Məhkəmə qərarları › İş №2(107)-240/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-240/2023

02.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-240/2023 02.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X12 qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququnun tanınması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X7 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X12 qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 2(016)-646/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək atası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evindən ona çatası paya vərsəlik hüququnun tanınmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X3 şəhəri, Taryel Xasiyev küçəsi, dalan 3 ev 1 ünvanda yaşamış, xx.xx.3014-cü il tarixdə vəfat etmişdir. X6 da həmin ünvanda yaşamış və xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Atası Cavabdeh3 Ağsu şəhəri, T.Xasıyev küç, 3/2 ünvanda, ümumi sahəsi 130.8 kvm, 0.02 ha torpaq sahəsində yerləşən yaşayış evi miras qalmışdır. O və cavabdehlər atasının birinci dərəcəli vərəsələridirlər. Xəbəri olmadan digər vərəsələr Şamaxı şəhərində yerləşən ASAN XİDMƏT Mərkəzinə müraciət edərək atasından miras qalmış əmlaka vərəsəlik X14 əldə etmişlər. Bütün vərəsələr bərabər hüquqlara malik olmaqlarına baxmayaraq o, miras əmlakdan pay almaq hüququndan məhrum edilmişdir. Cavabdehlər digər ünvanlarda və ölkələrdə yaşamış, atası və anasının vəfatından belə xəbərləri olmamış, miras əmlakı qəbul etməmişlər. Vəfat etdikdən sonra valideyinlərinin dəfn mərasimləri onun tərəfindən həyata keçirilmişdir. Anası Bakı şəhərində ona məxsus mənzildə uzun müalicələrdən sonra vəfat etmişdir. O, valideyinlərinin birinci dərəcəli vərəsəsi olduğuna görə miras əmlakdan digər vərəsələr kimi pay almalıdır. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(016)-646/2022 saylı qətnaməsi ilə (hakim A.Əsgərov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X12 qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsini qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; X15 xx.xx.1957-ci il tarixdə X9 ilə nikaha daxil olmuş, onların birgə nikahlarıdan Elzadə Məmmədova, Cavabdeh3, İddiaçı və Cavabdeh1 doğulmuşdur. Nadir Məmmədov 19 may 2014-cü il, X15 isə 23 avqust 2016-cı ildə ölmüşdür. Elmira Məmmədovanın ölümündən sonra vərəsəlik işi açılmış, vərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 miras əmlakdan 1/3 hissədə irs almışlar. İddiaçının iclasda verdiyi izahatından görünür ki, o, anasının ölümündən xəbardar olmuş, belə ki, onun yas mərasimində iştirak etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; X15 xx.xx.1957-ci il tarixdə X9 ilə nikaha daxil olmuş, onların birgə nikahlarıdan Elzadə Məmmədova, Cavabdeh3, İddiaçı və Cavabdeh1 doğulmuşdur. Nadir Məmmədov 19 may 2014-cü il, X15 isə 23 avqust 2016-cı ildə ölmüşdür. Elmira Məmmədovanın ölümündən sonra vərəsəlik işi açılmış, vərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 miras əmlakdan 1/3 hissədə irs almışlar. İddiaçının iclasda verdiyi izahatından görünür ki, o, anasının ölümündən xəbardar olmuş, belə ki, onun yas mərasimində iştirak etmişdir. Konstitusiya Məhkəməsinin məhkəmələr tərəfindən rəhbər tutulmalı və məcburi hüquqi qüvvəsi olan qeyd edilən qərarında formalaşdırılmış hüquqi mövqeyi ondan ibarətdir ki, vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, qanunda göstərilən müvafiq müddət ərzində müvafiq hərəkətləri etməmiş iddiaçı mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) itirmişdir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı, Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X16 mirasın açıldığı miras əmlakın olduğu yer üzrə Ağsu rayon Dövlət notariat kontoruna deyil, bilə-bilə, tamamilə qərəzli və məqsədyönlü olaraq Şamaxı şəhərində yerləşən ASAN Xidmət Mərkəzinin Notariat kontoru müraciət edərək, X5 3 qanun üzrə vərəsəsi qaldığını və həmin 3 nəfər qanun üzrə vərəsələrin yalnız onlar olduğunu bildirmişdir. Halbuki, həmin şəxslər mirasın açıldığı miras əmlakın olduğu ver üzrə Ağsu rayon Dövlət notariat kontoruna müraciət etsə idi, o zaman onun da qanun üzrə vərəsə olduğunu notarius müəyyən edəcəkdi. Çünki həmin vaxt artıq onun mirasın açıldığı miras əmlakın olduğu ver üzrə Ağsu rayon Dövlət notariat kontorunda xx.xx.2016-ci il tarixli ərizəsi var idi. Nəticədə cavabdehlər xx.xx.2014-cü il tarixdə vəfat etmiş X5 mülkiyyətində olmuş, ünvan 1 ünvanda yerləşən evə dair Şamaxı şəhərində yerləşən ASAN Xidmət Mərkəzinin Notariat kontoru tərəfindən reyestrdə müvafiq nömrə ilə qeyd edilmiş, xx.xx.2022-ci il tarixli X28 X14 almağa nail olmuş, həmin şəhadətnaməyə əsasən cavabdehlər mərhum X5 miras əmlakından hər biri 1/3 hissədə pay almışlar. Nəticədə o atasından qalmış miras əmlakdan ona çatası paya vərəsəlik hüququnun tanınması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən bir sıra maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1246-cı maddəsinə istinad edərək, onun miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulu ilə bağlı müraciət etdiyini qeyd etsə də, bu zaman iş üzrə cavabdehlərin miras açıldığı gündən altı il keçdikdən sonra mirasın qəbulu ilə bağlı müraciət etdiklərini, xüsusilə 30 il müddətində Almaniyada yaşayan və təbii ki, Azərbaycanda yaşamayaraq mirası qəbul etməyən şəxsə necə X28 şəhədətnaməsi, onu əsasında isə miras əmlaka dair mülkiyyət sənədi verilməsini araşdırmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi göstərilən halların obyektiv araşdırılması, həmçinin Notariat haqqında Azərbaycan Respublikası Qanunun 55-57-ci maddələinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alınmış məlumatların yalan, yaxud doğru olmasını müəyyən etmək üçün notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verib-verməməsi, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağırıbçağırması, vərəsəlik işinin açılması barədə ərizənin niyə mirasın açıldığı yerdə deyil, Şamaxı şəhərindəki notariat ofisində verilməsi və digər bu kimi halları araşdırmaq üçün Şamaxı şəhərində yerləşən ASAN Xidmət Mərkəzinin Notariat kontorunu üçüncü şəxs qismində cəlb etməli olduğu halda, bunu etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X10 mirasın açıldığı miras əmlakın olduğu ver üzrə Ağsu rayon Dövlət notariat kontoruna deyil, nəyə görə Şamaxı şəhərində yerləşən ASAN Xidmət Mərkəzinin Notariat kontoru müraciət edərək, X5 3 qanun üzrə vərəsəsi qaldığını və həmin 3 nəfər qanun üzrə vərəsələrin yalnız onlar olduğunu bildirməsi, onun da qanun üzrə vərəsə olduğunu notariusdan gizlətməsi faktlarını araşdırmamış, nəticədə maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamənin surəti bu günə qərər rəsmi qaydada nə ona, nə də onun vəkilinə (nümayəndəsinə) göndərilməmişdir. Bununla da ciddi prosessual pozuntuya yol verilmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Ağsu Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(016)-646/2022 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(016)-646/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən X28 zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Ağsu Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(016)-646/2022 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il trarixli, 2(016)-646/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri əsassızıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, X15 xx.xx.1957-ci il tarixdə X9 ilə nikaha daxil olmuş, onların birgə nikahlarıdan Elzadə Məmmədova, Cavabdeh3, İddiaçı və Cavabdeh1 doğulmuşdur. Nadir Məmmədov 19 may 2014-cü il, X15 isə 23 avqust 2016-cı ildə ölmüşdür. İddiaçı xx.xx.1967-ci il tarixdə babası X13 və nənəsi X8 övladlığa verilmişdir. X2 19 may 2014-cü ildə ölmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən X28 zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Göründüyü kimi miras açıldığı zaman vərəsə ola biləcək şəxslərin dairəsi qanunvericiliklə müəyyən edilmişdir. X2 19 may 2014-cü ildə öldükdə miras açılmış və apelyator İddiaçı həmin vaxt X1 vərəsləri sırasında olmamışdır. Çünki artıq o, xx.xx.1967-ci il tarixdə babası X13 və nənəsi X8 övladlığa verilmişdir. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materialının 71-ci səhifəsində olan qətnamədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli, 2(004)-10566/2016 saylı qətnaməsi ilə İddiaçı İsmayıl qızının cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “övladlığa götürmə akt qeydinin ləğv edilməsi və doğum akt qeydinin bərpa edilməsi tələbinə” dair ərizəsinin təmin edilməsi, Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1967-ci il tarixdə verilmiş 03 saylı akt qeydi ilə qeydə alınmış övladlığa götürmə haqqında şəhadətnamə ləğv edilməsi, xx xxxx 1962-ci il tarixdə Ağsu rayonunda anadan olmuş İddiaçı İsmayıl qızının yeni doğum haqqında şəhadətnaməsinin «vətəndaşın soyadı» qrafasında Məmmədova, «adı, atasının adı» qrafasında Sayad Nadir qızı, «atası» qrafasında X11 və «anası» qrafasında X15 göstərilməklə, doğulduğu yer və doğum tarixi dəyişdirilmədən saxlanılsın, doğum haqqında şəhadətnamənin verilməsi və məlumatların doğum haqqında akt qeydləri kitabına yazılması Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir. Yəni apelyator miras açıldıqdan iki il sonra ovladlığa götürmə barədə qərarı ləv etdirmişdir. Kollegiyanın qənaətinə görə övladlığa götürmə barədə qərar ləğv edilmiş olsa belə bu iddiaçın vərəsə olaraq tanınması anlamına gəlmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 134.1-ci maddəsinə əsasən övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar. Həmin Məcəllənin 134.2-ci maddəsinə əsasən övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə bu Məcəllənin 129-cu maddəsində nəzərdə tutulan hallar istisna olmaqla şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər. Həmin Məcəllənin 134.3-ci maddəsinə əsasən uşaq övladlığa bir nəfər tərəfindən götürüldükdə əgər o, kişidirsə,-ananın arzusu ilə, əgər qadındırsa-atanın arzusu ilə, şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri saxlanıla bilər. Həmin Məcəllənin 134.4-ci maddəsinə əsasən uşağın valideynlərindən biri öldükdə, əgər bunu onun mənafeyi tələb edirsə, ölmüş valideynin atasının və ya anasının (uşağın babasının və ya nənəsinin) xahişi ilə ölənin qohumlarına münasibətdə şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri saxlanıla bilər. Göründüyü kimi hazırkı halda iddiaçının vərəsə olaraq mirasdan pay alması digər vərəsələrin razılğı ilə şərtləndirilmişdir. Belə bir razılıq isə iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası cavabdehlərin Ağsu rayon Dövlət notariat kontoruna deyil, nəyə görə Şamaxı şəhərində yerləşən ASAN Xidmət Mərkəzinin Notariat kontoru müraciət etmələrinin qanunsuz olmasına dair şikayətinin dəlillərini də əsassız sayır. Belə ki, “X28 X14”nin Şamaxı şəhərində yerləşən ASAN Xidmət Mərkəzinin Notariat kontoru tərəfindən verilməsi qanuna zidd olmamışdır. Belə ki, Şamaxı regional “Asan xidmət” mərkəzi olaraq qnunla üzərinə düşən vəzifəni icra etmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, nəqədər ki cavabdehlərin adına verilmiş “X28 X14” ləğv və ya etibarsız hesab edilməmişdirsə iddiaçının mirasdaki payının müəyyən edilməsi qəbul edilə bilməz. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğundur. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il trarixli, 2(016)-646/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il trarixli, 2(016)-646/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar