Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-250/2021 12.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X5, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi (vəkili) X6 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “yaşayış evindən məcburi çıxarma, evin boşaldılması və köçürülmə tələbinə dair” illkin iddiası və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)- 879/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxxxx 2020-ci il tarixli, 2(014)-879/2020 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, Cavabdeh1 əmlakı ilə birlikdə məcburi qaydada Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi 34 saylı evdən çıxarılması və xüsusi mülkiyyətində olan Bakı şəhəri 3-cü mikrorayon, Alı Mustafayev küçəsi 29 saylı evin 25-ci mənzilinə köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair” qarşılıqlı iddiasının isə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakları ilə birlikdə xx xxxx 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi 34 saylı fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək AR ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2019-cu il olan Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi ev 34-də heç bir hüquqi əsas olmadan yaşayan Cavabdeh1 həmin evdən əmlakı ilə birlikdə məcburi qaydada çıxarılmasına, evin tam boşaldılmasına və cavabdehin AR ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyətində olan, digər iki nəfər ailə üzvünün hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 41,37 kv.m olan iki otaqlı mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların ünvan 3 ünvanında yerləşən və cavabdehin mülkiyyətində olan 0.06 hektar həyətyanı torpaq sahəsindəki yaşayış evindən istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə iclasına gəlmədiyi və işə iştirakı olmadan baxılmasını xahiş etmədiyi üçün qarşılıqlı iddia ərizəsi Cavabdeh3 aid hissədə baxılmamış saxlanılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum qardaşı X24 1989-cu ildə rəsmi nikah qeyd etdirməklə Cavabdeh1 ilə evlənərək ailə qurmuşlar. Cavabdeh və onun valideynləri cavabdeh və mərhum qardaşının hazırda mübahisələndirdiyi yaşayış evində yaşamaq istəmədiyini bildirdiklərindən o, mərhum qardaşı və Cavabdeh1 toyuna kimi şəxsən öz vəsaiti hesabına Bakı şəhəri Qubadov küçəsi, 44 ünvanında yerləşən fərdi yaşayış evini onlara almışdır. Mərhum qardaşı və Cavabdeh1 toydan bir gün sonra Bakı şəhərindəki həmin evə köçərək daimi orada yaşamışlar. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin evdə anadan olmuşlar. O, mərhum qardaşının və onun ailəsinin xahişi ilə 2002-ci ildə həmin evi sataraq Bakı şəhəri Nəsimi rayonu, 3-cü mkr, Alı Mustafayev küçəsi, 29 saylı binanın 25 nömrəli mənzilini onlara almışdır. Cavabdehlərin hamısı həmin mənzildə qeydiyyatda olmaqla orada yaşamışlar. Hazırda da həmin mənzildə qeydiyyatdadırlar. Mərhum qardaşı ailəsinin dolanışığı üçün mütəmadi olaraq Rusiyaya gedib orada işləyirdi. xx xxxxxxx 2005-ci ildə aralarında yaranmış mübahisə zəminində Möhlüd adlı bacanağı onu Rusiya Federasiyasında öldürərək meyidini gizlətmişdir. Təxminən bir ildən sonra, yəni xx xxxxxxxx 2006-cı il tarixdə o, qardaşının meyidini tapıb Azərbaycana gətirərək dəfn etmişdir. Mərhum qardaşının ölümündən sonra “cavabdehlər təkbaşına Bakı şəhərində qalmasınlar” deyə cavabdehlərə gəlib onlarla birlikdə mübahisəli yaşayış evində yaşamalarını təklif etmiş, odur ki, cavabdehlər bir müddət onun evində yaşamışlar, lakin sonradan cavabdehlər Bakı şəhərində yaşamaq istədiklərini bildirərək daimi yaşamaq üçün Bakı şəhərində olan mənzilə köçmüşlər. Mərhum anası 2010-cu ildə Ağdaş şəhərində mübahisəli yaşayış evində vəfat etmişdir. Anasının ölümündən sonra qanunla müəyyən olunmuş qaydada və müddətdə mərhum qardaşı anasından əvvəl vəfat etdiyinə görə notariat ofisində vərəsəlik işi açdıraraq qanun üzrə birinci növbə vərəsə kimi anasından miras qalmış əmlakı, yəni 0,06 hektar həyətyanı torpaq sahəsindən mərhum anasına çatası payını və onun üzərində inşa edilmiş yaşayış evini qəbul etmişdir. Bundan sonra həyatyanı torpaq sahəsini ümumi birgə, yaşayış evini isə tam mülkiyyət hüququ üzrə DƏDRX-nin 17 saylı Ərazi İdarəsində qeydə aldırmışdır və bu barədə onun və digər iki nəfər ailə üzvlərinin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və fərdi yaşayış evinin texniki pasportu işlənərək verilmişdir. Həmin çıxarışa əsasən 0.06 hektar həyətyanı torpaq sahəsi ailə üzvləri X27, X22 və onun ümumi birgə, fərdi yaşayış evi isə tam mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır. Göründüyü kimi, cavabdehlər həmin mübahisəli fərdi yaşayış evində onlarla birgə yaşamadıqlarına görə həmin yaşayış sahəsindən istifadə hüququ qazanmamışlar. Cavabdehlər heç vaxt sözügedən yaşayış evində pasport qeydiyyatında olmamışlar. Son 10-15 gün bundan əvvəl Cavabdeh1 özünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmasını, övladları olan digər cavabdehlərin isə həmin mülkdə ata paylarının olmasını bildirməklə şəxsən mülkiyyətçi kimi onun və digər ailə üzvlərinin icazəsi olmadan özbaşına mübahisəli yaşayış evinə gələrək burada yaşayır və övladlarının da tezliklə bura gələcəklərini söyləyir. Cavabdeh həmin evə gəldikdən sonra ailəsində heç bir əhəmiyyətli səbəblər olmadan daima mübahisə və münaqişə yaradır, özbaşına həyətdə əkdiyi meyvə ağaclarını kəsməklə yararsız vəziyyətə salır. O, dəfələrlə cavabdehə qanunlara uyğun olaraq sonuncunun mübahisəli yaşayış evindən istifadə hüququnun olmadığını, həmin yaşayış sahəsinin onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olduğunu, onların icazəsi olmadan cavabdehin həmin yaşayış evində yaşamaqla evdən və həyətyanı torpaq sahəsindən istifadəsinin özbaşına hərəkətlər olmasını nəzərinə çatdırmaqla yaşayış sahəsindən özünə məxsus əşyaları ilə birlikdə çıxmasını xahiş və tələb etməyinə baxmayaraq, cavabdeh bütün bunlara məhəl qoymayaraq mülkiyyətçi kimi ona və digər ailə üzvlərinə qarşı qanunsuz hərəkətlərini davam etdirir. Bu səbəbdən də o, yaşayış evinin yeganə mülkiyyətçisi olduğundan mülkiyyətçi kimi, həmin evdə yaşaya, torpaq və ev üzrində idarə, istifadə və sərəncam hüquqlarını öz istəyinə uyğun həyata keçirə bilmir. AR ƏMDK-nin yanında DƏDRX-nin qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli Çıxarışı ilə də təsdiq olunur ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 41,37 kv.m olan iki otaqlı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Cavabdehin bir müddətdir ki, yaşadığı ev AR ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2019cu il olan Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh heç bir müvafiq hüquqi əsaslar olmadan ona məxsus olan həmin mənzildə yaşayır, oradan özbaşına şəkildə istifadə edir, mülkiyyət hüquqlarını pozmaqda davam edir, mənzil sahəsindən könüllü çıxması ilə əlaqədar etdiyi müraciətlər nəticəsiz qalmışdır. Odur ki, AR ƏMDK-nin yanında DƏDRX-nin verdiyi qeydiyyat tarixi xx.xx.2019-cu il olan Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi ev 34-də heç bir hüquqi əsaslar olmadan yaşayan Cavabdeh1 evdə olan əmlakı ilə birlikdə məcburi qaydada həmin yaşayış evindən çıxarılmasına, evin tam boşaldılmasına və cavabdehin AR ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışa əsasən xüsusi mülkiyyətində olan, digər iki nəfər ailə üzvünün hazırda yaşadığı ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 41,37 kv.m olan iki otaqlı mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddialarını onunla əsaslandırmışlar ki, Cavabdeh1 1989-cu ildə qarşılıqlı iddia üzrə cavabdehin qardaşı X24 ilə rəsmi nikah qeyd etdirərək evlənmiş və mübahisəli yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh1 ilə X15 birgə nikahından digər iddiaçılar Cavabdeh2 və Cavabdeh3 anadan olmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh öz iddia tələbində qeyd etmişdir ki, guya Cavabdeh1 onun qardaşı ilə evlənən gündən Bakı şəhərinə köçmüş və daima orada qeydiyyatda olmaqla yaşamışlar. Bunların hamısı yalandır. Düzdür, onlar ailə qurandan sonra mərhum ərinin adına Bakı şəhərindən ev almışlar və oraya pasport qeydiyyatına düşmüşlər. Bakıda olan mənzilə onlar, eləcə də cavabdeh Asif və ailə üzvləri daima gedib-gəlmişlər. Mərhum əri qazanc arxasınca Rusiya Federasiyasına gedib-gəldiyindən o Rusiyada olan zamanlar onlar Ağdaş şəhərində yerləşən mübahisəli evdə yaşamışlar. Əri 2005-ci ildə Rusiya Federasiyasında naməlum səbəblərə görə öldürülmüşdür. Həmin vaxtdan da xeyli əvvəl onlar Ağdaş şəhərində yaşayıb və işləyir, təhsillərini davam etdirmişlər. Bütün bunlar qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərlə təsdiq olunur. Eləcə də, məhkəməyə dəvət edəcəyi şahidlərin ifadələri ilə də tam öz təsdiqini tapacaqdır. Mərhum əri ilə evlənəndən sonra onun mərhum valideynləri və həmin evdə yaşayan digər ailə üzvləri, o cümlədən də cavabdehin özü qeyd-şərtsiz onları ailə üzvü kimi qəbul etmişlər. Daima onlar cavabdehlərlə birlikdə ailə üzvü kimi təsərrüfatı birgə idarə etmişlər. Hazırda cavabdeh həmin yaşayış sahəsini öz adlarına qeydə aldırdıqlarını, həmin yaşayış sahəsinin onların mülkiyyətində olduğunu əsas göstərərək iddiaçıları mübahisəli yaşayış sahəsindən çıxarmaq istəyir. Göründüyü kimi, onlar mübahisəli mənzilə köçən zaman cavabdehlə aralarında başqa qeyd-şərt olmadığına görə mübahisəli evdə onunla bərabər istifadə etməyə hüquqları var. Lakin cavabdeh həmin hüququ əlindən almaq istədiyinə görə cavabdehin iddia tələbinə qarşı hazırkı qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışlar və hesab edirlər ki, İddiaçı iddiası tamamilə əsassızdır. Ona görə də hesab edirlər ki, ilk iddia rədd edilməli və qarşılıqlı iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, o, mərhum Vİddiaçı ilə 1990-cı ildə ailə qurmuşdur. 1989-1990-cı illərdə Qubanovdakı evdə onun mərhum yoldaşı yaşlı rus qadınla evə görə nikahda olub, bu səbəbdən onların nikahı 1991-ci il 21 sentyabrda qeydə alınıb. Ev də rusdan yoldaşına qalmışdır. Daha sonra həmin ev satılaraq Bakıdakı mənzil alınmışdır. Yəni Bakıdakı mənzili onlara İddiaçı almamışdır. O, mübahisəli yaşayış evinə gəlin gəlmiş və bir ay sonra Bakıya getmişlər. Ancaq onun gəlin getdiyi ev əşyaları ilə bəzənmiş halda qalmış, Bakıdakı mənzilə heç bir şey aparmamışdır. 5-6 aylıq hamilə olduğu zaman narahatlıq keçirdiyi üçün rayona gəlmişdir. Yəni rayonla əlaqəsi heç bir zaman kəsilməmişdir. Oğlu Cavabdeh2 Adaş rayon Doğum evində, qızı isə evdə anadan olmuşdur. 2005-ci ilə qədər yoldaşı gah Rusiyaya, gah da Almaniyaya avtomobil alveri üçün getmiş, o da uşaqlarla gah rayonda, gah da Bakıda qalmağa davam etmişdir. 2005-ci ildə yoldaşı axırıncı dəfə Rusiyaya getmiş və orada da öldürülmüşdür. Odur ki, 2005-ci ildən o və uşaqları mübahisəli evdə yaşamışlar. 2007-ci ildə qaynı olan İddiaçı özü onu kitabxanaya işə düzəltmişdir. O vaxtdan Ağdaş rayonunda yerləşən kitabxanada işləyir və mübahisəli yaşayış evində yaşayır. Uşaqları Ağdaş rayonunda oxuyub məktəbi qurtarmışlar. İddiaçı mərhum yoldaşının ili çıxmamış onun maşınını satmışdır. Nə uşaqlara, nə də ona heç nəyə qol çəkdirməmişdir. Nə də o puldan 1 manat olsun İddiaçı onlara verməmişdir. Onun evinə suya, işığa, qaza ayrıca sayğac qoyulmamışdır. İddiaçı 2 ildir onun qazını kəsmişdir. O, odundan istifadə edir. İddiaçı onu həyətdə hər dəqiqə təhqir edir. Onun qohumlarının, iş yoldaşlarının onlara gəlməsinə narazı olur. O, 2 ildir televizordan istifadə etmir, krosnu antenanı İddiaçı söküb aparmışdır. İddiaçı oğlu Cavabdeh2 atasının intiqamını atasını öldürənin ailəsindən almağa təhrik etmiş və qarşılığında ona torpaq və ev verəcəyini bildirmişdir. Lakin oğlu Cavabdeh2 bundan imtina edərək qatil olmayacağını bildirmişdir. Odur ki, o, oğlunu İddiaçı yanından uzaqlaşdırmışdır. Oğlu 2015-ci ildən Bakıda özəl şirkətdə işləyir və özlərinə məxsus evdə yaşayır. Qızı ailə qurmuşdur və 1 övladı var. Qızı Cavabdeh3 kirayədə yaşayır. Mübahisəli ev qaynanasının adına olmuş və İddiaçı həmin evi qanunsuz yollarla öz adına özəlləşdirmişdir. İddiaçı ona mübahisəli yaşayış evində yaşamağa müxtəlif vasitələrlə imkan vermir. İddiaçı ona hər cür təzyiq göstərərək mübahisəli yaşayış evindən çıxarılmasını istəyir. Halbuki, onun mübahisəli evdə yaşamaq hüququ vardır. Odur ki, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi Rəhimova Hicran Qnyaz qızı məhkəmə iclasında ilk iddianı qəbul etməyərək qarşılıqlı iddianı müdafiə etmiş, Cavabdeh1 izahatına uyğun izahat vermiş, eyni zamanda bildirmişdir ki, Şəhla mübahisəli evə gəlin köçmüş və 2006-cı ildən də həmin evdə daimi olaraq yaşayır. Asif Orxana atasının intiqamını almaq üçün təzyiq göstərmiş və Orxan bundan imtina etdikdə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək bildirmişdir ki, İddiaçı iş yoldaşıdır. İddiaçı cavabdehə və mərhum qardaşına Qubanovda ev almışdır. Əslində cavabdeh və uşaqları Bakı şəhərində Asifin onlar üçün aldığı evdə yaşayırdılar. Daha sonra İddiaçı qardaşı, cavabdehin əri Vİddiaçı vəfat etdiyi üçün İddiaçı cavabdehi və onun uşaqlarını Ağdaş rayonuna gətirmişdir və onlar Asifə məxsus evdə yaşamağa başlamışlar, İddiaçı Cavabdeh1 Ağdaş rayonunda kitabxanaya işə düzəltmişdir. Asiflə Şəhla arasında ev üstündə mübahisə 5-6 il bundan öncə yaranmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh1 xalasıdır. Cavabdeh1 mübahisəli fərdi yaşayış evinə gəlin gəlmişdir. Daha sonra Şəhlanın əri Bakı şəhərində ev aldığı üçün Şəhlagil Bakı şəhərinə köçüb yaşamağa başlamışlar. Cavabdeh1 və mərhum əri birinci dəfə Qubanovda ev almışlar, daha sonra Bakı şəhərinin Nizami rayonunda ev aldıqları üçün Bakı şəhərinə köçmüşlər. Cavabdeh1 əri öləndən sonra o, uşaqları ilə birgə Ağdaş rayonunda mübahisəli yaşayış evində yaşayır. Şəhla ilə Asif arasında ev üstündə mübahisə son bir ildir ki, yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)-879/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vərəsə olmamasını əsaslandırmağa cəhd edib. Halbuki, iddia ərizələrində vərəsəlik məsələsi ilə bağlı mübahisə açılmayıb. Göründüyü kimi, məhkəmə öz qanunsuz və əsassız qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh3 gələcəkdə vərəsəliliyi mübahisələndirməsinin qarşısını almağa uğursuz cəhd edib. Məhkəmə belə bir halı dəyərləndirməyib ki, mübahisəli evdə Cavabdeh1 azyaşlı uşaqları və mənzilin mülkiyətçisi Hənifə Abdullayeva ilə birgə yaşayıb. İddiaçı isə mübahisəli evə qonşu olan özünə məxsus evdə yaşayır. Hənifə Abdullayevanın vərəsələri Cavabdeh2 və Cavabdeh3 isə yeganə vərəsələr olmaqla həmin evdə yaşamış, Hənifə Abdullayeva öldükdən sonra miras əmlakı faktiki olaraq qəbul etmişlər. İddiaçı isə əmlak barədə reyestr qeydiyyatını öz adına xx xxxx 2019-cu ildə aldırmışdır. Yəni vərəsəlik açıldıqdan 9 il sonra qeydiyyat aparılmışdır ki, bu da Mülki Məcəllənin tələblərinin pozulmasıdır. Mübahisəli ev vərəsəlik hüququ əsasında Cavabdeh2 və Cavabdeh3 məxsusdur. Məhkəmə evin mülkiyətçisi Hənifə Abdullayevanın nə vaxt vəfat etməsini qətnamədə göstərməyib. X21 xx xxxxxx 2010-cu ildə vəfat edib. Hənifə Abdullayeva vəfat etdikdən sonra həmin evdə Cavabdeh1 və vərəsə olan övladları yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişlər. Ağdaş Rayon Məhkəməsi qeyd edilən halları obyektiv qiymətləndirərək iddianı rədd etməkdənsə, vərəsəlik hüququ əsasında Cavabdeh2 və Cavabdeh3 məxsus olan evdən onlann çıxarılmasına dair absurd qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) X8 apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(014)-879/2020 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi (vəkili) X11 apellyasiya şikayətinin təmin edilməsini və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)-879/2020 nömrəli qətnaməsinin ləğv edilərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının yeri və vaxtı barədə İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə iddiaçı və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)- 879/2020 nömrəli qətnaməsi ilk iddianın təmin olunduğu hissədə qismən ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan xx xxxxxx 1997-ci il tarixli etibarnamədən görünür ki, X24 etibarnamə üzrə səlahiyyətlərini İddiaçı etibar etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi, 34də 0,0601 ha torpaq sahəsi X27, X22 və İddiaçı ümumi birgə mülkiyyətindədir, fərdi yaşayış evi isə tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İşdə olan texniki pasportdan görünür ki, Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi, 34-də yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. İşdə olan Ağdaş RİHB-in Ağdaş şəhər İƏD üzrə nümayəndəliyinin xx xxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi, 24-də yaşayır. İşdə olan Ağdaş rayon X1 xx xxxx 2020-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh1 2007-ci ildə Ağdaş rayon X1 uşaq şöbəsinə işə qəbul edilmişdir. Hal-hazırda Ağdaş rayon Nehrəxəlil kənd kitabxanasında kitabxanaçı işləyir. İşdə olan Ağdaş rayon X14 Hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli arayışının surətindən görünür ki, X19 xx xxxx 1991-ci ildə Ağdaş rayon Mərkəzi Xəstəxanasının ginekologiya və doğum şöbəsində doğuşdan azad olmuşdur. İşdə olan Ağdaş rayon Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəb tərəfindən verilmiş arayışların surətlərindən görünür ki, Cavabdeh2 2006-2009-cu illərdə, Cavabdeh3 isə 2006-2013-cü illərdə Ağdaş rayon Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin azərbaycan bölməsində oxumuşlar. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx xxxxxxx 2005-ci ildə vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxx 1991-ci ildə anadan olmuşdur. X3 və X12r. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X19 xx xxxxxxxx 1991-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar, evləndikdən sonra qadın kişinin “Ağayeva” soyadını qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X23 Ağdaş Rayon Məhkəməsinin sorğusuna xx xxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi, 34-də yerləşən fərdi yaşayış evi X2 adına tərtib edilmiş 2256 inventar nömrəli texniki pasporta və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən X4, X28 və X13 adlarına tərtib edilmiş JN-2891A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xx xxxx 2019-cu il tarixdə vahid daşınmaz əmlak kimi mərhum X2 adına qeyə alınmış, həmin əmlakla bağlı xx.xx.2010-cu ildə vəfat etmiş X2 oğlu İddiaçı adına xx xxxx 2019-cu il tarixdə notarial qaydada Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, vərəsəlik şəhadətnaməsi əsasında Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi, 34-də yerləşən fərdi yaşayış evi və 0.0601 ha torpaq sahəsindən ibarət miras əmlak xx xxxx 2019-cu il tarixdə dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan 138494 saylı müqavilədən görünür ki, X7 Bakı şəhəri 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, 29 saylı evin 25-ci mənzilini İddiaçı 55000000 manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli, ********* qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Bakı şəhəri 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, 29 saylı evin 25-ci mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. İddiaçı iddia tələbi ondan ibarətdir ki, xx xxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata və bunun əsasında verilmiş Çıxarışa əsasən onun mülkiyyətində olan Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi, 34-də yerləşən fərdi yaşayış evindən heç bir hüquqi əsas olmadan orada yaşayan Cavabdeh1 evdə olan əmlakı ilə birlikdə məcburi qaydada çıxarılsın, ev tam boşaldılsın. Cavabdeh1, həmçinin onun övladları Cavabdeh2 və Cavabdeh3 isə qarşılıqlı iddia tələbi irəli sürərək onların Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi, 34 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarının tanınmasını tələb edirlər. Göründüyü kimi, iddia tələblərinin mahiyyətinə görə əvvəlcə qarşılıqlı iddianın əsaslı olub-olmaması, yəni cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının olub-olmaması məsələsi həll edilməlidir; ilkin iddianın müqəddəratı da bundan asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarlarında təsbit olunmuş hüquqi mövqelərə görə, başqasının mülkiyyətində olan əmlakdan “istifadə hüququ” özlüyündə əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Yəni əmlakdan istifadə hüququ həmin əmlak üzərində ayrılmaz hüquqa sahibliyi deyil, yalnız əmlakdan istifadə ehtiyacının təmin olunmasını nəzərdə tutur. Yaşayış sahəsindən istifadə hüququ da yalnız bu hüquqa malik şəxsə həmin yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi şərtlərindən biri bu hüquqa iddia edənin yaşayış sahəsinə olan ehtiyacını müvafiq mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasıdır. Həmin hal aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus yaşayış sahəsindən istifadə hüququ olan başqasının istifadəni davam etdirməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Ona görə də yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, digər daimi yaşayış sahəsinə köçdükdə; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdə; nikaha daxil olaraq ərin (arvadın) evinə köçdükdə və s.) həmin hüquqa xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən xx xxxx 2016-cı il tarixli Qərarında nəticə etibarilə müəyyən olunur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Hazırkı işin hallarından müəyyən olunduğu kimi, xx xxxxxx 2014-cü il tarixli, ********* qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Bakı şəhəri 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, 29 saylı evin 25-ci mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bu mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 rəsmi yaşayış yerləridir, yəni onlar həmin mənzilə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə kollegiyasının qənaətincə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından cavabdehlərin mübahisəli yaşayış evindən istifadə hüquqları hətta əvvəllər olmuşsa da belə, onlar həmin hüquqlarını başqa yaşayış sahəsi əldə etdikləri vaxtdan, yəni azı xx xxxxxx 2014-cü il tarixdən itirmişlər. Xüsusən də, Cavabdeh1 ayrı yaşayış sahəsinin (mənzilin) rəsmi mülkiyyətçisi olması ilə əlaqədar onun mübahisəli evdən istifadə hüququna xx xxxxxx 2014-cü il tarixdən xitam verilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da hazırda Bakı şəhərində anaları (cavabdeh) Cavabdeh1 mülkiyyətində olan mənzildə yaşayırlar, bu mənzil onların rəsmi və daimi yaşayış yerləridir. Cavabdehlərin apellyasiya şikayətində qeyd edilir ki, mübahisəli ev vərəsəlik hüququ əsasında Cavabdeh2 və Cavabdeh3 məxsusdur. X21 xx xxxxxx 2010-cu ildə vəfat etdikdən sonra həmin evdə Cavabdeh1 və vərəsə olan övladları (miras qoyanın nəvələri) Cavabdeh2 və Cavabdeh3 yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişlər. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx xxxxxx 2010-cu ildə vəfat etmiş mübahisəli evin əvvəlki mülkiyyətçisi Hənifə Abdullayevanın vərəsəsi olmalarını, nənələri Hənifə Abdullayevadan miras qalmış əmlaka özlərinin vərəsəlik hüququnu indiyədək mübahisələndirməmiş, notariat orqanından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamış, miras paylarını öz mülkiyyətlərinə keçirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159-cu maddəsinə müvafiq olaraq, ölənin uşaqları onun qanun üzrə birinci növbədə vərəsələridir... Ölənin uşaqlarının uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. İşdən göründüyü kimi, Hənifə Abdullayeva xx xxxxxx 2010-cu ildə vəfat etdikdə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vərəsə olacaq ataları Vİddiaçı sağ olmamışdır. Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən onların mərhum nənələri Hənifə Abdullayevadan qalmış miras əmlakdan mərhum atalarına çatası pay həcmində miras almaq hüquqları olmuş, lakin bu hüquqdan istifadə etməmişlər. Ona görə də hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mübahisəli fərdi yaşayış evində nə qanun üzrə vərəsəlik hüququna əsaslanan mülkiyyət payları, nə də onların və Cavabdeh1 həmin evdən istifadə hüquqları yoxdur. Qeyd olunanlarla əlaqədar birinci instansiya məhkəməsinin qətnaməsində də düzgün olaraq göstərilmişdir ki, mübahisəli fərdi yaşayış evinin mülkiyətçisi Hənifə Abdullayevanın vəfatından sonra mübahisəli fərdi yaşayış evi qanun üzrə vərəsəlik əsasında İddiaçı miras qalmış və qanun üzrə vərəsəlik şəhadətnaməsi mübahisələndirilməmişdir. Belə ki, Hənifə Abdullayevanın birinci növbə vərəsələri İddiaçı və Vİddiaçıdir. Lakin Cavabdeh1 əri olan Vİddiaçı anası Hənifə Abdullayevadan öncə vəfat etdiyi üçün Vİddiaçı övladları Cavabdeh3 və Cavabdeh2 Vİddiaçı birinci növbə vərəsələri kimi Hənifə Abdullayevadan miras qalmış əmlakda Vİddiaçı miras qala biləcək paya qanun üzrə birinci növbə vərəsə ola bilərdilər, lakin onlar bu hüquqlarından istifadə etməmişlər. İddiaçı anasından qalmış miras əmlak olan fərdi yaşayış evini tam olaraq miras əmlak kimi qəbul etmişdir. Hazırda mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması barədə qarşılıqlı iddia tələbləri əsassızdır və bu iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə olduğu halda məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı xx xxxx 2019-cu il tarixdən onun mülkiyyətinə keçən mübahisəli (Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi, 34-də yerləşən) fərdi yaşayış evindən orada yaşayan Cavabdeh1 əmlakı ilə birlikdə çıxarılmasını və evin boşaldılmasını tələb etməkdə haqlıdır, birinci instansiya məhkəməsi ilkin iddia tələbini həmin hissədə təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Cavabdeh1 mübahisəli evdə onun mülkiyyətçisi olan İddiaçı iradəsinə zidd olaraq yaşamaqla sonuncunun mülkiyyət hüququnu pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Birinci instansiya məhkəməsi İddiaçı mülkiyyət hüququna qəsdi aradan qaldıran qətnamə qəbul etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddiada İddiaçı Cavabdeh1 mübahisəli fərdi yaşayış evindən əmlakı ilə birlikdə çıxarılması və evin boşaldılması tələbi ilə yanaşı, cavabdehin öz mülkiyyətində olan Bakı şəhəri 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, 29 saylı evin 25-ci mənzilinə köçürülməsi tələbini də irəli sürmüş və birinci instansiya məhkəməsi bu tələbi də təmin etmişdir. Məhkəmə kollegiyası ilkin iddianın Cavabdeh1 öz mülkiyyətində olan Bakı şəhəri, 3cü mikrorayon, Alı Mustafayev küçəsi, ev 29, mənzil 25-ə köçürülməsi tələbinə dair hissəsinin də birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi ilə razılaşmır. Belə ki, İddiaçı Cavabdeh1 barəsində bu cür tələb irəli sürməyə subyektiv hüququ yoxdur. İddiaçının mülkiyyətində olan evdən çıxarılandan sonra cavabdehin hara köçməsi onun öz seçimindən asılıdır və bu seçimində müstəqildir. Cavabdehin öz mülkiyyətində olan mənzilə köçürülməsini qət edən məhkəmə qərarı ilə onun yaşayış yeri seçmək hüququ pozulmuş olur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı tam, yəni Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 5-ə köçürülməsinə aid hissədə də təmin etməkdə haqlı olmmamış, iddianın bu tələbə aid hissəsi ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İstinad edilən normalara müvafiq olaraq, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilk iddianın Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 5-ə köçürülməsi tələbinin təmin olunması hissəsində ləğv edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)- 879/2020 nömrəli qətnaməsi ilk iddianın təmin olunması hissəsində qismən ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)-879/2020 nömrəli qətnaməsi ilkin iddianın təmin olunması hissəsində qismən, yəni “Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 5-ə köçürülməsi” hissəsində ləğv edilsin. Bu hissə üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbi həmin hissədə rədd edisin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-250/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-250/2021
12.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver