Məhkəmə qərarları › İş №2(107)-2328/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2328/2020

09.12.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2328/2020 09.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, Cavabdeh və onun vəkili X22 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqları ilə birgə evə köçürülmə tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-742/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-742/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqları ilə birgə evə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilmiş və İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manat onun özünə aid edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun himayəsində olan azyaşlı uşaqları ilə birlikdə Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, baldızı Cavabdeh adına qeydiyyata alınmış gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, X7 xx xxxxxxxx 2008-ci il tarixdə rəsmi nikahla ərə getmişdir. Həyat yoldaşı xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Birgə nikahlarından üç xx.xx.2009-cu ildə Aysu, xx.xx.2010-cu ildə Tərlan və xx.xx.2018-ci ildə Ömər adlı övladları doğulmuşdur. Uşaqlar hal-hazırda onun himayəsində yaşayırlar. O, mərhumla 2008-ci ildə ailə həyatı qurub Əliabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və bu günə kimi uşaqları ilə birlikdə orada yaşamışdır. Onun həmin evə gəlin köçməsini, indiyə kimi orada yaşamasını, həmin evdə qeydiyyatda olmasını və həmin ailənin üzvü olduğunu Zaqatala RİHB-nın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1347 və 1348 nömrəli arayışlar da təsdiq edir. Lakin həyat yoldaşı vəfat edəndən sonra onu uşaqlarla birlikdə həmin evdən çıxarmışlar və onları həmin evdə yaşamağa qoymurlar. Onun başqa yerdə yaşamağa yeri yoxdur. O hal-hazırda uşaqlarla birlikdə müvəqqəti olaraq atası evində yaşayır. O, X25un vərəsəsidir, həmin evdə onun da mülkiyyət hüququ vardır. Cavabdeh onu həmin evdə yaşamağa qoymadığına görə o, mülkiyyət hüququ əldə edə bilmir. Lakin evdə yaşamaq və evdən istifadə etmək mülkiyyət hüququnun tərkib hissəsidir. Qeyd etmək istəyir ki, sözügedən ev baldızı Cavabdeh adına qeydiyyata alınmışdır. Lakin ev Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınsa da, evin yerləşdiyi həyətyanı torpaq sahəsi ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Ailə üzvlərinin arasında mərhum əri Tural Gülməmmədov da vardır. Deməli, Turalın mülkiyyətinə aid əmlak miras qaldığı üçün həmin miras əmlakda onun və uşaqlarının da payı vardır. O hesab edir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən fərdi yaşayış evindən onun istifadə etməyinə, o cümlədən həmin fərdi yaşayış evinə köçürülməyinə Cavabdeh yaratdığı hər hansı maneə qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalıdır. Buna görə də iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək göstərmişdir ki, İddiaçı X3 ilə xx xxxxxxxx 2008-ci ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikah dövründə onlar Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən cavabdehin adına qeydiyyata alınmış fərdi yaşayış evində yaşamışlar. Onların birgə nikahından üç övladı dünyaya gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə X12 vəfat etmiş və bundan sonra onun həyat yoldaşı olan iddiaçı üç azyaşlı övladı ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılmışlar. X25 Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, üzərində Cavabdeh məxsus fərdi yaşayış evi tikilmiş torpaq sahəsinin mülkiyyətçilərindən biri olmuşdur, hazırda iddiaçı və onun üç azyaşlı uşağı Tural Gülməmmədovun birinci növbəli vərəsələridir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Gülməmmədova Könül Məhəmməd qızı, X5, X19, X12 və X10 ümumi birgə mülkiyyətinə verilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin X3na məxsus hissəsi, yəni 0,12 ha torpaq sahəsinin 1/5 hissəsi üzərində İddiaçı və uşaqları X20, X18 və Gülməmmədov Ömər Tural oğlunun qanun üzrə vərəsəlik hüquqları (0,12 ha torpaq sahəsinin 1/5 hissəsinin 4/6 hissəsi üzərində) müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında göstərmişdir ki, o, iddianı qəbul etmir. X3 onun qardaşıdır. İddiaçı X3 ilə xx xxxxxxxx 2008-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan üç övladları dünyaya gəlmişdir. X12 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Tural vəfat etdikdən sonra onların xahişinə baxmayaraq gəlini İddiaçı onlara məxsus evdən özbaşına çıxıb getmiş və onlarla yaşamaq istəmədiyini bildirmişdir. Mübahisəli ev 1986-cı ildə atası tərəfindən tikilmişdir. Evin ümumi sahəsi 115.5 kv.m olmuş və həmin evi xx.xx.2004-cü ildə atası ona bağışlamışdır. Sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində onun adına rəsmiləşdirilmişdir. Həmin evin yerləşdiyi Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi ümumi birgə mülkiyyıət hüququ əsasında onun, atası X2, anası X13, qardaşı X6 və bacısı X10 adına qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə birgə mülkiyyətlərinə verilmiş ancaq Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin X3na məxsus hissəsi, yəni 0,12 ha torpaq sahəsinin 1/5 hissəsinin 4/6 hissəsi üzərində İddiaçı və uşaqları X20, X18 və Gülməmmədov Ömər Tural oğlunun qanun üzrə vərəsəlik hüquqları müəyyən edilmişdir. Gəlinləri İddiaçı ona məxsus evdə yaşamağa heç bir hüququ yoxdur. Buna görə də iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh vəkili X29 cavabdehin izahatına uyğun çıxış edərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-742/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilərək sözügedən qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, X7 xx xxxxxxxx 2008-ci il tarixdə rəsmi nikahla ərə getmişdir. Həyat yoldaşı xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Birgə nikahlarından üç - xx.xx.2009-cu ildə Aysu, xx.xx.2010-cu ildə Tərlan və xx.xx.2018-ci ildə Ömər adlı övladları doğulmuşdur. Uşaqlar hazırda onun himayəsindədirlər. O, mərhumla 2008-ci ildə ailə həyatı qurub Əliabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və indiyə kimi uşaqları ilə birlikdə orada yaşamışdır. Onun həmin evə gəlin köçməsi, indiyə kimi orada yaşaması, həmin evdə qeydiyyatda olması və həmin ailənin üzvü olduğu Zaqatala RİHB-nın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1347 və 1348 nömrəli arayışlarla da təsdiq olunur. Lakin həyat yoldaşı vəfat edəndən sonra onu uşaqlarla birlikdə həmin evdən çıxarmışlar və onları həmin evdə yaşamağa qoymurlar. Onun başqa yerdə yaşamağa yeri yoxdur. O, hal-hazırda uşaqlarla birlikdə müvəqqəti olaraq atasının evində yaşayır. O, X25un vərəsəsidir. Sözügedən evdə onun da mülkiyyət hüququ vardır. Həmin ev baldızı Cavabdeh adına DƏDR-də 2015-ci ildə qeydiyyata alınmışdır. Lakin ev Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınsa da, evin yerləşdiyi həyətyanı torpaq sahəsi ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Ailə üzvlərinin arasında mərhum əri Tural Gülməmmədov da vardır. Deməli, Turalın mülkiyyətinə aid əmlak miras qaldığı üçün həmin miras əmlakdan onun və uşaqlarının da payı vardır. Və bu barədə məhkəmə qətnaməsi də çıxarılmışdır... Qətnaməni ona görə qanunsuz hesab edir ki, mübahisəli yaşayış evi üzərində Cavabdeh tam mülkiyyət hüququ olsa da, ancaq mübahisəli hüquq münasibəti yaranan zaman yaşayış evi ilə bağlı sərəncam vermək hüququ olmamışdır. Ona görə də mübahisəli hüquq münasibəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi deyil, 2009-cu ilin oktyabr ayına kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54-cü maddələrinin tələbinə uyğun tənzimlənməlidir. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001 -ci il tarixli Qərarında deyilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, söhbət yaşayış sahəsinin mülkiyyətçisindən gedir, yəni həmin normalar o zaman tətbiq oluna bilər ki, yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. İş materiallarından isə görünür ki, mübahisəli hüquq münasibətinin yarandığı vaxt göstərilən ev 2008-ci ildə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmamış və həmin evə mülkiyyət hüququ əldə edilməmişdir. Yalnız bağışlama müqaviləsi olmuşdur. Bağışlama müqaviləsi əsasında reyestrdən çıxarış alınmamışdır, belə bir çıxarış 2015-ci ildə alınmışdır. Bundan başqa, iş materiallarından və işdə iştirak edənlərin izahatlarından görünür ki, o, cavabdehə məxsus evə onun razılığı ilə köçərək həmin evdə yaşayış sahəsindən istifadə hüququ qazanmışdır. Hal-hazırda da cehiz əşyaları mübahisəli evdədir. Uşaqları da həmin evdə doğulmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər. İddiaçı vəkili Vəkil xx xxxxxx 2020-ci il tarixdə elektron ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək hazırkı mülki işə onun və iddiaçının iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçının və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili X29 apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-742/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-742/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X12 və X16 xx xxxxxxxx 2008-ci il tarixdə nikah bağlamışlar və bu barədə 218 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx xxx 2009-cu ildə anadan olmuş X14 anası İddiaçı, atası isə X8r. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx xxxxxx 2010-cu ildə anadan olmuş X11 anası İddiaçı, atası isə X8r. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx xxxx 2018-ci ildə anadan olmuş Gülməmmədov Ömər Tural oğlunun anası İddiaçı, atası isə X8r. İşdə olan Zaqatala RİHB-nın Əliabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2024 nömrəli arayışdan görünür ki, İddiaçı 2008-ci ildə Gülməmmədova Könül Məhəmməd qızının mülkiyyətində olan evə gəlin köçmüşdür. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə ölmüş və bu barədə xx.xx.2019-cu il tarixdə ölüm haqında akt qeydləri kitabına 195 nömrəli qeyd aparılmışdır. İşdə olan Zaqatala RİHB-nın Əliabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1348 nömrəli arayışdan görünür ki, İddiaçı yaşadığı 2000-ci ildə tikilmiş üç otaqlı ev nümayəndəlikdəki 32 saylı ev təsərrüfatlarının uçotu kitabının 55ci səhifəsində Gülməmmədova Könül Məhəmməd qızının adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 229077 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, torpaq sahəsinin planı və ölçüsü Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, X4 Zaqatala rayon X17 xx xxx 2004-cü il tarixli 113 nömrəli qərarı ilə verilmiş 1200 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İşdə olan xx xxxxxxxx 2004-cü il tarixli müqavilədən görünür ki, X1 rayon DTİ və MHQ İdarəsinin 03 reyestr nömrəli Qeydiyyat vəsiqəsinə və 09.09.04 il tarixli 297 nömrəli arayışına əsasən ona məxsus olan, Zaqatala rayonu Əliabad kəndində 700 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,55 kv.m, yaşayış sahəsi 61 kv.m olan fərdi yaşayış evini Gülməmmədova Könül Məhəmməd qızına bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, reyestr nömrəsi **********23-10301 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Gülməmmədova Könül Məhəmməd qızı, X5, X21, X12 və X10 adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 84,20 kv.m, yardımçı sahəsi 24,20, yaşayış sahəsi 60 kv.m olan fərdi yaşayış evi Gülməmmədova Könül Məhəmməd qızının adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən, habelə iş üzrə tərəflərin izahatlarından müəyyən olunur ki, X12 ilə İddiaçı xx xxxxxxxx 2008-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, evləndikdən sonra onlar Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, Zaqatala rayon DTİ və MHQ İdarəsinin 03 reyestr nömrəli Qeydiyyat vəsiqəsi ilə Məhəmməd Gülməmmədovun mülkiyyətində olan və xx xxxxxxxx 2004-cü il tarixli müqaviləyə əsasən X5 tərəfindən Gülməmmədova Könül Məhəmməd qızına bağışlanmış fərdi yaşayış evində yaşamışlar. Onların birgə nikahından 3 övladı dünyaya gəlmişdir. Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyetsrində Gülməmmədova Könül Məhəmməd qızının adına qeydiyyata alınmışdır. X12 xx xxxxxx 2019-ci ildə vəfat etmiş və İddiaçı 3 övladı ilə birlikdə həmin fərdi yaşayış evini tərk edərək yaşamaq üçün atası evinə getmişdir. Hazırda iddiaçı gəlin köçdüyü cavabdehin mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsini xahiş edir. Cavabdeh isə iddianı qəbul etmir, iddia tələbinin təmin edilməməsini xahiş edir. Bundan başqa, iş materiallarından görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Gülməmmədova Könül Məhəmməd qızının adına qeydiyyata alınmışdır. İddiaçı xx xxxxxxxx 2008-ci il tarixdə X12 ilə rəsmi nikaha daxil olmuş və Gülməmmədova Könül Məhəmməd qızının mülkiyyətində olan fərdi yaşayış evində birlikdə yaşamışlar. xx xxxxxx 2019-cu il tarixdə X12 öldükdən sonra Gülməmmədova Könül Məhəmməd qızı 3 azyaşlı uşağı ilə birlikdə Gülməmmədova Könül Məhəmməd qızının mülkiyyətində olan fərdi yaşayış evini tərk edərək yaşamaq üçün atası evinə köçmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən cavabdehə məxsus fərdi yaşayış evinə dair hər hansı hüququnun yaranmamış olması nəzərə alınmalı və onun gəlin köçdüyü fərdi yaşayış evinə övladları ilə birgə köçürülməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə, habelə mülki və mənzil qanunvericiliyinin müddəalarına uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsindən görünür ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbinə əsasən, xx.xx.2000-ci il tarixdən sonra yaşayış sahəsinə hüquqlar o halda yaranmış hesab edilir ki, bu barədə mülkiyyətçi ilə notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmış olsun və həmin razılaşmaya görə yaranmış hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəasının həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğu, Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə uyğun hesab edildiyi, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edilməli olduğu göstərilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Beləliklə, işin hallarından görünür ki, İddiaçı 2000-ci il sentyabrın 1-dən sonra və 2009-cu il oktyabr ayının 1-dək olan dövrdə, yəni xx xxxxxxxx 2008-ci ildən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, cavabdeh Gülməmmədova Könül Məhəmməd qızının mülkiyyətində olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin ev notariat qaydasında təsdiqlənmiş xx xxxxxxxx 2004-cü il tarixli bağışlama müqaviləsinə əsasən cavabdeh Gülməmmədova Könül Məhəmməd qızının mülkiyyətinə keçmişdir. İddiaçı mübahisəli evə gəlin köçərkən, habelə sonrakı dövrdə evin mülkiyyətçisi olan (cavabdeh) Gülməmmədova Könül Məhəmməd qızı ilə aralarında yaşayış sahəsindən istifadəyə dair notarial qaydada təsdiq edilmiş yazılı razılaşma olmamışdır. Eyni zamanda, İddiaçı cavabdehin ailə üzvü sayılmır. Bu hallar İddiaçı cavabdeh Gülməmmədova Könül Məhəmməd qızının mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququnun yaranmadığı və belə hüququnun olmadığı nəticəsinə gətirir. Əgər cavabdeh Gülməmmədova Könül Məhəmməd qızı mülkiyyətində olan fərdi yaşayış evində qardaşı X12 və ailə üzvlərinin, o cümlədən İddiaçı 12 ilə yaxın müddətdə yaşamasına imkan vermişsə, bu heç də onların həmin evə istifadə hüquqlarının yaranmasına dəlalət etmir. Mülki Məcəllənin 228.5-ci maddəsində mülkiyyətçisinin yaşayış sahəsinə istifadə hüququ olan ailə üzvlərinin dairəsi dəqiq müəyyən edilmişdir (onun əri, arvadı, valideynləri, uşaqları) və həmin ailə üzvləri də istənilən halda deyil, yalnız mülkiyyətçi ilə birgə yaşadıqda yaşayış sahəsindən istifadə hüququna malik olurlar. Ona görə də nə iddiaçının mərhum əri, nə də onun özü cavabdehin ailə üzvü olmamış, bu baxımdan cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququna da malik olmamışlar. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, A.Gülməmədovanın Cavabdeh qarşı sonuncunun mülkiyyətində olan evə azyaşlı uşaqları ilə birlikdə köçürülməsi tələbinə dair irəli sürdüyü iddia əsassızdır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-742/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-742/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar