Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-218/2022 30.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(016)-141/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(016)-141/2021 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia qismən təmin olunmuş, Cavabdeh 27.300 (iyirmi yeddi min üç yüz) manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı– cavabdehin 33300 manat və ümumi gəlirdən əldə edilmiş qazancdan 30000 manat, ümumilikdə 63300 manat məbləğində pulun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu rayonunda fermer təsərrüfatı yaradıb ailəsini dolandırmaq istəmişdir. Bu məqsədlə rəfiqəsi Yeganənin vasitəsi ilə Ağsu rayonunda yaşayan Cavabdeh ilə təsərrüfat yaratmaq barədə 2017-ci ilin əvvəlində danışmışdır. Ramil onafermer təsərrüfatı qurmaq və həmin təsərrüfatdan yaxşı gəlir əldə etmək mümkün olduğunu bildirmişdir. Qarşılıqlı razılaşmaya əsasən 2017-ci ilin əvvəlində Ağsu rayonun Ağabəyli kəndində Cavabdeh 33 300 manat pul vermişdir. Rəfiqəsi Yeganə əvvəllər Ramilin çox kasıb oğlan olduğunu bildirdiyindən bu işdə ona inanmışdır. Şərtləri bu olmuşdur ki, cavabdeh hər il əldə edilmiş gəlirdən 10 000 manat pul ödəməlidir və bu şərtə razı olmuşdur. Bundan sonra Cavabdeh ona verdiyi 33300 manata Ağsu rayonunda fermer təsərrüfatı yaratdı. Birinci ilin 6 ayı ərzində Ramil əldə edilmiş gəlirdən 5000 manat pul verdi.Bundan sonra əldə olunmuş gəlir hesabına Ramil Fermer təsərüfatını daha çox genişləndirmişdir. Hal-hazırda Ağsu rayonunda ən böyük fermer təsərrüfatlarından biridir.Cavabdeh çoxlu gəlir əldə etməyinə baxmayaraq 2018, 2019 və 2020-ci il üçün ona pul verməkdən imtina etmiş və aldığı 33000 manat pulumu da vermir. Dəfələrlə Ramil ilə danışıqlar aparsada,sonuncu hər dəfə vəd versədə hal-hazıra kimi ona çatası gəliri və təsərrüfat üçün verdiyi pulu ala bilməmişdir. Bu barədə Ağsu rayon Polis Şöbəsinə ərizə ilə müraciətetmiş, Polis şöbəsində Ramil və qohumları ondan 33300 manat pul alınmasını, həmin pula fermer təsərrüfatını yaratmasını və həmin təsərüfatdan gəlir əldə etməsini tam etiraf etmişdir. Ağsu rayon Polis şöbəsi tərəfindən 12.05.2020-ci il tarixli məktubda müraciətində göstərdiyi xüsusiatların mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Fermer təsərrüfatı yalnız onun puluna yaradılmışdır. Ramil həmin fermer təsərrüfatına pul xərcləməmişdir. Lakin fermer təsərrüfatından əldə edilmiş gəlir ilə cavabdeh özünə maşın almış, ev tikdirmiş və digər işlər görmüşdür.Beləliklə, cavabdeh məni aldadaraq 33300 manat pulunu və hər il üçün vəd verdiyi 10 000 (ümumilikdə üç ilə görə 30 000) manat, cəmi 63300 (altmış üç min üç yüz) manat pulunu ələ keçirmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini qismən müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehə verdiyi 33300 manat puldan 6000 manat qaytardığından hazırda onun borcu 27.300 manat təşkil edir. Odur ki, həmin məbləğin,ümumi gəlirdən əldə edilmiş qazancdan 30000 manat pul məbləğinin cavabdehdən alınmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı vəkili Vəkil2 məhkəmə iclasında tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini rədd edərək izahatında göstərmişdir ki, iddiaçının qeyd etdikləri böhtandır. Onu əvvəllər tanımamışdır. İddiaçı Yeganə adlı qadınla onların həyətinə gələrək, 6 hektar torpaq sahələrinin olduğunu və sarımsaq əkmək istədiklərini bildirdi. Onların fikirləri ilə razılaşmışdır. Sarımsaq əkmiş, məhsul əldə etsələrdə həmin il sarımsağın qiyməti ucuzlaşmışdır. Fikirləşdikləri gəliri əldə edə bilməmişlər. Daha sonra qərara gəlmişlər ki, iri və xırda buynuzlu heyvanlar alsınlar və qoyun, inək və camış almışdır. Lakin işlərin planlaşdırdıqları kimi getmədiyindən təsərrüfatlarından gəlir əldə edə bilməmişdir. Bu səbəblə də Gülyazdan aldığı pulu geri qaytara bilməmişdir. Bundan sonra iddiaçı onu polislə hədələyərək pulunu qaytarmasını tələb etmiş, sonradan isə ondan polisə şikayət etmişdir. Polis Şöbəsinə çağırıldığı zaman iddiaçının ona 33300 manat pul vermədiyini, məbləğin həddən artıq şişirdildiyini bildirməsi barədə izahat vermişdir. İddiaçı ona razılaşdıqları müddətdən sonra müxtəlif təsərrüfat işlərinin həyata keçirilməsi üçün 2700, 1400, 1750 manat məbləğində pul verdiyini bildirmişdir. Şikayətdən sonra iddiaçıya polis əməkdaşları vasitəsilə 6000 manat məbləğində pul qaytarmışdır. Buna görə də hazırda iddiaçıya heç bir borcu yoxdur və iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı Ağsu rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Ağsu rayonunda fermer təsərrüfatı yaratmaq məqsədi ilə 2017-ci ilin əvvələrində Ağsu rayonu Ağabəyli kəndində Cavabdeh 33.300 (otuz üç min üç yüz) manat pul verdiyini, şərtə görə Ramil ona hər ilə əldə edilmiş gəlirindən 10.000 (on min) manat pul verəcəyi barədə öhdəlik götürdüynü, birinci ilin 6 ayı ərzində əldə edilmiş gəliridən 5000 (beş min) manat pul verdiyini, 2018, 2019, 2020-ci il üçün çoxlu gəlir əldə etməsinə baxmayaraq ona pul vermədiyini bildirmişdir. O, Ağsu rayon Polis şöbəsinə müraciət etdiyini, guya Polis şöbəsində Ramil və qohumları ondan 33.300 manat pulun alınmasını, həmin pula fermer təsərrüfatı yaratmasını və həmin təsərrüfatdan gəlir əldə etməsini tam etiraf etdiyini, lakin Ağsu rayon Polis şöbəsi tərəfindən 12.05.2020- ci il tarixili məktuba əsasən müraciətində göstərdiyi məsələlər mülki məsələlər olduğundan, məhkəməyə müraciət edilməsini tövsiyyə edildiyini bildirmişdir. Bu iddia tələbi ilə bağlı bildirir ki, təxminən 3 il bundan əvvəl anası ilə yaşadığı Ağsu rayonu Ağabəyli kəndinə uzaq qohumu Yeganə ilə birlikdə onlara bir qadın, sonradan adını bildiyi Gülyaz gəlmişdir. Onlar onun anası Minə Tərlanova ilə söhbət etmişlər. Sonradan anası ona bildirdi ki, bunlar onların kənddə sarımsaq əkmək istəyirlər. Anası və o onlarla razılaşmışlar ki, onların 1 hektar torpaq sahəsində sarımsaq əkəcələr, məhsul yığılan vaxtı Gülyazla Yeganənin qoyduğu əkin üçün pul qaytarıldıqdan sonra əldə olunacaq gəlir ümumi məsrəflər çıxıldıqdan sonra bərabər bölünəcəkdir. Həmin ili, yəni 2017-ci ildə onlar 10 tondan çox məhsul əldə etsələr də, sarımsaq məhsulunun qiyməti həddən artıq aşağı olduğundan gəlir əldə edə bilməmişlər. Həmin ili əldə etdikləri sarımsaq məhsulu yığımdan sonra quruyub 7 ton qalacaqdı və onun da onlar 1 kiloqramını 5 manatdan sataraq 35.000 manat gəlir əldə etməyi planlaşdırırdılar. Lakin həmin ili məhsul ucuz olduğundan və alıcı olmadığından onu sata bilməmişlər. Sarımsaq məhsulunun yıığımına az qalmış Gülyaz demişdi ki, burada yaxşı noxud becərmək olar, gəl noxud əkək. O da onunla razılaşaraq 2 hektar ərazidə onun poçt vasitəsi ilə toxum üçun göndədiyi 900 manat pulu alaraq və digər becərmə işlərini görərək noxud əkmişlər. Noxud biçinindən sonra onu da sata bilmədiklərindən Gülyaza 2 ton həmin sahədən yığılan noxud məhsulunu vermişlər. Bununla Gülyaz narazı qalmışdı ki, sən mənim məhsulumun 1 kiloqramını 4 manatdan satıb pulunu verməliydin. O, ona deyilən qiymətə noxudu sata bilmədiyini bildirdikdə, Gülyaz ondan narazı qalmış və onu hədələmişdir. 2 ton noxudun bazar dəyəri 1 kiloqramı 4 manat idi ki, 2 ton noxud məhsulunun qiyməti 8000 (səkkiz min) manat edir. Bundan əlavə həmin ili sarımsaq məhsulundan da 4 ton sarımsaq məhsulunu Güyaz Rüstəmova 30-ci Polis Bölməsinin təhqiqatçısı Vüqar İsizadə, həmin bölmənin əməliyyat müvəkkilləri Etibar və Eldəniz adlı şəxslər Ağsu rayonu Ağabəyli kəndindən aparıb Gülyaza təhvil vermişlər. O özü sarımsağın toxumunu 6 manatadm alıb əkmişdir. İdiaçı İddiaçı görüb ki, onların həyətdə 5 min ədəd yonca tayası, 10 ton arpa, 25 metr uzununda 8 metr enində mal tövləsi var, 6,28 ha çöldə torpaq sahəsi var, ona görə təklif etmişdi ki, qoyun alsınlar, ona indi lazım deyil, qalsın artsın, 10 ildən sonra qızı ərə gedəndə, oğlunu evlənəndə onlara ev alar. Sarımsaqla bağlı problem olanda Gülyaz demişdi ki, onun qoyduğu xərci qaytarsın. O deyib ki, pul sarımsaqda və heyvanlardadır, götür apar. O isə demişdi ki, ”Səni doğuzduracam”. Polisin əli ilə 6000 manat pul verilib, bu qətnamədə göstərilib, 6 min manat isə 2018-cilin Qurban bayramında qoyunlar satılaraq Gülyaza verilib. Oğlu da qoyunların satışında iştirak edibdir. Sarımsaq satılanda 1000 manat da ona göndərilib, bundan əlavə 3 ədəd xırda dana sataraq ona 1700 manat da pul göndərmişdir. Qətnamədə onun 30-cu Polos Bölməsinin 05 dekabr 2018-ci il tarixli qərarında “izahat” verərək guya 33.300 manat məbləğində pulun İddiaçı almağı barədə etirafedici izahat verməyini məhkəmənin sübut kimi qəbul etdiyini və buna görə iddia tələbini qismən təmin etməsi barədə vəkilinin izahatından sonra o tam əmin olmuşdur ki, İddiaçı kimlərləsə bu barədə danışmaqla belə bir “qərar” və ya “izahat” əldə edərək məhkəməyə təqdim etmiş və adı çəkilən qətnaməni əldə etmişdir. Çünki o 33.300 manat pul almamışdırsa, bunu harada və kimə deyə bilər?! O, istər Ağsu rayon Polis şöbəsində və istərsə də 30-ci Polis Bölməsində dəfələrlə izahatlat vermişdir, nə alıb, nə verdiyini də düzgün olaraq yazıb təqdim etmişdir. Bundan sonra iş üzrə vəkili Ağsu rayon Məhkəməsində iş materialları ilə tanış olmuş, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin təhqiqatçısının 05 dekabr 2018-ci il tarixli qərarını və izahatları götürmüş, Ağsu rayon Polis şöbəsinə sorğu verərək oradan 12.05.2020-ci il tarixli məktub və təhqiqat materiallarının surətini götürmüş, bundan əlavə Suraxanı rayonu Polis İdarəsinin 30-ci Polis Bölməsinə sorğu verərək 2018-ci ilin təhqiqat materiallarının surətini almışdır Əvvəla onu qeyd etmək lazımdır ki, İddiaçı Ağsu rayon Məhkəməsinə verdiyi iddia ərizəsində qeyd edir ki, guya o və qohumları Ağsu rayon Polis Şöbəsində izahat verən zaman orada ondan 33.300 manat pulun alınmasını, həmin pula fermer təsərrüfatı yaratmasını və həmin təsərrüfatdan gəlir əldə etməsini tam etiraf etdiyini yazması tam yalan olduğu həmin materiallarla təsdiq olunur. Orada həm o, həm İddiaçı və həm də anası Minə Tərlanova izahat vermişdir. (Bunu təsdiq edən həmin 7 vərəqədən ibarət materialların surəti əlavə olunur). Bundan əlavə iş üzrə vəkili Suraxanı rayon Polis İdarəsinin 30-ci Polis bölməsinə 22.10.2021-ci il tarixində sorğu verərək vət. İddiaçı Cavabdeh barəsində verdiyi ərizəyə əsasən toplanmış materialların və qərarların surətini istəmiş, bu şöbə özünün 30.10.2021ci il tarixli 11249-122 saylı məktubu ilə 13 vərəqədən ibarət sənədləri təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsində bu işlə bağlı 05 dekabr 2018-ci il tarixində və 15 may 2019-cu il tarixlərində cinayət işinin başlanılmasnın rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi və Ağsu rayon Məhkəməsinin də sübut kimi istinad etdiyi Suarxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin bu işlə bağlı 05 dekabr 2018-ci il tarixli qərarı ilə Vəkil sorğusu vasitəsi ilə bu Bölmədən əldə etdiyi həmin 05 dekabr 2018-ci il tarixli qərarı müqayisə etməklə aydın görünür ki, İddiaçı həmin qərarı sonradan onun məzmununda dəyişiklik edilməklə yəni, onu saxtalaşdırmaqla məhkəməyə təqdim etmişdir. Belə ki, vəkil sorğusu vasitəsi ilə əldə olunan qərar 2 vərəqədən ibarətdir, İddiaçı təqdim etdiyi qərar isə 1 vərəqədən ibarətdir. Vəkil sorğusu vasitəsi ilə əldə olunan qərarda “İddiaçı heç bir şikayətinin olmadığını, yaxın günlərdə şikayətinin olmaması ilə bağlı PŞ-nə yaxınlaşaraq ərizə yazacağını bildirmiş, 04.12.2018-ci il tarixində ərizə ilə müraciət edərək heç bir şikayət və tələbinin olmadığını, buna görə də aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir”. Lakin məhkəməyə təqdim edilmiş 05 dekabr 2018-ci il tarixli qərarda isə yazılır ki, “Araşdırma zamanı vət. Cavabdeh Sədərddin oğlu öz izahatında bildirmişdir ki, Ağsu rayonu, Ağabəyli kəndində fərdi təsərrüfatında ferma yaratmaq məqsədi ilə İddiaçı ilə birgə iş qurmaq fikrinə gəldiyini, bu məqsədlə sonuncudan hissə-hissə ümumilikdə 33.300 manat pul aldığını bildirmiş, həmin vəsaitədə Ağsu rayonu Ağabəyli kəndində fermer təsərrüfatı yaratdığını bildirmişdir.” Bu qərarın sonradan saxtalaşdırılaraq hazırlandığını həm də belə çoxsaylı faktlat təsdi edir ki, 2018-ci ildə aparılmış təhqiqat sənədləri Polis Bölməsinin dəftəxanasına təhvil verilir və orada bütün sənədlər sistemə yerləşdirilir, əgər sorğu verilirsə, bu sənədlərin surətlərini dəftərxana müdiri sistemdən çıxararaq verir. Vəkil də bu qaydada həmin metirialları əldə etmişdir. Lakin İddiaçı məhkəməyə təqdim etdiy 05 dekabr 2018-ci il tarixli qərar surət yox, təhqiqatçının imzası ilə təsdiq olunan “orijinal” qərardır. Bundan əlavə mülki işin 82-ci səhifəsində İddiaçı Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin rəisinin adma 11 iyul 2021-ci il tarixli ərizəsi vardır ki, bu ərizədə iddiaçı “məhkəməyə müraciət etdiyini və bununla bağlı Ramilin yenidən Polis şöbəsində ilkin yazmış olduğu izahatının alınmasına köməklik edilməsini” xahiş etmişdir. Həmin ərizəyə əsasən, bu mülki işin 81-ci səhifəsində olan X1 adından izahat yazılmış, həmin izahatada qeyd olunur ki, “mən 2017- ci ildə tanışım Yeganə vasitəsi ilə həmkəndlim İddiaçı ilə tanış olub birlikdə Ağsu rayonu, Ağabəyli kəndində mal-qara təsərrüfatı qurmaq qərarına gəldik və bu məqsədlə ayrı-ayrı vaxtlarda 33.300 manat pul aldım və mən razılaşdım ki, hər il əldə olunmuş qazancdan 1000 min manat verəcəyim barədə razılaşdıq”. Bu izahata baxanda aydın görünür ki, bu izahat da 05 dekabr 2018-ci il tarixli qərarla birlikdə hazırlanmışdır, çünki bu izahatın nə vaxt yazıldığı, onun tarixi, izahatı alan vəzifəli şəxsin adı, vəzifəsi və s göstərilməyib. Sonda isə bu izahatı alan vəzifəli şəxs onu imzalamayıb. Bu izahatla bağlı bldirir ki, 2021-ci ilin yayında onu təhqiatçı Vüqar İsizadə və əməliyyat müvəkkili Etibar axtarırdı. “Səninlə görüşək, bir kağız var, onu imzala.” X3 evlərində görüşmüşlər. Orada o, anası Tərlanova Minə, dostu Ceyhun, Etibarın anası Aytəkin, Etibar, Vüqar və başqa bir polis əməkdaşı var idi. Orada təhqiqatçı Vüqar kağızda yazdı ki, həmkəndlisi Gülyazla qurduqları təsərrüfat iflasa uğradığından görə heç bir gəlir əldə olunayıb, sən bura qol çək bu izahat məhkəməyə verəcəyik. O da onu imzalamışdır. O ancaq bu sözləri oxumuşdur, o da imzalamışdır. Amma məhkəməyə tədqim olunan izahatda isə başqa cür yazılıb. İzahatdan da görünür ki, o, onu oxumamışdır. Ona görə də AR-sı MPM-nin 204-cü maddəsinin tələbinə görə bu saxta sənədlər sübutlar sırasından çıxarılmalı, iddiaçıdan müvafiq izahat tələb olunmaldır. Mükli işin 38-44-cü vərəqində Ağsu rayon Polsi şöbəsindən əldə edilmiş təhqiqat materialları vardır ki, orada həm Gülyaz Rüsəmovanın, həm onun, həm də anası X2 izahatları vardır ki, məhkəmə bilərəkdən bu sənədlərə istinad etməmişdir. Həmin materialda olan izahatında anası bildirir ki, Gülyaz onunla şərikli təssərrüfat qurmuş, müxtəlif vaxtlarda ümumilikdə 8000 manat pul qoymuş, onlar da həmin pula 40 baş xırda buynuzlu heyvan alaraq saxlamış, həmin heyvandan olan 3000 manata pulu qazanc olaraq yarı bölmüşlər. Şərikli təsərrüfatda özündən 1500 bağ yonca, 10 ton arpa, 30 metrəlik mal tövləsi, 1 ha həyətyanı və 6 ha çöl sahəsindən istifadə olunmuş, 4 nəfər ailə üzvləri ilə həmin təsərrüfatda fəhlə kimi işləmişlər. Onun hazırda İddiaçı borcu yoxdur, oğlu Ramil barəsində 34.300 manat pul verməsi barədə yazdıqları şər və böhtandır. Lakin bu şəxs məhkəmədə şahid qismində dindirilməmiş, eyni zamanda təsərrüffatda fəhlə kimi işləyən və iddiaçının adını çəkdiyi digər şəxslərdən heç kim dindirilməmişdir. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(016)- 141/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 23 sentyabr 2021ci il tarixli 2(016)-141/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, həmçinin Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən götürülmüş rədd materialını, həmçinin Ağsu rayon Polis Şöbəsindən götürülmüş rədd materialının surətini öyrənib, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(016)-141/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı 63300 manat pul tələbinə dair iddiası qismən - 11590 manat həcmində təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh 11590 manat pul alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısının, İddiaçı DİN-in 102 zəng xidmətinə müraciəti və Cavabdeh ilə şərikli təsərrüfat sahəsi yaradaraq həmin təsərrüfata ümumilikdə 33300 manat pul verməsi və həmin məbləğdən ödəniş etməməsinə dair ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 dekabr 2018-ci il tarixli qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 05 dekabr 2018-ci il tarixli qərarda Cavabdeh izahatında İddiaçı hissə-hissə olmaqla, ümumilikdə 33.300 manat məbləğində pul alaraq fermer təsərrüfatı yaratdığını, iş qurduqdan sonra İddiaçı 6000 manat pul ayırdığını, lakin sonradan təsərrüfatda yaranmış problemlərlə bağlı pul qaytara bilmədiyini, 2019-cu ilin oktyabr ayının əvvəlinə kimi aldığı pulu qaytaracağını qeyd etmişdir. Həmin qərar Suraxanı rayon prokuroru Rəhim Əliyevin 30 aprel 2019-cu il tarixli qərarı ilə əsassız olduğundan ləğv edilmişdir. Yenidən araşdırma aparan Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısının, İddiaçı DİN-in 102 zəng xidmətinə müraciəti və Cavabdeh ilə şərikli təsərrüfat sahəsi yaradaraq həmin təsərrüfata ümumilikdə 33300 manat pul verməsi və həmin məbləğdən ödəniş etməməsinə dair ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 may 2018-ci il tarixli qərarı qəbul edilmişdir. 15 may 2018-ci il tarixli qərarda Cavabdeh izahatında İddiaçı hissə-hissə - 4500, 1500, 1000, 3500, 1500, 1500, 1700, 1900 və 900 olmaqla, ümumilikdə 18.000 manat məbləğində pul alaraq fermer təsərrüfatı yaratdığını, təsərrüfatdan əldə etdiyi gəlirləri Gülyaz xanımla şərikli formada böldüyünü göstərmişdir. Ağsu rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh verdiyi 12 may 2020-ci il tarixli izahatda onun təqribən 3 il əvvəl İddiaçı ilə təsərrüfat qurduğu, şərikliklə sarımsaq və noxud əkdiyi, əldə edilən gəliri aralarında böldüklərini, sonuncuya 2 ton noxud verdiyini, sarımsağı sata bilmədiklərini, sonuncudan noxud əkmək üçün 900 manat, inək almaq üçün 1750 manat aldığını bildirmişdir. 15 may 2018-ci il tarixli qərarda Cavabdeh izahatında İddiaçı hissə-hissə - 4500, 1500, 1000, 3500, 1500, 1500, 1700, 1900 və 900 olmaqla, ümumilikdə 18.000 manat məbləğində pul alaraq fermer təsərrüfatı yaratdığını, təsərrüfatdan əldə etdiyi gəlirləri Gülyaz xanımla şərikli formada böldüyünü göstərmişdir. Şahid Babaşova Yeganə Mənsim qızı məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı qonşusu olmaqla yaxın münasibətləri vardır, cavabdehlə isə qohumdurlar. İddiaçı rayonda təsərrüfatla məşğul olduğunu bildirdiyindən bu işdə qohumu Cavabdeh ona kömək edəcəyini qeyd etmişdir. Ona görə də Gülyazı Ramillə tanış eləmiş, Gülyaz planları barədə Ramilə danışmışdır. Onlar birlikdə təsərrüfat yaratmaq və əldə edilmiş gəlirdən hər il Gülyaza 10000 manat pul verəcəyi barədə razılığa gəlmişlər. Bu barədə iddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda ümumilikdə 33300 manat məbləğində pul vermişdir. Lakin Ramil aralarında olan razılığa əməl etməmiş, əldə edilmiş gəlirdən yalnız iddiaçıya 6000 manat pul qaytarmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 442-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, İddiaçı rəfiqəsi Yeganə Babaşovanın vasitəsi ilə tanıdığı Cavabdehla təsərrüfat qurmaq barədə razılığa gəlmiş, İddiaçı ayrı-ayrı vaxtlarda Cavabdeh ümumilikdə 33300 manat məbləğində verdiyi pul müqabilində, sarımsaq, noxud məhsulu əkmiş, lakin əkilmiş sarımsaq məhsulundan gəlir əldə edilmədiyindən xırda və iri buynuzlu heyvanlar alaraq mal-qara təsərrüfatı ilə məşğul olmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiçının ona 33300 manat məbləğində pul vermədiyini, yalnız ayrı-ayrı vaxtlarda təsərrüfat işlərinin həyata keçirilməsi üçün iddiaçının ona 2700, 1400, 1750 manat (cəmi 5850 manat) məbləğində pul verdiyini, həmin məbləğlərlə sarımsaq və noxud məhsulları əldə etsələrdə məhsulun ucuz olması səbəbindən gəlir əldə edə bilmədiklərini, xırda və iri buynuzlu heyvanların saxlanılması ilə məşğul olduqlarını və həmin heyvanları satmaqla iddiaçıya 6000 manat verdiyini bildirmişdir. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısının 05 dekabr 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında Cavabdeh verdiyi izahatında İddiaçı hissə-hissə olmaqla ümumilikdə 33300 manat pul aldığını, ona əldə edilmiş gəlirdən 6000 manat məbləğində pul ayırdığını, sonradan təsərrüfatda yaranmış problemlərlə bağlı pul qaytara bilmədiyini, 2019-cu ilin oktyabr ayının əvvəlinə kimi aldığı pulu qaytaracağını qeyd etmişdir. Göründüyü kimi cavabdeh məhkəmə iclasında iddiaçıdan 33300 manat məbləğində pul almasını təkzib etsədə, iş materiallarına əlavə edilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısının 05 dekabr 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı üzrə qeyd edilmiş izahatında iddiaçıdan təsərrüfat yaratmaq məqsədilə 33300 manat məbləğində pul almasını, hər bir halda iddiaçıya 6000 manat pul qaytarmasını etiraf etmişdir. Bu hal iş üzrə şahid qismində dindirilmiş Yeganə Babaşovanın ifadəsi ilə də sübuta yetirilir. Bundan başqa iddiaçı iddia ərizəsi üzrə tələbində cavabdehdən 33300 manat pul tələb etdiyini qeyd etsə də, məhkəmə iclasında cavabdeh tərəfindən 6000 manat məbləğində pulun qaytarılmasını qeyd etməklə iddia tələbini qismən müdafiə etmişdir. Beləliklə, İddiaçı Cavabdehla birlikdə təsərrüfat yaratmaları üçün cavabdehə 33300 manat məbləğində pul verməsi, həmin məbləğdən 6000 manat iddiçıya cavabdeh tərəfindən qaytarılması sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia həmin hissədə qismən təmin edilərək, Cavabdeh 27,300 manat (33,300–6000 = 27,300 manat) məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “ümumi gəlirdən əldə edilmiş qazancdan 30000 manat pul tutulması”na dair hissəsini araşdıraraq, hesab etmişdir ki, tələb bu hissədə əsassızdır. Ona görə ki, iddiaçı həmin halların təsdiqi kimi iş materiallarına hər hansı sənəd əlavə etməmiş, tələbinin əsasını hər hansı sübutla təsdiq edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır. Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apelyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apelyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apelyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 və 442-ci maddələrinə istinad etməklə kifayətlənmiş, gəldiyi nəticənin maddi hüquqi əsaslarını yetərincə əsaslandırmamış, tətbiq edilməli olan qanun normalarını tətbiq etməmişdir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 780.2-ci maddəsinə əsasən əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdeh məhkəmə kollegiyasının iclaslarında verdiyi izahatlarda iddiaçıdan 18000 manat pul aldığını etiraf etməmişdir. O, iddiaçıdan sonuncunun tapşırıqlarını yerinə yetirmək üçün, yəni təsərrüfat - əkin-biçin işləri aparmaq üçün, mal-qara almaq üçün cəmi təqribən 8000 manat pul aldığını etiraf etmişdir. Suraxanı rayon polis İdarəsində verdiyi izahatla bağlı isə həmin izahatı təhqiqatçının yazdığını və onun oxumadan imzalaması ilə təsdiq etdiyini göstərdi. Aldığı pulların əvəzində isə iddiaçıya qoyunları satmaqla əldə etdiyi 6000 manat, 40 kisədə hər birinin çəkisi 50 kiloqram olmaqla və bir kiloqramının qiyməti 4 manat olan 8000 manatlıq 2000 kiloqram noxud, hər kiloqramının qiyməti 3 manat olan 9000 manat dəyərində 3000 kiloqram sarımsaq, hər birinin qiyməti 250 manat olan 1250 manat dəyərində 5 ədəd qoyun, hər kiloqramının qiyməti 4 manat olan 1000 manat dəyərində 250 kq qoyun yunu və 1700 manat əlavə pul verdiyini göstərdi. İddiaçı isə cavabdehin ona qoyunları satmaqla əldə etdiyi 6300 manatdan 3000 manatını və ayrı-ayrı vaxtlarda 3 dəfə isə hər dəfə 1000 manat olmaqla cəmi 6000 manat pul verdiyini, həmçinin hər kiloqramının qiyməti 1 manat olan hər kisədə 40 kq olmaqla 5 kisədə 200 manat dəyərində 200 kq noxud və hər kiloqramının qiyməti 1.40 manat olan hər kisədə 25 kq olmaqla 6 kisədə 210 manat dəyərində 150 kq sarımsaq verdiyini bildirdi. Cavabdeh iddiaçıya satılmış qoyunların pulundan 3000 manat deyil, 6000 manat verdiyini, 200 manat dəyərində 200 kq deyil, 8000 manat dəyərində 2000 kiloqram noxud, 210 manat dəyərində 150 kq deyil, 9000 manat dəyərində 3000 kiloqram sarımsaq, 1250 manat dəyərində 5 ədəd qoyun, 1000 manat dəyərində 250 kq qoyun yunu və 1700 manat əlavə pul verməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı da cavabdehə təsərrüfat qurmaq üçün ayrı-ayrı vaxtlarda və ya bir dəfəyə 33300 manat verdiyini, həmçinin cavabdehin ona 30000 manat gəlir verməli olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, yalnız 18000 manat verdiyini sübut edə bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ayrı-ayrı vaxtlarda iddiaçıya verilmiş 6000 manat, həmçinin hər kisədə 40 kq olmaqla və noxudun kiloqramının qiyməti 1 manatdan hesablanmaqla 5 kisə noxudun qiyməti olan 200 manat (5x40=200x1=200) və hər kisə 25 kq olmaqla və sarımsağın qiyməti 1.4 manatdan hesablanmaqla 6 kisə sarımsağın qiyməti olan 210 manat (6x25=150x1.4=210) iddiaçıya qaytarılmalı olan 18000 manatdan çıxılmalı, yerdə qalan 11590 manat (18000-6410=11590) Cavabdeh alınaraq İddiaçı verilməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən – 27500 manat həcmində təmin edilməsini qət edərkən konkret olaraq iddia tələbinin qanuni əsasını özündə əks etdirən maddi hüquq normasına istinad etmədiyindən, həmçinin iş üzrə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(016)-141/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı 63300 manat pul tələbinə dair iddiası qismən - 11590 manat həcmində təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh 11590 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ağsu Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(016)-141/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 63300 manat pul tələbinə dair iddiası qismən - 11590 manat həcmində təmin edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 11590 manat pul alınaraq İddiaçı verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən Ələddin Məcidov
Məhkəmə qərarları › İş №2(107)-218/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-218/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver