Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-22/2023 22.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilən tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qaz kəmərinin mühafizə zonasında inşa edilən tikililərin sökülməsi, yüksək instansiya məhkəməsinin qanuni göstərişləri, ekspertiza məsələləri) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilən tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-41/2021 saylı, 2 fevral 2021-ci il tаrixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilən tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qəbələ rayonu, Böyük Əmilli kəndi ərazisində keçən qaz kəmərinin mühafizə zonasında quraşdırılmış dəmir lövhələrdən ibarət hasarın və inşa edilməkdə olan fərdi yaşayış evinin cavabdehin öz vəsaiti hesabına sökülərək, 325 mm-lik “Qəbələ QPS” qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılmasına dair qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun, Böyük Əmilli kəndi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli Qərarının tələbləri pozularaq, Qəbələ rayonunun, Böyük Əmilli kəndi ərazisindən keçən 325 mm-lik “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 35 metr məsafədə dəmir lövhələrdən ibarət hasar quraşdırılmış və mişar daşından fərdi yaşayış evi inşa olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli Qərarının 2.23-cü bəndinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin Qərarın 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən məsafədə hər hansı bir tikinti inşa olunması qadağandır. Cavabdeh tərəfindən inşa edilməkdə olan yaşayış evinin yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikili və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. Qaz İxrac İdarəsinin X5 Kəmərləri Sahəsi tərəfindən cavabdehə tikintinin dayandırılması və adı çəkilən qaz kəmərinin mühafizə zonasından sökülüb köçürülməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tələbləri yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 2(025)-41/2021 saylı, 2 fevral 2021-ci il tаrixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilən tikililərin sökülməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pulun iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsidən tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilən tikili qanuni əsaslarla cavabdehin mülkiyyətində olan torpaq sahəsində, başqa sözlə - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********20 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən Qəbələ rayonu Böyük Əmilli kəndində Cavabdeh mülkiyyətinə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsində inşa edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Sökülməsi iddia edilən tikilinin məhz cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşməsi ilə bağlı ekspert qarşısında sual qoyulmamışdır. Lakin "xxxx" MMC-nin 18 dekabr 2020-ci il tarixli, 466 nömrəli ekspert rəyində inşa edilməkdə olan fərdi yaşayış evinin Cavabdeh xüsusi mülkiyyətində olan 0,13 ha torpaq sahəsində olduğu göstərilmişdir. Ekspert rəyinə əlavə edilən Qəbələ rayonu, Böyük Əmilli kəndi ərazisində yerləşən mübahisəli mühafizə sahəsinin ortofotoplanından görünmüşdür ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilən tikililər qanuni əsaslarla cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşmişdir. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə sözügedən dəmir lövhələrdən ibarət hasarın və inşa edilməkdə olan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********20 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Böyük Əmilli kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsində tikilmişdir. Həmin dəmir lövhələrdən ibarət hasar və inşa edilməkdə olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onların qeydə alınmasında heç bir maneə olmadığından, Cavabdeh həmin dəmir lövhələrdən ibarət hasar və inşa edilməkdə olan fərdi yaşayış evi üzərində olan hüquqları əmlak hüquqları hesab olunmüş və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil etmişdir. Cavabdeh məxsus dəmir lövhələrdən ibarət hasarın və inşa edilməkdə olan fərdi yaşayış evinin əvəzi ödənilmədən sökülməsi yolverilməzdir. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətində inşa etdirdiyi dəmir lövhələrdən ibarət hasarın və inşa edilməkdə olan fərdi yaşayış evinin sökülməsi tələbi qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddiaçının tələbi təmin edilməməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4-cü maddələri, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin hissəsi, 13-cü maddəsinin İ və İİİ hissəsi, 29-cu maddəsinin İV hissəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Şəki Apellyasiya Məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(107)- 893/2021 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi Xəlil İbrahimov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli, 2(025)-41/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5405/2021 saylı qərarı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-893/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsi qətnamə qəbul edərkən diametri 325 mm-lik yüksək təzyiqli “Qəbələ QPS” qolu qaz kəmərinin keçdiyi ərazidə cavabdehə ayrılmış torpaq sahəsinin əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla razılaşdırılmaması məsələsinə düzgün münasibət bildirməyərək maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, 30 iyun 1998-ci il tarixli, 513-İQ nömrəli “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini tstismar edən orqanla razılaşdırılır. Həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.4-cü bəndinə əsasən, elektrik, rabitə, neft-qaz və nəqliyyat xəttləri və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün (tikinti) xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerqurluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa fiziki və hüquqi şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər komunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmişdirsə (iş materiallarından müəyyən olunmuşdur ki, yerləşir) bələdiyyə hərrac və müsabiqənin keçirilməsi məqsədi ilə torpaq üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını və ya Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Lakin bütün bu normalara baxmayaraq cavabdehə ayrılmış torpaq sahəsi isə ayrılan zaman qaz kəmərini istismar edən orqanla razılaşdırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.24cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verir. Bu hallar məhkəmə tərəfindən müəyyən edilsə də, təhlükəsizliyin təmin olunmasının zəruriliyini nəzərə almadan qanunsuz qətnamə çıxarılmışdır. Göründüyü kimi, məhkəmə yüksək təzyiqli magistral qaz kəmərindən 35 metr məsafədə quraşdırılmış dəmir lövhələrdən ibarət hasar və inşa edilməkdə olan yaşayış evinin sökülməsi tələbini rədd etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nı, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini kobud şəkildə pozmuş, tikilini təhlükə altında saxlamışdır. Ona görə də Qəbələ Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli, 2(025)-41/2021 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnaməni çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli, 2(025)-41/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli, 2(025)-41/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 180.1-ci mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci mаddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü mаddəsinin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «Qаz təchizаtı hаqqındа» Azərbаycаn Respublikаsının Qаnunu: «Qаz təchizаtı hаqqındа» Azərbаycаn Respublikаsı Qаnununun 19-cu mаddəsinin 2ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydaları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özülünə qədər məsafə 4 metr, alçaq təzyiqli qaz kəmərlərinin məsafə isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndində əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq,istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.23-cü bəndinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi vəfiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin Qaydaların 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət NeftŞirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli Fərmanı: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdətutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli, 2(025)-41/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki halda tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyinin və əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etməmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli, 2(025)-41/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsini Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Yüksək İnstansiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında məhkəmənin qanuni göstərişləri ondan ibarət olmuşdur ki, tikintinin müvafiq şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi ilə bağlı rəsmi sənədlərin mövcudluğu müəyyən olunmamış, tikilinin müvafiq qaz kəmərinin mühafizə sonasında tikilib-tikilməməsi araşdırılmalıdır. Kollegiya hazırki qanuni göstərişlərlə bağlı aşağıdakıları qeyd edir; Məhkəmə kollegiyasının 3 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 5 may 2022-ci il tarixli, 10/1497 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, qərardadın birinci və ikinci sualları üzrə Ekspertə təqdim edilmiş Qəbələ rayonunun, Böyük Əmilli kəndi ərazisində Cavabdeh tərəfindən quraşdırılmış dəmir lövhələrdən ibarət hasar ilə Qaz İxrac İdarəsinin X5 Kəmərləri Sahəsinin balansında və istismarında olan 325 mm-lik yeraltı olaraq keçən yüksək təzyiqli qaz kəməri arasında olan məsafə 28,5 m, həmin yüksək təzyiqli qaz kəməri ilə həyətin daxilində inşa edilməkdə olan fərdi yaşayış evinin özülü arasında olan məsafə isə 43 m təşkil edir. Qəbələ rayonunun, Böyük Əməlli kəndi ərazisində Cavabdeh tərəfindən quraşdırılmış dəmir lövhələrdən ibarət hasar ilə 325 mm-lik yeraltı olaraq keçən yüksək təzyiqli qaz kəməri arasında olan məsafənin 28.5 m, həmin yüksək təzyiqli qaz kəməri ilə həyətin daxilində inşa edilməkdə olan fərdi yaşayış evinin özülü arasında olan məsafənin isə 43 m təşkil etdiyini nəzərə alaraq, “Qaz təchizatında mühafizə zonaları veı təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndinin tələblərinə əsasən qeyd olunan hasar həmçinin həyətin daxilində inşa edilməkdə olan fərdi yaşayış evinin özülü Qaz İxrac İdarəsinin X5 Kəmərləri Sahəsinin balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə kollegiyasının 2 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 10 may 2023-cü il tarixli, 10/465 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, Qəbələ rayonu, Böyük Əmilli kəndi ərazisində yerləşən, mübahisə predmeti olan metal lövhələrdən ibarət hasarın və yarımçıq tikilinin Qaz İxrac ldarəsinin X5 Kəmərləri Sahəsinin balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli yerlatı qaz kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyini nəzərə alaraq həmin tikililərin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999cu il 21 iyun tarixli, 103 №-li Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinin tələblərinin pozulduğu müəyyən olunur. Məhkəmə kollegiyasının qənaətinə görə ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə mövqeyini onunla əsaslandırmışdır ki, sökülməsi iddia edilən tikilinin məhz cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşməsi ilə bağlı ekspert qarşısında sual qoyulmamışdır. Lakin "xxxx" MMC-nin 18 dekabr 2020-ci il tarixli, 466 nömrəli ekspert rəyində inşa edilməkdə olan fərdi yaşayış evinin Cavabdeh xüsusi mülkiyyətində olan 0,13 ha torpaq sahəsində olduğu göstərilmişdir. Ekspert rəyinə əlavə edilən Qəbələ rayonu, Böyük Əmilli kəndi ərazisində yerləşən mübahisəli mühafizə sahəsinin ortofotoplanından görünmüşdür ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilən tikililər qanuni əsaslarla cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşmişdir. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə sözügedən dəmir lövhələrdən ibarət hasarın və inşa edilməkdə olan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********20 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Böyük Əmilli kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsində tikilmişdir. Həmin dəmir lövhələrdən ibarət hasar və inşa edilməkdə olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onların qeydə alınmasında heç bir maneə olmadığından, Cavabdeh həmin dəmir lövhələrdən ibarət hasar və inşa edilməkdə olan fərdi yaşayış evi üzərində olan hüquqları əmlak hüquqları hesab olunmüş və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil etmişdir. Cavabdeh məxsus dəmir lövhələrdən ibarət hasarın və inşa edilməkdə olan fərdi yaşayış evinin əvəzi ödənilmədən sökülməsi yolverilməzdir. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətində inşa etdirdiyi dəmir lövhələrdən ibarət hasarın və inşa edilməkdə olan fərdi yaşayış evinin sökülməsi tələbi qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddiaçının tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin inşa etdirdikləri tikilinin qaz kəmərinin mühafizə zonasında yerləşməsi iş materialları ilə tam təsdiq olunur. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 1.1-ci maddəsinə görə bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. Göründüyü kimi, mühafizə zonasının müəyyən olunması təkcə qaz kəmərinin mühafizəsini təmin etmək üçün deyil, eyni zamanda insanların həyat və sağlamlığının qorunması, onlar üçün yarana biləcək təhlükələri istisna etmək üçün müəyyən olunmuşdur. Azərbaycan Respublikası qanunları ilə mülkiyyət hüququ müdafiə olunduğu kimi, eyni zamanda insanların həyat və sağlamlığı da qorunur. Sağlamlığın qorunması hüququ Azərbaycan Respublikası Konstitusiyasında (41-ci maddə) insanların əsas hüquqlarından biri kimi bəyan olunmuşdur. Cavabdeh tərəfindən inşa edilmiş evin qaz kəmərinin mühafizə zonasında yerləşməsi onların özünün həyatı üçün ciddi təhlükə yaratdığından, mübahisənin həllinə yalnız mülkiyyət hüququnun müdafiəsi baxımından yanaşılması əsaslı sayıla bilməz. Bundan başqa, kollegiya qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması özü-özlüyündə onun üzərində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilmədən hər hansı tikili inşa etməyə hüququnu vermir. Hazırki halda tikili qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşdiyindən, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqlar alınmadığından yuxarıda qeyd olunan normativ hüquqi aktlara əsasən özbaşına tikili hesab olunmalı və ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin tələbləri tətbiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da uyğundur. Belə ki, “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə Avropa Məhkəməsi 18 iyun 2002-ci il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həyata qarşı ehtimal olunan hər bir təhlükə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddia rədd edilməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza xərci tərəflər arasında bərabər şəkildə bölünməlidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış iddianı rədd etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli, 2(025)-41/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, qanunvericilik hazırkı halda qətnaməni cavabdeh tərəfə mübahisələndirmək hüququ tanıdığından, yalnız cavabdeh tərəf kassasiya şikayəti ilə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli, 2(025)-41/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Qaz İxrac İdarəsinin X5 Kəmərləri Sahəsinin balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli “Qəbələ QPS” qolu qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən Qəbələ rayonu, Böyük Əmili kəndi ərazisində quraşdırılmış dəmir lövhələrdən ibarət hasar, inşa edilməkdə olan fərdi yaşayış evi cavabdehin öz vəsaiti hesabına sökülsün və 325 mm-lik “Qəbələ QPS” qolu qaz kəmərinin mühafizə zonasından çıxarılsın. İddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 152 (bir yüz əlli iki) manat pulun 76 (yetmiş altı) manatı Cavabdeh, 76 (yetmiş altı) manatı isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsindən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. 18 dekabr 2020-ci il tarixli ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pulun 150 (yüz əlli) manatı iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən, 150 (yüz əlli) manatı isə Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən, cavabdeh, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azə Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-22/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-22/2023
22.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver