Məhkəmə qərarları › İş №2(107)-236/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-236/2023

07.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-236/2023 07.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qarşı iş üzrə (açar sözlər: evdən çıxarılma) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yаşаyış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Yevlax Rаyon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(039)-1623/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları

1. Cavabdeh (bundan sonra cavabdeh) İddiaçı (bundan sonra iddiaçı) keçmiş gəlinindir.(oğlu Şahin Qarayevin keçmiş arvadı)

2. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li 11 iyun 2013-cü il tarixli Çıxarışın surətindən görünür ki, Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 122,53 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir.

3. İşdə olan Yevlax Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(039)- 1451/2022 saylı qətnaməsindən müəyyən olunur ki, X1 Günel Zahir qızı arasında Yevlax ŞİHB-nin Malbinəsi kənd icra nümayəndəliyində qeydə alınmış 04 yanvar 2018-ci il tarixli nikah qeydi pozulmuşdur.

4. Həmin qətnaməyə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş 14 oktyabr 2018-ci il təvəllüdlü X4 anası Cavabdeh himayəsində saxlanılmışdır.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evindən cavabdehin cehiz əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh oğlu X3 ilə 24 dekabr 2017-ci il tarixdə faktiki ailə qurub, nikahlarını 04 yanvar 2018-ci il (iddia ərizəsində mexaniki səhv olaraq 2008-ci il göstərilmişdir) tarixdə rəsmiləşdirmişlər və onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşamışlar. 14 oktyabr 2018-ci il tarixdə Tunar adlı uşaqları anadan olmuşdur. Cavabdeh Şahin Qarayevi və onları ailə kimi saymamış, hörmət qoymamış və nalayiq ifadələrlə təhqir etmişdir. Bu səbəblərə görə oğlu Şahin Qarayev 12 aprel 2022-ci il tarixdən Cavabdeh ayrılmışdır. Hazırda o, xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən sərbəst istifadə edə bilmir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdeh 2018-ci ildə ona məxsus olan evə gəlin köçmüş və yaşamağa başlamışdır. Lakin sonradan cavabdehlə oğlu arasında münasibətlər tam olaraq pozulmuşdur. Cavabdeh artıq uzun müddətdir onun oğlu Şahin Qarayevlə münasibətlərini kəsib və artıq aralarında olan nikah məhkəmə qərarı əsasında pozulmuşdur. Hazırda cavabdeh ona məxsus evdə yaşamaqla onunla mütəmadi olaraq mübahisələr edir, onu təhqir edir, ona məxsus olan əşyaları sındırır, sıradan çıxarır. İddianın təmin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Sevda Bəkirova iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh iddiaçının icazəsi ilə ona məxsus evə köçmüş və onunla birgə təsərrüfat aparmaqla istifadə hüququnu əldə etmişdir. Hazırda Cavabdeh bir azyaşlı övladı iddiaçıya məxsus evdə yaşayır, onun yaşamağa başqa yaşayış yeri yoxdur. İddiaçı isə onun həmin evdə yaşamasına maneələr törədir, onun qaldığı otağın işığını kəsir və digər qanunsuz hərəkətlər edir. İddianın təmin edilməməsini xahiş etmişdir. İddia təmin ediləcəyi təqdirdə müəyyən müddətdə cavabdehin həmin evdə yaşamaq hüququnun saxlanılmasını xahiş etmişdir.

9. Yevlax Rаyon Məhkəməsinin (hakim Toğrul Əliyev) 01 noyabr 2022-ci il tarixli, 2(039)-1623/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh, özünə məxsus cehiz əşyaları ilə birlikdə Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 122,53 m2 olan 2 otaqlı, İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

10. Qətnamənin nəticə hissəsində cavabdehin atasının adı “Zahir” əvəzinə “Zahid” yazılmışdır. Məhkəmə kollegiyası bunu mexaniki səhv kimi qəbul edir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh 2018-ci ildən mülkiyyətçinin razılığı ilə həmin evə köçüb yaşasa da, mənzil qanunvericiliyin tələblərinə görə həmin evdən istifadə hüququ əldə etməmişdir. Belə ki, o, Mənzil Məcəlləsinin 30.1 maddəsi ilə müəyyən edilmiş mülkiyyətçinin ailə üzvləri, habelə Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmaqla digər qohumlar sırasına daxil olan şəxs deyil.

12. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehə məxsus əşyaların da həmin evdə saxlanılması iddiaçının mülkiyyətçi olaraq öz əmlakından sərbəst istifadə etmək hüquqlarını məhdudlaşdırır ki, bu da yolverilməzdir. Bu səbəbdən həmin hissədə də iddia təmin edilməlidir

13. Cavabdeh Yevlax Rаyon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(039)- 1623/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

14. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə mübahisəyə hüquqi qiymət verərərkən maddi hüquq norması kimi Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrini tətbiq etsə, onu (cavabdehi) mülkiyyətçinin ailə üzvü sırasına qəbul etmiş şəxs kimi nəzərə almamışdır. Halbuki, o, mülkiyyətçinin razılığı ilə mübahisə predmeti olan fərdi yaşayış evinə gəlin köçmüşdür, əsas və daimi yaşayış yeri həmin ünvan olmuşdur. Himayəsində azyaşlı övladı vardır. İş qüvvəsi yoxdur. Onun maddi vəziyyətini və diqqətə layiq olan halları şərh etməyə ehtiyac yoxdur. Övladı körpə olduğu üçün işləyə bilmir. Evsiz-eşiksizdir. Əslində, Mənzil Məcəlləsinin 30.4cü maddəsinin tələblərindən biri də ondan ibarətdir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq olan hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə, tətbiq etdiyi maddi hüquq normalarını ona münasibətdə ədalətsizliklə nəticə vermişdir. Bundan başqa mülkiyyətçi onun qayınanası, o cümlədən azyaşlı övladının nənəsidir. Buna görə də o, azyaşlı övladı ilə birlikdə yaşayış sahəsinin mülkiyyətçisi - iddiaçı ilə birlikdə mübahisə predmeti olan fərdi yaşayış evində yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən övladı ilə birlikdə özünün saxlanılmasını tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən Yevlax Rаyon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(039)-1623/2022 saylı qətnaməsini ləğv edərək iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin cavabdehə münasibətdə tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

19. Maddə 29. Mülkiyyət hüququ

İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. ...

20. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbаycаn Respublikаsı Mənzil Məcəlləsi:

23. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

24. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

25. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarı ... Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

27.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rаyon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(039)-1623/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

39. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

40. İş materialları ilə müəyyən edilmişdir ki, Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 122,53 m2 olan 2 otaqlı fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh 2018-ci ildə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olduqdan sonra mülkiyyətçinin razılığı ilə həmin evə köçmüş, özünə məxsus cehiz əşyalarını da həmin evdə yerləşdirmişdir. Cavabdehlə iddiaçının oğlu arasında olan nikah artıq pozulmuşdur.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. ... Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

42. Daha sonra yuxarıda qeyd edilən qərarda deyilir “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.”

43. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi.

44. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh olan Qarayeva X6 Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyildir.

45. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

46. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin iddiaçının oğlu ilə olan ailə münasibətlərinə də xitam verilmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya məxsus evdə yaşaması qanuni hesab edilə bilməz, bu səbəbdən mülkiyyətçinin hüquqlarının təmin edilməsi məqsədi ilə iddia təmin edilməli və cavabdeh həmin evdən çıxarılmalıdır. Cavabdehə məxsus əşyaların da həmin evdə saxlanılması iddiaçının mülkiyyətçi olaraq öz əmlakından sərbəst istifadə etmək hüquqlarını məhdudlaşdırır ki, bu da yolverilməzdir. Bu səbəbdən həmin hissədə də iddia təmin edilməlidir.

47. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və yuxarıda qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, Cavabdeh özünə məxsus cehiz əşyaları ilə birlikdə İddiaçı məxsus Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 122,53 m2 olan 2 otaqlı fərdi yaşayış evindən çıxarılması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur.

48. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

49. Apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

50. İnsаn hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

52. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

53. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rаyon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(039)-1623/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Yevlax Rаyon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(039)-1623/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar