Məhkəmə qərarları › İş №2(107)-2355/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2355/2021

23.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2355/2021 23.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tаrixli 2-212/2006 nömrəli qərardadından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi Məmməd İsmayılov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə Cavabdeh1 qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mübahisəli torpaq sahəsindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə (hakim S.Seyfullayev) iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə Cavabdeh1 qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddia tələbi təmin edilmiş cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı mübahisəli torpaq sahəsindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir. 12.07.2021-ci ildə Cavabdeh1 iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi qanuni qüvvəsini aldığından həmin qətnamənin icraya yönəldilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsi 13 iyul 2021-ci il tarixdə 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə icra edilməsi üçün göndərmişdir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndisi, rəis vəzifəsini icra edən Fərman Hacıyev tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərilən 1700 kv.m torpaq sahəsi üzərindəki 20 topa fındıq bağ sahəsinin 3557,57 kv.m torpaq sahəsinin hansı hissəni əhatə etməsi qeyri-müəyyən olmaqla, həmin hissəni müəyyən edən plan cizgi və ya ayrıca aktı, yaxud bölgü planı qətnaməyə əlavə edilməmişdir. Bu səbəbdən qətnamənin icra edilməsi mümkün deyildir. Ona görə də, Zaqatala Rayon Məhkəməsi 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsinin qismən, yəni qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)-1841/2021 nömrəli qərardadı ilə Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(107)-1841/2021 nömrəli qərardadı ləğv edilərək, iş apellyasiya baxışından çıxarılmış, mülki iş Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbləri yerinə yetirilməsi üçün birinci instansiyası məhkəməsinə qaytarılmışdır. Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tаrixli 2-212/2006 nömrəli qərardadı ilə ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə Cavabdeh1 qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılması tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı mübahisəli torpaq sahəsindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2- 212/2006 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndisi, rəisi vəzifəsini icra edən Fərman Hacıyevin verdiyi apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi Məmməd İsmayılov şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2-212/2006 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tаrixli 2-212/2006 nömrəli qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X1 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tаrixli 2- 212/2006 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Azərbaycan Respublikasının MPM-nin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 357-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-nin 357.2-ci maddəsinə əsasən Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının mənasından da göründüyü kimi qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Eyni zamanda apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunmalıdır. Lakin təqdim olunmuş iş materiallarından göründüyü kimi Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi artıq qanuni qüvvəyə minmiş, həmin qətnamə yalnız icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunmur. Həmçinin maraqlı şəxsin apelyasiya şikayətinə nəzər yetirildikdə görünür ki, Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsinin icrası mümkün olmadığından apelyasiya şikayəti verilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, qətnamənin icrası mümkün deyildirsə icra edən orqanın “tələbin icra edilmədiyi” əsası ilə icra sənədini geri qaytarmaq hüququ da vardır. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021ci il tаrixli 2-212/2006 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021ci il tаrixli 2-212/2006 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 46, 47, 263-264, 357, 360, 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi Məmməd İsmayılov tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tаrixli 2-212/2006 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar