Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-245/2022 23.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı X3, onun vəkili Osmanov Firudun Abduləli oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və zəbt olunmuş ərazinin boşaldılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(025)- 723/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(025)-723/2021 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin olunmuş, JN-0634 (Kod: ********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində X3, X6, X9, X7, X4 və X8 birgə mülkiyyətinə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-634B cizgisində göstərilmiş 0,72 ha hissəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin qərb tərəfi yolla sərhəd olan hissəsində cavabdeh tərəfindən kollu çəpərlə hasarlanmış çəpərin sökülməsi və həmin torpaq sahəsindən cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. İşin halları İddiaçı X10 Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və zəbt olunmuş ərazinin boşaldılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən Qəbələ rayonunun Mıxlıqovaq kəndi ərazisində JN-634 saylı kodu 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə birgə paylı mülkiyyətlərinə verilmiş 0,72 ha torpaq sahəsindən istifadəyə son qoyulması, çəkilmiş ağac hasarın (çəpərin) sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, torpaq islahatı keçirilən zaman ailə üzvlərinə Qəbələ rayon AİK-nın 22.11.1997-ci il tarixli 25 saylı qərarı ilə 0,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə paylı mülkiyyətlərinə verilmiş və JN-634, kodu 40614018 olan dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Torpaq sahəsinin birgə paylı mülkiyyətlərinə verilməsində xeyli müddət keçməsinə baxmayaraq hazırki dövrədək istifadə edə bilmirlər. Belə ki, Cavabdeh torpaq sahəsinin kənarına ağac hasar (çəpər) çəkərək torpaq üzərində mülkiyyət hüquqlarını pozmaqla 0,72 ha torpaq sahəsini tam olaraq zəbt etməklə istifadələrinə imkan vermir. Dəfələrlə cavabdehlə danışıqlarla ərazinin boşaldılmasını tələb etməkdə nəticəsi olmamış və mübahisənin həlli məqsədilə Mıxlıqovaq kənd İƏN-nə kənd bələdiyyəsinə, Qəbələ rayon İcra hakimiyyətinə və Daşınmaz əmlakın Dövlət reyestri xidmətinə müraciətlər nəticə verməmişdir. Bütün təşkilatlar məhkəməyə müraciət edilməsini tövsiyyə etmişlər. Cavabdehdən özünün və ailə üzvlərinin birgə paylı mülkiyyətlərinə verilmiş 0,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin geri alınmasının mümkün olmaması səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı X10 qeyd edilənlərə uyğun izahat verib göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən verilmiş rəy ilə tanış olmuşdur. Rəydə onun mülkiyyətinə verilmiş 1.23 ha torpaq sahəsinin 0,72 ha hissəsinin Cavabdeh tərəfindən zəbt olunduğu müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı X3 vəkili X16 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddiaçının hal-hazırda boşaldılmasını tələb etdiyi torpaq sahəsi 1985-ci ildən onun istifadəsində olmuşdur. 1997-ci ildə torpaq sahəsi bölünəndə onun istifadəsində olan torpaq sahəsi başqalarına düşmüşdür. Tərəflərlə qarşılıqlı razılığa gəlmişlər. İddiaçıya “Tala” deyilən ərazidə 0,50 ha torpaq sahəsi vermiş və iddiaçı həmin torpaq sahəsini həmişə əkib-becərmişdir. Bu il isə iddiaçı həmin torpaq sahəsini əkib-becərməmişdir. Həmçinin iddiaçının boşaltmasını tələb etdiyi torpaq sahəsində fındıq, şabalıd və alma ağacları əkmişdir. Torpaq sahəsi iddiaçıya verildiyi təqdirdə isə onun bağ sahəsinə çəkdiyi xərcin ona verilməsini tələb etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə zamanı ifadəsində bildirmişdir ki, “iddiaçının hal-hazırda boşaldılmasını tələb etdiyi torpaq sahəsi 1985-ci ildən onun istifadəsində olmuşdur. 1997-ci ildə torpaq sahəsi bölünəndə onun istifadəsində olan torpaq sahəsi başqalarına düşmüşdür. Tərəflərlə qarşılıqlı razılığa gəlmişlər. İddiaçıya “Tala” deyilən ərazidə 0,50 ha torpaq sahəsi vermiş və iddiaçı həmin torpaq sahəsini həmişə əkib-becərmişdir. Bu il isə iddiaçı həmin torpaq sahəsini əkibbecərməmişdir. Həmçinin iddiaçının boşaltmasını tələb etdiyi torpaq sahəsində fındıq, şabalıd və alma ağacları əkmişdir. Torpaq sahəsi iddiaçıya verildiyi təqdirdə isə onun bağ sahəsinə çəkdiyi xərcin ona verilməsini tələb edir.” Bundan əlavə məhkəmə zamanı qeyd etmişdir ki, o, bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etsə də, ona oradan bildirmişlər ki, faktiki istifadəyə görə uçot xəritələri hazırlanmışdır. Həmin hazırlamış xəritədə onun tərəfindən hal-hazırda zəbt edilmiş ərazi kimi göstərilən ərazi onun adına işlənmiş və yeni xəritə məlumatlarda həmin torpaq sahələri onun mülkiyyətində göstəriləsidir. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi də ona eyni cavabı vermişdir. Ona demişdilər ki, məhkəmədən vaxt istəsin və yeni uçot xəritələri bazaya yerləşəndən sonra məhkəmə tərəfindən ekspertiza keçirilsin. Lakin məhkəməyə bunu desə də, mümkün olmayacağı bildirilmişdir. Nəticədə neçə illərdir onun mülkiyyətində olan torpaq sahələri ilə bağlı kobud surətdə onun mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə qətnamə qəbul edərkən mülkiyyət hüquqları ilə bağlı qanun normalarına istinad etsə də, əksinə onun mülkiyyət hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyest Xidmətinin mütəxəssis rəyi ilə razı deyil. Hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən ekspertiza keçirilməlidir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və Azərbayca Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu verilməli, Qəbələ rayonunun ərazisinin yeni uçot xəritəsinin nə vaxt sistemə yerləşdirilməsi müəyyən edilməli, həmin müddətə qədər iş üzrə icraat dayandırılmalı və daha sonra yenidən ekspertiza keçirilməlidir. O, həmin ərazidə neçə illərlə bağ salmışdır. İddiaçı əslində həmin bağa görə torpaq sahəsinə iddialıdır. Ona görə də, onun mülkiyyət hüququnun pozulmaması üçün yenidən ekspertiza keçirilməlidir. Apellyasiya instansiya məhkəməsi bütün bu halları nəzərə almalı və təkrar ekspertiza keçirməlidir. Məhkəmə tərəfindən təkrar ekspertizanın keçirilməsinin özəl ekspertiza mərkəzinə həvalə edilməsinə də etiraz etmir. Yetər ki, düzgün və ədalətli rəy verilsin. Həmin rəy əsasında da məhkəmə tərəfindən düzgün və ədalətli qətnamə qəbul edilsin. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(025)- 723/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X10 və onun vəkili Osmanov Firudun Abduləli oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(025)-723/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(025)-723/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan JN-0634 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən X3, X6, X9, X7, X4 və X8 birgə mülkiyyətinə 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-029A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997ci il tarixli 25 nömrəli qərarına əsasən Cavabdeh, X14, X15, X13 və X12 birgə mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0534 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən Cavabdeh, X14, X15, X13 və X12 birgə mülkiyyətinə 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-534 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən Cavabdeh, X14, X15, X13 və X12 birgə mülkiyyətinə 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 sentyabr 2021-ci il tarixli, **********67 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN- 0634 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasənX3, X6, X9, X7, X4 və X8 mülkiyyətinə verilmiş 1,23 ha torpaq sahəsinin iddiaçı tərəfindən göstərilən mübahisə predmeti olan 634 B cizgisindəki 0,72 hektar hissəsinin hüdudları müəyyən edilmişdir. Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0634 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X3, X6, X9, X7, X4 və X8 mülkiyyətinə verilmiş 1,23 ha torpaq sahəsinin 634 B cizgisində göstərilən 0,72 hektar hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0634 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X3, X6, X9, X7, X4 və X8 mülkiyyətinə verilmiş 1,23 ha torpaq sahəsinin 634 B cizgisində göstərilən Cavabdeh tərəfindən istifadə olunan 0,72 hektar hissəsində tikili inşa edilməmişdir. Sözügedən 0,72 hektar torpaq sahəsinin qərb tərəfi yolla sərhəd olan hissəsi cavabdeh tərəfindən kollu çəpərlə hasarlanmışdır. Hasar iddiaçının torpaq sahəsinə bilavasitə giriş-çıxışın qarşısını aldığı üçün torpaq sahəsindən istifadəsinə maneəçilik törədir. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayonu İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən X5 ünvanlanmış 27 avqust 2020-ci il tarixli, 2/1544/M-94-18 nömrəli məktubda Mıxlıqovaq kənd sakini Cavabdehla aralarında olan mübahisənin aralarında razılaşma olmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon Mıxlıqovaq X1 ünvanladığı 11 avqust 2020-ci il tarixli, 33 nömrəli məktubda göstərilmişdir ki, pay torpağının Cavabdeh tərəfindən qanunsuz zəbti bələdiyyənin səlahiyyətlərinə daxil deyildir. Ərazinin tanıdılması ilə bağlı Ünvan kadastr idarəsinə müraciət edilməli, tanıdılmış ərazidən istifadəsi zamanı təkrar çətinliklərə qarşılaşdığı təqdirdə isə məhkəmə müraciət edilməlidir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Mıxlıqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X5 ünvanlanmış 10 avqust 2020-ci il tarixli, 510 nömrəli məktubda göstərilmişdir ki, mübahisəli əmlak məsələləri onların səlahiyyətində olmadığından məhkəməyə müraciət edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən X5 ünvanlanmış 09 iyul 2020-ci il tarixli, **********84 nömrəli məktubda göstərilmişdir ki, ərazi idarəsinin mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün əraziyə getmiş, lakin torpaq sahəsi başqa vətəndaşın istifadəsində olduğundan və torpaq sahəsi üzərində mübahisə olduğundan ərazidə texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 139.1, 152, 157.2 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə və Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0634 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X3, X6, X9, X7, X4 və X8ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Lakin iddiaçı və onun ailə üzvlərimülkiyyətlərinə verilmiş torpaq sahələrinin bir hissəsinin cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 sentyabr 2021-ci il tarixli, **********67 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyindəQəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0634 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X3, X6, X9, X7, X4 və X8 mülkiyyətinə verilmiş 1,23 ha torpaq sahəsinin 634 B cizgisində göstərilən 0,72 hektar hissəsinin Cavabdeh tərəfindən istifadə olunması, 1,23 ha torpaq sahəsinin 634 B cizgisində göstərilən Cavabdeh tərəfindən istifadə olunan 0,72 hektar hissəsində tikili inşa edilməməsi, sözügedən 0,72 hektar torpaq sahəsinin qərb tərəfi yolla sərhəd olan hissəsinin cavabdeh tərəfindən kollu çəpərlə hasarlanması, hasarın iddiaçının torpaq sahəsinə bilavasitə giriş-çıxışın qarşısını aldığı üçün torpaq sahəsindən istifadəsinə maneəçilik törətməsi göstərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi iddiaçının cavabdehin torpaq sahəsini boşaldılmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahələrinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçının təqdim etdiyi JN-0634 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı və mütəxəssis rəyi ilə sübut olunur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia etdiyi və mülkiyyətində olan torpaq sahəsi 1,23 hektar təşkil edir. Qəbələ rayon AİK-in 22 noyabr 1997- ci il tarixli 25 nömrəli qərarı ilə JN-0634 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X3, X6, X9, X7, X4 və X8 mülkiyyətinə verilmiş 1,23 ha torpaq sahəsinin 634 B cizgisində göstərilən 0,72 hektar hissəsi Cavabdeh istifadəsində olduğundan və həmin hissə Cavabdeh tərəfindən tutulduğundan, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneələr qismən mövcud olduğundan iddia tələbi əsaslıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə və ailə üzvlərinə məxsus olmasına baxmayaraq, bir hissəsi Cavabdeh tərəfindən zəbt olunmaqla onun tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən çəkilmiş ağac hasarın (çəpərin) sökülməsini tələb etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 sentyabr 2021-ci il tarixli, **********67 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində0,72 hektar torpaq sahəsinin qərb tərəfi yolla sərhəd olan hissəsinin cavabdeh tərəfindən kollu çəpərlə hasarlanması, hasar iddiaçının torpaq sahəsinə bilavasitə giriş-çıxışın qarşısını aldığı üçün torpaq sahəsindən istifadəsinə maneəçilik törətməsi göstərilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Cavabdeh həm məhkəmə iclasında verdiyi ifadəsində, həm də məhkəmə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsində fındıq, şabalıd və alma ağaclarından ibarət bağ salmışdır və həmin bağın salınması üçün çəkdiyi xərci tələb etmişdir. Cavabdehə izah edilməlidir ki, gələcəkdə iddiaçının mülkiyyətində, faktiki isə onun istifadəsində olmuş fındıq, şabalıd və alma ağaclarının dəyəri və ya əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, , iddia təmin edilməli, JN- 0634 (Kod: ********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində X3, X6, X9, X7, X4 və X8 birgə mülkiyyətinə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-634B cizgisində göstərilmiş 0,72 ha hissəsindən Cavabdeh çıxarılmalı, həmin torpaq sahəsinin qərb tərəfi yolla sərhəd olan hissəsində cavabdeh tərəfindən kollu çəpərlə hasarlanmış çəpər sökülməli və həmin torpaq sahəsindən cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 311,0 (üç yüz on bir) manat məbləğində pul iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq hesabına ödənilmiş və iddiaçı həmin məbləği cavabdehhən tələb etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən ekspertiza keçirilməsinə zərurət olması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, mülki işin materialları və birinci instansiya məhkəməsinin qərarı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi ilə mübahisənin obyektiv və hərtərəfli həll olunması mümkün olmuşdur. Məhkəmə kollegiyası üçün aydın olan halların yenidən hansısa ekspert rəyi ilə müəyyən edilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(025)-723/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(025)-723/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-245/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-245/2022
23.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver