Məhkəmə qərarları › İş №2(107)-2164/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2164/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2164/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(037)-575/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(037)-575/2021 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi qismən təmin olunmuş, Cavabdeh1 9400 manat pul və 30 manat dövlət rüsumu olmaqla cəmi 9430 (doqquz min dörd yüz otuz) manat məbləğinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra birinci cavabdeh), Cavabdeh2 (bundan sonra ikinci cavabdeh), Cavabdeh3 (bundan sonra üçüncü cavabdeh), Cavabdeh4 (bundan sonra dördüncü cavabdeh) və Cavabdeh5 (bundan sonra beşinci cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada əvəzlənmiş torpaq sahəsi üçün 11000 manat, mənəvi zərərə görə 10000 manat – cəmi 21000 manat pulun və 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, birinci Cavabdeh1 onun bibisi oğludur. 2012-ci ildə bibisi oğlu olan cavabdeh ona müraciət edərək Rusiya Federasiyasında yaşayan oğluna toy etmək üçün pul lazım olduğunu, ona görə də özünə və ailə üzvlərinə məxsus 2,18 hektar torpaq sahəsinin 1,29 hektar hissəsini satmaq istədiyini, lakin sata bilmədiyini bildirmişdir. Cavabdeh ona demişdir ki, o, torpaq sahəsini satmaq üçün "xxxx" QSC-nin nümayəndəsi Xalid Quliyevə də müraciət etmiş, lakin sonuncu "xxxx" QSC üçün alınmış torpaq sahələrindən kənar ərazidə torpaq sahəsi almadıqlarını bildirmişdir. Ona məxsus torpaq sahəsi "xxxx" QSCnin torpaq sahələrinə yaxın ərazidə yerləşdiyindən Dadaş xahiş etmişdir ki, ona məxsus 1,33 hektar torpaq sahəsini "xxxx" QSC-yə sataq, əvəzində özünə və ailə üzvlərinə məxsus 2,18 hektar torpaq sahəsinin 1,29 hektar hissəsini ona versin. Onun torpaq sahəsi daha yaxşı ərazidə yerləşdiyindən Dadaşın təklifi ilə razılaşmamışdır. Dadaşın təkidli xahişini, çətin vəziyyətə düşdüyünü və qohum olduğunu nəzərə alaraq özünə məxsus 1,33 hektar torpaq sahəsini 1300 manata Xalidin vasitəsilə "xxxx" QSC-yə satılmasına və pulunun Dadaşa verilməsinə, əvəzində isə Dadaş özünə və ailə üzvlərinə məxsus 2,18 hektar torpaq sahəsinin 1,29 hektar hissəsini ona verəcəyinə razılaşmışlar. Bu söhbətlərin aparılmasında Xalid də iştirak etmişdir. Xalid Quliyev ona məxsus 1,33 hektar torpaq sahəsinin alqı-satqısı məqsədi ilə işlədiyi firmadan Dadaşa 1300 manat pul veriləcəyini bildirmişdir. Həmin pulu onun əvəzinə oğlu Ruslan Cəfərov 2012-ci ildə Bakı şəhərində firmadan götürərək Cavabdeh1 vermişdir. Bunun əvəzində Dadaş özünə və ailə üzvlərinə məxsus 1,29 hektar torpaq sahəsinin sənədini ona vermişdir. Həmin vaxt alqı-satqı müqaviləsini rəsmiləşdirə bilməmişlər. Belə ki, cavabdehin oğlu Rusiya Federasiyasında yaşayırdı. Cavabdeh ona oğlu Rusiya Federasıyasından qayıdan kimi alqı-satqı müqaviləsini rəsmiləşdirəcəyini bildirmişdir. Cavabdehlə qohum olduğundan ona inanmış və alqı-satqı müqaviləsini rəsmiləşdirməyə tələsməmişdir. Onun təkidli tələbindən sonra cavabdeh və ailə üzvləri 24 iyul 2019-cu il tarixdə ona həmin torpaq sahəsi üzərində sərəncam hüququna dair etibarnamə vermişlər. Etibarnamə əsasında həmin torpaq sahəsini adına rəsmiləşdirmək istəyərkən Notariat Ofisindən bildirilmişdir ki, ona verilmiş etibarnamə ləğv olunmuşdur. Bunun səbəbini soruşduqda Dadaş həmin torpaq sahəsini ona satmadığını, icarəyə verdiyini bildirmişdir. 2020-ci ildə əkin əkmək üçün torpaq sahəsini şumlatmış, lakin Dadaş ondan xəbərsiz torpaq sahəsini əkərək məhsulunu da götürmüşdür. Yeddi ildir ki, həmin torpaq sahəsini əkib-becərməklə torpağa dair bütün vergiləri özü ödəmişdir. Həmin torpaq sahəsini yeddi il əkdiyi halda cavabdehlərin heç biri bu müddət ərzində nə torpağı geri tələb etməmiş, nə də ondan icarə haqqı istəməmişlər. 2012-ci ildən torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmuş, həmin torpaq sahəsinə xeyli mineral və üzvi gübrələr vermiş, daşdan təmizləmiş, tam yararlı vəziyyətə gətirmişdir. Bu məqsədlə hər il torpaq sahəsinə 350-400 manat vəsait xərcləmişdir. Torpaq sahəsini yararlı vəziyyətə salınması və münbitləşməsi üçün 8 il ərzində 3000 manat vəsait xərcləmişdir. O, torpaq sahəsini özününkü bildiyi üçün xərc çəkmişdir. Eyni kənddə yaşadıqlarından və qonşu olduqlarından Dadaş bütün bunları yaxşı bilir. Oğlu 26 noyabr 2017-ci il tarixdə avtomobil qəzasında vəfat etmişdir. Oğlu vəfat etdiyi və Dadaş pulu oğlundan aldığı üçün bundan öz xeyrinə istifadə edərək bir dəfə satdığı torpaq sahəsini təkrar sataraq varlanmaq istəyir. Aldığı pulu guya mərhum oğluna qaytardığı barədə insanlığa yaraşmayan yalanlar danışır. Hazırda Kürdmaşı kəndində həmin ərazilərdə torpaq sahəsinin bir hektarının orta bazar qiyməti 8000 manat civarındadır. Ona məxsus olmuş satılaraq pulunun Dadaşa verildiyi torpaq sahəsini "xxxx" QSC mülkiyyətinə götürmüşdür. Onun və ailə üzvülərinin Dadaşla dəyişdiyi torpaq sahəsindən başqa torpaq sahəsi qalmamışdır. Yaxın qohumu və qonşusu olan cavabdehin torpaq sahəsini ona verməkdən imtina etməsi, ona verdiyi etibarnaməni ləğv etdirməsi nəticəsində böyük sarsıntı keçirmişdir. Cavabdehlərin bu hərəkətləri nəticəsində ona 11000 manat maddi və 10000 manat mənəvi ziyan dəymişdir. Qeyd etdiklərinə əsasən 11000 manat əvəzlənmiş torpaq sahəsinin dəyəri, 10000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, oğluna toy etmək üçün pula ehtiyacı olduğuna görə 2012-ci ildə özünə və ailə üzvlərinə məxsus 1,29 hektar torpaq sahəsini satmaq istəmiş və bu məqsədlə "xxxx" QSC-nin nümayəndəsi Xalid Quliyevin yanına getmişdir. Xalid onun torpaq sahəsini almaq üçün 1180 manat verə biləcəyini bildirmişdir. O, verilən pul məbləği az olduğu üçün torpaq sahəsini satmamışdır. Oğlu Elçin özünə toy etmək məqsədi ilə hazırkı iş üzrə iddiaçı olan qohumu İddiaçı oğlu Ruslandan 1000 manat borc pul almış və Rusiya Federasiyasına getmişdir. Oğlu iki aydan sonra geri qayıtmış və Fəqaninin oğlu Ruslandan aldığı 1000 manatı ona qaytarmışdır. Fəqaninin oğlu çətin vaxtda onlara kömək etdiyi üçün oğlunun təkidi ilə özlərinə məxsus torpaq sahəsini əkmək üçün Fəqaniyə vermişdir. Həmin torpaq sahəsindən onların istifadə etməyə ehtiyacları olmamışdır. Ötən müddət ərzində torpaq sahəsini Fəqani özü əkib-becərmiş, gəlirini özü götürmüş, ona heç nə verməmişdir. Torpaq sahəsinin münbitləşməsi üçün heç bir iş aparılmamış, təmizlik işi görülməmiş, torpaq sahəsi daşlı-kəsəkli qalmışdır. Bu müddət ərzində torpaq sahəsinə verilən subsidiyanı o, il yarım Rusiya Federasıyasında olduğu müddətdə isə kürəkəni almışdır. 2019-cu il ildə o yaşamaq üçün Rusiya Federasıyasına getmək istədiyindən Fəqaniyə etibarnaməni torpaq sahəsini əkmək və verilən subsidiyanı almaq üçün vermişlər. Rusiya Federasiyasında sənədləri düzəlmədiyindən üç aydan sonra geri qayıtmış və etibarnaməni ləğv etdirmişdir. Fəqani öz torpaq sahəsini 9000 manata satmışdır. Fəqaniyə verdiyi torpaq sahəsini 2020ci ildə özü əkmiş və məhsulu da özü götürmüşdür. İddia tələbini əsassız hesab edir və rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 cavabdehlə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci-dördüncü cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. İşə ikinci-dördüncü cavabdehlərin iştirakı olmadan baxılması qərara alınmışdır. X4 ifadə verərək göstərmişdir ki, Cavabdeh1 2012-ci ildə ona müraciət edərək Rusiya Federasıyasında yaşayan oğluna toy etmək üçün pula ehtiyacı olduğuna görə özünə və ailə üzvlərinə məxsus 2,18 hektar torpaq sahəsinin 1,29 hektar hissəsini satmaq istədiyini bildirmişdir. O, Dadaşa demişdir ki, "xxxx" QSC üçün alınmış torpaq sahələrindən kənar ərazidə torpaq sahəsi almırlar. Əgər onun yaxınlarından kiminsə "xxxx" QSC-nin almış olduğu torpaq sahələrinə yaxın ərazidə torpaq sahəsi varsa o ərazini ala bilərlər. Təxminən üç gün sonra Dadaş Fəqani ilə onun yanına gələrək Fəqaninin 1,33 hektar torpaq sahəsinin satılaraq pulunun Dadaşa verilməsinə, Dadaşa məxsus 1,29 hektar torpaq sahəsinin isə Fəqaniyə verilməsinə dair aralarında razılaşma olduğunu bildirmişlər. O, Fəqaniyə məxsus 1,33 hektar torpaq sahəsini 1300 manata razılaşmışlar və o, bu barədə "xxxx" QSC-nin Bakı şəhərində yerləşən baş ofisinə məlumat vermişdir. Baş ofis həmin torpaq sahəsinin alınmasına razılığını vermişdir. Bundan sonra baş ofisə müraciət edərək Fəqaniyə məxsus 1,33 hektar torpaq sahəsinin alınmasına görə verilməli olan 1300 manat pul məbləğinin Fəqaniyə ödənilməsini bildirmişdir. Fəqaninin mərhum oğlu Ruslan Dadaşla birlikdə baş ofisə gələrək 1300 manat pul götürmüş və Dadaşa vermişdir. Dadaş pulu aldıqdan sonra oğluna toy etmək məqsədi ilə Rusiya Federasiyasına getmişdir. Onda olan məlumata görə Dadaş və ailə üzvləri 2019-cu ildə Fəqaniyə torpaq sahəsinin alqı-satqı olunması üçün etibarnamə vermiş, bir müddət sonra isə həmin etibarnaməni ləğv etdirmişlər. Fəqaninin mülkiyyətində olmuş 1,33 hektar torpaq sahəsi "xxxx" QSC-nin adına rəsmiləşdirilmişdir X1 ifadə verərək göstərmişdir ki, o, Kürdmaşı kəndində yaşayır. Tərəfləri yaxından tanıyır. 2012-ci ildən başlaraq bir neçə ilə ardıcıl olaraq İddiaçı özünə məxsus olduğunu bildirdiyi torpaq sahəsinin daşdan təmizlənməsi və digər abadlıq işlərinin görülməsində iştirak etmişdir. Torpaq sahəsində olan daşlar yük maşınlarına yığılaraq sahədən çıxarılmışdır. Görülmüş işlər üçün fəhlələrə və maşınlara pulu Fəqani ödəmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və Cavabdeh1 аpellyаsiyа şikаyətləri vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş materiallarından göründüyü kimi o, İsmayıllı rayonun Kürdmaşı kəndində yaşayır. 2012-ci ildə cavabdeh bibisi oğlu Cavabdeh1 qapısına gələrək ona bildirmişdir ki, Rusiyada yaşayan oğlunun xeyir işi var, onun yanına gedəcəkdir. Təcili pul lazım olduğu üçün torpaq sahəsini satmaq istəyir. Amma kənddə torpaq alan Quliyev Xalid ona məxsus torpaq sahəsi aldığı torpaq sahələrindən uzaqda yerləşdiyi üçün almaq istəmir, amma ona məxsus olan torpaq sahəsi onun aldığı torpaq sahələrinin içində olduğu üçün almaq istədiyini bildirmişdir və xahiş eləyib ki, onlar dayı oğlu, bibi oğludurlar, ona kömək eləsin, başqa yerdən pul tapmır, ona məxsus olan 1,33 hektar torpaq sahəsini Xalidə satsın, pulunu ona versin, o da əvəzində ona və ailə üzvülərinə məxsus olan 2,18 hektar torpaq sahəsindən 1,29 hektar hissəsini Fəqaniyə versin. O, əvvəl onun təklifi ilə razılaşmamışdır, amma o, ondan əl çəkməmişdir ki, təcili ona pul lazımdır, heç kim ona pul vermir. O, onun bu çıxılmaz vəziyyətini görərək axırda onunla razılaşmışdır ki, ona məxsus olan 1,33 hektar torpaq sahəsini həmkəndçisi Xalidə satsın, pulunu tam Dadaşa versin, o da əvəzində ona və ailə üzvülərinə məxsus olan 2,18 hektar torpaq sahəsindən 1,29 hektar hissəsini ona versin. Onlar aralarında şifahi razılığa gəlmişlər və birlikdə Xalidin yanına gedərək ona məxsus 1,33 hektar torpaq sahəsini satmaq istədiklərini, pulunu Dadaşa verəcəyini və əvəzində Dadaşın özünə və ailə üzvülərinə məxsus 2,18 hektar torpaq sahəsinin 1,29 hektar hissəsini ona verəcəyini bildirmişdir. Onlar şifahi razılıq əsasında torpaq sahələrini dəyişmişlər. Xalid Quliyev mülkiyyətində olan 1,33 hektar torpaq sahəsinin alqı-satqısı məqsədi ilə işlədiyi firmadan ona 1300 manat pul vermişdir. Həmin pulu onun əvəzinə oğlu X12 Bakı şəhərindən firmadan götürərək cavabdeh Dadaşa vermişdir. Bunun əvəzində Dadaş özünə və ailə üzvlərinə aid 2,18 hektar torpaq sahəsindən 1,29 hektar hissəsini etibarnamə ilə ona vermişdir. Oğlu 26.11.2017-ci il tarixdə vəfat etmiş və İsmayıllı rayonu Notariat Ofisi tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə” əsasən o, oğlunun varisidir. 2012-ci ildən həmin torpaq sahəsi onun faktiki istifadəsində olmuş və həmin torpaq sahəsinə xeyli mineral və üzvi gübrələr vermişdir, daşdan təmizləmişdir. Torpaq sahəsini tam yararlı vəziyyətə gətirmişdir. Bu məqsədlə hər il torpaq sahəsinə 350-400 manat vəsait xərcləmişdir. 8 il ərzində 3000 manat yalnız torpaq sahəsinin yararlı hala gətirilməsi və münbitləşməsi üçün vəsait xərcləmişdir. O, torpaq sahəsini öz mülkiyyəti bilərək bu xərcləri çəkmişdir. Cavabdeh özü də bunu yaxşı bilirdi. O, cavabdeh olan bibisi oğluna onun xahişi ilə kömək etmək üçün özünə məxsus olan torpaq sahəsini Xalidə satmışdır və əvəzində cavabdeh özlərinə məxsus torpaq sahəsinin 1,29 hektar hissəsini onun mülkiyyətinə vermişdir. Məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, Cavabdeh1 həqiqətən 9 il əvvəl qarşılıqlı razılaşma əsasında özlərinə məxsus mübahisələndirilən torpaq sahəsini ona məxsus torpaq sahəsi ilə dəyişdirmiş və həmin sahəni faktiki onun mülkiyyətinə vermişdir. 9 ildir həmin torpaq sahəsi onun faktiki mülkiyyətində olmuş və o, həmin sahəni öz əmlakı kimi əkib-becərmişdir və həmin sahənin tam münbütləşdirilməsi üçün şahidin də qeyd elədiyi kimi kifayət qədər əlavə xərc çəkmişdir. Bundan əlavə yaxın qohumu olan, çətin günündə hörmət etdiyi, yardım əlini uzatdığı bir şəxsin 9 ildən sonra ona qarşı belə bir hərəkət etməsi həqiqətən onda böyük iztirab, narahatçılıq doğurmuş, güya pulun faciəli surətdə həlak olmuş oğluna verilməsi yalanını söyləməsi isə ona onun tərəfindən vurulmuş böyük bir mənəvi zərbədir, belə bir halda şəxsin mənəvi iztirab keçirməməsini iddia eləmək onun fiktincə düzgün deyil. Ona görə də fikirləşir ki, iddia tam təmin olunmalı idi. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(037)- 575/2021 nömrəli qətnaməsinin şikayət etdiyi hissədə ləğv edilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edirəm. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün hallan aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən belə qənaətə gəlmişdir ki, guya ki, 2012-ci ildə tərəflər arasında torpaq sahələrinin əvəzlənərək satılmasına dair danışıqlar işgüzar adətlərə uyğun aparılmışdır. Cavabdeh iddiaçı ilə torpaq sahəsini əvəzləməklə satmaq istəmişdir. Lakin bununla bağlı tərəflər arasında razılaşma olsa da onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilməklə alqısatqı müqaviləsi bağlamamışlar. Ötən müddət ərzində tərəflər arasında mübahisə olmamış, iddiaçı mübahisəli həmin sahəni yeddi il maneəsiz əkib becərmişdir. Tərəflərin arasında qarşılıqlı razılığ olduğundan cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka [girov) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyə dair 24 iyul 2019-cu il tarixdə etibarnamə vermişlər. Bundan başqa, məhkəmə hesab etmişdir ki, cavabdeh iddaçının bir müddət əvvəl həmin kəndin ərazisində yerləşən özünə məxsus torpağ sahəsini 9000 manata satdığını etiraf etməklə həmin ərazidə torpaq sahələrinin qiymətinin baha olmasını təsdiq edir. Mübahisə predmetinə aid olan torpaq sahəsinin satışından hazırda təxminən 10000 manatdan yuxarı vəsait əldə etmək mümkündür. Cavabdeh1 təxminən 9 il əvvəl iddiaçıdan torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş 1300 manat miqdarında pul aldığı halda hazırda həmin torpaq sahəsini iddiaçıya satmaqdan imtina etməklə iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Ona görə də məhkəmə iddiaçıya ödənilməli olan vəsaitin ümumi miqdarını müəyyən edərkən hazırda həmin ərazidə bir hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin orta bazar qiymətinin aşağı həddinə əsaslanaraq və tərəflərin iradə ifadəsinin həqiqi mənasını, işgüzar adətləri, tərəflərin aparmalı olduqları sonrakı hərəkətləri nəzərə alaraq Cavabdeh1 9400 manat miqdarında pulun alınaraq iddiaçıya verilməsini qanuni və ədalətli hesab etmişdir. O, izahatında göstərmişdir ki, oğluna toy etmək üçün pula ehtiyacı olduğuna görə 2012-ci ildə özünə və ailə üzvlərinə məxsus 1,29 hektar torpaq sahəsini satmaq istəmiş və bu məqsədlə "AzNar” QSC-nin nümayəndəsi Xalid Quliyevin yanına getmişdir. Xalid onun torpaq sahəsini almaq üçün 1180 manat verə biləcəyini bildirmişdir. 0, verilən pul məbləği az olduğu üçün torpaq sahəsini satmamışdır. Oğlu Elçin özünə toy etmək məqsədi ilə hazırkı iş üzrə iddiaçı olan qohumu İddiaçı oğlu Ruslandan 1000 manat borc pul almış və Rusiya Federasiyasına getmişdir. Oğlu iki aydan sonra geri qayıtmış və Fəqaninin oğlu Ruslandan aldığı 1000 manatı ona qaytarmışdır. Fəqaninin oğlu çətin vaxtda onlara kömək etdiyi üçün oğlunun təkidi ilə özlərinə məxsus torpaq sahəsini əkmək üçün Fəqaniyə vermişdir. Həmin torpaq sahəsindən onların istifadə etməyə ehtiyacları olmamışdır. Ötən müddət ərzində torpaq sahəsini Fəqani özü əkib-becərmiş, gəlirini özü götürmüş, ona heç nə verməmişdir. Bu müddət ərzində torpaq sahəsinə verilən subsidiyanı o, il yarım Rusiya Federasiyasında olduğu müddətdə isə kürəkəni almışdır. 2019-cu il ildə o yaşamaq üçün Rusiya Federasiyasına getmək istədiyindən Fəqaniyə etibarnaməni torpaq sahəsini əkmək və verilən subsidiyanı almaq üçün vermişlər. Rusiya Federasiyasında sənədləri düzəlmədiyindən üç aydan sonra geri qayıtmış və etibarnaməni ləğv etdirmişdir. Fəqani öz torpaq sahəsini 9000 manata satmışdır. Fəqaniyə verdiyi torpaq sahəsini 2020-ci ildə özü əkmiş və məhsulu da özü götürmüşdür. Cavabdeh özünə məxsus olan torpaq sahəsini iddiaçının torpaq sahəsi ilə dəyişdirməmiş, cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsini heç kimə satmamış, öz mülkiyyətində olan torpaq sahəsini iddiaçıya verməmiş, bununla bağlı aralarında hər hansı bir şəkildə nə sövdələşmə, nədə şifahi şəkildə razılaşma olmamış, aralarında hər hansı alqı-satqı müqaviləsi bağlanmamışdır. Torpaq sahələrinin əvəzlənərək satılmasına dair aralarında heç bir danışıq və ya işgüzar adət mövcud olmamışdır. Cavabdeh iddiaçıya torpağı əvəzləyərək satmamış və yaxud bununla bağlı aralarında razılaşma və ya müqavilə bağlanmamışdır. Necə ola bilər ki, iddiaçı cavabdehə mülkiyyətində olan 1.33 ha torpaq sahəsini versin, əvəzində isə ondan 2.18 ha torpaq sahəsindən cəmi 1.29 ha yəni 0.4 ha əskik torpaq sahəsini götürsün. Hazırkı zamanda kim kimə 0.4 ha torpaq sahəsini pulsuz verə bilər və ya 0.4 ha torpaq sahəsini tələb etməsin. Əsas kimi cavabdehin mülkiyyətində 2.18 ha torpaq sahəsi olmuşdur, Əgər belə bir hal vardırsa təbbi ki, iddiaçı cavabdehdən verdiyi torpaq sahəsinə görə əvəzini tələb edərdi. Bununla bağlı məhkəmə MPM-nin 161, 164.2, 404.1, 404.2, 405.1, 407.1, 407.2-ci maddələrinə istinad etməkdə düzgün olmayan nəticəyə gəlmişdir. Çünki aralarında sadə yazılı müqavilə və ya alqı satqı müqaviləsi olmamışdır. Yaxud aralarında müqaviləyə qədər danışıqlar, yazışmalar və ya işgüzar adətlər mövcud olmamışdır. Məhkəmənin hansı əsasla bu mövqedən çıxış etməsi onda təccüb yaradır. Məhkəmə iddianı qismən təmin edərkən sübut kimi yanlız iddiaçının izahatına və məhkəmə iclasında şahid kimi dindirilmiş Xalid Quliyevin izahatına istinad etmişdir. X24 bu işdə maraqlı şəxsdir. Çünki bir müddət əvvəl Xalid Quliyev özü cavabdehə və onun ailə üzvlərinə qarşı (hazırki iş üzrə eyni cavabdehlərə) eyni tələblə (torpaq sahəsi üçün 11000 manat və mənəvi zərərə görə 10000 manat cəmi 21000 manat) iddia qaldırmışdır. X15 iddiadan imtina etmiş, İsmayıllı rayon məhkəməsinin 04.11.2020-ci il tarixli qərardadı ilə iddiaçı öz iddiasından imtina etdiyinə görə xitam verilmişdir. Bundan təxminən 7 ay sonra hazırki iş üzrə iddiaçı yenidən eyni tələblə cavabdehə və onun ailə üzvlərinə qarşı məhkəmədə iddia qaldırmışdır. Cavabdehə məxsus olan torpağın iddiaçı tərəfindən istifadə olunmasına gəlincə onunla bağlı bildirmək istəyirəm ki, mülkiyyətində olan torpaq sahəsindən istifadə etməmiş səbəb isə həmin torpağın çox daşlı vəziyyətdə olması və ehtiyacının olmaması olmuşdur. Həmin vaxtlarda onlar torpaqdan istifadə etmədiklərinə görə torpağı istifadə etmək üçün iddiaçının mərhum oğluna istifadə etmək üçün vermişlər. Ancaq torpaqla bağlı dövlət tərəfindən verilən subsidiyanı özləri almışlar. Bir daha bildirmək istəyirik ki cavabdeh iddiaçı ilə torpaq sahəsi əvəzləməklə dəyişdirməmiş və yaxud iddiaçı ilə aralarında alqı satqı müqaviləsi və yaxud icarə müqaviləsi bağlanmamışdır. Bundan əlavə bildirmək istəyirik ki, cavabdeh mülkiyyətində olan torpaq sahəsini hər hansı qiymətə kiməsə satmağı onun öz hüququdur. Məhkəmə qətnaməsində təkidlə bildirir ki, cavabdeh mülkiyyətində olan torpaq sahəsini iddiaçıya satmaqdan imtina edir və iddiaçının hesabına əmlak əldə etməklə əsassız varlanan şəxs sayılır. Başa düşə bilmirik ki, cavabdeh mülkiyyətində olan torpaq sahəsini satmışa və ondan gəlir əldə etmişsə, iddiaçının hesabına niyə varlanmış hesab olunmalıdır ki,??. Bundan əlavə məhkəmə MPM-nin 1091 və 1092.1-ci mədələrinə istinad etməkdə də düzgün olmayan nəticəyə gəlmişdir. Bilirmək istəyirik ki, cavabdeh kiminsə torpaq sahəsini satmamışdır ki, ondan gəlir əldə etsin və əsassız olaraq varlansın, o öz mülkiyəyimdə olan torpaq sahəsini satmış və ondan da hər hansı məbləğdə gəlir əldə etmişdirsə həmin gəlirin heç kimə heç bir aidiyyatı yoxdur. Məhkəmə yanlız öz formal mülahizələrinə, iddiaçının yanlış izahatına və şahid Xalid Qulyevin tərəfli və qərəzli izahatına istinad edərək belə bir qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsi yanlız formal mülahizələdən ibarət olmuş və hansı əsasla iddianı qismən təmin edilməsini öz qərarında əsaslandıra bilməmişdir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(037)- 575/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 birincinin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı apellyasiya şikayətinin təmn edilməməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(037)-575/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş Cavabdeh1 9400 manat pul və 30 manat dövlət rüsumu olmaqla cəmi 9430 (doqquz min dörd yüz otuz) manat məbləğinin alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cavabdehlərdən müştərək qaydada əvəzlənmiş torpaq sahəsi üçün 11000 manat, mənəvi zərərə görə 10000 manat – cəmi 21000 manat pulun və 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi barədə iddiası həmin hissədə də rədd edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan “Torpağa mülkiyyət hüququna dair” JN-465 kod 40718018 nömrəli Dövlət Aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayon Kürdmaşı kənd sakinləri X8, X9, X7, Cavabdeh3 və X5 mülkiyyətlərinə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 07 dekabr tarixli 62 saylı qərarı ilə 2,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 10 may 2019-cu il tarixli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26 noyabr 2017-ci il tarixdə ölmüş X3 vərəsəsi atası-İddiaçı və X10 miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK İsmayıllı rayon şöbəsi tərəfindən 16 avqust 1999-cu il tarixdə X6 verilmiş seriya nömrəsi JN-663 Kod 40718018 olan dövlət aktına əsasən İsmayıllı rayonu Kürdmaşı kəndi ünvanında yerləşən ümumi sahəsi 2,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarətdir. İşdə olan 24 iyul 2019-cu il tarixli AR-İ 840808 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 tərəfindən JN-465 Kod 40718018 qeydiyyat nömrəsi 6592 olan dövlət aktına əsasən İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən 2,18 ha torpaq sahəsindən 1,29 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etmək səlahiyyətləri İddiaçı ötürülmüş, İddiaçı isə həmin hərəkətləri etməyi X13 etibar etmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 12 nömrəli texniki araşdırma və qiymətləndirmə rəyindən görünür ki, Kürmaşı kəndi ərazisində yerləşmə koordinatlarına uyğun alternativ boş torpaq sahələrinin 0,1 ha ölçüsünün hazırda mövcud bazar qiymətlərinə uyğun dəyəri 7000-7500 manat arasında dəyişir. Orta bazar qiyməti faktiki olaraq (7000.0+7500.0/2)=7250-00 manat həddindədir. Beləliklə İsmayıllı rayonun Kürdmaşı kəndində yerləşən və JN-465 Kod 40718018 nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktı əsasında paylı mülkiyyət hüququ əsasında X8 və onun ailə üzvlərinə məxsus 1,296665 ha kənd təsərrüfatı təyinatlı torpağın hazırda ərazi üzrə mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri(1,296665x7250)=9400 (doqquz min dörd yüz) manat müəyyən edilir. İşdə olan 04 iyun 2021-ci il tarixli ********* nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.7, 161, 164.2, 404.1, 404.2, 405.1, 407.1, 407.2, 1091.1 və 1092.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə X8, X9, X7, Cavabdeh3 və X5 mülkiyyətinə 2,18 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. 2012-ci ildə cavabdeh özünə və ailə üzvlərinə məxsus 2,18 hektar torpaq sahəsinin 1,29 hektar hissəsini satmaq istəməsi barədə Xalid adlı şəxsə bildirmiş, lakin onun torpaq sahəsi Xalidin "xxxx" QSC üçün aldığı torpaq sahələrindən kənar ərazidə yerləşdiyindən torpaq sahəsini sata bilməmişdir. İddiaçı "xxxx" QSC-nin torpaq sahələrinin ərazisində yerləşən ona məxsus 1,33 hektar torpaq sahəsini "xxxx" QSCyə 1300 manata sataraq pulunu cavabdehə verilməsinə, əvəzində onlara məxsus 2,18 hektar torpaq sahəsinin 1,29 hektar hissəsinin iddiaçıya verilməsinə razılaşmışdır. İddiaçıya məxsus 1,33 hektar torpaq sahəsinin alqı-satqısı məqsədi ilə 1300 manat pulun "xxxx" QSC-nin Bakı şəhərində yerləşən baş ofisindən iddiçının mərhum oğlu götürərək Dadaşa vermişdir. Bunun əvəzində Dadaş özünə və ailə üzvlərinə məxsus 1,29 hektar torpaq sahəsini faktiki olaraq iddiaçıya vermişdir. 2012-ci ildən torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində olmuşdur. Mübahisəli torpaq sahəsinin alqı-satqısı rəsmiləşdirməmişdir.Tərəflər arasında mübahisə olmamışdır. Cavabdeh və ailə üzvüləri 24 iyul 2019-cu il tarixdə həmin torpaq sahəsinə dair iddiaçıya etibarnamə vermişlər və bir müddət sonra isə cavabdeh həmin torpaq sahəsini satmadığını, icarəyə verdiyini əsas gətirərək etibarnaməni ləğv etdirdiyini bildirmişdir. 2020-ci ildə torpaq sahəsini iddaçı şumlatsa da cavabdeh əkərək məhsulunu götürmüşdür . Hazırda Kürdmaşı kəndində həmin ərazilərdə torpaq sahəsinin bir hektarının orta bazar qiyməti 7000-7500 manat arasındadır. İddiaçı hesab edir ki, birinci cavabdehə pulu vermiş oğlunun vəfat etməsindən cavabdeh məqsədli şəkildə istifadə edir və mübahisəni öz xeyrinə həll etmək istəyir. İddiaçı cavabdehlərdən müştərək qaydada əvəzlənmiş torpaq sahəsi üçün 11000 manatın, onların hərəkətləri nəticəsində ona dəymiş 10000 manat mənəvi ziyanin və 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh mübahisəli torpaq sahəsini satmadığını, cavabdehə əkmək üçün verdiyini, borc kimi aldığı 1000 manatı qaytardığını göstərərək iddia tələbini qəbul etmir və rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, göründüyü kimi 2012-ci ildə tərəflər arasinda torpaq sahələrinin əvəzlənərək satılmasına dair danışıqlar işgüzar adətlərə uyğun aparılmışdır. Cavabdeh iddiaçı ilə torpaq sahəsini əvəzləməklə satmaq istəmişdir. Lakin bununla bağlı tərəflər arasında razılaşma olsa da onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilməklə alqısatqı müqaviləsi bağlamamışlar. Ötən müddət ərzində tərəflər arasında mübahisə olmamış, iddiaçı mübahisəli həmin sahəni yeddi il maneəsiz əkib - becərmişdir. Məhkəmə hesab edir ki, tərəflərin arasında qarşılıqlı razılığ olduğundan cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyə dair 24 iyul 2019-cu il tarixdə etibarnamə vermişlər. İddiaçıla Cavabdeh1 arasında torpaq sahəsinin icarəyə verilməsi və ya torpaq sahələrinin yerlərinin dəyişdirilərək alqı-satqı aparılması ilə bağlı aparılan şifahi danışıqlarda cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirak etməmişlər. Məhkəmə hesab edir ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hazırkı iş üzrə iddia tələbinin yönəldildiyi cavabdeh şəxslər hesab oluna bilməzlər və iddiaçının onlara qarşı hazırkı iddia tələbi əsassızdır. Cavabdeh iddaçının bir müddət əvvəl həmin kəndin ərazisində yerləşən özünə məxsus torpağ sahəsini 9000 min manata satdığını etiraf etməklə həmin ərazidə torpaq sahələrinin qiymətinin baha olmasını təsdiq edir. Mübahisə predmetinə aid olan torpaq sahəsinin satışından hazırda təxminən 10000 min manatdan yuxarı vəsait əldə etmək mümkündür. Cavabdeh1 təxminən 9 il əvvəl iddiaçıdan torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş 1300 (bir min üç yüz) manat miqdarında pul aldığı halda hazırda həmin torpaq sahəsini iddiaçıya satmaqdan imtina etməklə iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Ona görə də məhkəmə iddiaçıya ödənilməli olan vəsaitin ümumi miqdarını müəyyən edərkən hazırda həmin ərazidə bir hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin orta bazar qiymətinin aşağı həddinə əsaslanaraq və tərəflərin iradə ifadəsinin həqiqi mənasını, işgüzar adətləri, tərəflərin aparmalı olduqları sonrakı hərəkətləri nəzərə alaraq Cavabdeh1 9400 (doqquz min dörd yüz) manat miqdarında pulun alınaraq iddiaçıya verilməsini qanuni və ədalətli hesab etmişdir. İddiaçı həyata keçirdiyi abadlıq işləri və torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi xərclərə dair sübutlar təqdim etməmişdir. Bundan əlavə iddiaçı mənəvi ziyana görə cavabdehlərdən müştərək qaydada 10000 (on min) manat ödənilməsini tələb etsə də öz tələbinin nədə ifadə olunduğunu izah edə bilməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada mənəvi zərərə görə 10000 (on min) manat məbləğinin alınıb iddiaçıya ödənilməsinə dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia edir ki, 2012-ci ildə cavabdeh bibisi oğlu Cavabdeh1 qapısına gələrək ona bildirmişdir ki, təcili pul lazım olduğu üçün torpaq sahəsini satmaq istəyir. Amma kənddə torpaq alan Quliyev Xalid ona məxsus torpaq sahəsi aldığı torpaq sahələrindən uzaqda yerləşdiyi üçün almaq istəmir, amma ona məxsus olan torpaq sahəsi onun aldığı torpaq sahələrinin içində olduğu üçün almaq istədiyini bildirmişdir və xahiş eləyib ki, onlar dayı oğlu, bibi oğludurlar, ona kömək eləsin, başqa yerdən pul tapmır, ona məxsus olan 1,33 hektar torpaq sahəsini Xalidə satsın, pulunu ona versin, o da əvəzində ona və ailə üzvülərinə məxsus olan 2,18 hektar torpaq sahəsindən 1,29 hektar hissəsini Fəqaniyə versin. Onlar razılaşmışlar ki, ona məxsus olan 1,33 hektar torpaq sahəsini həmkəndçisi Xalidə satsın, pulunu tam Dadaşa versin, o da əvəzində ona və ailə üzvülərinə məxsus olan 2,18 hektar torpaq sahəsindən 1,29 hektar hissəsini ona versin. Onlar şifahi razılıq əsasında torpaq sahələrini dəyişmişlər. Xalid Quliyev mülkiyyətində olan 1,33 hektar torpaq sahəsinin alqısatqısı məqsədi ilə işlədiyi firmadan ona 1300 manat pul vermişdir. Həmin pulu onun əvəzinə oğlu X12 Bakı şəhərindən firmadan götürərək cavabdeh Dadaşa vermişdir. Bunun əvəzində Dadaş özünə və ailə üzvlərinə aid 2,18 hektar torpaq sahəsindən 1,29 hektar hissəsini etibarnamə ilə ona vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 161-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçı iddia etdiyi faktları təsdiq edən iddia tələbinin qanuni əsası hesab edilə biləcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən və iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə iddianın təmin olunmuş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(037)-575/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş Cavabdeh1 9400 manat pul və 30 manat dövlət rüsumu olmaqla cəmi 9430 (doqquz min dörd yüz otuz) manat məbləğinin alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cavabdehlərdən müştərək qaydada əvəzlənmiş torpaq sahəsi üçün 11000 manat, mənəvi zərərə görə 10000 manat – cəmi 21000 manat pulun və 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi barədə iddiası 9400 manata aid hissədə də rədd edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(037)-575/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş Cavabdeh1 9400 manat pul və 30 manat dövlət rüsumu olmaqla cəmi 9430 (doqquz min dörd yüz otuz) manat məbləğinin alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cavabdehlərdən müştərək qaydada əvəzlənmiş torpaq sahəsi üçün 11000 manat, mənəvi zərərə görə 10000 manat – cəmi 21000 manat pulun və 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi barədə iddiası 9400 manata aid hissədə də rədd edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar