməli iddiaçı iddia ərizəsini Göyçay Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verməli idi. Digər tərəfdən iddia ərizəsi Göyçay Rayon Məhkəməsinə verilmiş olsa da, iş aidiyyət qaydalarına riəyyət edilməklə, işə baxan məhkəmə tərəfindən Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Lakin işə baxan hakim ərazi aidiyyətin pozulmasına baxmayaraq, işi icraata qəbul etmişdir. Bu səbəbdən hesab edirlər ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göyçay Rayon Məhkəməsinin (hakim C.Sultanov) 13 avqust 2021-ci il tarixli, 2(046)- 1667/2021 nömrəli qərardadına əsasən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair ərizəsi (vəsatəti) təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə qarşı iddia qaldırmış və iddia cavabdehlərdən biri olan Cavabdeh2 hüquqi ünvanı üzrə Göyçay Rayon Məhkəməsinə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin vəsatəti əsassız olduğundan təmin edilməməlidir, mülki mübahisə ərazi aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsində baxılmalıdır Qərardadın dəlilləri ilə razılaşmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi nümayəndəsi X2 Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(046)-1667/2021 saylı qərardadından şikayət verərək qərardadının ləğv edilməsini və işin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsi aidiyyəti qaydalarının pozulması ilə Göyçay Rayon Məhkəməsinə verildiyindən, qərarda ləğv edilməli və iş materialları cavabdehin yerləşdiyi ərazi üzrə məhkəməyə göndərilməlidir. Bildirirlər ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 29.0.13-cü maddəsinə əsasən, dövlət təhsil müəssisələrinin rəhbərləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad olunur. iddiaçının işdən azad edilməsi ilə bağlı əmr Təhsil Nazirliyinin olduğundan, nazirlik bu işdə əsl cavabdeh qismində cəlb olunmalıdır. Nazirlik cabadeh olduğundan iddia ərizəsi cavabdehin olduğu yer üzrə birinci instansiya məhkəməsinə verilməli idi. Təhsil Nazirliyinin hüquqi ünvanı Bakı şəhəri, Xətai pospekti 49 olmaqla Nərimanov rayonunun ərazisində yerləşir. Deməli iddiaçı iddia ərizəsini Göyçay Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verməli idi. Digər tərəfdən iddia ərizəsi Göyçay Rayon Məhkəməsinə verilmiş olsa da, iş aidiyyət qaydalarına riəyyət edilməklə, işə baxan məhkəmə tərəfindən Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Lakin işə baxan hakim ərazi aidiyyətinin pozulmasına baxmayaraq, işi icraata qəbul etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 29 sentyabr 2021-ci il tarixli, 2(046)- 1667/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 36.2-ci maddəsinə əsasən (iddiaçının seçməsinə görə aidiyyət) rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 36.13-cü maddəsinin tələbinə görə həmin Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Mülki Prosessual Məcəllənin 36-cı maddəsi məhz iddiaçının seçməsinə görə aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin maddədə sadalanan bütün hallarda işin baxılacağı məhkəmənin seçmək hüququ iddiaçıya məxsusdur. Məhkəmə hesab edir ki, bu qaydadan istisnalar yalnız işin müstəsna aidiyyəti olduğu hallarda qeyri- mümkündür. Göründüyü kimi MPM-in 36-cı maddəsində aidiyyətin iddiaçının seçməsinə görə nəzərdə tutulmuş hallar qeyd edilmişdir. Həmin maddənin tələblərinə əsasən də hazırkı iddia üzrə iddiaçıya işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ verilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, iddiaçının seçməsinə görə aidiyyətin (alternativ aidiyyətin) ümumi qaydası ondan ibarətdir ki, mülki iş yalnız cavabdehin rəsmi qeydə alındığı (hüquqi şəxsin ünvanının olduğu yer) yerin məhkəməsinə deyil, həmçinin qanunda göstərilən başqa məhkəmələrə də aiddir. Göründüyü kimi mülki işin baxılması bir neçə məhkəməyə aid olduqda, seçmə hüququ iddiaçıya məxsusdur. Seçmə aidiyyətinin əsas mahiyyəti pozulmuş subyektiv hüquqların və qanunla qorunan mənafeyin məhkəmə müdafiəsində iddiaçı üçün əlavə təminatların yaradılmasından ibarətdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə qarşı iddia qaldırmış və iddia cavabdehlərdən biri olan Cavabdeh2 hüquqi ünvanı üzrə Göyçay Rayon Məhkəməsinə verilmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(046)-1667/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(046)-1667/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2133/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2133/2021
02.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver