Məhkəmə qərarları › İş №2(107)-2275/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2275/2020

08.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2275/2020 08.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı nümayəndəsi X1 iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-1418/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-1418/2020 saylı qətnаməsi ilə (hakim Məhburə Kərimova) İddiaçı cavabdeh Mingəçevir şəhəri 9 nömrəli uşaq bağçasının müdiriyyətinə qarşı 17 nömrəli xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması, müqavilə müddətinin bağça fəaliyyətə başladığı və onun ilk işə çıxdığı günə qədər uzadılması, işəgötürmənin təqsiri üzündən ödənilməyən ayların əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh Mingəçevir şəhəri 9 nömrəli uşaq bağçasının müdiriyyətinə qarşı işə bərpa və işəgötürənin təqsiri üzündən haqqı ödənilməyən aylar üzrə əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı 1978-ci ilin yanvar ayından Mingəçevir şəhəri 9 nömrəli uşaq bağçasında tərbiyəçi işləyirdi. İddiaçını xx.xx.2020-ci ildə 65 yaşı tamam olması səbəbi ilə bağça müdiri xx.xx.2020-ci il tarixli əmrlə işdən azad etmişdir. Hesab edir ki, həmin əmr qanunsuzdur. Belə ki, bütün dünyanı koronovirus pandemiyası bürüdüyünə görə təhsil müəssisələrində, uşaq bağçalarında işlər dayandırıldığı, əmək haqqı tam ödənilməklə bütün işçilər geyri-müəyyən vaxta məzuniyyətə buraxıldığı halda bağça müdiri iddiaçını işdən azad etmişdir. Halbuki Əmək Məcəlləsinin 79-cu maddəsinin 8-ci abzasında qeyd olunub ki, məzuniyyətdə, ezamiyyətdə və digər hallarda işçi işdə olmadıqda onunla əmək müqaviləsinə xitam verilməsi qadağandır. Lakin bağça müdiri Əmək Məcəlləsinin 79-cu maddəsini 8-ci abzasının tələblərini pozaraq iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə işdən azad etmişdir. Qeyd edilənlərə əsasən işəgötürənin həmin əmrini qanunsuz hesab edərək, cavabdehin 17 nömrəli xx.xx.2020ci il tarixli əmrin ləğv olunması, iddiaçının işə bərpa edilməsi, müqavilə müddətinin bağça fəaliyyətə başladığı və iddiaçının ilk işə çıxdığı günə qədər uzadılması, işəgötürənin təqsiri üzündən ödənilməyən ayların əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Mingəçevir şəhəri 9 nömrəli uşaq bağçasının müdiri X5 iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, İddiaçı bağçada tərbiyəçi işləyirdi. xx.xx.2020-ci ildə iddiaçının 65 yaşı tamam olmuşdur və həmin vaxtdan da pensiya alırdı. İddiaçı pensiya yaşına çatdığına görə 17 nömrəli xx.xx.2020-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Bu barədə iddiaçıya telefonla məlumat verilməklə əmrin surətini və əmək kitabçasının götürməsi xahiş edilmiş, əks halda poçtla göndəriləcəyi bildirilmişdir. İddiaçı əmrin surətinin göndərilməsinə zərurət olmadığını, özü bağçaya gələrək əmək kitabçasını və əmrin sürətini götürəcəyini bildirdi. İddiaçı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etdikdən sonra əmək kitabçasını və əmrin sürətini almışdır. Hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı tərəfindən apellyasiya şikayət verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, koronavirus pandemiyası səbəbindən xx.xx.2020 tarixdən Nazirlər Kabinetinin xx.xx.2020 il tarixli qərarına əsasən qeyri müəyyən vaxta kimi uşaq baxçalarının fəaliyyəti dayandırılmış və bütün işçi heyəti, həmçinin o, əmək haqqı tam ödənilməklə məzuniyyətə buraxılmışdır. Onun işdən azad olunması haqda 17 nömrəli xx.xx.2020-ci il tarixli əmrin verilməsi də baxçanın fəaliyyətinin tam dayandığı dövrə təsadüf edir. İşçinin işdə olmadığı tarixdə ona hətta intizam tənbehi də tətbiq edilə bilməz. Məlumdur ki, büdcədən maliyyələşən müəssisələrdə çalışmanın son həddi 65 yaşdır. Lakin baxça fəaliyyətdə olmadığı, bütün işçilər ödənişli məzuniyyətdə olduğu dövrdə baxça müdirinin 65 yaşı bitənləri işdən azad etməsi düzgün deyil. İşçi məzuniyyətdə olduğu müddətdə onun iş yeri, vəzifəsi (peşəsi) və orta aylıq əmək haqqı saxlanılmalıdır. Hətta işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi də Əmək Məcəlləsinin tələblərini nəzərə almamış, baxça müdirinin əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq verdiyi əmrin qanuna uyğun olduğu haqda qətnamə qəbul etmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-1418/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-1418/2020 saylı qətnаməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Mingəçevir şəhəri 9 nömrəli uşaq bağçasının müdiri X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-1418/2020 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1418/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə 9 nömrəli uşaq bağçasında işə qəbul edilmişdir. 17 nömrəli xx.xx.2020-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 17 nömrəli xx.xx.2020-ci il tarixli əmrdə göstərilir ki, tərbiyəçi İddiaçı çalışmanın yaş həddinə çatdığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsini 70-ci maddəsinin “e” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı 1978-ci ilin yanvar ayından Mingəçevir şəhəri 9 nömrəli uşaq bağçasında tərbiyəçi işləmişdir. Cavabdeh Mingəçevir şəhəri 9 nömrəli uşaq bağçasının müdiri X2 xx.xx.2020-ci il tarixli 17 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsini 70-ci maddəsinin “e” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhəri 9 nömrəli uşaq bağçasının xx.xx.2020-ci il tarixli 17 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması, müqavilə müddətinin bağça fəaliyyətə başladığı və onun ilk işə çıxdığı günə qədər uzadılması, işəgötürmənin təqsiri üzündən ödənilməyən ayların əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbləri təmin edilməmiş, qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh Mingəçevir şəhəri 9 nömrəli uşaq bağçası tərərfindən əmək qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin, 68-ci 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinad etmişdir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X3 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə görə, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək müqavilələrinə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Həmin əsaslar aşağıda göstərilənlərdən ibarətdir: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadaqıda; e) dövlət büdcəsindən maliyyələşən müəssənin işçisi çalışmanın yaş həddinə çatdıqda. İş materiallarından görünür ki, Mingəçevir şəhər 9 nömrəli uşaq bağçası dövlət müəssisəsidir, həmin bağçada tərbiyəçi işləmiş iddiaçı ilə bağlanmış əmək müqaviləsinə o, pensiya yaşına çatdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 10-1.1-ci maddəsində göstərilmişdir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. İş materiallarından həmçinin görünür ki, iddiaçının xx.xx.2020-ci ildə 65 yaşı tamam olmuşdur. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması barədə əmrin qanunsuz olmasını koronovirus xəstəliyinin yayılması vaxtda pandemiya dövründə qanunsuz olaraq işdən azad olunması, qanuni əsas kimi isə Əmək Məcəlləsinin 79-cu maddəsinin 8-ci abzası ilə əsaslandırmışdır. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 79-cu maddəsinin 8-ci abzasına görə məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin iddiaçı, onunla bağlanmış əmək müqaviləsi ləğv edildiyi vaxtda məzumiyyətdə, ezamiyyətdə və ya kollektiv danışıqlarda iştirak etməsi barədə məhkəmələrə hər hansı sübut növü təqdim etməmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdeh Mingəçevir şəhəri 9 nömrəli uşaq bağçası tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşıraraq hesab edir ki, həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə, həmçinin işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа keçirilir. Hаkim bütün hаllаrdа prоsesin çəkişmə prinsipini təmin etməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə etdiyi dəlillərlə, оnlаrın verdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1418/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1418/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar