Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2334/2020 10.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-913/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-913/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-nin direktoru X5 tərəfindən onun işdən azad edilməyi barədə verilmiş xx xxxx 2020-ci il tarixli 731/X nömrəli əmrin etibarsız hesab olunaraq ləğv edilməsi və həmin oteldə işlədiyi mühasib vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 1985-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Vəndam kəndində anadan olmuşdur. xx.xx.2007-ci ildə Azərbaycan Kooperasiya Universitetinin “Ümumi iqtisadiyyat” ali peşə istiqamətinin mühasibat uçotu və audit ixtisası üzrə ali təhsil almışdır. xx.xx.2008-ci il tarixində “xxxx” MMC-nin “X14” mehmanxanasında anbardar vəzifəsinə qəbul olunmuş, xx.xx.2011-ci il tarixində ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2012-ci il tarixində Qəbələ Turizm və Otelçilik üzrə X9 istehsalat təlim ustası işinə qəbul olunmuş, xx.xx.2012-ci il tarixində müddətli əmək müqaviləsi sona çatdığına görə işdən azad olunmuşdur. xx.xx.2013-cü il tarixində “X11” MMC-də operator vəzifəsinə qəbul olunmuş, xx.xx.2013-cü il tarixində ərizəsinə əsasən işdən azad olunmuşdur. “X12” MMC BOKT-ın Göyçay filialının İsmayıllı nümayəndəliyinə mühasib köməkçisi, sonradan mühasib təyin olunmuş, xx.xx.2016-cı il tarixində ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2016-cı il tarixindən “xxxx” MMC-nə ödəniş və əsas vəsaitlər üzrə mühasib vəzifəsinə qəbul olunmuş, xx.xx.2017-ci il tarixində ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2017-ci il Cavabdeh MMC-nin ödəniş və əsas vəsaitlər üzrə mühasib vəzifəsinə qəbul olunmuş, xx.xx.2019-cu il tarixində ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2019-cu il tarixində “X4” MMC-yə mühasib vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixində ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2020-ci il tarixində Cavabdeh MMC-yə mühasib vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixində 731/x saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əmək müqaviləsinə xitam verilmişdir. Ona xx.xx.2020-ci il tarixli 731/x saylı əmr müraciətinə əsasən xx.xx.2020-ci il tarixində şəxsən təqdim olunmuşdur. Qeyd olunan əmr ilə razı deyil və hesab edir ki, qanunsuz və əsassızdır. Belə ki, 10 ildən də artıq (4 ilə yaxın adları müxtəlif olsa da eyni oteldə və eyni vəzifədə) əmək fəaliyyəti dövründə rəhbərlik tərəfindən hər hansı nizam-intizam pozuntusuna görə, fərdi əmək funksiyalarının öhdəsindən gəlməməkdə, müvafiq sahədə bilik və bacarığının olmaması, vəzifə səlahiyyətlərinin düzgün yerinə yetirilinəməsinə, nöqsanlara yol verilməsinə görə barəsində məzəmmət, xəbərdarlıq və ya töhmət kimi intizam tənbehi tədbiri görülməmişdir. O, 2016-cı ilin avqust ayından etibarən “xxxx” MMC, Cavabdeh MMC, “X4” MMC adlandırılan eyni otelin mühasibatlıq şöbəsində xərclər üzrə mühasib vəzifəsində çalışmış, bu müddət ərzində hər hansı ciddi nöqsana yol vermədən vəzifə öhdəliklərini yerinə yetirmişdir. Son rəhbərlik dəyişikliyindən sonra 3 ay müddətinə (sınaq müddəti təyin edilməklə) əmək müqaviləsi bağlanıldı və xx.xx.2020-ci il tarixində onun əmək müqaviləsinə xitamla bağlı xəbərdarlıq təqdim olunsa da, onun tərəfdən qəbul edilməyərək, bunlara qarşı etiraz olaraq rəhbərliyə məktub vasitəsilə müraciət etdi. Məktubunda 2016-cı ildən faktiki olaraq çalışdığı müəssisədə sonuncu dəfə xx.xx.2020-ci il tarixində bağlanmış müqavilənin tələblərinə görə “vəzifə təlimatlarını yerinə yetirməmək” iddiası ilə verilən xəbərdarlığı doğru qəbul etməmişdir. İxtisaslı mühasibat uçotu vəzifəsində uzun müddət işləmiş işçiyə sınaq müddətinin təyin olunması və həmin sınaq müddətində özünü döğrultmaması fəaliyyət qiymətləndirilməsi isə gülünc doğurur. Ona görə ki, artıq o həmin vəzifə üzrə 4 ilə yaxın fəaliyyət göstərmiş və otelçilikdə təcrübəli mühasibatçı olaraq 4 il ərzində eyni müəssisədə eyni vəzifə təlimatlarını yerinə yetirmiş, rəhbərliyin barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun heç bir yazılı və ya şifahi intizam tənbehi tətbiq olunmamışdır. İlk dəfə vəzifəsi üzrə əmək fəaliyyətinə başlamadığına görə və yuxarıda qeyd olunanlara əsasən son əmək müqaviləsində sınaq müddətinin təyin olunmasını məntiqə uyğun hesab etmir. Habelə, əmək fəaliyyətinə xitam verilməsinə əsas olmuş “işçi dəyərləndirmə forması” barədə isə ümumiyyətlə məlumatsız olmuş, tələb etdikdə isə “daxili sənəd olduğuna görə işçiyə təqdim oluna bilməz” bildirilmişdir. Bunun isə nə dərəcədə qanunauyğun olmasını, bu barədə ona niyə məlumat verilmədiyini isə hüquqlarının pozulması hesab edir. xx.xx.2020ci il tarixli 731/x saylı Əmrdə də konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmək müqaviləsinə birtərəfli qaydada işəgötürən tərəfindən xitam verilməsi barədə əmrin verilməsinə əsas kimi xəbərdarlıq bildirişi, işçi dəyərləndirmə forması göstərilmişdir ki, həmin sənədlər də ona rəsmi qaydada təqdim olunmamışdır. Həmin xəbərdarlıq bildirişinin, işçi dəyərləndirmə formasının nömrəsi, tarixi barədə heç bir məlumat verilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçının vəkili X2 iddia tələbini müdafiə edərək təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh MMC-in nümayəndəsi X6 izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli EA- 020\2020 saylı əmr ilə ’’Cavabdeh” MMC-ə Mühasib vəzifəsinə bir ay sınaq müddəti ilə 3 ay müddətinə müddətli müqavilə ilə təyin edilmişdir. İşlədiyi ilk ayda, yəni sınaq müddəti ərzində İddiaçı texniki, ünsiyyət, təşkilati bacarıqları, davamiyyəti, təşəbbüskarlığı və s. keyfiyyətləri qiymətləndirilmiş və buna müvafiq olaraq “Sınaq müddətinin qiymətləndirilməsi forması” hazırlanmışdır. Ayın sonunda isə iddiaçı sınaq müddətini uğurla keçmədiyindən onunla bağlanmış müqaviləyə xitam verilməsi qərara alınmışdır. Bu barədə iddiaçıya “’Cavabdeh” MMC tərəfindən əvvəlcədən xəbərdarlıq bildirişi də təqdim olunmuşdur, lakin, o, bu bildirişi imzalamaqdan imtina etmişdir. xx.xx.2020-ci il tarixli 731/X saylı əmr ilə isə müəssisədə Mühasib işləmiş İddiaçı müddətli əmək müqaviləsinə uyğun olaraq AR ƏM-nin 70-ci maddəsinin “d” bəndinə əsasən yəni sınaq müddəti ərzində işçi özünü doğrultmadığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Habelə istifadə edilməmiş əsas məzuniyyət günü üçün son hesabın aparılması barədə maliyyə şöbəsinə göstəriş verilmişdir. Yuxarıda göstərilənlər birmənalı şəkildə deməyə əsas verir ki, iddiaçının işə bərpa olunma barədə yazmış olduğu iddia, o cümlədən iddia ərizəsində qeyd etdiyi digər məsələlər tam əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-913/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-913/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-in nümayəndəsi X6 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-913/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx.xx.2008-ci il tarixdə tərtib edilmiş ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli EA-020\2020 saylı əmr ilə "Cavabdeh" MMC-nə Mühasib vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli 731/X saylı əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilmişdir. "Cavabdeh" MMC-in direktoru X3 xx xxxx 2020-ci il tarixli 705/Q saylı əmrindən görünür ki, həmin əmr ilə İddiaçı 1 ay sınaq müddəti ilə əsas iş yeri olaraq Mühasib vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı bütün tutulmalar və vergilər daxil olmaqla 1168 AZN məbləğində təyin edilmişdir. "Cavabdeh" MMC-in direktoru X3 xx xxxx 2020-ci il tarixli 731/X saylı əmrindən görünür ki, həmin əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, işçinin iyul ayında işlədiyi günlərin, istifadə edilməmiş əsas məzuniyyət gününün son hesabının aparılmasının maliyyə şöbəsinə tapşırılması göstərilmişdir. xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, bu müqavilə tərəflər arasından xx.xx.2020-ci ildən başlayaraq 1-ci ayı sınaq müddəti hesab edilməklə 3 (üç) ay müddətinə bağlanmışdır. xx.xx.2020-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, "Cavabdeh" MMC tərəfindən İddiaçı sınaq müddəti ərzində özünü doğrultmadığı üçün onunla bağlanmış xx xxxx 2020-ci il tarixli əmək müqaviləsinin 2-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, xx xxxx 2020-ci il tarixdən etibarən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xitam veriləcəyi barədə xəbədarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış məktubdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli “öz xahişi ilə işdən azad olunma” barədə ərizəsini geri götürmək istədiyini bildirmişdir. “Sınaq müddətinin qiymətləndirilməsi forması”ndan görünür ki, İddiaçı texniki, ünsiyyət, təşkilati bacarıqları, davamiyyəti, təşəbbüskarlığı və s. keyfiyyətlər qiymətləndirilmiş və yekun nəticə olaraq qeyd olunmuşdur ki, İddiaçı sınaq müddətini keçməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilməməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İşin halı ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixli EA-020\2020 saylı Əmri ilə İddiaçı "Cavabdeh" MMC-nə Mühasib vəzifəsinə təyin edilmiş, həmin tarixdə müəssisə direktoru və iddiaçı arasında 1-ci ayı sınaq müddəti hesab edilməklə 3 (üç) ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Cəmiyyətin rəhbərinin xx.xx.2020-ci il tarixli 731/X saylı Əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axırıncı hesabı verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Kollegiya hesab edir ki, tərəflər arasında əmək müqaviləsi Əmək Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılmış, daha sonra isə sınaq müddəti ərzində işçinin özünü doğrultmamağı ilə əlaqədər əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əsaslar əmrin qanunsuz hesab edilməsi və onun ləğv edilməsi əsas ola bilməz. Məhkəmə kollegiyasının fikrincə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi iddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı sübutu, nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Cavabdeh isə iddiaçının tələbini qətiyyətlə inkar edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X8 Məhkəməsi “X1” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X8 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçıin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-913/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-913/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-2334/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2334/2020
10.12.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver