Məhkəmə qərarları › İş №2(107)-2276/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2276/2020

16.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2276/2020 16.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması və dəymiş ziyanın ödənilməsi tələbinə dair" mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə həmin Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması və vurulmuş maddi ziyana görə 72000 manat məbləğinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclaslarına gəlməmiş, nümayəndəsi X1 işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə uyğun olaraq məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini qərara almışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı 2013-cü ildə İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən 25 hektar torpaq sahəsini müxtəlif şəxslərdən notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi ilə satın almışdır. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının adına İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən 7.3119 hektar torpaq sahəsinə görə RX seriyalı ******* nömrəli, 4.721 hektar torpaq sahəsinə görə RX seriyalı ******* nömrəli və 2.0889 hektar torpaq sahəsinə görə RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir. İddiaçı İsmayıllı rayonu Diyallı kənd sakinlərindən aldığı torpaq sahələrində çoxillik yonca bitkisi əkərək həmin bitkidən ildə bir neçə dəfə biçdirərək mal-qara üçün silos tədarük etdirmiş, axırıncı biçindən isə mal-qara üçün ot kimi pres bağlatdırmışdır. 2018-ci il mövsümündə İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan 25 hektar torpaq sahəsində əkilmiş çoxillik yonca bitkisinin 5 hektarı cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 5 hektarı hissəsini sumladaraq orada özü üçün əkin əkmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə etməklə ona 42000 manat məbləğində maddi ziyan vurmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsində əkdiyi yonca bitkisinin 1 hektarı üçün 260 manat, 5 hektarı üçün isə 1300 manat vəsait sərf etmişdir. Yonca bitkisi çoxillik əkmə olduğu üçün ən azı altı-yeddi il məhsul verir. Yonca sahəsi ildə əgər yağıntı az olarsa iki-üç dəfə biçilir və hər biçində bir hektardan 250- 300 yonca presi götürülür, yəni bir il ərzində bir hektar yonca sahəsindən ən azı 600 ədəd yonca presi götürülür və orta bazar qiyməti ilə bir yonca presi 4 manata hesablansa 6 il ərzində 5 hektar yonca sahəsinin şumlanması nəticəsində, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində hər il, hər hektardan 600 ədəd pres x 4 man = 2400 x 5 hektar = 12000 manat x 6 il = 72000 manat, yəni cavabdeh iddiaçıya 72000 manat maddi ziyan vurmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxmasını xahiş etsə də, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Cavabdeh mübahisəli ərazinin özü tərəfindən güya daşlardan təmizləndiyini və həmin ərazini heç kimə verməyəcəyini bildirmişdir. 2019-cu ildə iddiaçı mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini dəqiqləşdirmək üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahələrinin sərhədləri yerində ölçülərkən məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 5 hektarı cavabdeh tərəfindən zəbt edilmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin mütəxəssisləri iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini bildirmələrinə baxmayaraq cavabdeh zəbt etdiyi iddiaçıya məxsus torpaq sahəsini boşaltmaqdan imtina etməklə iddiaçıya mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə maneçilik yaradır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini boşaltmaqdan imtina etdiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. O, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmasını və dəymiş maddi ziyana görə 72000 manat məbləğinin cavabdehdən alınıb iddiaçıya verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İsmayıllı rayonu Diyallı kəndi ərazisində əkinçiliklə məşğul olur. İsmayıllı rayonu Diyallı kəndi ərazisində ona və ailə üzvlərinə məxsus 13 hektar torpaq sahəsi olmuş və həmin torpaq sahəsi 2011-ci ildə ailə üzvlərinin razılığı ilə Akif Dəmirova üç illik müqavilə əsasında verilmişdir. Həmin vaxtdan qeyd edilən torpaq sahəsi Akif Dəmirov tərəfindən əkilmişdir. O, iddiaçıya məxsus torpaq sahəsində əkilmiş yonca sahəsini şumladaraq orada əkin əkməmişdir. İddiaçıya məxsus torpaq sahəsi onun tərəfindən deyil, Akif Dəmirov tərəfindən əkilmişdir. İddiaçı istəyirsə mülkiyyətində olan torpaq sahəsində əkilmiş məhsulu özü biçdirib götürsün. Onun mübahisəli əraziyə heç bir aidiyyatı yoxdur. O, iddiaçıya məxsus mübahisəli torpaq sahəsini zəbt etməmiş, mülkiyyət hüquqlarına maneçiliklər törətməmiş və ona maddi ziyan vurmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxx 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edimiş, Cavabdeh RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə edilən maneçiliklərə qadağa qoyulması qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və mülki iş xx xxxx 2020-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qətnaməsindən xx xxxxxx 2020-ci il tarixdə İddiaçı tərəfindən apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair vəsatət verilmişdir. Apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair vəsatət birinci instansiya məhkəməsində xx xxxxxx 2020-ci il tarixdə qeydiyyata alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin sorğusuna əsasən mülki iş həmin məhkəməyə qaytarılmışdır. İddiaçı vəsatətində göstərmişdir ki, uzun müddət xarici ölkədən elan olunmuş karantin rejimi ilə əlaqədar ölkəyə qayıda bilmədiyi üçün ona poçt vasitəsilə göndərilmiş qətnamənin surətini xx xxxxxx 2020-ci il tarixdə almışdır. Apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürmüşdir. Ona görə də üzrlü səbəbdən ötürülmüş müddəti bərpa edərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməyi xahiş etmişdir. Məhkəmədə müddətin bərpası haqqında vəsatətə baxılmasında İddiaçı iştirak etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X1 ötürülmüş müddətin bərpası barədə vəsatətin təmin edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında göstərmişdir ki, apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə əsas yoxdur. Vəsatətin təmin edilməməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rafayel Şirinov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-233/2020 qərardadı ilə İddiaçı vəsatəti təmin edilmiş, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-233/2020 qərardadından Cavabdeh şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə səhvdir. Əvvəla, iddiaçının uzun müddət hansı xarici ölkədə olması, hansı tarixdə ölkəmizə qayıtması barədə heç bir sübut iş materiallarında yoxdur. İş materiallarından görünən odur ki, İddiaçı nümayəndə və vəkilə malik olmuş, səmərəli hüquqi yardım almışdır. Bu da onu göstərir ki, məhkəmə qətnaməsi həmçinin iddiaçının vəkilinə verilmiş və qanunla müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti verməmişdir. Cavabdeh tərəf belə nəticəyə gəlir ki, İddiaçı həmin tarixlərdə ümumiyyətlə xarici dövlətdə olmamış, məhkəmə qətnaməsini xx xxxx 2020-ci il tarixdə imza edərək özü götürmüş, cavadeh tərəf apellyasiya şikayəti verdiyi üçün qərəzli olaraq o da apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Heç bir hüquqi əsas, rəsmi sübut olmadan yalnız iddiaçının formal, doğru olmayan məlumatları əsasında ötürülmüş prosessual müddət necə üzrlü hesab edilə bilər... Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə tamamilə səhvdir, qərardadı isə qanunsuz və əsassızdır. Bu səbəbdən hesab edir ki, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-233/2020 qərardadı ləğv edilməlidir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh şikayətinin təmin edilməsini xahiş etdi. Şikayətə baxılmasının vaxtı və yeri barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin (vəkilinin) iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)- 233/2020 nömrəli qərardadı ləğv edilməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(037)-233/2020 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi İddiaçı qətnamədən apellyasiya şikayəti verməsi üçün ötürülmüş müddətin bərpa etməsini onunla əsaslandırmışdır ki, Məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qətnaməsi xx xxxx 2020-ci il tarixdə İddiaçı yaşadığı ünvan 1 ünvanına rəsmi qaydada göndərilmişdir. Məhkəmə qətnaməsi qeyd edilən ünvanda xx xxxx 2020-ci il tarixdə imza edilərək götürülsə də, həmin qətnamənin kim tərəfindən qəbul edilməsi qeyd edilməmişdir. İddiaçı məhkəmənin qətnaməsindən məlumatlı olduqdan sonra xx xxxxxx 2020-ci il tarixdə qətnamədən şikayət vermək üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddəti bərpa edərkən MPM-in 133.1-ci maddəsinə istinad etmişdir. Lakin, məhkəmə kollegiyası iddiaçı tərəfindən apelyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəbdən ötürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü ... maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qətnaməsi xx xxxx 2020-ci il tarixdə İddiaçı yaşadığı ünvan 1 ünvanına rəsmi qaydada göndərilmiş və həmin qətnamənin surəti xx xxxx 2020-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Bununla da qətnamənin surəti xx.xx.2020-ci il tarixdə İddiaçı rəsmi qaydada verilmiş hesab olunur. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, İddiaçı vəsatətində prosessual müddəti üzrlü səbəbdən ötürməsini onunla əsaslandırmışdır ki, o, uzun müddət xarici ölkədən elan olunmuş karantin rejimi ilə əlaqədar vətənə qayıda bilmədiyi üçün, ona poçt vasitəsi ilə göndərilmiş qətnamənin surətini xx xxxxxx 2020-ci il tarixdə almış, xx xxxxxx 2020-ci il tarixdə isə apelyasiya şikayəti vermişdir. Lakin iddiaçı vəsatətinə həqiqətən də xaricdə və nə vaxt olmasını təsdiq edən sübut əlavə etməmişdir (Ümumvətandaş pasportunun surətini, aviabileti və s.). Bundan başqa, məhkəmə prosesində iddiaçını onun vəkili və nümayəndəsi İslam İsmayılov təmsil etmiş, qətnamə sonuncunun iştirak etdiyi məhkəmə iclasında qəbul olunmuş və qətnamənin surəti ona rəsmi qaydada təqdim edilmişdir. İddiaçı tərəfin qətnamədən apellyasiya şikayəti vermək niyyəti olsaydı, bunu nümayəndə də edə bilərdi. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəbdən ötürülməsi barədə qənaəti və ötürülmüş müddəti bərpa etməsi əsaslı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi İddiaçı apellyasiya şikayəti verməsi üçün ötürülmüş müddətin bərpası barədə vəsatətini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası müddətin ötürülmə səbəbini üzrsüz kimi qiymətləndirir. İddiaçı ötürülmüş müddətin bərpası barədə vəsatəti əsassız olduğundan onun verdiyi apellyasiya şikayəti də geri qaytarılmalı və ona münasibətdə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyаsı bu nəticəyə gəlir ki, İsmayıllı Rayon Məhkəməsinin ötürülmüş müddətin bərpası barədə xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməli, həmin qərardad ləğv edilməlidir. Eyni zamanda, İddiaçı prosessual müddəti ötürməklə verdiyi apellyasiya şikayəti geri qaytarılmalı və ona münasibətdə apellyasiya qeyri-mümkün sayılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi həmin məhkəməyə göndərmək barədə qərardad qəbul edə bilər. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə həmin Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı münasibətdə apellyasiya qeyri-mümkün hesab edilsin, verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hazırkı qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda qərardadın surəti onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd ondan kassasiya şikayəti verilmədikdə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar