Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-234/2023 05.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 21oktyabr 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Göyçay rayon Qarabaqqal kəndində yerləşən 0,62 ha torpaq sahəsinin 1/6 hissəsinə iddiaçının, qalan hissəsinə isə iddiaçının ailə üzvlərinin mülkiyyəti hüququ xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışla mülkiyyətində olan 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edilən hissəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışla 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/6 hissəsi X2, 1/6 hissəsi onun və uşaqlarının mülkiyyətindədir. Həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları tərəfindən ölçülərkən müəyyən olunmuşdur ki, torpaq sahəsinin təxminən yarısı Cavabdeh tərəfindən xəndək qazılaraq özünün istifadə etdiyi əraziyə daxil edilmişdir. Cavabdeh onun və ailə üzvlərinin paylı mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə edir və bununla da mülkiyyət hüququnu pozur. “X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin xx.xx.2022-ci il tarixli, M/36 saylı rəyi ilə müəyyən olunur ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,62 ha torpaq sahəsinin 0,20 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(046)- 1050/2022 nömrəli iş üzrə qəbul etdiyi 21 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia qismən təmin edilmiş, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,62 ha torpaq sahəsinin 0,20 ha hissəsindən Cavabdeh çıxarılması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis və ekspert rəyinin verilməsi üçün ekspertizası təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının və digər ailə üzvlərinin mülkiyyətində Göyçay rayonun Qarabaqqal kəndində 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,20 ha hissəsi Cavabdeh qanunsuz istifadəsindədir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29.3, 71.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İş materiallarından göründüyü kimi məhkəmə iddia üzrə belə nəticəyə gəlmişdir ki, məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis və ekspert rəyinin verilməsi üçün ekspertizası təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının və digər ailə üzvlərinin mülkiyyətində Göyçay rayonun Qarabaqqal kəndində 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,20 ha hissəsi Cavabdeh qanunsuz istifadəsindədir. Məhkəmə yuxarıda qeyd olunan nəticəyə gələrkən, sübut kimi iş materiallarında olan “X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMCnin xx.xx.2022-ci il tarixli, M/36 saylı rəyinə istinad etmişdir. Hesab edirəm ki, “X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin xx.xx.2022-ci il tarixli, M/36 saylı rəyi qanunsuzdur, həmin rəy həqiqəti əks etdirmir. Həmin rəy işin faktiki hallarına uyğun deyil, həmin rəy mötəbər sübut kimi və ekspert rəyi kimi qiymətləndirilə bilməz, başqa sübutlarla ekspert rəyi təkzib edilir, ekspert qarşısında qoyulmuş suallar düzgün həll edilməmiş, müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən bilə-bilə yalan rəy verilmişdir. Məhkəmə ziddiyyətli, tam olmayan və müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən verilmiş ekspert rəyinə isitinad etməklə səhv nəticəyə gəlmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilməli və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak edərək müsahibədən keçən, özəl məhkəmə eksperti şəhadətnaməsinə malik olan və barəsində məlumatlar Məhkəmə Ekspertiza Reyestrinə daxil olunan ekspertə həvalə edilməli idi. Bununla bağlı qeyd edim ki, ölkə prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır, o cümlədən özəl məhkəmə ekspertizası fəaliyyətinin təşkili üzrə ardıcıl tədbirlər görülür. Bununla bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna əsaslı dəyişikliklər edilmiş, “Məhkəmə ekspertinin etik davranış kodeksi”, “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin reyestrə daxil edilməsi qaydaları”, həmçinin Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli qərarları ilə təsdiq olunmuş, digər normativ sənədlərin layihələrinə isə baxılmaqdadır. Qanunvericilikdəki yeniliklərə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertiza Reyestrinə daxil olunmalıdır. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə zəruri hazırlıq işləri görülmüş və hüquq tənzimlənmə məsələləri tam həllini tapdıqdan sonra ölkəmizdə özəl məhkəmə ekspertizası institutunun tətbiqi mümkün olacaqdır. Lakin bu iş başa çatdırılmadığı və heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər, o cümlədən “X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən ekspert rəyi kimi qələmə verilən sənəd hazırlanmış və məhkəməyə təqdim olunmuşdur. Belə sənədin ekspert rəyi kimi qəbul olunması və ondan məhkəmə icraatı çərçivəsində istifadə olunması qanunaziddir. Apellyasiya şikayətinə əlavə edilmiş və tərəflər arasında predusiyal əhəmiyyət kəsb edən məhkəmə aktından görünür ki, işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsi ilə X2 mülkiyyətinə verilmiş torpaq sahəsi üst-üstə düşmür. (Bax : Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-129/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı) Göründüyü kimi mübahisəli torpaq sahəsi üzərində iddiaçının heç bir subyektiv hüququ olmadığından, birinci instansiya məhkəməsi işə baxarkən qanunsuz olaraq iddiaçını mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi qiymətləndirmiş, bununla da Mülki Məcəllənin 152.1-ci və 157.4-cü maddələrinin tətbiq edilməsində səhv buraxmış, yaxarıda sadalanan maddi hüquq normalarını səhv təfsir edərək düzgün tətbiq etməmiş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh ona məxsus torpaq sahəsinin 0,20 ha hissəsini qanunsuz olaraq istifadə edir, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə13. Mülkiyyət 13.3.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə29. Mülkiyyət hüququ 29.3.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə111.Özbaşına tutulmuş (zəb tedilmiş) torpaqların qaytarılması 111.1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının göstərdiyi faktiki hallar nəzərə alındıqda, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilməlidir. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. Belə tələbin haqlı sayılması və təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən olunmalıdır. Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,62 ha torpaq sahəsi üzərində iddiaçının və onun ailə üzvlərinin paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd olunan hal və həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən mübahisələndirilən hal bundan ibarətdir ki, o, iddiaçının mülkiyyətində olan torpaq sahəsini istifadə etmir. Bu hal Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-147/2022 saylı iş üzrə qəbul etdiyi, 15 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq olunur. Belə ki, həmin qərarda göstərilmişdir ki, iddiaçıya məxsus olan 0,62 ha torpaq sahəsinin koordinatları başqa şəxslərə, o cümlədən Cavabdeh məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Mülki işin tam və hərtərəfli araşdırıması məqsədi ilə Məhkəmənin 14 fevral 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 10/4654 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, “Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya susteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na(bundan sonra- Qaydalar) əsasən hazırlanmış yeni elektron uçot xəritələrində (TEKUİS) İddiaçı çahlar qızının/1/6 hissə) və digərlərinin paylı mülkiyyətində olan 0,62 ha torpaq sahəsi azaldılaraq 0,37 ha kimi işlənilmişdir. Çatışmayan 0,25 ha torpaq sahəsinin 0,05 ha hissəsi iddiaçı və cavabdeh arasındakı istifadəsiz kolluq ərazi, 0,20 ha hissəsi isə Cavabdeh istifadəsindədir və Cavabdeh istifadəsində olan torpaq sahəsinin koordinatları mütəxəssis rəyində göstərilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyi hallarla bağlı Məhkəmə bildirir ki, iş materiallarından müəyyən edilir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 147/2022 saylı iş üzrə qəbul etdiyi, 15 fevral 2022-ci il tarixli qərarı və həmin qərarı qüvvədə saxlayan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegisyasının 2-1(107)-129/2022 saylı iş üzrə qəbul etdiyi 04 avqust 2022-ci il tarixli qərarı ilə müəyyən edilir ki, iddiaçıya məxsus olan 0,62 ha torpaq sahəsinin koordinatları başqa şəxslərə, o cümlədən Cavabdeh məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, yuxarıda qeyd olunan qərarlarda hazırki iş üzrə tərəflərin mülkiyyətində olan torpaq sahələrinin koordinatlarının üstüstə düşmədiyi müəyyən edilir ki, torpaq sahələrinin koordinatlarının üst-üstə düşməməsi halı, torpaq sahəsinin zəbt edilməməsi halı ilə eyniləşdirilə bilməz. Yəni torpaq sahəsinin koordinatlarının fərqli olması cavabdehin iddiaçının torpaq sahəsini zəbt edə biləcəyini istisna etmir. Beləliklə ekspert rəyi ilə müəyyən olunur ki, yeni Qaydalara əsasən hazırlanmış elektron uçot xəritələrinə (TEKUİS) əsasən cavabdeh iddiaçının mülkiyyətində olan 0,62 ha torpaq sahəsinin 0,20 ha hissəsini istifadə edir. Göstərilənlərə əsasən müəyən edilir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və heç bir sübuta söykənmir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının mülkiyyətindən istifadəsinə maneçilik yaradılmışdır. Bu maneənin aradan qadırılması üçün isə cavabdeh zəbt etdiyi sahədən çıxarılmalıdır. İddiaçının cavabdehə qarşı torpaq sahəsindən çıxarılma barədə irəli sürdüyü tələb, Rayon Məhkəməsinin bu tələbin təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəliləri isə əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul isə cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2022-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100(bir yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-234/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-234/2023
05.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver