Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2354/2021 23.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(051)-195/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Mirzəliyev) 04 fevral 2021-ci il tarixli 2(051)-195/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbinə qarşı “Əmək mübahisələri tələbinə dair” iddiası təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbinə (bundan sonra cavabdeh və ya Mingəçevir şəhər 1 №-li tam orta məktəb) qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun Mingəçevir şəhəri 1 saylı orta məktəbdə sinif rəhbəri və riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı, əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 11 dərəcə ilə hesablanmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Mingəçevir şəhəri 1 saylı orta məktəbdə sinif rəhbəri və riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər 1 saylı orta məktəbin 06 iyul 2018-ci il tarixli 767(p-5) saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 maddəsinin «d» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli 2(051)- 2237/2018 saylı qətnaməsi ilə məktəbin əmri ləğv edilmiş, məktəbə riyaziyyat-informatika müəllimi vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə bərpa edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(107)-2660/2018 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(051)-2237/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Əmək haqqı ödənilmədiyindən Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(051)-1129/2019 saylı qətnaməsi ilə 06 iyul 2018-ci il tarixdən başlayaraq Mingəçevir şəhər 1 saylı tam orta məktəbdə işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. O, işdən azad olunanadək tədris ilində əmək müqaviləsinə uyğun əmək funksiyası yerinə yetirərək vahid tarif cədvəlinə uyğun sinif rəhbərliyi və 18 saat dərs yükü ilə 11 dərəcə ilə əmək haqqı almışdır. Ancaq işə bərpa olunduqdan sonra məktəb ona 6 saat dərs vermiş və bildirilmişdir ki, işə bərpa qətnaməsi ilə işə qayıdanların dərs saatı bu şəkildədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarının 1-ci hissəsinin 2-ci abzasına əsasən bütün tipdən olan ümümtəhsil məktəblərdə, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü-18 saat müəyyən edilmişdir. Baxmayaraq ki, o müddətsiz şərtlərlə müəllim kimi fəaliyyət göstərir, məktəb məhkəmə qətnaməsini nəzərə almayaraq ona müəyyən edilmiş 18 saatdan az olmayaraq dərs yükü ilə təmin etmir. Bundan əlavə əmək haqqını vahid tarif cədvəlinə uyğun 11 dərəcə ilə hesablamır. Habelə onun diaqnostik qimətləndirməyə getməyinə imkan vermir. Bununla da, onun yeni tarif cədvəlinə uyğun əmək haqqı almağına mane olur. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Mingəçevir şəhər 1 №-li tam orta məktəbin direktoru X2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının 1 saylı orta məktəbdə sinif rəhbəri və riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı, əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 11 dərəcə ilə hesablanmaqla ödənilməsi tələbi onun səlahiyyətlərinə aid deyil. Diaqnostik qiymətləndirmədən keçmədən sözügedən dərs yükünün verilməsi mümkün deyil. İddiaçı isə diaqnostik qiymətləndirilmədən keçməmişdir. Lakin onun səlahiyyətləri daxilində mümkün qədər dərs yükünün artırılmasına çalışa bilər. Dərs saatlarının iddiaçının göstərdiyi formada verilməsi hazırda mümkün deyil. Çünki dərs saatları həmin ixtisasdan olan müəllimlər arasında bölünmüşdür. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(051)-195/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli 2(107)- 846/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(051)- 195/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli 2(107)- 846/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli 2(102)-5634/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli 2(107)-846/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli qərarına əsasən işdən çıxarılana qədər yerinə yetirdiyi əmək funksiyasına uyğun həmin əmək şəraitinin təmin olunmasını istəyir. Məhkəmənin istinad etdiyi “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikasi Prezidentinin 16 yanvar 2015-ci il tarixli Sərəncamı və 23 avqust 2017-ci il tarixli Əlavə məhz dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılması ilə bağlıdır. Onun tələbi əmək haqqının diaqnostik qiymətləndirmə aparılan müəllimlərin əmək haqqına uyğunlaşdırılıması deyil, Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 1 stavka dərs yükü ilə təmin edilməyi ilə bağlıdır. Halbuki, o, işdən azad olunarkən 18 saat dərs yükü olmuş və buna müvafiq olaraq əmək haqqı almışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmə qətnaməsi ilə əvvəlki işinə bərpa olunmasına baxmayaraq, məktəb direktoru ona cəmi 6 saat dərs yükü vermişdir. Halbuki, işdən azad olunan vaxtı onun dərs yükü 18 saat olmuşdur. O, bu barədə məktəb direktoruna bildirsə də, sonda direktor bunun mümkünsüz olduğunu bildirmiş, səbəbini də onun müsabiqədən kənar işə qəbul olunması və diaqnostik qiymətləndirmədən keçməməsi ilə əlaqələndirmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçının əvvəlki işinə bərpa olunması dedikdə, onun işdən azad olunan vaxt hansı vəzifədə çalışmışdırsa o vəzifəyə bərpa olunması başa düşülür. Lakin göründüyü kimi iddiaçı həmin vəzifəyə bərpa olunsa da, əvvəlki dərs yükü ilə təmin edilməmişdir. Hesab edir ki, bu düzgün deyil. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(051)-195/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbin direktoru X2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. İddiaçı müəllilmlərin işə qəbulu müsabiqəsindən kənar işə qəbul edildiyinə görə Təhsil Nazirliyi onu diaqnostik qiymətləndirməyə buraxmamışdır. Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılma qaydalarına əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, habelə 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü 6 saat müəyyənləşdirilir. Bu səbəbdən də iddiaçının tələbinin yerinə yetirilməsi mümkün deyil, əks halda diaqnostik qiymətləndirmədən keçmiş digər müəllimlərin hüquqları pozulur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, ”İşə baxan apellyasiya məhkəməsi iddiaçının məhkəmə qətnaməsi ilə işə bərpa olunanadək nə qədər əmək haqqı alması ilə bağlı dəlilini, o cümlədən qətnamə icra edilmişdirsə, iddiaçının əvəlki əmək haqqından hansı əsaslarla məhrum olunduğunu araşdırmamışdır. Apellyasiya Məhkəməsi qeyd olunan qətnamə əsasında əmək haqqının hansı qaydada hesablanaraq ödənilməsini aydınlaşdırdımamışdır. Qətnamə əsasında tutulan əmək haqqının və iş yükünün birdən-birə hansı səbəblərdən aşağı salınmasını, belə dəyişikliyin əsaslı olub-olmamasına qiymət verməmişdir. Hansı ki, iddiaçı haqlı olaraq hesab edir ki, onun iş yükünün və əmək haqqının azaldılmasının səbəbi məhz məhkəmə qətnaməsi ilə işə bərpa olunması olmuşdur. Apellyasiya Məhkəməsinin sorğusuna cavab məktubunda cavabdeh bildirmişdir ki, İddiaçı müəllimlərin işə qəbulu müsabiqəsindən kənar işə qəbul edildiyinə görə Təhsil Nazirliyi onu diaqnostik qiymətləndirməyə buraxmamışdır. Bu hal özü iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol verilməsinin etirafıdır. İşə yenidən baxarkən Apellyasiya Məhkəməsi hazırkı qərarda qeyd olunanlarla bağlı ardıcıl olaraq hüquqi dəyərləndirmələr aparmalıdır. İlk növbədə məhkəmə qətnaməsi əsasında işə bərpa olunmuş şəxsin əmək haqqı və iş yükündə kəskin azalmanın səbəbləri, belə azalmanın qanunvericiliyin tələblərinə əməl etməklə aparılıb-aparılmaması, cavabdehin etirazında qeyd olunan diaqnostik qiymətləndirməyə cəlb edilmənin kimin vəzifəsi olması, iddiaçıya münasibətdə belə bir təklifin edilib-edilməməsi, ümumiyyətlə, belə qiymətləndirmənin hazırkı mübahisə ilə əlaqəsinin olub-olmaması, iddiaçının müəllimlərin işə qəbulu müsabiqəsindən kənar müəllim vəzifəsinə təyin edilməsinin hazırkı mübahisəyə, qiymətləndirməyə hansı təsirinin olması, məktəbdə analoji vəzifəni tutan müəllimlərin iş yükü və əmək haqqları ilə müqayisədə ədalətli tarazlığa riayət edilibedilməməsi və s. zəruri hallar aydınlaşdırıldıqdan sonra yekun qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası bir məsələni də qeyd etməyi zəruri hesab edir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarının birində iddiaçının gələcəkdə iş yükü ilə təmin olunması imkanları barədə vədlər vermiş, bunu təhsil ilinin əvvəlində həll edilməsinin mümkünlüyünü qeyd etmişdir (məhkəmə iclas protokolundan). Lakin, hazırda da mübahisə həllini tapmamışdır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının həyat yoldaşı Vətən müharibəsinin iştirakçısıdır, medallarla təltif edilmiş və iki azyaşlı uşaqları var. Orta məktəb gənc nəslin təlim-tərbiyəsi və təhsilinin inkişafına xidmət edir, gənclərin vətənpərvərlik ruhunun yüksək olmasına xidmət edir. Hamıya bəlli olan indiki vaxtda (Vətən müharibəsindən sonrakı dövrdə) cavabdeh təşkilat tərəfindən bu məsələyə daha həssas yanaşılmalı, mübahisənin məhkəmə müstəvisinə çıxmaması üçün təbrilər görülməli idi. Gənc nəslin tərbiyəsi və təhsili ilə məşğul olan təşkilat vətən müharibəsi iştirakçısının ailəsinə daha diqqətlə yanaşmalı idi. Çünki, bu hal təkcə bir ailənin probleminə münasibət deyil, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına əsaslı təkan verən bir hadisədir. Ona görə, işə yenidən baxılarkən məhkəmə tərəflərə mübahisəni barışıqla həll olunmasını təklif etməli, buna çalışmalı, belə həll yolunun daha səmərəli və effektli olmasını onlara izah etməlidir.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(051)-2237/2018 saylı qətnaməsi ilə Mingəçevir şəhəri 1 saylı tam orta məktəbin 06.07.2018-ci il tarixli 767 (p-5) saylı əmrinin etibarsız hesab edilməsi, İddiaçı Mingəçevir şəhəri 1 saylı tam orta məktəbdə riyaziyyat-informatika müəllimi vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə işə bərpa edilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(051)-1129/2019 saylı qətnaməsi ilə İddiaçı 06.07.2018-ci il tarixdən başlayaraq Mingəçevir şəhəri 1 saylı tam orta məktəbdə işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “İşin faktiki hallarından göründüyü kimi iddiaçı işə götürülərkən işəgötürən «Qaydalar»ın 4.1-ci bəndinin tələbini pozaraq iddiaçı ilə müsabiqədən kənar müddətsiz əmək müqaviləsi bağlamış, sonradan 06 iyul 2018-ci il tarixli 767(p-5) №li əmr ilə əmək müqaviləsinə xitam versə də, Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(051)-2237/2018 saylı qətnaməsi ilə sözügedən əmr etibarsız hesab edilmiş və iddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir şəhəri 1 №li tam orta məktəbin riyaziyyat-informatika müəllimi vəzifəsinə bərpa olunmuşdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi işəgötürən işçini müddətsiz müqavilə ilə işə qəbulunu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirməli idi. Lakin İddiaçı işə mərkəzləşdirilmiş müsabiqə yolu ilə deyil məhkəmə vasitəsi ilə daxil olmuşdur. Belə olan halda sözügedən qaydaların tələblərindən kənar işə qəbul olunmasına baxmayaraq iddiaçı diaqnostik qiymətlənmədən keçməlidir. İddiaçı diaqnostik qiymətlənmədən keçməsi üçün müraciət etməli, onun diaqnostik qiymətləndirilmədən keçirilməsindən imtina olunarsa müvafiq icra hakimiyyəti orqanının qərarından İnzibati Məhkəməyə şikayət verməlidir. Ümumi (şəhər və rayon) məhkəmənin iddiaçının üzərinə sözügedən tələbi qoymaq hüququ yoxdur. İddiaçını diaqnostik qiymətləndirilmədən keçirməsi mütləq olsa da sözügedən müsabiqənin keçirilməsi hazırki iş üzrə cavabdeh olan Mingəçevir şəhəri 1 saylı orta məktəbin direktorunun deyil müvafiq icra hakimiyyəti aparmalıdır. Ona görə də iddia əsassızdır və təmin olunmamalıdır. İddiaçı tələbini “təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli qərarı ilə əsaslandırsa da sözügedən qərarda müəllimlərə düşməli olan 1 stavka dərs yükünün 18 saat olması göstərilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 saylı sərəncamı ilə təsdiq edilmiş «Qaydalar»da diaqnostik qiymətləndirilməsi aparılandan sonra sözügedən dərs yükünün verilməsi məqsədə müvafiq sayılmışdır. Məhkəmə iclasında bütün sübutlar müqayisəli şəkildə təhlil edilərkən iddiaçının öz tələbini təsdiq edən heç bir sübut təqdim etməməsi müəyyən olunmuşdur.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və mülki mübahisə üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Mingəçevir şəhəri 1 saylı tam orta məktəbdə riyaziyyat-informatika müəllimi vəzifəsində çalışır. O, cavabdehin 06.07.2018-ci il tarixli 767 saylı əmrilə bir dəfə işdən azad olunmuşdu. Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(051)-2237/2018 saylı qətnaməsi ilə həmin əmr ləğv olunaraq iddiaçı əvvəlki işinə bərpa olunmuşdur. Lakin, o, məhkəmə qətnaməsi ilə işinə bərpa olunduqdan sonra onun aylıq əmək haqqı aşağı düşmüş, eyni zamanda məktəbdə sinif rəhbəri kimi əlavə haqq gətirən vəzifəsini də icra etməkdən məhrum olmuşdur. İddiaçı istəyir ki, məhkəmə qətnaməsi ilə işinə bərpa olunanadək gördüyü işi və əmək haqqı ona verilsin. O, bildirir ki, hal-hazırda cəmi 6 saat iş yükü ilə təmin olunmuşdur və aylıq əmək haqqı 120 manat təşkil edir. Həyat yoldaşı Vətən müharibəsi iştirakçısıdır, döyüşlərdə iştirakına görə medallarla təltif olunub, öhdəsində iki azyaşlı uşağı var və onların maddi tələbatını qarşılaya bilmir. İddiaçı qətnamə ilə əvvəlki işinə bərpa olunmuşdur. Belə olan halda onun bütün hüquqları, o cümlədən gördüyü iş və aldığı əmək haqqı ilə bağlı bütün hüquqları bərpa edilməli idi. İşə bərpa olunma barədə qətnamənin icrası təkcə işçinin əvvəlki işinə bərpası demək deyil, həm də onun əvvəlki hüquqlarının (gördüyü işi və əmək haqqını almaq) bərpası deməkdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(051)2237/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Əmək haqqı ödənilmədiyindən Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(051)1129/2019 saylı qətnaməsi ilə 06 iyul 2018-ci il tarixdən başlayaraq Mingəçevir şəhər 1 saylı tam orta məktəbdə işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələyə daha həssas yanaşmalı və araşdırmalı idi. Dövlətin adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən sonra işə bərpa olunan işçinin iş yükü, əmək haqqı digərləri ilə müqayisədə kəskin azaldılır, müəllimlərin işə qəbulu müsabiqəsindən kənar, yəni mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul olunmaması əsası ilə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə çağırılmır (hansıki iddiaçı bunu arzu edir). İşçinin öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etməsi onun Konstitusion hüququdur və heç kəs bu hüquqdan məhrum edilə bilməz. Qətnamə icra edildikdən sonra işçini bilərəkdən yenidən çıxılmaz vəziyyətə salmaqla məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirmək təəssüfündən çıxış edərək birinci instansiya məhkəməsi bu halı diqqətlə yoxlamağa borclu idi. “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması” Qaydalarının: 3.1.1-ci maddəsinə əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllimdefektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri diaqnostik qiymətləndirilməyə cəlb olunur. 7.3-cü maddəsinə əsasən, yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş vaxtda müəllimlərin diaqnostik qiymətləndirilmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün birbaşa məsuliyyət daşıyırlar. Göründüyü kimi, Qaydalar müsabiqədənkənar işə qəbul olunmuş müəllimlərlə bağlı istisna müəyyən etməmiş, orada əmək müqaviləsi əsasında işləyən müəllimlərin hamısının diaqnostik qiymətləndirməyə cəlb edilməsi nəzərdə tutulmuşdur. İddiaçı orta məktəbdə müəllim vəzifəsində çalışırsa, onun bu vəzifəyə yararlılığı qanunvericilik qaydasında istisna olunmayıbsa, işçinin hansı əsasla, kim tərəfindən işə qəbul edilməsi əhəmiyyət kəsb etmir. Həmin əsasla iş yükündə, peşəkarlığının inkişafında və əmək haqqının artırılmasında fərqli münasibət ayrı-seçkiliyə yol verilməsi kimi qiymətləndirilməlidir. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli Qərarı ilə bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır) müəyyən edilmişdir. Göründüyü kimi, Qərarda 6 saat dərs yükü nəzərdə tutulmamış, ümumtəhsil məktəblərində müəllimlərin minimum 1 (bir) stavka, yəni 18 saat dərs yükü ilə təmin edilməli olması birmənalı olaraq təsbit edilmişdir. Mingəçevir şəhəri 1 saylı tam orta məktəb Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisəsidir. Nazirlər Kabinetinin Qərarına və Təhsil Nazirliyinin müəyyən etdiyi Qaydalara əsasən İddiaçı müvafiq icra hakimiyyəti orqanları tərəfindən diaqnostik qiymətləndirilməyə cəlb olunmalı idi. Hətta, belə qiymətləndirmə keçirilmədən onun aylıq 120 manat əmək haqqı müqabilində işləməsi Azərbaycan Respublikası Konstitusiyasına (35-ci maddə) və Əmək Məcəlləsinin müvafiq normalarına (9-cu maddə) ziddir. Birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmamış, sonda qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin 26 oktyabr 2021-ci il tarixli 2(102)-5634/2021 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(051)-195/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(051)-195/2021 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbinə qarşı “Mingəçevir şəhəri 1 saylı orta məktəbdə sinif rəhbəri və riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı” tələbinə dаir iddiası təmin edilsin. Hacıyeva X1 şəhəri 1 saylı orta məktəbdə sinif rəhbəri və riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-2354/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2354/2021
23.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver