Məhkəmə qərarları › İş №2(107)-237/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-237/2024

20.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-237/2024 20.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin məcburi çıxarılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin məcburi çıxarılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(075)-24/2023 saylı qətnaməsindən İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 mülkiyyətinə JN465D, KOD 40406018 reyestr nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Şəki rayonu Baş Göynük kəndi ərazisindən 0,06 hektar torpaq sahəsi verilmişdir. Həmçinin Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 05 nömrəli qərarı əsasında JN-467C 40406018 reyestr nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh mülkiyyətinə Şəki rayonu Baş Göynük kəndi ərazisindən 0,05 hektar torpaq sahəsi verilmişdir. İddiaçılar cavabdehin özünə məxsus yaşayış evinin arxa hissəsində onlara məxsus torpaq sahəsinə qanunsuz daxil olmaqla tikili inşa etdiyini iddia edirlər.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2a Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 05 nömrəli qərarı ilə iddiaçıların birgə mülkiyyətinə verilmiş, xx.xx.2006-cı il tarixli, JN-465D, KOD 40406018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 hektar torpaq sahəsindən cavabdeh Şəki rayonu Baş Göynük kənd sakini Cavabdeh məcburi qaydada çıxarılması və onlara məxsus olan həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək cavabdeh tərəfindən həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 01 nömrəli qərarı ilə Şəki rayonu Baş Göynük kəndi ərazisindən 0,06 hektar torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Buna dair onlara xx.xx.2006-cı il tarixli, JN-465D, KOD 40406018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Hal-hazırda Cavabdeh uzun müddətdir ki onlara məxsus torpaq sahəsini istifadə etməkdədir. Belə ki, cavabdeh özünə məxsus yaşayış evinin arxa hissəsindən onlara məxsus torpaq sahəsinə təxminən 1 metr, yol hissədən isə 2 metr içəri girərək tikili tikmişdir. Dəfələrlə torpaq sahəsindən çıxmasını, tikilinin sökülməsini tələb etsələr də cavabdeh özünə məxsus başqa torpaq sahəsi ilə onu əvəz edəcəyini vəd edərək onları aldatmışdır. Bələdiyyə nümayəndələri cavabdehə bu barədə məlumat versələr də mübahisəli məsələ öz həllini tapmamışdır. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətinə JN465D, KOD 40406018 reyestr nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəki rayonu Baş Göynük kəndi ərazisindən 0,06 hektar torpaq sahəsi verilmişdir. Həmçinin Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 05 nömrəli qərarı ilə cavabdehin mülkiyyətinə JN-467C 40406018 reyestr nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəki rayonu Baş Göynük kəndi ərazisindən 0,05 hektar torpaq sahəsi verilmişdir. İddiaçılar cavabdehin özünə məxsus yaşayış evinin arxa hissəsində onlara məxsus torpaq sahəsinə qanunsuz daxil olmaqla tikili inşa etdiyini və həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişlər.

5. Məhkəmə qeyd edir ki, ekspertizanın rəyi ilə müəyyən olunur ki, iddiaçılara və cavabdehə məxsus şəhadətnamələrdə göstərilən torpaq sahələrinin cizgiləri ilə naturada onların istifadəsində olan torpaq sahələrinin cizgiləri arasında kəskin uyğunsuzluq var. Bundan başqa müəyyən olunur ki, hətta belə bir uyğunsuzluq olmasa belə, iddiaçılar tərəfindən sökülməsi tələb edilən tikili cavabdehin öz mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir. Bu hal iş üzrə verilmiş mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə də təsdiq olunur. Həmin yerquruluşu planından da görünür ki, iddiaçıların faktiki istifadələrində olan torpaq sahəsi sənəd üzrə onların mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Belə ki, iddiaçıların faktiki istifadələrində olan torpaq sahəsinin bir hissəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilindədir. Cavabdehin iddiaçılarla arasında olan sərhəd divarının yanında inşa etdiyi köməkçi tikili onun öz mülkiyyətində olan torpaq sahəsində olmaqla iddiaçılara heç bir aidiyyəti yoxdur.

6. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin zəbt edilməsi və iddiaçılara məxsus torpaq sahəsinin qeyri-qanuni istifadə edilməsi müəyyən olunmamışdır.

7. Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(075)-24/2023 saylı qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 Cavabdeh qarşı Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 05 nömrəli qərarı ilə iddiaçıların birgə mülkiyyətinə verilmiş, xx.xx.2006-cı il tarixli, JN- 465D, KOD 40406018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 hektar torpaq sahəsindən cavabdeh Şəki rayonu Baş Göynük kənd sakini Cavabdeh məcburi qaydada çıxarılması və onlara məxsus olan həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək cavabdeh tərəfindən həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılarının özlərinə aid edilməsi, iş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun iddiaçılardan tutulması və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 158 və 170-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: JN-465D 40406018 reyestr nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ölüm haqqında şəhadətnamələr Şəki rayonu Baş Göynük Bələdiyyəsi və Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kənd inzibati ərazi dairsi üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmiş 18 aprel 2022-ci il tarixli akt JN-467C 40406018 reyestr nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 06 iyul 2017-ci il tarixli, **********83-10301 reyesetr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 23 may 2022-ci il tarixli mütəxəssis rəyi Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 22 iyul 2022-ci il tarixli, 10/3266 nömrəli ekspert rəyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli mütəxəssis rəyi

10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı5 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssisləri TEKUİS məlumatları əsasında yalan rəy vermişdir. Beləki, onlar xx.xx.2023-cü il tarixli rəylərində qeyd etmişdirlər ki, TEKUİS məlumatlarına əsasən bizə məxsus ərazi faktiki olaraq 446 kv.metr olmaqla üzərində heç bir tikili mövcud deyil. Amma bu belə deyil. Həmin torpaq sahəsi üzərinə bizə məxsus tikili mövcud olmasa da, TEKUİS məlumatları üzrə torpağın cizgilərini məüyyən etdikdə iki qonşuya məxsus (Şimal-şərq tərəfdə yerləşən və qərb hisədə yerləşən) tikililər onların sahəyə düşür. Yəni TEKUİS məlumatları əsasında onlara aid tikili olmasa da, qonşuya məxsus faktiki tikililər mövcuddur. Rəylərə əlavə edilmiş yerqruluşu planına əsasən TEKUİS üzrə kardinatlarla sənəd üzrə kordinatlar üst-üstə düşmür. TEKUİS üzrə döngə nöqtələri 9- 11 –cu nöqtələrdə və 5-6-7 nöqtələr üzrə qonşulara məxsus tikililər mövcuddur. Onlarda olan sənəd üzrə huquqları qeydiyyata alınmış olsa 8-9-10–cu nöqtələr üzrə xeyli qonşu ərazisi onlara düşmüş olacaq və qonşunun böyük bir tikilisi mülkiyyətində olan torpaq sahəsində qalacaq. Hesab edir ki, bu kimi problemləri onlara TEKUİS və ondan əvvəl DWG faylarını hazırlayan mütəxəssislər yaradıb. Lakin keçmişdən bu günə kimi faktiki istifadə etdiyi torpaq sahələrinin kordinatları düzgün işlənmiş olsaydı cavabdehin onun sahəsini zəbt etməsi kordinatlar üzrə öz təsdiqini tapmış olacaqdı. İş materiallarına əlavə etdiyi şəkillərdən göründüyü kimi, faktiki istifadə etdiyi ərazinin (rəy üzrə kordinat nöqtələri 2-3-4 və 13- 16) yol hissəsi cənubdan şimala tərəf getdikcə daralmışdır. Bu son dövrlər cavabdehin tikdiyi qanunsuz tikiliyə (hamam) görə baş vermişdir. Rəydən görünür ki, cavabdehin tikdiyi həmin tikili onun sənəd və ya TEKUİS üzrə ərazisində deyil. Məhkəmə işi hərtərəfli araşdırmaq üçün təkrar və ya əlavə ekspertiza təyin etməklə mübahisəli tikilinin cavabdehin sənəd üzrə, TEKUİS üzrə ərazində yerləşib yerləşmədiyini müəyyən etməklə həqiqətə nail ola bilər. Əgər həmin tikili həqiqətən cavabdehin sənəd üzrə, TEKUİS üzrə ərazində yerləşmirsə deməli başqasının ərazisini zəbt etməklə inşa edilmişdir. Burda həqiqətin müəyyən edilməsi gələcəkdə onların faktiki ərazilərin kordinatlarına düzəliş edilməklə çıxarış əldə etməyinə də şərait yaradacaqdır.

12. Ona görə də, Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(075)- 24/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı2 və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. İddiaçı Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(075)-24/2023 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

20. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərini nəzərə alaraq məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 3 oktyabr 2024-cü il tarixli 10/2988 nömrəli ekspert rəyində göstərilmişdir ki, “Qərardadın 1-ci sualı üzrə: “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə torpaq sahəsinin sənəd üzrə koordinatları öz əksini tapmır. Şəhadətnamədə mülkiyyətçilər, qonşuluqlar, mülkiyyətə verilən torpaq sahəsinin qayiməsi, ölçüsü və mülkiyyətə verilən torpaq sahəsinin planı (M: 1000) kimi göstəricilər qeyd edilir. İddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın 2-ci sualı üzrə: İddiaçı və cavabdehin həmçinin mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidəki əksəriyyət qonşu torpaq mülkiyyətçilərinin hər birinin ayrı-ayrılıqda faktiki istifadələrində olan torpaq sahələrinin naturada ölçüləri onların sənəd üzrə olan (Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə göstərilən) torpaq sahələrinin ölçüsü ilə müqayisədə azlıq təşkil edir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında iddiaçının, cavabdehin, qonşu torpaq sahələrinin mülkiyyətçilərinin, faktiki istifadələrində və sənəd üzrə olan torpaq sahələri göstərilmişdir. Qərardadın 3-cü sualı üzrə: Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planından göründüyü kimi Cavabdeh sənəd üzrə olan torpaq sahəsi 0.05 ha (500 kv.m) olmağına baxmayaraq onun faktiki istifadəsində 435 kv.m torpaq sahəsi vardır. İddiaçıların və cavabdehin faktiki və sənəd üzrə olan torpaq sahələrinin coğrafi yerləşməsi, faktiki və sənəd üzrə torpaq sahələri arasında olan kəskin konfiqurasiya fərqi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Yerquruluşu planından göründüyü kimi sənəd üzrə olan torpaq sahələri ilə faktiki istifadə edilən torpaq sahələri arasında konfiqurasiya fərqi olduğu üçün üst-üstə düşməni aydınlaşdırmaq mümkün olmamışdır. Bu səbəbdən zəbt etməni müəyyən etmək mümkün deyil. Naturada iddiaçıların və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri onların sənəd üzrə olan torpaq sahələrinin ölçülərindən azdır. Qərardadın 4-cü sualı üzrə: Kəskin konfiqurasiya fərqinin olması səbəbindən sualın tələb olunan dəqiqliklə cavablandırılması mümkün olmamışdır. Konfiqurasiya fərqinin səbəbi 'Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə göstərilən (DWG faylındakı müvafiq şəhadətnaməyə uyğun konturların JN-465D, 467C-nin tərəflərinin ölçüləri) torpaq sahələrinin naturada tərəflərinin uzunluqlarının (döngə nöqtələri arasındakı məsafə) sənəd üzrə olandan az olmasıdır. Qərardadın 5-ci sualı üzrə: xx.xx.2006-cı il tarixli, JN-465D, KOD 40406018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən və tərtib edilmiş yerquruluşu planından və 2016-cı ildə aparılan çöl-ölçmə işlərinin nəticəsi olaraq hazırlanmış TEKUİS (X2 X3) baza məlumatlarından göründüyü kimi iddiaçıların istifadəsində olan torpaq sahəsində hər hansı bir tikili mövcud deyil. İddiaçının iddiasında qeyd etdiyi mübahisəli köməkçi tikili (hamam) faktiki olaraq hal-hazırda cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində yerləşir. Mübahisəli tikili (hamam) yerquruluşu planında göstərilmişdir.”

21. Kollegiya ekspert rəyini və həmin rəyin verilməsinə əsas olmuş 12 saylı Şəki Ərazi İdarəsinin 26 iyul 2024-cü il tarixli mütəxəssis rəyini nəzərdən keçirərək, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçılara məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə torpaq sahəsinin koordinatları göstərilməsə də, DWG fayllarında həmin şəhadətnaməyə uyğun koordinatlar mövcuddur ki, mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında həm iddiaçılar və cavabdeh tərəfindən faktiki istifadə olunan torpaq sahələri, həm də DWG fayllarında göstərilən koordinatlar üzrə torpaq sahələri göstərilmişdir. Faktiki istifadədə olan torpaq sahələri ilə DWG fayllarında göstərilən torpaq sahələri arasında kəskin koordinat fərqlərinin olması aydın görünsə də, mübahisəli hamam tikilisinin dəqiq koordinatları göstərilmişdir ki, həmin tikilinin nə faktiki istifadə üzrə, nə də DWG fayllarında göstərilən koordinatlar üzrə iddiaçıların torpaq sahəsinə keçməsi görünmür. Cavabdeh tərəfindən inşa edilmiş tikililər onun faktiki istifadəsində olan torpaq sahəsi hüdudlarında inşa edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə uyğun tərtib edilmiş DWG fayllarında cavabdehin torpaq sahəsinin hüdudlarının daha geniş olması görünür. Cavabdehin inşa etdiyi tikililərin həmin hüdudlardan kənara çıxmaqla iddiaçıların torpaq sahəsinin şəhadətnaməyə uyğun DWG fayllarında olan koordinatlarına müdaxiləsi mövcud deyildir. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

22. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(075)-24/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(075)-24/2023 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar