Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-259/2024 12.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Azəriqaz» X5 X10 İdarəsinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, iddiaya cavab verməli olmayan idarə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Cavabdeh «Azəriqaz» X5 X10 İdarəsinin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB Ağsu X10 İdarəsinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-973/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 14-2-2-12/3-1K- 119/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsini, iddiaçının «Azəriqaz» İB Ağsu X10 İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat xidmətinin gözətçi vəzifəsinə bərpa edilməsini və xx.xx.2023-cü il tarixindən etibarən boş dayanmasına görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əməkhaqqı məbləğinin alınaraq ona ödənilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2010-cu il tarixli əmrlə əmək müqaviləsi bağlayaraq «Azəriqaz» X3 X12 QK avadanlıqlarının istismarı xidmətinə 4cü dərəcəli xətti baxıcı təyin edilərək əmək fəaliyyətinə başlamışdır. xx.xx.2010-cu il tarixdə 01/K nömrəli əmrlə X13 Sahəsi QDX-nə 5-ci dərəcəli yeraltı qaz kəmərlərinə və avadanlıqlarının istismarı üzrə çilingər peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixli 82/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən tutduğu peşədən azad edilmişdir. xx.xx.2015-ci il tarixli 246K nömrəli əmrlə «Azəriqaz» İB Ağsu X10 İdarəsinin Şamaxı rayonu üzrə Təmir-Bərpa xidmətinə 5-ci dərəcəli yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə çilingəri peşəsinə qəbul olmuşdur. xx.xx.2021-ci il tarixli SOCAR **********00070020B00081 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən əmək müqaviləsinə dəyişiklik edilməklə idarənin Şamaxı rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat Xidmətinə 4-cü dərəcəli gözətçi peşəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli əmri əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2010-cu il tarixdən çalışdığı bu illər ərzində əmək fəaliyyətində heç bir qüsur olmamış, rəhbərlik tərəfindən verilmiş tapşırıqları operativ və qüsursuz olaraq yerinə yetirmişdir. Əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrdə göstərilənlər isə həqiqəti əks etdirmir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X9 verdiyi 02 may 2023-cü il tarixli, 2902 nömrəli Rəyə əsasən “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısında təsdiq edilmiş işlər istisna olmaqla digər yüngül işlərdə işləyə bilməsi” təsdiq olunmuşdur. Cavabdeh onun 6 aydan artıq işləyə bilmədiyini göstərsə də bu həqiqəti əks etdirmir, çünki o hər gün işdə olmaqla əmək funksiyalarını icra etmiş və müvafiq olaraq əməkhaqqını almışdır. Odur ki əmrdə qeyd olunanlara əsas yoxdur. Cavabdeh onu İİ qrup əlil olduğu üçün işdən çıxarmışdır. Cavabdeh onun razılığı olmadan əmək müqaviləsinə xitam vermişdir. İşdən çıxarıldığı vaxtdan işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Cavabdehlə dəfələrlə əlaqə yaratsa da hər dəfə müxtəlif bəhanələr gətirərək, onu işə bərpa etməkdən boyun qaçırır. Həmçinin cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığı üçün, işdən çıxarıldığı günün sonrakı günündən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqı ödəməlidir.
3. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xx.xx.2015-ci il tarixli, 246K saylı əmrlə Şamaxı rayonu üzrə Təmir-Bərpa xidmətinin yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingəri peşəsinə işə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə SOCAR **********00070020B00081 nömrəli əmrlə «Azəriqaz» İB Ağsu X10 İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat Xidmətinə 4-cü dərəcəli gözətçi peşəsinə ərizəsi əsasında keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə dair müayinə olunan şəxs üzrə məlumatlarda iddiaçının İİ dərəcəli əlilliyi olması, diaqnoz Mərkəzi sinir sisteminin üzvü xəstəliyinin qalıqları, psixopatobənzər davranışla, əmək və sağlamlıq imkanlarının məhdudluğu, müddətsiz, əlillik səbəbi ümumi xəstəlik, əmək zəmanəti əmək qabiliyyətsiz kimi qeyd edilmişdir. Cavabeh iddia tələbində İİ qrup əlil olduğu üçün işdən çıxarıldığını qeyd etmişdir ki, bu yanaşma tamamilə qanunsuzdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1- ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün müddət ötürülmüşdür. Məhz bu səbəbdən, hazırki iş üzrə müddət tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-973/2023 nömrəli qətnaməsi ilə (hakim: A.Əsgərov), İddiaçı cavabdeh «Azəriqaz» İB Ağsu X10 İdarəsina qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K- 119/2023 nömrəli əmrlə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur. İddiaçı hüqununun pozulmasını bildiyi halda, Şəki 1 saylı Mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdehin nümayəndəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir.
11. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiaçının mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
12. Məhkəmə hesab etmişdir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 373.2, 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
15. Apellyаsiyа şikаyətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, Ağsu Rayon Məhkəməsi 2(016)-973/2023 saylı həmin iş üzrə çıxardığı 18 oktyabr 2023-cü il tarixli qətnaməsi maddi və prossesual normalarının pozulması və düzgün tətbiq edilməməsi, həmçinin qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların kifayət qədər tam və hərtərəfli aydınlaşdırılmaması nəticəsində qəbul edildiyindən, qətnamə ilə razı deyil, hesab edir ki, məhkəmənin həmin qətnaməsi qeyri obyektivdir, qanunsuz və əsassızdır buna görə də həmin qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
16. Belə ki, xx.xx.2010-cu il tarixdən çalışdığı bu illər ərzində əmək fəaliyyətində heç bir qüsur olmamış, rəhbərlik tərəfindən verilmiş tapşırıqları operativ və qüsursuz olaraq yerinə yetirmişdir. Əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrdə göstərilənlər isə həqiqəti əks etdirmir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X9 verdiyi 02 may 2023-cü il tarixli, 2902 nömrəli Rəyinə əsasən “ fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısında təsdiq edilmiş işlər istisna olmaqla digər yüngül işlərdə işləyə bilməsi” təsdiq olunmuşdur. Cavabdeh onun 6 aydan artıq işləyə bilmədiyini göstərsə də bu həqiqəti əks etdirmir, çünki iddiaçı hər gün işdə olmaqla əmək funksiyalarını icra etmiş və müvafiq olaraq əmək haqqı almışdır. Odur ki, əmrdə qeyd olunanların heç bir əsası yoxdur. Cavabdeh iddiaçını İİ əlil olduğu üçün işdən çıxartmışdır. Cavabdeh iddiaçının razılığı olmadan əmək müqaviləsinə xitam vermişdir. İddiaçı işdən çıxarıldığı vaxtdan işsizdir, başqa heç bir gəliri yoxdur. Cavabdehlə dəfələrlə əlaqə yaratsa da heç bir nəticəsi olmamışdır. Cavabdeh tərəfindən qanunsuz olaraq işdən çıxarıldığı üçün , işdən çıxarıldığı gündən işə bərpa olunan günə kimi əmək haqqı da ödənilməlidir.
17. Apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsi yalnız bir əsasla - iddia müddətini tətbiq etməklə iddia tələbini təmin etməmişdir.
18. Birinci instansiya məhkəməsi iddia tələbinə baxarkən belə nəticəyə gəlmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli, 14-2-2- 12/3-1K-119/2023 nömrəli əmrlə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur. İddiaçı Şəki 1 saylı mediasiya Təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
19. Bununla bağlı olaraq bildirir ki, iddiaçı ilk olaraq xx.xx.2023-cü il tarixdə mediasiya prossesinin tətbiqi ilə bağlı mediasiya təklifini cavabdehə göndərmişdir. Bu faktı təsdiq edən dövlət poçt xidmətinin qeyd olunan məktubun göndərilməsini təsdiq edən çekini də apellyasiya şikayətinə əlavə edir.
20. Apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, qeyd olunanlarla bağlı yəni xx.xx.2023-cü il tarixdə iddiaçı mediasiya prossesinin tətbiqi ilə bağlı müraciət etdiyini və mediasiya prossesinin başlanıldığını və rəsmi poçt qəbzini birinci instansiya məhkəməsinə bildirsə də məhkəmə buna əhəmiyyət verməmişdir.
21. Qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.2023-cü il tarixdə mediasiya prossesini başladığından iddiaçı hazırkı tələb üzrə iddia müddətini ötürməmişdir. Hesab edir ki, iddia tələbi ilə bağlı mübahisə üzrə iddia müddətinin ötürülməsi ilə bağlı yuxarıda qeyd olunan nəticəyə gələn birinci instansiya məhkəməsi iddiaçının əmək hüququnu pozmuşdur.
22. Beləliklə apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, iddia tələbinin təmin edilməməsini əsaslandırarkən birinci instansiya məhkəməsinin istinad etdiyi iddia müddətinin ötürülməsi ilə bağlı istinad etdiyi hal əsassız olmuş və İddiaçı hüquqlarını pozmuşdur.
23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Bununla bağlı olaraq bildirir ki, cavabdeh əmək məcəlləsi ilə nəzərdə tutulmuş qeyd olunan əsas vəzifəsini icra etməmişdir.
24. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Bununla bağlı olaraq bildirir ki, cavabdeh iddiaçının razılığı olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.
25. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin Qeyd hissəsinin tələbini kobud şəkildə pozmuşdur. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası ƏməkMəcəlləsinin 79-cu maddəsinin 3-cü bəndinin tələbini kobud şəkildə pozmuşdur.
26. İddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya prossesinə başladığı üçün hazırkı tələb üzrə iddia müddətini ötürməmişdir.
27. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qeyd olunan konstitusion normalara uyğun olaraq öz səlahiyyətlərindən istifadə edərək bütün faktiki halları, mövcud dəlilləri obyektiv, tam və hərtərəfli araşdırmalı, onlara hüquqi qiymət verməli idi. Lakin bunlar edilməmişdir, əksinə cavabdehin maraqlarının təmin edilməsi barədə qanunsuz, ədalətsiz qətnamə qəbul edilmişdir.
28. Cavabdeh tərəf iddia tələbinə etirazının əsasını sübut etməmişdir. Məhkəmə iddia tələbində qeyd olunanlara qarşı hər hansı bir bir əsas olmadığı halda nə üçün iddiaçının əmək hüquqularının pozulduğunu aydınlaşdırmamışdır.
29. Cavabdeh iddia tələbində qeyd olunanlara qarşı etirazının əsaslarını məhkəmədə sübut etməmişdir.
30. İş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halların kifayət qədər tam və hərtərəfli aydınlaşdırılmaması nəticəsində qətnamə qəbul edildiyindən, qətnamədə göstərilən nəticələr həqiqətə və işin hallarına uyğun deyildir. Hesab edir ki, məhkəmənin həmin qətnaməsi qanunsuz, əsassız və qeyri obyektivdir.
31. Odur ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-973/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
32. Cavabdeh «Azəriqaz» X5 X10 İdarəsi apellyasiya şikayətinə etirazında İddiaçı tərəfindən Ağsu Rayon Məhkəməsinin 2(016)-973/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
33. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(016)-973/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, onun cavabdeh «Azəriqaz» X5 X10 İdarəsinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyasının iclasında cavabdeh «Azəriqaz» X5 X10 İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağsu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(016)-973/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O həmçinin izahatında iddiaçı tərəfindən cavabdehin doğru seçilmədiyini, cavabdeh qismində «Azəriqaz» İstehsalat Birliyi əvəzinə yanlış olaraq, «Azəriqaz» X5 X10 İdarəsinə qarşı iddia qaldırdığını göstərmişdir.
35. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 Xidmətinin nümayəndəsi X6 cavabdeh təşkilat tərəfindən iddiaçının işdən azad edilməsinə dair əmrin verilməsi əsasını doğru hesab etmədiyini və iddiaçının apellyasiya şikayətinə etirazının olmadığını göstərmişdir.
36. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, müəssisə-mülkiyyətçinin təşkilatihüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. 3-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 70-ci maddəsinin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 76-cı maddəsinin 1-ci hissəsinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
39. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1,50.1 və 50.4cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Apellyator Ağsu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(016)-973/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiаçı İddiaçı cavabdeh «Azəriqaz» X5 X10 İdarəsinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası rədd edilməlidir.
44. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
45. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiаçı İddiaçı xx.xx.2015-ci il tarixdə bağlanmış 246 nömrəli əmək müqaviləsi və onun əsasında verilmiş xx.xx.2015-ci il tarixli, 246K saylı əmrlə Şamaxı rayonu üzrə Təmir-Bərpa xidmətinin yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingəri peşəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə SOCAR **********00070020B00081 nömrəli əmrlə «Azəriqaz» İB Ağsu X10 İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat Xidmətinə 4cü dərəcəli gözətçi peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair müayinə olunan şəxs üzrə məlumatlarda iddiaçının İİ dərəcəli əlilliyi olması, diaqnoz Mərkəzi sinir sisteminin üzvü xəstəliyinin qalıqları, psixopatobənzər davranışla, əmək və sağlamlıq imkanlarının məhdudluğu, müddətsiz, əlillik səbəbi ümumi xəstəlik, əmək zəmanəti əmək qabiliyyətsiz kimi qeyd edilməsi nəzərə alınaraq, «Azəriqaz» X5 X10 İdarəsinin rəisinin 03 iyul 2023-cü il tarixli, 14-2-2=12/3-1K-119/2023 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edilməklə xitam verilmiş və sonuncu işdən azad edilmişdir. İddiaçı işdən azad edilməsinin əsassız olmasına istinad edərək, işə bərpa edilməsi barədə əvvəlcə mediatora müraciət etmiş, mediasiya qaydasında razılıq əldə edilmədiyindən məhkəməyə iddia ərizəsi təqdim etmiş, cavabdeh iddiaya etiraz etmiş, həmçinin iddia müddətinin ötürülməsi məsələsini mübahisələndirmiş, İddiaçı iddiası iddia müddətinin ötürülməsi əsas gətirilərək, rədd edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
47. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
48. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
49. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
50. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
51. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
52. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
53. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
54. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılarkən prosessual hüquq normalarının tələblərini pozduğundan Ağsu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(016)-973/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
56. Belə ki, işdə olan 20 fevral 2015-ci il tarixli, 246 nömrəli əmək müqaviləsinin 1.1-ci bəndindən görünür ki, bu əmək müqaviləsi işəgötürənin səlahiyyətini həyata keçirən ARDNŞ-nin «Azəriqaz» İB Ağsu X10 İdarəsinin rəisi ilə İddiaçı arasında bağlanmışdır.
57. İşdə olan 20 fevral 2015-ci il tarixli, 246 nömrəli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə edilmiş 08 saylı dəyişiklikdən görünür ki, 20 fevral 2015-ci il tarixli, 246 nömrəli əmək müqaviləsinin 1.2, 3.1, 4.1, 4.21 və 4.23-cü bəndlərinə dəyişiklik edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdə SOCAR **********00070020B00081 nömrəli əmrlə «Azəriqaz» İB Ağsu X10 İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat Xidmətinə 4cü dərəcəli gözətçi peşəsinə keçirilmişdir.
58. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürəni «Azəriqaz» İstehsalat Birliyi olmuş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 03 iyul 2023-cü il tarixdə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsinə dair dəlili ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı işəgötürəni «Azəriqaz» İstehsalat Birliyi olduğu halda birinci instansiya məhkəməsi yanlış olaraq seçilmiş cavabdeh «Azəriqaz» X5 X10 İdarəsinin iş üzrə əsl cavabdeh qismində çıxış edə biləcək «Azəriqaz» İstehsalat Birliyi ilə əvəz edilməsi üçün təşəbbüs göstərməmiş, iddiaçı tərəflə həmin məsələni müzakirə etməmiş, tələb iddiaya cavab verməli olmayan idarəyə yönəldiyi halda qəbul etdiyi qətnamədə həmin istiqamətdə heç bir əsaslandırma aparmamaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur.
60. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
61. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
62. Kollegiya qeyd edir ki, normanın tələbindən də göründüyü kimi tərəfin əsl tərəflə əvəz edilməsi məhkəmənin imperativ vəzifəsi olmasa da iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması məsələsinin müzakirəsi məhkəmənin vəzifəsidir.
63. İşdə olan «Azəriqaz» X5 X10 İdarəsinin əsasnaməsinin 1.1-ci bəndindən görünür ki, Ağsu X10 İdarəsi (bundan sonra idarə adlanacaq) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra “ARDNŞ” adlanacaq) «Azəriqaz» İstehsalat Birliyinin (bundan sonra «Azəriqaz» İB adlanacaq) tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Ağsu, Şamaxı, İsmayıllı, Kürdəmir, Ucar, Qəbələ, Qobustan, Göyçay və Ağdaş qaz istismar sahələrinin maddi-texniki bazasında ARDNŞ-nin 24 noyabr 2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000118 nömrəli əmrinə əsasən yaradılmışdır.
64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır.
65. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1,50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 22 fevral 2024-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir.
66. Vurğulanmalıdır ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır.
67. Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir.
68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrdə göstərilənlərin həqiqəti əks etdirməməsi, cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin əsassız və qanunsuz olduğu üçün ləğv edilməli olması, iddiaçının hazırkı tələb üzrə iddia müddətini ötürməməsi, birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi ilə bağlı istinad etdiyi halın əsassız olması, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin, 79-cu maddəsinin 3-cü bəndinin tələblərini kobud şəkildə pozması, birinci instansiya məhkəməsinin iddiaçının əmək hüququnu pozmasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin tələbə cavab verməli olmayan idarəyə qarşı yönəldildiyindən, iddiaya cavab verməli olan «Azəriqaz» İstehsalat Birliyi isə cavabdeh olaraq işə cəlb edilmədiyindən, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə həmin dəlillərin mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirilmələri doğru hesab edilə bilməz.
69. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozduğundan İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-973/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh «Azəriqaz» X5 X10 İdarəsinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası rədd edilməlidir.
70. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-973/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh «Azəriqaz» X5 X10 İdarəsinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.