Məhkəmə qərarları › İş №2(107)-2301/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2301/2020

03.12.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2301/2020 03.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-802/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-802/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və maneələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ******* saylı çıxarış üzrə mülkiyyətlərinə verilmiş 0,38 ha torpaq sahəsinin zəbt olunmuş 0,10 ha ağac hasarla bağlanmış hissəsinin sökülməsi, 0,10 ha torpaq sahəsindən və bar verən qoz ağacından istifadəyə və habelə onun mülkiyyətinə gedən yola aid hissədə bağlanmaqla maneə yaratmaq üçün basdırılmış dəmir turbaların cavabdehin öz hesabına sökülməsi (çıxarılması) və törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Qəbələ Rayon AİK-nin xx.xx.1999-cu il tarixli 20 saylı qərarı ilə dörd nəfər ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-078A saylı kodu 40615048 olan dövlət aktı ilə adlarına rəsmiləşdirilmiş 0,32 ha torpaq sahəsinin islahata qədər tərəfindən pozulmuş xəndəyi doldurmaqla mülkiyyətlərinə aid olan torpaq sahəsini və həmin sahədə olan bar verən qoz ağacının da daxil olduğu torpaq sahəsinin 0,10 hektarını zəbt edərək kənarını ağacla hasarlayaraq bağlamış, istifadəsinə maneələr yaratmışdır. Hazırda həmin torpaq sahəsi seriya RX № ******* saylı çıxarışla adlarına rəsmiləşdirilmişdir. Bundan əlavə cavabdeh ümumi istifadədə olan yolun onun həyətinə daxil olan hissəsinə dəmir turbalar basdırmaqla yoldan istifadəsinə maneə yaradır. Hər iki qanunsuz hərəkətləri ilə mülkiyyətindən istifadəsinə maneə törətdiyinə görə dəfələrlə cavabdehə xahiş etsə də, nəticəsi olmamışdır. Əksinə, ona fiziki zor göstərmiş və bu zorakılığa görə polisə müraciət etmişdir. Yerli icra nümayəndəliyinə müaraciəti olmuşdur, nəticəsi cavabdeh zor tədbiq etməklə davam edir. Yemişanlı kənd İƏN-yi də məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Hesab edir ki, cavabdehin qeyd olunan maneələrinin qarşısını məkməmə qərarı ilə almaq mümkündür. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, eyni zamanda göstərmişdir ki, Qəbələ rayonu Yemişanlı kəndində 3 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə birgə mülkiyyətə verilmiş 0,38 ha torpaq sahəsinin 0,10 hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, ekspert rəyində ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmədiyi göstərilmişdir. Ekspert rəyində cavabdeh tərəfindən ona məxsus olan 0,38 ha torpaq sahəsinin cənub hissəsindən maneəçilik törədilməsi göstərilmişdir. Həmin maneəçilik göstərilən torpaq sahəsinin onun zəbtində olan bələdiyyəyə məxsus 0,06 ha torpaq sahəsindən olduğunu düşünür. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı vəkili X4 iddianı müdafiə edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, əvvəlki məhkəmə iclasında iddiaçıya məxsus torpaq sahəsini zəbt edib-etmədiyini bilmədiyini, bu məqsədlə ekspertiza keçirilməsini xahiş etmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 317 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən məlum olur ki, o, iddiaçının iddia etdiyi kimi 0,10 ha torpaq sahəsini zəbt etməmişdir. Ekspert rəyində iddiaçıya məxsus olan 0,38 ha torpaq sahəsinin cənub hissəsindən maneəçilik törədildiyi göstərilsə də, həmin maneənin konkret olaraq nədən ibarət olması qeyd edilməmişdir. İddia ərizəsində də həmin maneənin guya zəbt olunan 0,10 ha torpaq sahəsindən istifadə ilə əlaqədar olduğu qeyd olunmuşdur. Həmin zəbt öz təsdiqini tapmadığından, maneədə ola bilməz. Ekspert rəyinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-802/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, cavabdeh tərəfindən onun həyətinə giriş darvazasının yaxınlığında basdırılmış dəmir boruların çıxarılması və ekspertiza xərclərinin cavabdehlə onun arasında bərabər hissədə bölüşdürülməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinə "qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və maneələrə son qoyulması" tələbi ilə müraciət etmiş, iddia tələbi iki hissədən olmaqla məhkəməyə bildirmişdir qonşusu, cavabdeh Vüqar Yusifov həm mülkiyyətində olan torpaq sahəsinin 0.10 ha hissəsini zəbt edərək kənarını ağacla çəpərləmiş, həm də darvazanın önündən keçən ictimai yolun həyətinə giriş hissəsinin önünə iki ədəd dəmir boru basdırmışdır. Həmin basdırılmış borular onun həyətinə istənilən nəqliyyat vasitəsinin girişinə ciddi maneəçilik törədir. Hər iki maneənin aradan qaldırılmasını və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən istəmişdir. Məhkəmə hər iki tələbini bütövlükdə rədd etmişdir. Mübahisənin düzgün həll edilməsi məqsədi ilə məhkəmə tikintitexniki ekspertiza təyin etmişdir. Ekspert rəyi gəldikdən sonra ona məlum olmuşdur ki, Məhkəmə ekspertin qarşısına birinci tələb üzrə, yəni cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin 0.10 ha. hissəsinin zəbt edilib edilməməsi barədə sual qoymuş, ikinci tələb üzrə isə, yəni cavabdeh tərəfindən basdırılmış boruların onun öz mülkiyyətindən istifadəsinə maneçilik törədib-törətməməsi barədə sual qoymamışdır. Ekspert rəyində onun birinci tələbinin əsassız olması göstərilsə də, ikinci tələb üzrə sual qoyulmadığına baxmayaraq, ekspert ümumi şəkildə qeyd etmişdir ki, basdırılmış borular ona maneçilik törədir. Ekspertin rəyində onun ikinci tələbinin əsaslı olduğu birbaşa göstərilsə də, məhkəmə həmin tələb üzrə araşdırma aparmadan, ekspertin rəyinə həmin hissədə heç bir qiymət vermədən, hər iki tələbini rədd etmişdir. Qeyd olunanlardan görünür ki, məhkəmə mübahisə edilən məsələni ikinci hissəsindəki tələb üzrə tam və hərtərəfli araşdırma aparmadan, gəldiyi nəticəyə şərh vermədən və həmin nəticəni əsaslandırmadan tələbinin ikinci hissəsi üzrə əsassız qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-802/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh izahatında əlavə olaraq bildirdi ki, iddiaçının çıxarılmasını tələb etdiyi iki ədəd dəmir boru ictimai yolda deyil, onun (cavabdehin) özünün həyətyanı sahəsinin girişində basdırılmışdır. Sözügedən boruların yerləşdiyi yerdə ümumi istifadə də olan yol mövcud deyildir. Həmin borular onun həyətyanı torpağının qapısının dirəkləridir və iddiaçının ümumi istifadə də olan yoldan istifadə etməsinə maneə törətmir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmənin telefonuna zəng edərək məhkəmə iclasına gələ bilmədiyini, işə onun iştirakı olmadan baxıb ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış»ın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı, X2, X8 və X5 adına Qəbələ rayonu Yemişanlı kəndində 0,06 ha həyətyanı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il qeydiyyat tarixli ******* qeydiyyat nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış»ın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı, X2, X8 və X5 adına Qəbələ rayonu Yemişanlı kəndində 0,38 ha həyətyanı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. JN-075F (Kod: 40615048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ Rayon AİK-ın xx xxxxxx 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən X11, X6, X12 və X3 ümumi birgə mülkiyyətinə 1,31 ha həyətyanı torpaq sahəsi verilmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 317 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi – **********78; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2015) Çıxarışa əsasən İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə verilmiş Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0,38 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmamışdır, lakin cavabdeh tərəfindən iddiaçıya məxsus olan 0,38 ha torpaq sahəsinin cənub hissəsindən istifadəsinə maneçilik törədilir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 317 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi – **********78; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2015) Çıxarışa əsasən İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə verilmiş Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0,38 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir və bu barədə Autocad və ArcMap proqramlar vasitəsilə hazırlanan plansxem-ortofotoplanda rəyə əlavə olunmuşdur. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Yemişanlı kənd İƏD tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 173 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Yemişanlı kənd sakinidir, hazırda həmin kənddə yaşayır, qonşusu Cavabdeh ilə aralarında çəpər yeri üstündə dəfələrlə mübahisələri olmuşdur. Müraciətə əsasən nümayəndəlik olaraq hadisə yerində olmuşlar, baxış keçirmişlər və hər ikisini qane edəcək təkliflər vermişlər. Mübahisə davam etdiyindən mülki məsələ olduğu üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Yemişanlı kənd İƏD tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 167 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Yemişanlı kənd sakini olub, hal-hazırda Yemişanlı kəndində yaşayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “İddiaçı tərəflər arasında mübahisələndirilən 0,10 ha torpaq sahəsinin cavabdehin zəbtində olmasına dair məhkəməyə heç bir sübutu onda olmaması səbəbindən təqdim edə bilməmişdir. Mübahisəli torpaq sahəsinin cavabdehin zəbtində olması barədə iddiaçının tələbi isə ekspert rəyi ilə təkzib olunmuşdur. Eləcə də, iddia ərizəsində bütün tələb qeyd olunan “0,10 ha torpaq sahəsinin zəbt olunaraq həmin sahədən onun istifadəsinə maneçilik törədilməsi” üzərində qurulmuşdur. Lakin iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir zəbti məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 317 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində cavabdeh tərəfindən iddiaçıya məxsus olan 0,38 ha torpaq sahəsinin cənub hissəsindən istifadəsinə maneəçilik törədilməsi göstərilsə də, bu maneənin konkret nədən ibarət olması öz əksini tapmamışdır. Həmçinin iddiaçı iddia ərizəsində ona məxsus olan 0,38 ha torpaq sahəsinin 0,10 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu, məhz həmin 0,10 ha torpaq sahəsinin ağac hasarla bağlanmış hissəsinin sökülməsi, həmçinin həmin sahədə yerləşən qoz ağacından istifadəyə və onun mülkiyyətinə gedən yola aid hissədə bağlanmaqla maneə yaratmaq üçün basdırılmış dəmir turbaların sökülməsini tələb etmişdir. Lakin ekspert rəyindən də göründüyü kimi, iddiaçıya məxsus 0,38 ha torpaq sahəsinin 0,10 ha hissəsi cavabdeh tərəfindən zəbt olunmamışdır. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi maneələr zəbt olunduğunu iddia etdiyi 0,10 ha torpaq sahəsi ilə bağlı olmuşdur. İddiaçı məhkəmə iclasında verdiyi ifadəsində ekspert rəyində göstərilmiş maneənin onun zəbtində olan bələdiyyəyə məxsus 0,06 ha torpaq sahəsi hissəsindən olduğunu bildirmişdir. Lakin məhkəməyə zəbtində olan 0,06 ha torpaq sahəsinin bələdiyyə tərəfindən ona hansı əsaslarla verilməsini təsdiqləyən sübut əlavə etməmişdir. Bu səbəbdən iddia tələbi törədilən maneələrə son qoyulması hissəsində də təmin edilməməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar X14 Məhkəməsi Sporronq və Lonnrotun İsveçə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. İddiaçı Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi – **********78; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2015) Çıxarışa əsasən İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə verilmiş Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0,38 ha torpaq sahəsinin zəbt olunmuş 0,10 ha ağac hasarla bağlanmış hissəsinin sökülməsi, 0,10 ha torpaq sahəsindən və bar verən qoz ağacından istifadəyə və onun mülkiyyətinə gedən yola aid hissədə bağlanmaqla maneə yaratmaq üçün basdırılmış dəmir turbaların cavabdehin öz hesabına sökülməsi (çıxarılması) və törədilən maneələrə son qoyulmasını tələb edir. Lakin cavabdeh ilk əvvəl iddiaçıya məxsus torpaq sahəsini zəbt edib-etməməsini bilmədiyini, bu məqsədlə ekspertiza keçirilməsini xahiş etmiş, ekspert rəyi alındıqdan sonra isə iddianın əsaslandığı hallara etiraz olaraq ekspert rəyində göstərildiyi kimi iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Bundan savayı“xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 317 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən də görünür ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi – **********78; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2015) Çıxarışa əsasən İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə verilmiş Qəbələ rayonu Yeminanlı kəndində yerləşən 0,38 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir və bu barədə Autocad və ArcMap proqramlar vasitəsilə hazırlanan plansxem-ortofotoplanda rəyə əlavə olunmuşdur. Rəydə Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi – **********78; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2015) Çıxarışa əsasən İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə verilmiş Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0,38 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmaması, lakin cavabdeh tərəfindən iddiaçıya məxsus olan 0,38 ha torpaq sahəsinin cənub hissəsindən istifadəsinə maneəçilik törədilməsi göstərilmişdir. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Əksinə, məhkəmə tərəfindən ekspertiza keçirilmiş və ekspert rəyində cavabdeh tərəfindən iddiaçıya məxsus 0,10 ha torpaq sahəsinin zəbt edilməməsi müəyyən edilmişdir. Cavabdeh isə iddiaçının tələbini qətiyyətlə inkar edir. Apellyasiya şikayətində göstərilən iddia tələbinin “iddiaçının ümumi istifadədə olan yoldan istifadə etməsinə maneə törədən iki ədəd dəmir borunun çıxarılması” hissəsinin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaması haqqında dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tələbinin həmin hissəsini təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilmir. Cavabdeh isə bildirir ki, iddiaçının çıxarılmasını tələb etdiyi iki ədəd dəmir boru ictimai yolda deyil, onun (cavabdehin) özünün həyətyanı sahəsinin girişində basdırılmışdır. Sözügedən boruların yerləşdiyi yerdə ümumi istifadədə olan yol mövcud deyildir. Həmin borular onun həyətyanı torpağının qapısının dirəkləridir və iddiaçının ümumi istifadədə olan yoldan istifadə etməsinə maneə törətmir. Göründüyü kimi, cavabdehin bildirdikləri ilə iddia tələbi həmin hissədə təkzib olunur. İddiaçı isə cavabdehin bildirdiyinin əksini sübut edə bilmir. İddiaçıin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X14 Məhkəməsi “X1” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X14 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-802/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-802/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar