Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2187/2020 01.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, onun vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakların evdən və həyətyanı torpaq sahəsindən çıxarılması, evin və həyətyanı torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-295/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh məxsus olan əmlakların onun xüsusi mülkiyyətində olan, Oğuz rayonu Yemişənli kəndində yerləşən evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılması, həmin evin və həyətyanı torpaq sahəsi boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-295/2020 nömrəli (hakim K.Süleymanov) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh məxsus əmlaklar Oğuz rayonu Yemişənli kəndində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, 112,6 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evindən və evin yerləşdiyi 0,12 hektar həyətyanı torpaq sahəsindən çıxarılması, həmin ev və həyətyanı torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi, məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləği Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Fərdi yaşayış evinin texniki pasportu və xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən onun Oğuz rayonu Yemişənli kəndində, xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsində yerləşən, 112,6 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi vardır. Həmin evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən bir müddət onun razılığı ilə qardaşı X4 və onun keçmiş arvadı - hazırki iş üzrə Cavabdeh istifadə etmişlər. Qardaşı ilə cavabdeh arasında bağlanmış nikah hazırda rəsmi şəkildə pozulmuşdur.Qardaşı ilə cavabdeh hələ nikah pozulmamışdan əvvəl həmin evi tərk etmişlər. Cavabdeh xeyli müddətdir ki, Oğuz rayonu Padar kəndində öz valideynlərinə məxsus olan evdə yaşayır. Buna baxmayaraq cavabdeh ona məxsus olan evdə olan cehiz əşyalarını və digər əmlaklarını götürüb evi boşaltmaq istəmir. Cavabdehdən özünə məxsus əmlakları könüllü olaraq götürüb aparmasını dəfələrlə xahiş etmişdir. Ancaq cavabdeh özünə məxsus əmlakları götürüb aparmaqdan imtina etmişdir və bu hal bir ilə yaxındır ki, davam edir. Bu səbəbdən o, xüsusi mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən istifadə edərək özünə məxsus əmlaklar üzərində mülkiyyət hüquqlarını tam və sərbəst şəkildə həyata keçirə bilmir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Oğuz Rayon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən sübutlara düzgün qiymət verməmiş, əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə qanunsuz, əsassız, birtərəfli və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Belə ki, keçmiş həyat yoldaşı ilə aralarında olan nikah Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və mən faktiki olaraq yaşadığı evdən 2 ilə yaxındır ki çıxaraq Oğuz rayonu, Padar kəndində yerləşən evdə valideynlərilə birlikdə yaşayır. Ötən müddət ərzində dəfələrlə əvvəllər yaşadığı evə gedərək özünə məxsus cehiz və məişət əşyalarının vəziyyəti ilə tanış olmaq istəmiş, lakin iddiaçı tərəfindən həmin evə və həyətyanı sahəyə buraxılmamışdır. Hazırki vəziyyətdə ona məxsus əşyalar yalnız yaşayış evində yerləşməklə, həmin əşyaların nədən, hansı növ və cinsdən ibarət olduğu belə tam dəqiqliklə yadında qalmamışdır. Lakin məhkəmə ona məxsus əmlakların nədən ibarət olduğunu müəyyən etmədən və həmin əmlakların iddiaçıya məxsus torpaq sahəsində yerləşmədiyini nəzərə almadan, ona məxsus əmlakın evdən və həyətyanı torpaq sahəsindən çıxarılarmaqla, ev və torpaq sahəsini boşaldaraq iddiaçıya təhvil verməsi barədə absurd bir qətnamə qəbul etmişdir. Halbuki, o, iddiaçıya məxsus torpaq sahəsini nə zəbt etmiş, nə də həmin torpaq sahəsində ona məxsus hər hansı əmlak yerləşmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli əmlak iddiaçıya məxsus olmasına baxmayaraq onun da həmin evdə əziyyəti var. Hazırda əmlakları çıxarmağa yeri yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli ev onun şəxsi mülkiyyətindədir. O,cavabdehə məhkəmədən kənar qaydada nə qədər vaxt versə də, cavabdeh əşyaları çıxarmaqdan imtina etmişdir. Odur ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qətnamənin ləğvi üçün heç bir əsas yoxdur. İddiaçı əmlakın mülkiyyətçisidir. Odur ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8. maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, işin mübahisəsiz halından göründüyü kimi mübahisəsi gedən əmlak xüsusi mülkiyyət hüuqu ilə iddiaçıya məxsusdur, cavabdein isə həmin evdə hər hansı hüququnun olması müəyyən edilməmişdir. İkinci, cavabdeh özünün də həmin evdə hüququnun olmasını bildirsə də, apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə vərəsəliyin açılması zamanı miras əmlakdan imtina etdiyini özü etiraf etmişdir. Üçüncü, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmaqla, cavabdehə məxsus olan əşyalar qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan evə mülkiyyət hüququna malik olmaqla cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-295/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2187/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2187/2020
01.12.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver