Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2168/2020 10.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-1073/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 14 saylı evin 11 saylı mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-1073/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 14 saylı evin 11 saylı mənzilinin açıq hərracda satılması və mənzilin satılması nəticəsində əldə edilmiş pul məbləğinin ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə mübahisələndirilən mənzildən qanuni istifadə hüququ olan anası Gülüstan İbrahimovanın həmin mənzildə yaşamasını, mənzilin hərracda satılmasının onun istifadə hüququna toxunmasını, kompensasiya məsələsini, habelə hərrac nəticəsində gözlənilən mülkiyyətçinin də mülkiyyət hüquqlarına maneələr yaradacağını və sair nəzərə almamışdır. Daha sonra, məhkəmə mənzilin açıq hərracda satılmasını qət etsə də, mənzilin ilkin satış qiymətini müəyyən etməmiş və qətnamənin nəticə hissəsində bu hüquqi məsələ öz həllini tapmamışdır. Halbuki, hərracda satılması müəyyən olunan daşınmaz əmlakın ilkin satış qiymətinin qətnamədə öz əksini tapması mütləqdir. Bundan əlavə onun məhkəmə iclasında tərəf kimi iştirak etməyi təmin olunmamış, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmiş və məhkəmə işə birtərəfli qaydada baxaraq, yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə çıxararaq onun və mənzildə onlarla birgə yaşayan və yaşayış sahəsindən daimi istifadə hüququ olan anası X1 mənzil hüquqları pozulmuşdur. Eləcə də qətnamə ona lazımi qaydada təqdim olunmamış və qətnamə onun etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2020-ci il tarixdə məhkəmədə rəsmi qaydada təqdim olunmuşdur. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)- 1073/2020 saylı qətnаməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh vəkili X4 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının pandemiyadan sonrakı vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında tərəflərə razılığa gəlmələri üçün məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təxirə salınsa da bir nəticə əldə edilməmişdir. Hazırda isə məhkəmə iclasının yenidən təxirə salınmasını zəruri edən hal mövcud deyildir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-1073/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 14 saylı evin 11 saylı 4 otaqlı mənzili tərəflər arasında hər birinin payı ½ hissə olmaqla bölünmüşdür. xx xxxxx 2015-ci ildə ½ hissəyə onun mülkiyyət hüququ qeydə alınmışdır. Aralarındakı nikah pozulduğundan birgə yaşamaqları mümkün olmamışdır. Cavabdeh həmin mənzildə iddiaçı isə anasının evində yaşayır. Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə payların naturada bölünməsi tələbi mümkün olmadığından təmin olunmamışdır. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli (051)1831/2019 saylı qətnaməsi ilə iddiaçının Cavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbi cavabdehin etirazına əsasən təmin olunmamışdır. Cavabdehlə onun arasındakı nikah xx xxxxx 2013-cü ildən pozulmuşdur. Bu müddət ərzində o, övladları ilə birgə yaşamış cavabdeh isə birgə əldə edilmiş mənzildə yaşayır. Mübahisənin könüllü həll edilməsini və ona düşən payı istəməmişdir. Bu səbəbdən hazırki müddətə qədər mənzilin hərracdan satılması tələbini qaldırmamışdır. Birgə evlilikdən olan xx xxxx 2005-ci il təvəllüdlü Müğdət və Şəbnəmin 15 yaşı var onların mənzil şəraiti təmin olunmalıdır. Uşaqlar həmin mənzildə yaşamaq istəmirlər. Buna görə də Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 14 saylı evin 11 saylı mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 220.3220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsində qeyd edilmişdir ki, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh anası Gülüstan İbrahimovanın həmin mənzildə yaşamasını, mənzilin hərracda satılmasının onun istifadə hüququna toxunmasını, kompensasiya məsələsini, habelə hərrac nəticəsində gözlənilən mülkiyyətçinin də mülkiyyət hüquqlarına maneələr yaradacağını, həmçinin mənzilin açıq hərracda satılmasını qət etsə də, mənzilin ilkin satış qiymətini müəyyən etmədiyini, bununla da qanunvericiliyin tələblərini pozduğunu bildirsə də, bunun əksinin zəruriliyini əsaslandırmamış və ya sübut edə bilməmişdir. Digər tərəfdən mənzilin ilkin satış qiymətini müəyyən edilməsi icra mərhələsində həll edilən məsələ olduğundan hazırkı halda mənzilin ilkin satış quiymətinin müəyyən edilməsinə zərurət yoxdur. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlili bu hissədə əsassızdır. Bundan başqa paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Həmçinin Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.320.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İş materiallarında olan qətnamələrdən görünür ki, iddiaçı tərəf qanunvericiliyin tələblərinə riayət etməklə payların ayrılması və payın kompensasiya ilə əvəz edilməsi barədə məhkəmədə iddia qaldırmış, ancaq iddiası təmin edilməmişdir. Apelyator məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmadığını bildirsə də, iş materiallarının 31-ci səhifəsində olan məhkəmə bildirişindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat göndərilmişdir. Bundan əlavə iddiaçı məhkəmə qətnaməsinin ona lazımi qaydada təqdim olunmadığını bildirsə də, iş materiallarının 40-cı səhifəsində olan məktubdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-1073/2020 saylı qətnaməsi cavabdehə göndərilmişdir. Həmçinin cavabdehin də apellyasiya şikayətində etiraf etdiyi kimi qətnamə onun etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2020-ci il tarixdə məhkəmədə rəsmi qaydada təqdim olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarma müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-1073/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-1073/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2168/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2168/2020
10.12.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver