Məhkəmə qərarları › İş №2(107)-262/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-262/2021

28.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-262/2021 28.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1294/2020 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi X3 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikаyətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1294/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı mülkiyyətində olan ünvan 2 (keçmiş ünvan 4 saylı evdən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 (keçmiş ünvan 4 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsi, Cavabdeh3 ünvan 2 (keçmiş ünvan 4 saylı evdən əşyaları ilə birlikdə öz hesabına çıxarılması, 10 manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Şəki şəhəri Çingiz Mustafayev 598 (keçmiş Şəki şəhəri D.Bünyadzadə ev 5) saylı evdən cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3 və onun ailə üzvlərinin Şəki şəhəri Çingiz Mustafayev 598 (keçmiş Şəki şəhəri D.Bünyadzadə, ev 5) saylı evdən əşyaları ilə birlikdə öz vəsaitləri hesabına çıxarılmaları; hüquqi xidmətlər göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 10 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 3) ünvanında yerləşən paylı mülkiyyətdə olan əmlakın ilkin satış qiyməti 46500 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə edilən vəsatin tərəflər arasında paylarına müvafiq olaraq bölünməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra məmuru da öz növbəsində hərracın keçirilməsini təmin etmək məqsədilə aidiyyəti sənədləri “X2 Mərkəzi” MMC-yə göndərmişdir. “X2 Mərkəzi” MMC əmlakın satılması məqsədilə hərrac təşkil etmişdir. xx xxxxxx 2020-ci il tarixdə hərrac yekunlaşmış və əmlakı Cavabdeh1 32550 manata satın almışdır. Alqı-satqının nəticələri tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli müqavilə ilə rəsmiləşdirilmişdir. xx xxxx 2020-ci il tarixdə ev alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmış və onun hüquqları xx xxxx 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. Alqı-satqı müqaviləsinə görə (11 və 13cü bəndlər) satıcı Cavabdeh1 əmlakı xx xxxx 2020-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi, həmçinin xx xxxx 2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin cavabdehlər hal-hazıradək həmin ünvanda qeydiyyatdadırlar. Həmçinin, Cavabdeh3 və onun ailə üzvləri də həmin ünvanda yaşayırlar. Dəfələrlə xəbərdarlıq olunaraq evin boşaldılması və qeydiyyatdan çıxmaq tələb olunsa da heç bir nəticə əldə olunmamışdır. Cavabdehlərin həmin evdə qeydiyyatda olmaları mülkiyyətçi kimi iddiaçının mülkiyyətində olan həmin fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə maneəçilik yaradır. Cavabdehlərin həmin evdə pasport qeydiyyatında qalmaları və yaşamaları üçün hər hansı bir hüquqi əsas yoxdur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi (vəkili) X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh1 onun arvadıdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Şəki şəhəri Dadaş Bünyadzadə küçəsi ev 5 (indiki ünvan 2) ünvanında yerləşən paylı mülkiyyətdə olan əmlakın ilkin satış qiymətinin 46500 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaiti tərəflər arasında paylarına müvafiq olaraq bölünməsi qət edilmişdir. Hərracın nəticələrinə əsasən evi Cavabdeh1 almış və alqı-satqı müqaviləsi əsasında hazırkı iddia tələbi üzrə iddiaçıya satmışdır. Hazırda faktiki olaraq həmin evdə yaşamırlar. Evdən istifadə hüquqlarının itirilməsinə etirazı yoxdur. Lakin iddia tələbini hüquqi xidmətlər göstərilməsi üçün vəkilə ödənilmiş 500 manatın onlardan tutulması hissəsində qəbul etmir. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, iddia tələbində göstərilən fərdi yaşayış evi onun ata yurdudur. Həmin evin 2/3 hissəsi bacısı Cavabdeh1, 1/3 hissəsi isə mərhum atası X1 adına qeydiyyata alınmışdır. Sonradan məhkəmə tərəfindən əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin tərəflər arasında paylarına müvafiq olaraq bölünməsi qət edilmişdir. Qətnamə ilə razı deyil. Əmlak hərracda satıldıqdan sonra ona payına müvafiq olaraq 7000 manat pul çatmışdır. Həmin məbləğdə pul ilə hər hansı fərdi yaşayış evinin alınması mümkün deyil. Başqa yaşayış yeri yoxdur. Hesab edir ki, həmin ev atasına məxsus olduğundan onu heç kəs çıxarmaqda haqlı deyil. Həmçinin, iddia tələbini hüquqi xidmətlər göstərilməsi üçün vəkilə ödənilmiş 500 manatın ondan tutulması hissəsində də qəbul etmir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1294/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1294/2020 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1294/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1294/2020 nömrəli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1294/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi X3 tərəfindən verilmiş apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, tərəfindən verilən sorğuya Şəki “ASAN” Xidmət Mərkəzi verdiyi cavab məktubunda ünvan 2-də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 pasport qeydiyatında olmaları qeyd edilmişdir. Məhkəmə hazırlıq iclasında hakim vəsatətin olubolmamasını soruşduqda isə şifahi vəsatətlə müraciət edərək Şəki “Asan” Xidmət Mərkəzi tərəfindən sorğusuna verilən cavab məktubunda yalnız yuxarıda adları sadalanan şəxslərin adlarının qeyd olunması barədə məlumat olduğunu, başqa şəxslərin də qeydiyyatda olub-olmaması barədə məlumatın alınması üçün məhkəmə tərəfindən sorğu verilməsini xahiş etmişdir. Məhkəmə onun sorğusunu nəzərə alacağını bildirsə heç bir tədbir görməmiş və onun sübutları təqdim etmə imkanının olmadığı halları nəzərə alamamışdır. Belə ki, işin faktiki hallarından aydın görünür ki, Cavabdeh3 ailə üzvləri birlikdə iddiaçıya məxsus Şəki şəhəri Ç.Mustafayev küçəsində yerləşən 598 saylı evdə yaşayır və bu faktı məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir. Lakin məhkəmə işin hallarını tam və ətraflı araşdırmamış, Ziya Abdullayevdən ailə üzvlərinin kimlərdən ibarət olmasını dəqiqləşdirmədən qətnamə qəbul etmişdir. Hazırda mülkiyyətçiyə məxsus olan fərdi yaşayış evinin əvvəlki ünvanı “ünvan 18 adlandırılarkən əvvəlki ünvanda pasport qeydiyyatında olan şəxslərin əksəriyyəti yeni ünvana qeyd olunmamışdır. Ona görə digər şəxslər barədə məlumatları əldə etmək imkanları olmamışdır. Məhkəmə də bu halı və iclasda verdiyi vəsatəti nəzərə almadan qətnamə qəbul etmişdir. Vəkilə ödənilən 500 manat vəsaitin təmin edilməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə də razılaşmırlar. Məlum məsələdir ki, vəkillər tərəfindən göstərilən xidmətlər müəyyən məbləğ ödənildikdən və müvafiq müqavilə bağlandıqdan sonra həyata keçirilir. Cavabdeh3 tərəfindən verilmiş apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 izahatında apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)- 1294/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1294/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, nümayəndəsi X3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X6 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 3) ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X6 tərəfindən xx xxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 3) ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.7 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 (2/3 hissə) və İbadullayeva (Mustafayeva) Şəfəq Əhməd qızının (1/3 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X6 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 3) ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.7 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 (1/3 hissə) və İbadullayeva (Mustafayeva) Şəfəq Əhməd qızının (1/3 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsininn 2(075)-866/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 3) ünvanında yerləşən paylı mülkiyyətdə olan əmlakın ilkin satış qiyməti 46500 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin tərəflər arasında paylarına müvafiq olaraq bölünməsi qət edilmişdir. “X2 Mərkəzi” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, Y-30 saylı “Hərracın nəticələri haqqında” protokoldan görünür ki, Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 3) ünvanında yerləşənfərdi yaşayış evi açıq hərracda ilkin satış qiyməti 46500 manat müəyyən edilməklə satışa çıxarılmış, 32550 manata Cavabdeh1 tərəfindən alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X6 tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş **********91-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 3) ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx xxxx 2020-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ona məxsus olan Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 3) ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.7 kv.m olan fərdi yaşayış evini 20000 manata İddiaçı satmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X6 tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş **********91-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 3) ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. ASAN-Şəki tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində aşağıdakı şəxslər qeydiyyatdadırlar: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3. İşin həqiqi hаllаrındаn görünür ki, ünvan 2 (keçmiş ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.7 kv.m. olan fərdi yaşayış evi İddiaçı adına rəsmiləşdirilməklə, hal-hazırda onun adınadır. Bununla bağlı iddiaçının adına ƏMDK yanında DƏDRX-nin 12 saylı X6 tərəfindən xx xxx 2020-ci il tarixli **********91-10301 reyestr nömrəli çıxarış verilmişdir. ünvan 2 (keçmiş ünvan 4 nömrəli fərdi yaşayış evindən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 pasport qeydiyyatından çıxmadıqlarından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan ünvan 2 (keçmiş ünvan 4 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 (keçmiş ünvan 4 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Yuxarıda qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Birinci instansiya məhkəməsi tərəfindən və kollegiya tərəfindən araşdırılmış sübutlarla ünvan 2 (keçmiş ünvan 4 nömrəli mənzilin iddiaçının mülkiyyətində olması və cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatında olmaları müəyyən edilmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığı üçün, hazırkı mübahisə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Həmin normaların tələblərinə əsasən mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün üç mütləq şərt yerinə yetirilməli, yəni cavabdehlər mənzilin mülkiyyətçisi ilə yazılı razılaşma bağlamalı, həmin razılaşma notariat qaydasında təsdiq edilməli və onların bu istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Kollegiya iddiaçının nümayəndəsi Xəyal İbrahimovun apellyasiya şikayətində qeyd etdiyi “məhkəmə işin hallarını tam və ətraflı araşdırmamış, cavabdeh Ziya Abdullayevdən ailə üzvlərinin kimlərdən ibarət olmasını dəqiqləşdirmədən qətnamə qəbul etmişdir” dəlilinə münasibət bildirərək qeyd edir ki, işdə olan ASAN-Şəki tərəfindən verilmiş xx xxxxxx 2020ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, ünvan 3ünvanında yerləşən fərdi yaşayış evində aşağıdakı şəxslər qeydiyyatdadırlar: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3. Göründüyü kimi birinci instansiya məhkəməsi işin hallarını tam və ətraflı araşdırmış və ASAN-Şəki tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli arayışa uyğun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaratmır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri üzrə qeydiyyatı yaşayış sahəsinə istifadə hüququ və ya yaşayış sahəsinə digər hüquq əmələ gətirdiyini iddia edən şəxs bu halın hansı qanunvericilik aktında nəzərdə tutulduğunu göstərməlidir. Yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi fakt mövcud olmalıdır, hansi ki, qanunvericilik bu hüququn əmələ gəlməsini həmin faktla əlaqələndirmişdir. İddiaçı cavabdehlərin mübahisəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsini qeyd etsə də, iddianın əsasından da görünür ki, o, əslində cavabdehin evdən qeydiyyatdan çıxarılmasını təmin etmək üçün mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasınrn Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiası rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kollegiyanın fikrincə bu qəbildən olan iddialara baxılarkən iddianın hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı tələbini cavabdehin onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə yə sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. İddiaçının məqsədi cavabdehin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxması üçün əsas verir. Bu cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanun göstərişinin işdə iştirak edən şəxslərə və həmin dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, işin gerçək halından və cavabdehlərin məhkəmə kollegiyasının iclasında verdiyi izahatlardan müəyyən olundu ki, mənzil qanunvericiliklə müəyyən edilmış qaydada iddiaçının mülkiyyətindədir. Yəni mülkiyyətçi olan iddiaçı qeyd olunan mübahisəli mənzilin qanuni sahibidir. Cavabdeh3 isə qeyd edilən mənzildə qeyri-qanuni olaraq yaşayır və onun həmin mənzildə yaşaması iddiaçının mülkiyyət hüququnu pozur, onun toxunulmazlığına xələl gətirir. Buna görə də Cavabdeh3 iddiaçıya məxsus olan və ünvan 2 (keçmiş ünvan 4 saylı ünvanda yerləşən evdən əşyaları ilə birlikdə öz hesabına çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki iş üzrə hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1294/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi X3 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikаyətləri təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1294/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar