Məhkəmə qərarları › İş №2(107)-2260/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2260/2020

11.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2260/2020 11.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "cavabdehlərin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair" mülki iş üzrə işin icraatına xitam verilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1416/2020 nömrəli qərardadından İddiaçıtərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 mənzil 44 ünvanında yerləşən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı verdiyi izahatında bildirmişdir ki, Mingəçevir şəhəri H.Əliyev prospekti, 70 saylı evin 44 saylı mənzili Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xx.xx.2019cu il tarixdə onun adına qeydə alınmışdır. Lakin bu yaxınlarda ona cavabdehlərin onun mənzilində istifadə hüquqları olmadan qeydiyyatda olmaları məlum olmuşdur. Bununla bağı aidiyyəti orqanlara müraciət etsə də, ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. O, cavabdehlərin başqa qaydada mənzilindən qeydiyyatdan çıxarılmasına nail ola bilmədiyindən, onların sözügedən mənzildə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin mənzilə qeydiyyatı formal xarakter daşıyır və onların sözügedən mənzildə qeydiyyatda qalmaları onun qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. Ona görə də, cavabdehlərin sözügedən mənzildən istifadə hüququnun olmamasına dair qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmişdir. Cavabdehlərə göndərilmiş məktublar isə onların müvafiq ünvanda yaşamaması barədə qeydlə geri qaytarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1416/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə icraata məhkəmə aidiyyəti ilə bağlı xitam verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1416/2020 nömrəli qərardadından İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilməsini və mülki işə baxılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin müddəalarına əsasən mənzildən istifadə hüququnun olmaması faktının müəyyən edilməsinə dair iddialara ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Belə olduğu halda onun iddia ərizəsi üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı tamamilə qanunsuzdur. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1416/2020 nömrəli qərаrdаdının ləğv edilməsini xаhiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1416/2020 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1416/2020 nömrəli qərardadından İddiaçı verdiyi şikаyət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət üzrə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1416/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlərin istifadə hüququna xitam verilməsinin tələb olunduğu mənzil çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər onun (iddiaçının) ailə üzvləri deyil. İddiaçının deməsinə görə cavabdehlər faktiki olaraq sözügedən mənzildə yaşamırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İş materiallarında iddiaçı ilə cavabdehlər arasında sonuncuların mənzildən istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına, habelə iddiaçının ailə üzvü olmayan cavabdehlərin sözügedən mənzilə köçürülməsinə mülkiyyətçi olan iddiaçının razılıq verməsinə dair sübutlar mövcud deyildir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı həmin iddianı qaldırmaqda məqsədi və hüquqi marağı özünün mülkiyyətində olan mənzilə cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsinə, onların qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatdan da müəyyən olunur ki, əslində onun irəli sürdüyü tələbdə məqsədi mülkiyyətində olan mənzildən orada yaşamayan cavabdehlərin qeydiyyatdan çıxarılmasıdır. Həmçinin iddiaçı məhkəmə iclasında sözügedən tələblə bağlı aidiyyəti orqanlara müraciət etdiyini və orada ona məhkəməyə müraciət etməsinin tövsiyə olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxxxx 2020ci il tarixli Qərarında göstərilir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqedən göründüyü kimi, yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslər mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılmadıqda, bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı cavabdehlərin onun mənzilinə qeydiyyatdan çıxarılmasından inzibati orqanın imtina etməsindən həmin inzibati orqanın yuxarı təşkilatına şikayət və ya aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi verə bilər. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.4-cü bəndində izah olunur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə kollegiyаsı işin hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbinə dair mülki iş üzrə icraata həmin iddiaya ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verməkdə və iddiaçıya onun tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olmasını izah etməkdə düzgün nəticəyə gəlmişdir. MPM-in 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1416/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1416/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda qərardadın surəti onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd ondan kassasiya şikayəti verilmədikdə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar