Məhkəmə qərarları › İş №2(107)-2188/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2188/2021

09.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2188/2021 09.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sair tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, vurulmuş ziyan, ekspertiza, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək Cavabdeh İddiaçı məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən RX seriyalı ******* nömrəli dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,9899 ha torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılmasına, həmin torpaq sahəsinin ona təhvil verilməsinə, vurduğu ziyana görə dirəklərin basdırılma xərcləri olan 42 manat, ödənilmiş dövlət rüsumu 30 manat, vəkilə ödənilmiş xidmət 200 manat, 2019-cu ildə oğurladığı fındıq məhsulunun qiyməti 975,80 manat, 2020-ci ildə oğurladığı fındıq məhsulunun qiyməti 590,40 manat, şərəf və ləyaqətlərini alçaltdığı və nüfuza xələl gətirdiyi üçün vurduğu mənəvi zərərə görə 5000 manat məbləğində, cəmi 6838,20 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı xüsusi mülkiyyətində Zaqatala rayonu Aşağı Tala kəndində 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini Zaqatala rayonu 2 saylı Notariat Kontorunda 4Ə-422 reyestr nömrəli, 14.03.2019-cu il tarixli alqı- satqı müqaviləsi ilə almışdır. Həmin torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq 10.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı, ******* nömrəli Dövlət reyestrindən Çıxarış da verilmişdir. Həmin torpaq sahəsində fındıq ağacları vardır. Torpaq sahəsini aldıqdan sonra torpaq sahəsinin sərhədlərində tikanlı məftil çəkilməsi üçün İddiaçı tərəfindən dirəklər basdırılmışdır. Cavabdeh, nümayəndəsi olduğu qardaşı İddiaçı xəbərsiz olaraq həmin torpaq sahəsinin özünə məxsus olduğunu iddia edərək qardaşına məxsus torpaq sahəsinə girmiş və qardaşına məxsus 48 topa fındıq ağaclarından fındıq məhsulunu yığaraq oğurlamışdır. Bundan başqa, torpaq sahəsində basdırdılmış dirəkləri qanunsuz olaraq çıxarmışdır. Cavabdehin qanunsuz hərəkətləri barədə, yəni həmin bağdan fındıq yığaraq oğurlaması və dirəyin çıxarılması barədə Zaqatala rayon polis şöbəsinə müraciət etmişdir. Bununla bağlı polis şöbəsində müvafiq araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh ona məxsus fındıq məhsulunu oğurladığını, basdırılmış dirəkləri çıxardığını etiraf etmişdir. X12 Cavabdeh bu əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlmişdir. Eyni zamanda polis şöbəsi izah etmişdir ki, bu mübahisə mülki xarakteri olduğundan məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Lakin hesab edir ki, məhkəmə iclasında da Cavabdeh fındıq məhsulun oğurladığı sübuta yetirilərsə, onun barəsində oğurluq maddəsi ilə cinayət işinin başlanılması üçün yenidən rayon prokurorluğuna müraciət edəcək. Halhazırda həmin torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunaraq istifadə olunur və qardaşının mülkiyyət hüququ cavabdeh tərəfindən qanunsuz olaraq pozulur. Buna görə də, məhkəmə qərarı ilə qardaşına məxsus torpaq sahəsindən cavabdeh çıxarılmalı, pozulmuş hüquqları məhkəmə tərəfindən müdafiə olunmalıdır. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxması tələb olunsa da, cavabdeh torpaqdan çıxmaq istəmir. Cavabdeh qardaşına məxsus fındıq bağının məhsulunu yığaraq və dirəkləri çıxararaq ona maddi ziyan vurmuşdur. Beləliklə, cavabdeh onlara maddi ziyan, həmçinin qardaşı barəsində həqiqətə uyğun olmayan ərizə yazaraq onun nüfuzuna da xələl gətirmiş və nəticədə mənəvi ziyan da vurmuşdur. Zaqatala Rayon Məhkəməsinin qərardadına əsasən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyi ilə tanış olmuşdur. İddia ərizəsində göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsinin verdiyi 15.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş sxemə uyğun olaraq zəbt etdiyi 0,21 ha hissəsindən çıxarılması, torpaq sahəsinin həmin hissəsi İddiaçı təhvil verilməsi, Cavabdeh maddi zərərin əvəzi olaraq 2019-cu il üçün məhsuldarlıq göstəricisi olan 975,80 (doqquz yüz yetmiş beş manat səksən qəpik) manat və 2020-ci il üçün məhsuldarlıq göstəricisi olan 590,40 (beş yüz doxsan manat qırx qəpik) manat, cəmi 1566,20 (bir min beş yüz altmış altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsi rədd edilməsi, iddiaçı tərəfindən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olan 200 (iki yüz) manat Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh 220 (iki yüz iyirmi) manat mütəxəssis xərci alınaraq- Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməsi, 50 (əlli) manat ekspertiza xərci isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3 kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Cavabdeh 60 (altmış) manat mütəxəssis xərci alınaraq- Bankın adı: ASC X13, Kod: 504216, VÖEN: **********, Müxbir hesab: AZ24NABZ********************, S.W.İ.F.T.Bik: HAJCAZ 22, Hesab nömrəsi: AZ60 HAJC NCRA ZN00 1000 9122 2001 hesaba ödənilməsi, iddiaçının dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında İddiaçı adına 15 aprel 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Hazırda Cavabdeh İddiaçı məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 ha hissəsini zəbt etmişdir. Cavabdeh iddiaçının həmin torpaq sahəsindən istifadə və sahiblik etməsinə maneçilik törədir. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını və həmin torpaq sahəsinin ona təhvil verilməsini, eyni zamanda ona dəymiş maddi və mənəvi zərəri tələb edir. 115 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində aparılmış qeydiyyata əsasən Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına 15 aprel 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Nümayəndə tərəfindən 200 manat xidmət pulu ödənilmişdir. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Layihə-X10 Məsuliyyətli Cəmiyyəti Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hazırda istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür və həmin torpaq sahəsinin 0,21 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Mütəxəssisin rəyində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hazırda istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür və həmin torpaq sahəsinin 0,21 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İş materiallarına əlavə edilmiş ********** saylı xidməti tapşırığa əsasən mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərci, smetası N: 02/09/110 ümumi smeta dəyəri 220 manat təşkil etmişdir. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə mübahisəli Zaqatala rayonu Aşağı Tala kəndində keçirilmiş baxış zamanı müəyyən etmişdir ki, hazırda mübahisəli torpaq sahəsi olan 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 ha hissəsi iddiaçı tərəfindən istifadə edilmir. Həmin torpaq sahəsində fındıq ağacları mövcuddur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X2 Dayaq Məntəqəsinin aqronomu tərəfindən fındıq ağaclarının sayının və dəyərinin müəyyən edilməsi məqsədilə baxış keçirildi. Fındıq ağacları tərəflərin və mütəxəssisin iştirakı ilə sayıldı. Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən İddiaçı məxsus RX seriyalı ******* nömrəli çıxarışda qeyd olunmuş kənd təsərrüfatı təyinatlı 0,98 ha ərazinin 0,21 ha hissəsində yerləşən torpaq sahəsinə baxış zamanı həmin sahədə (0,21 ha) 41 ədəd fındıq ağacı olduğu müəyyən edilmişdir. 2019-cu ildə hər fındıq ağacının payına düşən məhsuldarlıq göstəricisi 7 kq., 1 kq. fındıq məhsulunun bazar qiyməti isə 3,40 manat dəyərində olduğu müəyyən edilmişdir. Cəmi: 287 kq. fındıq-975,80 manat. 2020-ci ildə hər fındıq ağacının payına düşən məhsuldarlıq göstəricisi 4 kq., 1 kq. fındıq məhsulunun bazar qiyməti isə 3,60 manat dəyərində olduğu müəyyən edilmişdir. Cəmi: 164 kq-590,40 manat. Göstərilən xidmətə görə xidmət haqqı 60 manat müəyyən edilmişdir. Eyni zamanda müəyyən etmişdir ki, , qeyd edilən daşınmaz əmlak 15 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında iş üzrə iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdehin isə həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsindən, həmin torpaq sahəsinin iddiaçıya məxsus olmasından məlumatı olmuş, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,21 ha hissəsini zəbt etmişdir. İddiaçı tərəf, həmin torpaq sahəsini adına rəsmiləşdirdikdən sonra, yəni 2019-cu il və 2020-ci il tarixdə cavabdeh həmin torpaq sahəsinin 0,21 ha hissəsində olan fındıq məhsulunu yığmış, nəticədə iddiaçıya 2019-cu il tarixdə 975,80 manat, 2020-ci il tarixdə isə 590,40 manat zərər vurmuşdur. Qeyd olunan hal Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X2 Dayaq Məntəqəsinin rəyi ilə öz təsdiqini tapmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. İddiaçı Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh iddiaçıya məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 ha hissəsini zəbt etmişdir. Cavabdehin torpaq sahəsinin həmin hissəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehin hər hansı hüququ əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Buna görə də, məhkəmə hesab etmişdir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh iddiaçıya məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 ha hissəsindən çıxarılmalı, torpaq sahəsinin zəbt olunmuş həmin hissəsi İddiaçı təhvil verilməlidir. Məhkəmə daha sonra iddia tələbinin “2019-cu ildə cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən yığdığı fındıq məhsuluna görə 975,80 manat ziyanın və 2020-ci ildə cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən yığdığı fındıq məhsuluna görə 590,40 manat ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Poladov X6 rayonu Aşağı Tala kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsinin verdiyi 15.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0,21 ha hissəsindən çıxarılmalı, torpaq sahəsinin həmin hissəsi İddiaçı təhvil verilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq 975,80 və 590,40 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. 220 manat mütəxəssis xərci cavabdehdən alınaraq- Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba, həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. 60 manat mütəxəssis xərci də cavabdehdən alınaraq- Bankın adı: ASC X13, Kod: 504216, VÖEN: **********, Müxbir hesab: AZ24NABZ********************, S.W.İ.F.T.Bik: HAJCAZ 22, Hesab nömrəsi: AZ60 HAJC NCRA ZN00 1000 9122 2001 hesaba ödənilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cü maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin X8rşı 04 oktyabr 2016-cı qərarı, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 №-li 14 may 1999-cu il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002- ci il tarixli qərarı, İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” iş (ECHR 1999), Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci, 111.2-ci, 111.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci, 21.1-ci, 21.2-ci,140-cı, 560.1-ci,1090.1-ci, 1090.2ci, 1092.2-ci, 1092.1.2-ci, 1092.3-cü, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci,115-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci,107-ci, 115.0.1-ci, 119.1-ci, 121.1-ci 217.4-cü, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları tam araşdırmamış, əsassız və qanunsuz qərar qəbul etmişdir. Zaqatala rayon Məhkəməsinin qərarını qanunsuz, ədalətsiz və əsassız hesab edərək Apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iddiaçı ilə aralarında torpaq sahəsinə dair mübahisə olduğunu, mülkiyyət hüququ üzrə özünə məxsus torpaq sahəsindən ıstıtadə etdiyini bildirmişdir. İddiaçın mülkiyyətində olan torpaq sahəsi əvvəllər onun mülkiyyətində olmuş, iddiaçıdan əvvəlki mülkiyyətçilərə torpaq sahəsini o satmışdır. Həmin yer əvvəlki mülkiyyətçilərə bölünərək satılan vaxtı DƏDRX-nin 18 saylı ərazi idarəsinin əməkdaşları gəlmiş, yeni əvvəlki mülkiyyətçilərin iştirakı ilə ölçmüş və torpaq sahəsi onlara həmin ölçüdə satılmışdır. Bunun üçün ekspert rəyi ilə razı olmadığını və yenidən ekspertiza keçirilməsini xahiş etmişdir. Ekspert rəyi tam əsaslandırılmamış, mütəxəssis rəyinə əsaslanmışdır. 11 sentyabr 2020-ci il tarixli 10/581 saylı ekspertiza rəyində QEYD yazılmışdır. QEYD hissəsi- Mübahisəli torpaq sahəsinə dair ərazinin elektron baza məlumatlarının mərkəzə təqdim olunması barədə 17.04.2020-ci U tarixli 10/581 saylı vəsatət verilməsinə baxmayaraq, ərazinin baza məlumatları (kompleks yerquruluşu xəritələri, pay torpaqlarının bölgü layihəsi) mərkəzə təqdim olunmamışdır. Buna görədə ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Ekspertiza tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli şəkildə tədqiqat aparılmadığı təqdirdə məhkəmənin cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 0.21 ha hıssəsinı zəbt etməsinə dair gəldiyi nəticə tam əsassızdır. Məhkəmə öz qərarında ekspert rəyinə deyil mütəxəssis rəyinə əsaslanmışdır. Bunun üçün əlavə eksperiza keçirilməlidir. Əlavə və təkrar ekspertizanın keçirilməsində məqsəd aparılmış tədqiqatdakı və ya rəydəki boşluğu aradan qaldırmaqdır. Hesab edir kı, həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, tərəflər arasındakı həqiqi faktlara əsaslanmamış, ekspert rəyinə deyil mütəxəssis rəyinə əsaslanmışdır. Qeyd edilənlərə əsasən o Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirmiş olsada qətnamənin tam həcmdə ləğvini tələb edir. Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmaqla iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 saylı qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, düzgün olaraq iddianı qismən təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında İddiaçı adına 15 aprel 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Hazırda Cavabdeh İddiaçı məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 ha hissəsini zəbt etmişdir. Cavabdeh iddiaçının həmin torpaq sahəsindən istifadə və sahiblik etməsinə maneçilik törədir. 115 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində aparılmış qeydiyyata əsasən Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına 15 aprel 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Layihə-X10 Məsuliyyətli Cəmiyyəti Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hazırda istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür və həmin torpaq sahəsinin 0,21 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Mütəxəssisin rəyində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hazırda istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür və həmin torpaq sahəsinin 0,21 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirmiş baxış zamanı müəyyən edilmişdir ki, hazırda mübahisəli torpaq sahəsi olan 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 ha hissəsi iddiaçı tərəfindən istifadə edilmir. Həmin torpaq sahəsində fındıq ağacları mövcuddur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X2 Dayaq Məntəqəsinin aqronomu tərəfindən fındıq ağaclarının sayının və dəyərinin müəyyən edilməsi məqsədilə baxış keçirilmişdir. Fındıq ağacları tərəflərin və mütəxəssisin iştirakı ilə sayılmışdır. Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən İddiaçı məxsus RX seriyalı ******* nömrəli çıxarışda qeyd olunmuş kənd təsərrüfatı təyinatlı 0,98 ha ərazinin 0,21 ha hissəsində yerləşən torpaq sahəsinə baxış zamanı həmin sahədə (0,21 ha) 41 ədəd fındıq ağacı olduğu müəyyən edilmişdir. 2019-cu ildə hər fındıq ağacının payına düşən məhsuldarlıq göstəricisi 7 kq., 1 kq. fındıq məhsulunun bazar qiyməti isə 3,40 manat dəyərində olduğu müəyyən edilmişdir. Cəmi: 287 kq. fındıq-975,80 manat. 2020-ci ildə hər fındıq ağacının payına düşən məhsuldarlıq göstəricisi 4 kq., 1 kq. fındıq məhsulunun bazar qiyməti isə 3,60 manat dəyərində olduğu müəyyən edilmişdir. Cəmi: 164 kq-590,40 manat. Göstərilən xidmətə görə xidmət haqqı 60 manat müəyyən edilmişdir. Eyni zamanda müəyyən etmişdir ki, qeyd edilən daşınmaz əmlak 15 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında iş üzrə iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdehin isə həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsindən, həmin torpaq sahəsinin iddiaçıya məxsus olmasından məlumatı olmuş, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,21 ha hissəsini zəbt etmişdir. İddiaçı tərəf, həmin torpaq sahəsini adına rəsmiləşdirdikdən sonra, yəni 2019-cu il və 2020-ci il tarixdə cavabdeh həmin torpaq sahəsinin 0,21 ha hissəsində olan fındıq məhsulunu yığmış, nəticədə iddiaçıya 2019-cu il tarixdə 975,80 manat, 2020-ci il tarixdə isə 590,40 manat zərər vurmuşdur. Qeyd olunan hal Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X1 Dayaq Məntəqəsinin rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəm kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandımış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı qismən təmin etmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, iddiaçın mülkiyyətində olan torpaq sahəsi əvvəllər onun mülkiyyətində olmuş, iddiaçıdan əvvəlki mülkiyyətçilərə torpaq sahəsini o satmışdır. Şikayət bu hissədə əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Apelyator mübahisəli torpaq sahəsinin əvvəllər özünün mülkiyyətində olması barədə hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Şikayətin ikinci dəlili isə ekspert rəyinin tam əsaslandırılmamasıdır. Şikayət bu hissədə də əsassızdır. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Apelyator isə ekspert rəyinin əsassız olmasına dair öz dəlillərini əsaslandıra bilməmiş, sübutlar təqdim etməmişdir. Kollegiya apelyatorun birinci instansiya məhkəməsi tərəfindən işin kifayət qədər araşdırılmaması barədə şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayət tam əsassızdır. 1.Birinci instansiya məhkəməsi tərəfindən Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Layihə-X10 Məsuliyyətli Cəmiyyəti Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyini almışdır. 2.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2020-ci il tarixli ekspert rəyi alınmışdır. 3. Mübahisəli Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən mübahisələndirilən torpaq sahəsinə mütəxəssisin iştirakı ilə yerində baxış keçirilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 saylı qətnaməsi mübahisələndirilən hissəsinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissəsinə münasibətdə təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 saylı qətnaməsi mübahisələndirilən hissəsinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar