Məhkəmə qərarları › İş №2(107)-240/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-240/2022

19.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-240/2022 19.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülməsi və mənzildən istifadə hüququnun tanınması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(051)-1736/2021 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(051)-1736/2021 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia təmin olunmuş, İddiaçı Cavabdeh1 qanuni sahibliyində olan, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməklə istifadə hüququnun tanınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etmiş, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 onun atası, Cavabdeh2 anası və Cavabdeh3 isə bacısıdır. Mingəçevir şəhəri, Vidadi küçəsi 6 saylı evin, 32 saylı mənzili 24.09.1995-ci il tarixdən atasının mülkiyyətindədir. O, xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulub. Doğulduğu vaxtdan mübahisəli mənzildə yaşamışdır. Həmin vaxt mənzil nənəsi T.Xumara məxsus olmuşdur. Həmin evdə bir neçə il yaşadıqdan sonra onlar başqa evə köçmüşdür. Sonuncu evdə 1995-ci il tarixə qədər yaşamışlar. 1995-ci ildə atası mübahisəli mənzili almış və onlar ailəliklə həmin evə köçmüşdürlər. 2001-ci ilə qədər həmin mənzildə yaşadıqdan sonra ailəliklə xaricə köçmüşlər. 2015-ci ilə qədər xaricdə yaşayıblar. 2016-cıildə Azərbaycan Respublikasına gəlmişdir. Burada evlənmiş və toyu olmuşdur. O, evləndiyi vaxt arvadı Sərfinaz İsmayılovanın cehiz əşyaları da həmin mənzilə yığılmışdır. Bundan sonra bir müddət həmin mənzildə yaşamış və yenə də Rusiya Federasiyasına qayıtmışdır. 2014-cü ildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. 2017-ci ildə tətilə gəlmiş və 1 ay qaldıqdan sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. 2018-ci ildə qayınanasının evinə gəlmişdir. Hazırda arvadı Sərfinaz İsmayılova ilə anası arasında qızılla bağlı mübahisə düşdüyündən, cavabdehlər İradə İsamyılova və Cavabdeh3 onun mübahisəli mənzilə köçüb yaşamasına mane olurlar. Hesab edir ki, onun Mingəçevir şəhəri, Vidadi küçəsi 6 saylı evin, 32 saylı mənzilə köçürülməklə istifadə hüququ tanınmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı iddia tələbini qəbul etməmiş və göstərmişdir ki, iddiaçı onun doğma oğludur. O, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayırdı. Evi 1995-ci il tarixdə almışdır. 3-4 ay sonra ailəsini xaricə aparmışdır. O, evi alanda da Rusiyada yaşayırdı. 2000-ci ildə sənədlərini düzəltmək məqsədi ilə Azərbaycana gəlmiş və sənədlərini düzəldərək 2001-ci ildə ailəliklə Portuqaliyaya getmişdir. Arvadı Cavabdeh2 1 il 6 ay sonra qayıtmış və həmin evdə yaşamışdır. Aralarında narazılıq olduğu üçün iddiaçı başqa şəhərə köçmüşdür. İddiaçı 2011-ci ildə Rusiyaya qayıtmışdır. O, Mingəçevirdə yaşamış və işləmişdir. İddiaçı 2016-ci ildə toy etmək məqsədi ilə Azərbaycana gəlmiş və toyu olmuşdur. İddiaçı hərbi xidmətə çağırılmamaq üçün Azərbaycan Respublikasını vətəndaşlığından imtina edərək, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Bundan sonra İddiaçı Azərbaycana gəlmiş və toyundan iki həftə sonra yenidən Rusiyaya qayıtmışdır. Sonra Zaur ailəsi ilə birlikdə Rusiyada yaşamağa başlamışdır. Bir müddət sonra iddiaçı Anqolaya getmiş və arvadı, qayınanası və qaynı Rusiyada onun yanında qalmışdır. Zaur uşağının 1 yaşında ailəsi ilə birlikdə Anqolaya getmişdir. Qaynı iş tapmadığı üçün Mingəçevirə qayıtmışdır. Qaynı nişanlanıb toy edəndə, iddiaçı 2019-cu ilin dekabr ayında ailəsi ilə birlikdə birbaşa qayınanasının evinə getmişdir. Bundan sonra xəbər gəlmişdir ki, iddiaçı Dubayda yolda qalıb və ona pul göndərmişdir. İddiaçının hazırda mübahisəli mənzildə heç bir əşyası qalmamışdır. 26.01.2020-ci il tarixdə iddiaçı arvadının bütün cehiz əşyalarını aparmışdır. Hesab edir ki, iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qəbul etməmiş və Cavabdeh1 izahatına uyğun izahat vermiş və məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclası zamanı iddianı qəbul etməmiş və Cavabdeh1 izahatına uyğun izahat vermiş və məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı Cavabdeh1 oğludur. Mübahisə olan evi 1995-ci ildə almışdır, evi alanda belə özü almamışdır və iddiaçı onunla Rusiyada yaşamışdır, 2000-ci ildə Azərbaycana gəlmişlər və 2001-ci ildə Portuqaliyaya getmişlər. Sonralar iddiaçı Rusiya Federasiyasına qayıtmış və 2015-ci ilə qədər Azərbaycana gəlməmişdir, bununla bağlı iddiaçı haqda hərbi qulluqdan yayındığı üçün Polis şöbəsi tərəfindən 2003-cü ildən axtarış elan edilmişdir. Hakim qətanmədə bu sənədi faktiki hal kimi qiymətləndirməmişdir. Hakim işdə olan Mingəçevir ŞPŞ tərəfindən verilən 19.10.2021-ci il tarixdə verilmiş arayışa əsasən iddiaçını həmin mənzildə qeydiyyatda olmasını əsas gətirsə də, Zaur İsmaylovun həmin mənzildə 1995-cı ildən yaşamadığını və 2014-cü ildə Azərbaycan Respublikası vətədaşlığından imtina etdiyinə qiymət verməmişdir. Hakim qeyd edir ki, güya Cavabdeh1 Zaur İsmaylovun arvadının onun anası və bacısı ilə qızılla bağlı mübahisə olduğundan onun həmin mənzildən istifadə etməyinə mane olmuşlar. Bu yalandır, iddiaçının arvadı ona aid cehiz əşyanı özü könülü çıxartmışdır və tərəflər arasında 2020-ci ilə qədər heç bir mübahisə olmamışdır. İddiaçı Mingəçevir şəhərinə gələndə tək toyu keçirilən dövrdə cavabdehə aid mənzildə yaşamışdır. Hakim qeyd edir ki, güya cavabdehin ailə üzvləri ilə İddiaçı arvadı yola getməmişdir. Arvadı toydan sonra həmin mənzilə bircə dəfə mənzilə gəlib 1 gün qalmış, sonralar gələndə anasıgildə qalmış, odur ki, mübahisə ola bilməzdi. Hakimin Mingəçevir ŞPŞ tərəfindən iddiaçını axtarışa verilməsinə dair arayışa qiymət verməməsi, iddiaçının 2014-cü ildən xarici vətəndaş olduğu və Azərbaycan Respublikası vətəndaşlığa alınması üçün müraciət edib etməməsi və vətəndaşlıq verilməsindən imtina olunması faktı araşdırılmamışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(051)- 1736/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(051)-1736/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(051)-1736/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülməsi və mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası Cavabdeh1 və anası Cavabdeh2 olmaqla xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 13.04.2021-ci mil tarixli **********45 saylı məktubdan görünür ki, Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi 6 nömrəli binanın 32 saylı mənzili X2 adından Mingəçevir şəhəri dövlət notariat kontorunun 24.09.1995-ci il tarixli 3M-7-214reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Hal-hazırda M.V.Vidadi küçəsi 6 nömrəli binanın 32 saylı mənzili DTİ və MHQİ tərəfindən 25.09.1995-ci il tarixli 5610/94A qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır İşdə olan Mingəçevir ŞPŞ tərəfindən 19.10.2021-ci il tarixdə verilmiş, yaşayış yeri üzrə qeydiyyat haqqında 155-33 nömrəli arayışdan görünür ki, İddiaçı 13.11. 2001-ci il tarixdən 13.11.2015-ci il tarixədək Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi 6 nömrəli binanın 32 saylı mənzilində qeydiyyatda olmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 27.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına və Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” 24.11.1986–cı il tarixli Qərarınaa istinad etmişdir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123–cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisnin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd–şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53–cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin İ hissəsində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin maddənin İİİ hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1–ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3–cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında, yaşayış evindən istifadə edilməsi ilə əlaqədar 2000-ci ilin sentyabr ayının 1-dək yaranmış münasibətlərə keçmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123cü maddəsi, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mülki Məcələsinin 228.1 və 228.2-ci maddələrinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “X3rşı” 24.11.1986–cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X5” Konvensiyanın 8–ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və həmin əlaqələr onların öz mənzili hesab etmək üçün yetərli idi. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, İddiaçı xx.xx.1984-cü il tarixdə atası Cavabdeh1 və anası Cavabdeh2 olmaqla, onların birgə nikahlarından doğulmuşdur. Mübahisəli mənzil 24.09.1995-ci il tarixdə Cavabdeh1 adına özgəninkiləşdirilmiş və iddiaçı elə həmin tarixdən sözügedən mənzildə yaşamışdır. İddiaçı 2011-ci ildə Rusiya Federasiyasına getmiş və oranın vətəndaşlığını qəbul etmişdir. İddiaçı 2020-ci ilə qədər Rusiyadan gəldiyi vaxtlarda həmin mübahisəli mənzildə yaşamışdır. Eləcə də, iddiaçı 2016-ci ildə toyu olan vaxt arvadını mübahisəli mənzilə gəlin köçürmüşdür. Lakin iddiaçının arvadı ilə anası və bacısı arasına qızılla bağlı mübahisə olduğundan, onun həmin mənzildən istifadə etməyinə mane yaranmışdırr. Mübahisəli mənzil Cavabdeh1 qanuni sahibliyindədir. “Akimova Azərbaycana qarşı” iş üzrə 27.09.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X7 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X7 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15.01.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar 15.04.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar 09.06.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, onun mübahisəli mənzil üzərində sahiblik və istifadı hüququ yaranmışdır. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Hazırkı iş üzrə iddiaçı Cavabdeh1 doğma oğlu və ailə üzvü kimi 1984-ci ildən bir ailədə yaşayıb birgə təsərrüfatı idarə etdiyindən, habelə mübahisəli mənzil hazırda Cavabdeh1 qanuni sahibliyində olduğundan, onlar arasında mülki hüquq münasibəti iddiaçı doğulduğu andan, yəni 1984-ci ildən yaranmışdır. Ona görə də mübahisəli hüquq münasibətinə 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. İddiaçı cavabdehlərin ailə üzvü olduğuna və birgə təsərrüfatı idarə etdiyinə görə mübahisəli mənzilin tərkib hissəsindən cavabdehlərlə birlikdə istifadə etmək hüququ əmələ gəlmişdir. Belə ki, mübahisəli mənzil hazırda Cavabdeh1 qanuni sahibliyində və istifadəsindədir, iddiaçı isə onun ailə üzvüdür. Belə olan halda iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi 6 nömrəli binanın 32 saylı mənzilinə köçürülməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin izahatlarında iddiaçının mübahisəli mənzildə uzun müddət yaşamamasını və birgə təsərrüfatı idarə etməməsini və başqa ölkənin vətəndaşlığını qəbul etməsini, sonradan mübahisəli mənzildən könüllü olaraq arvadının cehiz əşyalarını çıxarmasını göstərmələri, iddiaçının istifadə hüququnu itirməsi üçün əsas ola bilməz. Göründüyü kimi iddiaçı daimi yaşadığı mənzildən könüllü olaraq, hansısa bir niyyətini həyata keçirmək üçün deyil, yalnız mübahisə və narazılığın psixoloji təsiri altında çıxmışdır. İddiaçı 2016-cı ildə el adəti ilə Sərvinaz İsmayılova adlı qadınla rəsmi nikah bağlayaraq evlənmiş, valideynlərinin iştirakı ilə toyu olmuş və aravadına məxsus cehiz əşyalarını da mübahisəli mənzilə aparmışdır. Ondan sonra iddiaçı ailəsi ilə birlikdə bir neçə dəfə tətil vaxtı mübahisəli mənzilə gəlmiş və orada qalmışdır. Lakin sonradan cavabdehlərlə arvadı arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə görə iddiaçı arvadına məxsus cehiz əşyalarını mənzildən çıxarmaq məcburiyyətində qalmış, çünki cavabdehlər iddiaçının evləndiyi qadınla yola getməmişdir. İddiaçı isə cavabdehlərin tərəfini tutmadığı üçün mübahisəli mənzildən cavabdehlər tərəfindən çıxarılmışdır. Məhkəmə hesab etmişdir ki, əgər, cavabdehlərlə iddiaçının münasibətləri normal şərtlər daxilində olsaydı, iddiaçı daimi yaşadığı mənzildən çıxıb başqa yaşayış sahəsində yaşamaq məcburiyyətində qalmazdı. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli mənzildə uzun müddət yaşamamasına və yaxud mübahisə zəminində mənzildən çıxmasına dair cavabdehlərin istinad etdiyi dəlillər, iddiaçının mübahisəli mənzildən könüllü çıxması, həmçinin onun yaşayış sahəsindən istifadə hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması tələbini əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İş materiallarından görünür ki, iddiaçı cavabdehlərin ailə üzvü olduğundan, onlarla birlikdə yaşayıb birgə təsərrüfatı idarə etdiyindən, Cavabdeh1 mübahisəli mənzili əldə etdiyi vaxtdan, iddiaçının da həmin məzilin tərkib hissəsindən istifadə hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ olduğundan, onun həmin mənzilə köçmək və cavabdehlərlə birlikdə istifadə etmək hüququ da vardır. Beləliklə, iddiaçının istifadə hüququnun tanınması və evə köçürülmə tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, mübahisəli - ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 adına mülkiyyət kimi 25.09.1995-ci ildə qeydiyyata alınmışdır. Həmin vaxt digər cavabdehlər və hazırki iş üzrə iddiaçı olan xx.xx.1984-cü ildə doğulmuş İddiaçı həmin mənzilə cavabdehin ailə üzvü kimi köçərək qısa müddət yaşamış və az sonra daimi yaşamaq üçün Azərbaycan Respublikasından xaricə getmişlər. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə yməxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İş üzrə tərəflər daimi olaraq Azərbaycan Respublikasından xaricdə yaşamış və qısa fasilələrlə Azərbaycan Respublikasına gələrək burada yaşamış və yenidən Azərbaycan Respublikası ərazisini tərk etmişlər. İddiaçıya gəlincə isə o, 13.11.2001-ci il tarixdən 13.11.2015-ci il tarixədək mübahisəli mənzildə qeydiyyatda olmuş, daha sonra isə Azərbaycan Respublikası vətəndaşlığından çıxaraq daimi yaşamaq üçün Respublikanı tərk etmişdir. Həmin vaxtdan sonra o bir dəfə 2016-cı ildə evlənmək məqsədilə Azərbaycana gəlmiş və evlənərək arvadı Sərfinaz İsmayılovanı da götürərək Azərbaycan Respublikasından xaricə getmişdir. 2009-cu ilin oktyabr ayının 1-də qəbul edilmiş yeni Mənzil Məcəlləsinin qəbuluna qədər də qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı mənzilə köçürülmə və mənzildən istifadə hüquqlarının tanınması barədə iddia ilə məhkəməyə müraciət etmiş, cavabdehlər isə onun iddiasını qəbul etməyərək rədd edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə qaldırılan məsələnin həlli üçün Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış sahəsindən istifadə hüququnun hüquqi mahiyyətinin və əmələ gəlməsinin əsaslarının da müəyyən olunmasını zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262-ci maddəsində sadalanan servituta xitam verilməsinin əsasları sırasında bəzi xarici ölkələrin qanunvericilik təcrübəsindən (Fransa Mülki Məcəlləsinin 706-cı maddəsi; Kanada Kvebek vilayətinin Mülki Məcəlləsinin 1191-ci maddəsi; Polşa Mülki Məcəlləsinin 293-cü maddəsi; Ukrayna Mülki Məcəlləsinin 406-cı maddəsi) fərqli olaraq, uzun müddət istifadə etməmə nəticəsində bu hüququn xitamı nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı özü öz istəyinə uyğun olaraq mübahisəli mənzili tərk etmiş və daimi yaşamaq üçün 2015-ci ildən Rusiya Federasiyasına getmişdir. Hal-hazırda da onun mübahisəli mənzildən istifadəyə ehtiyacı yoxdur, o, hüququndan suiistifadə edir. Mübahisəli mənzilin mülkiyyətçisi olan cavabdeh isə qarşılıqlı iddia və ya ayrıca iddia verməsə də, iddiaçının həmin mənzili daimi yaşamaq üçün tərk edərək getdiyindən qeyd olunan mənzilə istifadə hüququnu, rəsmi qaydada qeydə alınmasa belə, itirdiyini bildirir. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarının ruhundan görünür ki, mülkiyyətçinin hazırki vəziyyətdə iddiaçıya qarşı kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsini tələb edən qarşılıqlı iddia və ya ayrıca iddia verməsinə zərurət yoxdur. O, iddianı qəbul etməməklə öz mövqeyini bəlli etmişdir. Həmçinin, iddiaçı özü də mübahisəli mənzili daimi yaşamaq üçün tərk etdiyini bildirməklə cavabdehin göstərdiklərini təsdiq etmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(051)-1736/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülməsi və mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(051)-1736/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülməsi və mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar