Məhkəmə qərarları › İş №2(107)-2163/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2163/2021

13.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2163/2021 13.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil2 Fərdhad oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin sökülməsi və cavabdehin ona aid hissədən çıxarılması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(033)-953/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(033)-953/2020 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı Cavabdeh qarşı 19 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsi və cavabdehin ona düşən hissədən çıxarılması tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsi və cavabdehin ona düşən hissədən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 19 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin 4/5 hissəsi xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsində 2004-cü il tarixdə mağaza binası inşa edilmişdir. İş materiallarına əlavə edilmiş 19 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan və plan ölçü sənədindən görünür ki, 0,0499 ha torpaq sahəsinin 4/5 hissəsi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin torpaq sahəsində iki tikili mövcuddur. Mağaza binası və onun arxasında yerləşən anbar. Həmin torpaq sahəsində inşa edilmiş 80 kv.m. mağaza binası və arxasında yerləşən anbar pay torpaq sahəsində tikilmişdir. Həmin torpaq sahəsinin 4/5 hissəsi ona məxsus olduğundan onun üzərində yerləşən tikili qanunsuz inşa edilmişdir. O, şəxsi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Bu səbəbdən həmin mağaza binasının sökülməsinə və cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasına zərurət vardır. İddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisələndirilən torpaq sahəsinin 1/5 hissəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsində yerləşən tikililər torpaq sahələri ilə bağlı islahat keçirilməmişdən qabaq onun tərəfindən inşa edilmişdir. Həmin torpaq sahəsi və üzərində yerləşən tikililər onun tərəfindən uzun müddətdir ki, istifadə olunur. Eyni zamanda Zaqatala Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının mübahisələndirilən 0,0499 ha torpaq sahəsinin naturada ayrılıb ona verilməsi və onun kompensasiya verilməklə çıxarılması tələbinə dair iddiası da rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Odur ki, qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 9 mart 2021-ci il tarixli 2(107)-554/2021 nömrəli qərnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rаyon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(033)-258/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 sentyabr 2021-ci il tarixli 2(102)-4122/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-554/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən qanunverciliyin normaları pozulmuşdur. Belə ki, mübahisədən görünür ki, 19.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin 4/5 hissəsi tam mülkiyyət hüququ ilə ona, 1/5 hissəsi isə iş üzrə Cavabdeh məxsusdur. Sözügedən torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmışdır. Yəni orada yalnız kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq olar. Bu torpaq sahəsinin 300 m2 hissəsində onun tərəfindən mağaza binası inşa edilmişdir. Lakin cavabdeh məhkəmədə izahat verərək, həmin binanın özü tərəfindən inşa edilməsini bildirmişdir. Hətta həmin mağaza binasının vergisi və digər xərcləri onun adına olmuşdur. 2017-ci ildə Cavabdeh zor tətbiq etməklə həmin mağazadan onu uzaqlaşdırmış və həmin mağaza binasını özü işlətməyə başalamışdır. Ona görə də, Zaqatala Rаyon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(033)- 953/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(033)-953/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Vəkil2 əlavə olaraq bildirdi ki, Şəki İnzibati Məhkəməsinə Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinə dair DƏDRX-də 19.07.2019-cu il tarixli çıxarışla İddiaçı adına qeydiyyata alınan çıxarışın ləğv olunması barədə iddia ərizəsi vermişdir. Həmin iddia ərizəsi ilə bağlı iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş edir. Məhkəmə kollegiyası cavabdehin vəkilinin vəsatətinə digər tərəfin münasibətini öyrənmiş və vəsatətin təmin edilməməsini qərara almışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 sentyabr 2021-ci il tarixli 2(102)-4122/2021 nömrəli qərarındakı göstərişlərini təmni edib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(033)-953/2020 nömrəli qətnaməsi qismən – iddianın Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsinə dair hissədə rədd olunması hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binası Cavabdeh hesabına sökülməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Təsdiq edilmiş surəti işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********49 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 4/5 hissə İddiaçı və 1/5 hissə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-54/2020 nömrəli, 06 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 19 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin 4/5 hissəsinin naturada ayrılıb ona verilməsi, bu mümkün olmadıqda həmin torpaq sahəsinin 1/5 hissəsindən Cavabdeh kompensasiya ödənilməklə çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1061/2020 nömrəli, 29 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)- 54/2020 nömrəli, 06 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə mübahisəli Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən 0,0499 ha torpaq sahəsində iş üzrə cavabdeh tərəfindən inşa edilmiş mağaza binası və əlavə tikililər var. Həmin torpaq sahəsinin yarıdan çox hissəsi tikililər altında yerləşir. Həmin tikililərdən və mağaza binasından cavabdeh istifadə edir. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 180.4, 213.1, 213.2, 213.3, 215.1, 220.1, 220.2 və 220.3-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 4/5 hissə İddiaçı və 1/5 hissə Cavabdeh adına qeydiyyata alınmışdır. Mübahisələndirilən 0,0499 ha torpaq sahəsində iş üzrə cavabdeh tərəfindən inşa edilmiş mağaza binası və əlavə tikililər var. Həmin tikililərdən və mağaza binasından cavabdeh istifadə edir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-54/2020 nömrəli, 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə də ekspert rəyinə istinadən müəyyən edilmişdir ki, tərəflərin paylı mülkiyyətində olan 0,0499 ha torpaq sahəsinin tərəflərin payına münasibətdə naturada ayrılması mümkün deyildir. İddiaçı Yusubova X1 rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsini və cavabdehin ona düşən hissədən çıxarılmasını tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələbinə görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçilərin mübahisə predmeti olan torpaq sahələrinə payları müəyyən edilmişdir. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə barəsində mübahisə gedən torpaq sahələrinin paylı mülkiyyətçilərinin paylarına münasib olaraq naturada bölünməsi mümkün deyildir. İddiaçı isə torpaq sahəsinin onun mülkiyyətində olan hissəsində inşa edilmiş mağaza binasının sökülməsini və cavabdehin həmin hissədən çıxarılmasını tələb edir. Məhkəmənin qənaətinə görə isə, tərəflərin payları nə qədərki naturada bölünməyib, həmçinin iddiaçının mübahisələndirilən torpaq sahəsinin hansı hissəsinin onun mülkiyyətində olması müəyyən edilməyib, ona görə də iddiaçının iddiası əsaslı hesab edilərək təmin edilə bilməz. İş materiallarından görünür ki, tərəflərin mülkiyyətində olan torpaq sahəsində yerləşən mübahisəli tikililər lazımı qaydada icazə alınmadan tikildiyi və müvafiq qeydiyyata alınmadığı üçün özbaşına tikilidir. Həmin tikilinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilməsi ilə bağlı iddiaçı tərəf məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, hazırkı vaxtda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ 19 iyul 2019-cu qeydə alınmışdır. Lakin həmin torpaq sahəsi həmin dövrdə boş olmamış və cavabdehə məxsus uzun müddət istifadə olunan tikililərin altında yerləşir. Həmçinin iddiaçı cavabdehin ona torpaq sahəsindən istifadə etməyə imkan verməməsi, cavabdehin hər hansı müdaxiləsinin olması, bununla da onun mülkiyyət hüququnun pozulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən iddianın Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsi hissəsində rədd olunması barədə gəldiyi nəticə ilə razılaşmır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin mülkiyyətində olan torpaq sahəsində yerləşən mübahisəli tikililər lazımı qaydada icazə alınmadan tikildiyi və müvafiq qeydiyyata alınmadığı üçün özbaşına tikilidir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsini 180.4-cü maddəsinin tələblərinə əsasən həmin tikilinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilməsi ilə bağlı iddiaçı tərəf məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin iddiaçı cavabdehin ona torpaq sahəsindən istifadə etməyə imkan verməməsi, cavabdehin hər hansı müdaxiləsinin olması, bununla da onun mülkiyyət hüququnun pozulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı torpaq sahəsinin özünə məxsus olan hissəsində, yəni təqribən 0.04 ha torpaq sahəsində inşa edilmiş təqribən 300 kvm ölçüdə olan mağaza binası və əlavə tikililərin sökülməsini tələb edərkən ümumi torpaq sahəsi və onun üzərində olan mövcud tikilinin ölçüləri bəlli olduğundan, tikililərin paylı mülkiyyətdə olan torpaq sahəsinin hansı hissəsində inşa edilməsindən asılı olmayaraq, iddiaçı bu tələbi irəli sürməkdə haqlı olmuşdur. Eyni zamanda iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin ona aid olan hissəsinin ölçüləri bəlli olmadığından cavabdehin koordinatları bəlli olmayan ona məxsus torpaq sahəsindən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olmamışdır. İddiaçı ona məxsus torpaq sahəsini naturada ayırdıqdan sonra özünə düşən sahədən cavabdehin çıxarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehlə paylı mülkiyyətində olan torpaq sahəsi üzərində mövcud olan qanunsuz tikililərin sökülməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 180.4-cü maddəsi təşkil edir, birinci instansiya məhkəməsi isə həmin normanı düzgün tətbiq etməmişdir. Həmin maddənin tələbinə əsasən təkcə lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular deyil, həm də müstəqil əsas kimi tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş bina və qurğular özbaşına tikili olmaqla, maraqlı şəxslərin iddiası üzrə sökülə bilər. Birinci instansiya məhkəməsinin özünün müəyyən etdiyi işin faktiki hallarından görünür ki, tərəflərin paylı mülkiyyətində olan 0,0499 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Yəni bu torpaq sahəsi mağaza tikintisi üçün ayrılmış torpaq sahəsi deyildir. Həmçinin sökülməsi tələb edilən tikililər paylı mülkiyyətdə olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edildiyi məhkəmələr tərəfindən müəyyən edildiyindən, həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi, buna digər mülkiyyətçinin razılığının alınması, həmçinin qeyri-yaşayış sahəsinin tikilməsi üçün lazımi icazələrin alınması və s. ilə bağlı sübutları məhkəməyə təqdim etmək və həmin tikililərin qanuni tikili olmasını sübut etmək yükü artıq cavabdehə aid olmuşdur. Digər tərəfdən, birinci instansiya məhkəməsi özü müəyyən etmişlər ki, mübahisələndirilən 0,0499 ha torpaq sahəsində iş üzrə cavabdeh tərəfindən inşa edilmiş mağaza binası və əlavə tikililər var. Həmin torpaq sahəsinin yarıdan çox hissəsi tikililər altında yerləşir. Həmin tikililərdən və mağaza binasından cavabdeh istifadə edir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir. Belə olan halda, cavabdehin iddiaçıya torpaq sahəsindən istifadə etməyə imkan verməməsi, cavabdehin hər hansı müdaxiləsinin olması, bununla da iddiaçının mülkiyyət hüququnun pozulması ilə bağlı iddiaçının sübut təqdim etməməsinə istinad edilməsi əsassız olmuşdur. Məhkəmənin istinad etdiyi digər bir əsasa, tərəflərin payları naturada bölünmədiyinə və iddiaçının mübahisələndirilən torpaq sahəsinin hansı hissəsinin onun mülkiyyətində olmasının müəyyən edilmədiyinə istinadı da əsassızdır. Çünki iddiaçının torpaq sahəsinin naturada paylara uyğun bölünməsi barədə iddiası Zaqatala rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə ona görə təmin edilməmişdir ki, həmin torpaq sahəsinin təqribən 300 kv.m hissəsi cavabdeh tərəfindən inşa edilən mağaza binası və əlavə tikililərin altında yerləşir, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da, boş deyildir. Buna görə də ekspert torpaq sahəsinin paylara uyğun bölünməsini mümkünsüz hesab etmiş, məhkəmə də bu iddianı təmin etməmişdir. Hazırda iddiaçının öz mülkiyyətində olan torpaq payının naturada ayrılmasına mane olan qanunsuz tikililərin sökülməsi tələbi isə həmin torpaq sahəsinin naturada ayrılmaması və iddiaçıya aid hissəsinin müəyyən edilməməsi əsası ilə rədd edilməklə, iddiaçını çıxılmaz vəziyyətə salmış, onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmaqla, bu hüququ “xəyali” hüquqa çevirmişdir. Halbuki Mülki Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qənaətini kifayət qədər əsaslı saymır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları qismən əsaslı hesab edir, çünki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin qismən ləğvi üçün əsasdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə iddianın Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsi hissəsində rədd edilməsi barədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(033)-953/2020 nömrəli qətnaməsi qismən – iddianın Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsinə dair hissədə rədd olunması hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binası Cavabdeh hesabına sökülməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(033)-953/2020 nömrəli qətnaməsi qismən – iddianın Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsinə dair hissədə rədd olunması hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilsin. Zaqatala rayonu Muxax kəndində yerləşən 4/5 hissəsi İddiaçı mülkiyyətində olan 0,0499 ha torpaq sahəsində inşa edilmiş mağaza binası Cavabdeh hesabına sökülsün. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar