Məhkəmə qərarları › İş №2(107)-228/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-228/2021

09.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-228/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlundan, Hakimlər–Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı - İddiaçı və onun vəkili X1; Cavabdeh iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(025)-340/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-340/2020 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qaytarılması tələbinə dair iddiası təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçıNiyazı oğlundan tutularaq Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən təqdim edilmiş h İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilən uzunluğu 80 metr, eni 6 metr (0.5 ha torpaq sahəsi, ümumi dəyəri 1500 manat) torpaq sahəsinin mülkiyyətinə qaytarılması və dövlət rüsumu olaraq ödəmiş olduğu 30 (otuz) manat məbləğində pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixdə, Qəbələ rayonunun Bum kəndində yaşayan X10 məxsus JN-900, KOD 40600038 saylı dövlət aktlı, Şəki-Zaqatala zonasına aid, 0,81 hektar torpaq sahəsini ******* (dörd milyon ) manata almışdır. Bu barədə Qəbələ rayon notariat kontorunda müvafiq Müqavilə bağlanılıb və müqavilə Reysterdə 4Ə-01/ 123 nömrəsi ilə qeydə alınıb, (sənədlər ərizəyə əlavə edilir). Torpaq sahəsini alandan bir müddət sonra Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşayan Cavabdeh ona məxsus torpaq sahəsindən uzunluğu 80 metr, eni 6 metr (0.5 ha torpaq sahəsi, ümumi dəyəri 1500 manat) olan hissəsindən heç bir icazə almadan, qanunsuz olaraq özünə yol kimi istifadə etməyə başlamışdır. Cavabdeh onun istifadə etdiyi yola aid torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də buna əhəmiyyət vermir, torpaq sahəsinin ətrafına çəkdiyi çəpəri sökərək torpaq sahəsindən qanunsuz olaraq istifadə etməkdə bu gün də davam edir. Bu barədə rayonun Bum və Mıxlıqovaq Bələdiyyələrinə, müvafiq dövlət orqanlarına şikəyətlər etmişdir. Tərtib edilmiş aktlarda, dövlət orqanlarından daxil olmuş məktublarda qanunsuz istifadə edilən torpaq sahəsinin ona məxsus olduğu qeyd edilir və bələdiyyələrə bu məsələnin həll edilməsi tövsiyyə edilir. Belə ki, xx.xx.2008-ci il tarixli, Qəbələ rayon DTXK (dövlət torpaq və xəritəçəkmə komitəsi) şöbəsinin mütəxəssisi, F.M.Əzizovun, Bum qəsəbə bələdiyyəsinin sədri Q.B.Cəfərovun və İcra nümayəndəsi Z.A.Aslanovun və şikayətçi İddiaçı iştirakı ilə tərtib edilmiş Aktda qeyd edilir ki, “komissiya baxış zamanı sahənin ortası ilə çəkilən yolun açılmasını və Mıxlıqovaq tərəfdən qanunsuz salınmış yolun bağlanmasını məqsədə müvafiq hesab etmişdir.” (aktın surəti ərizəyə əlavə edilir). xx.xx.2009-cu il tarixli, 313 saylı DTXK-nin Qəbələ rayon Şöbəsindən həyat yoldaşının adına daxil olmuş məktubda qeyd edilir ki, “mübahisə yaranan torpaq sahəsi Bum qəsəbə bələdiyyəsinə aid ərazidir. xx.xx.2008-ci il tarixdə mütəxəssislər tərəfindən həmin yerə baxış keçirilmiş, sahənin ortası ilə çəkilən yolun açılması və Mıxlıqovaq tərəfdən qanunsuz salınmış yolun bağlanması məqsədə müvafiq hesab edilmişdir. Odur ki, həmin akta uyğun olaraq işin həlli Bum qəsəbə və Mıxlıqovaq kənd bələdiyyəsinə tövsiyyə edilmişdir.” ( məktubun surəti ərizəyə əlavə edilir) Bələdiyyə və dövlət orqanı əməkdaşlarının apardıqları araşdırmalardan məlum olur ki, cavabdeh tərəfindən qanunsuz salınmış yola aid torpaq sahəsi Mıxlıqovaq kəndi ərazisində yerləşir və bu torpaq sahəsidə ona məxsusdur. “Sahənin ortası ilə çəkilən yol” isə başqa tərəfdədir, həmin yol bir neçə nəfərin torpaq sahəsinin içərisindən keçir. Bu yolun açılmasında o da maraqlıdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 1944-cü ildən bəri bəhs olunan həyətdə yaşayır. İcazə ilə həmin sahədən yol yeri açmışdır. 2008-ci ildə İddiaçı gələrək həmin torpaq sahəsini aldığını iddia etdi. Bunun əsasında o, müvafiq orqanlara şikayət etmişdir. Həmin dövlət orqanlarından nümayəndələr gələrək əraziyə baxış keçirmiş və akt tərtib etmişlər. Cavabdeh olaraq ondan başqa 4 nəfərin də həmin ərazidən yol yeri keçir. İddiaçı Bum qəsəbəsində yaşayır, özü isə gəlib Mıxlıqovaq kəndi ərazisindən yerləşən torpaq sahəsini tələb edir. Bu səbəblərdən də iddiaçının tələbləri tamamilə əsassızdır. Verilmiş ekspertiza rəyi ilə razıdır.Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsinin qətnaməsindən narazıdır. Belə ki, ekspertiza tədqiqatı aparılan zaman həmin sözügedən torpaq sahəsinin yox, digər sahə ölçülmüşdür. Ekspertlər gələrkən 0.6189 ha torpaq sahəsini ölçmüşlər və həmin sahə üzərində tədqiqat aparmışlar. Yəni onun həmin torpaq sahəsinə birləşik 0.1938 ha torpaq sahəsi də var. O, ekspertlərə həmin torpaq sahəsinin də üzərində tədqiqat aparılmasını xahiş etmiş, lakin ekspertlər qoyulmuş suallar əsasında tədqiqat apardıqlarından onun xahişini yerinə yetirməmişlər. Belə olan halda onun hüquqları pozulmuşdur. Bundan başqa o, məhkəmə gedişatı zamanı ekspertizanın düzgün keçirilməməsini və təkrar keçirilməsini istəmiş, bu olmadığı halda xx xxxxxx 2020-ci il tarixdə işin baxılmamış saxlanılması barədə Qəbələ Rayon Məhkəməsinə ərizə vermişdir. Lakin iddia ərizəsi geri qaytarılmamış və qətnamə qəbul edilmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-340/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında istirak edən İddiaçı və onun vəkili X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-340/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında istirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-340/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X9 HaqqındaKonvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(025)- 340/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş JN-900 saylı, kod 40600038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon X6 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən Qəbələ rayonu Bum kəndində X7 və ailə üzvlərinin ümumi paylı mülkiyyətinə 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxx 2005-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X3 rayonu Bum kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsindən Şəki-Zaqatala zonasına aid 0.81 ha torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.6189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş JN-0306 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon X6 xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində Cavabdeh mülkiyyətinə 0.21 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Vəliyev X5 Babək Soltan oğlu tərəfindən qanunsuz olaraq istifadə edilən uzunluğu 80 metr, eni 6 metr (0.5 ha torpaq sahəsi, ümumi dəyəri 1500 manat) torpaq sahəsinin mülkiyyətinə qaytarılmasını iddia etsə də, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həmin torpaq sahəsi zəbt edilməmişdir. Cavabdeh və orada yaşayan digər qonşuların gedişgəliş yolu kimi istifadə etdikləri mübahisəli torpaq yolu ilə iddiaçıya məxsus torpaq sahəsi arasında olan məsafə 13 metr təşkil edir. Həmin faktlar iş üzə alınmış ekspert rəyi ilə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X8rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Beləliklə, iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı məhkəmələrə əsaslı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya şikayətinin dəlilləri ancaq şəxsi mülahizələrdən ibarət olmuşdur. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(025)-340/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(025)-340/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar