Məhkəmə qərarları › İş №2(107)-2338/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2338/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2338/2021 23.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəlyar oğluna qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(035)- 1001/2021 saylı, 12 iyul 2021-ci il tаrixli qərardadından üçüncü şəxs DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəlyar oğluna qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər X2 “Sağlamlıq” bağçılıqyoldaşçılıq təsərrüfatının torpaq sahələri almış işçilərin adlı siyahısında 3-cü sırada Cavabdeh2 Bəlyar oğlunun adına qeydə alınmış və 14/28 inventar nömrəli texniki pasport ilə Cavabdeh1 verilmiş Mingəçevir şəhər Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metr torpaq sahəsinin ona, yəni İddiaçı satılmasına dair əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin vahid əmlak kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(051)-1001/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Mingəçevir şəhər X2 “Sağlamlıq” bağçılıqyoldaşçılıq təsərrüfatının torpaq sahələri almış işçilərin adlı siyahısında 3-cü sırada Cavabdeh2 Bəlyar oğlunun adına qeydə alınmış və 14/28 inventar nömrəli texniki pasport ilə Cavabdeh1 verilmiş Mingəçevir şəhər Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metr torpaq sahəsinin İddiaçı satılmasına dair əqd etibarlı hesab edilmiş və həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin vahid əmlak kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Elgiz Vəliyev qeyd olunan qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyev şikayət verərək, tərəflərindən veriləcək apellyasiya şikayətinin ötürülmüş prosessual müddətini bərpa edərək işə aidiyyatı üzrə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qərardadı ilə Mingəçevir şəhər məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(051)- 1001/2021 saylı qərardadından üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyev tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. X3 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qərardadı ləğv edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyev tərəfindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin Mingəçevir şəhər məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, mülki işdə olan məktubdan və reyestrdən görünür ki, məhkəmə qətnaməsi 26 may 2021-ci il tarixdə çıxmış və 30 may 2021-ci il tarixdə cavabdehlərə göndərilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi qətnamədən 08 iyul 2021-ci il tarixdə apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(051)-1001/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə qətnaməsi 26 may 2021-ci il tarixdə çıxmış və 30 may 2021-ci il tarixdə cavabdehlərə göndərilmiş olsa da, mülki işin materiallarında qətnamənin tərəflərə hansı tarixdə çatdırıldığını göstərən xəbərnamə və ya digər sənədə rast gəlinməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Hazırki işdə qətnamənin rəsmi qaydada verildiyi tarix məlum deyildir. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci mаddəsinə görə, məhkəmə qаnunlа müəyyən edilmiş müddətin burаxılmаsının səbəbini üzrlü hesаb edərsə, işdə iştirаk edən şəxsin ərizəsinə əsаsən burаxılmış müddəti bərpа edir. Həmin Məcəllənin 133.3-cü mаddəsində göstərilmişdir ki, müddətin bərpаsı hаqqındа ərizə verilməklə eyni zаmаndа müddəti burаxılmış zəruri prоsessuаl hərəkət edilməlidir (ərizə, şikаyət verilməli, sənədlər təqdim оlunmаlıdır). Həmin Məcəllənin 133.4-cü mаddəsində göstərilmişdir ki, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikasının MPM-nin 398.0.3-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263-149, 150, 152, 264, 360, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyev tərəfindən verilmiş şikаyət təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qərardadı ləğv edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyev tərəfindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin Mingəçevir şəhər məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar