Məhkəmə qərarları › İş №2(107)-264/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-264/2023

14.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-264/2023 14.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X13, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X13, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(046)- 1512/2022 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, X13, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X4 miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-079F saylı şəhadətnamədə (kod 4********) göstərilən 0,42 hektar torpaq sahəsinin, yəni mirasın faktiki qəbul edilməsinin müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X19 02 dekabr 1993-cü il tarixdə, anası X14 14 aprel 2011-ci il tarixdə vəfat etmişdir. Ondan başqa valideynlərinin X15 adlı bir oğulları da olmuşdur və sonuncu 14 yanvar 2007-ci il tarixdə vəfat etmişdir. Mərhum anasından Göyçay rayonu Kürd kəndində 0,42 ha həyətyanı torpaq sahəsi miras qalmışdır (torpağın mülkiyyətə verilməsinə dair JN-079F saylı şəhadətnamə (kod ********)). Mərhum analarının vəfatından sonra ondan qalan mirası qanun üzrə vərəsələrdən yalnız o, faktiki qəbul edib idarə etmişdir. Digər qanun üzrə birinci növbə vərəsə X15 mərhum analarının sağlığında Göyçay rayonu Şəhadət kəndində yaşamış və mərhum analarının sağlığında vəfat etmişdir. Mərhum analarının ölümündən sonra mərhum Əhməd Əliyevin uşaqları miras əmlakı nə rəsmi, nə də faktiki qəbul etməmişlər. Cavabdehlər mirası qəbul etməsələr də, dəfələrlə xahiş etməsinə baxmayaraq müxtəlif bəhanələr gətirib mirası qəbul etməmələri barədə notariusa ərizə vermirlər. Bu səbəbdən də, miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı anası, miras qoyan X14 vəfat edən günədək və bundan sonra torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş, torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşamış, torpaq sahəsində olan ağaclara və bitkilərə qulluq etmiş, bütün kommunal xərc, vergi və rüsumları gecikdirmədən ödəmişdir. İddiaçının qardaşı Əhməd Əliyev isə 2007-ci ildə vəfat edənədək Şəhadət kəndində yerləşən özünə məxsus təsərrüfatda yaşamış, miras əmlakda yaşamamış, təyinatı üzrə istifadə etməmişdir. Bunu arxiv arayışı da təsdiq edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X16 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, X27 sağlığında mərhum nənəsi X4 miras qalmış, Göyçay rayonu Kürd kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsindəki evdə yaşamışdır. X27 nənəsi vəfat etməmişdən öncə, 2007-ci ildə vəfat etmişdir. X24 isə 2011-ci ildə vəfat etmişdir. Atası sağlığında nənəsindən miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsindəki evdə yaşadığından hesab edir ki, miras əmlak olan torpaq sahəsində onların da payı vardır. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və 3-cü şəxs Göyçay rayon notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 26 avqust 2022-ci il tarixli, 2(046)- 1512/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək X3ndan miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən 0,42 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlak üzərində İddiaçı vərəsəlik və mülkiyyət hüquqları tanınması, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə Göyçay rayonu Kürd kəndi ərazisində yerləşən 0,42 ha torpaq sahəsi X3nın mülkiyyətinə verilmiş, miras qalmış mübahisəli torpaq sahəsinə X6 14 aprel 2011-ci il tarixdə vəfatından sonra qızı İddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş, həmin torpaq sahəsinə sahiblik və istifadə etmişdir. İddiaçı həmin torpaq sahəsində yerləşən evdə yaşamış, torpaq sahəsində olan ağac və bitkilərə qulluq etmiş, evi təmir etdirmiş, kommunal və sair xərcləri mütəmadi olaraq ödəmişdir. İddiaçı bu günədək həmin torpaq sahəsində yerləşən evdə yaşamaqla, miras əmlakı faktiki olaraq qəbul etmiş, öz mülkiyyəti kimi həmin əmlaka yiyəlik və sahiblik edir. Məhkəmə cavabdeh X10 öz etirazının əsası kimi istinad etdiyi dəlillərlə bağlı qeyd etmişdir ki, mülki qanunvericilik mirasın qəbulunun iki şərtini müəyyən etmişdir. Bunlardan biri, miras açıldığı andan qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbul edilməsi ilə bağlı notariat kontoruna ərizə verilməsi, biri də qanunla müəyyən olunmuş qaydada mirasın faktiki qəbul edilməsidir. İşin faktiki hallarından göründüyü kimi, X15 anası (miras qoyan) vəfat etməmişdən öncə vəfat etmişdir, vəfat etdiyi günədək isə miras əmlak olan torpaq sahəsində yerləşən evdə yaşamamış, ailə üzvləri ilə Göyçay rayonu Şəhadət kəndində yerləşən təsərrüfatda yaşamışdır. Cavabdehlər miras qoyan X4 miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş vaxt ərzində notariat kontoruna ərizə ilə müraciət etməmiş, eləcə də, mirası faktiki qəbul etməmişlər. Miras açılan andan 11 ildən çox vaxt keçmiş, bu müddət ərzində cavabdehlər mirasın faktiki qəbulunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 60, 72 maddələri, İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın 6 və 13-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1, 1243.2, 1252, 1253.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 305.1, 305.1.1, 307.2, 307.2.9, və 308-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2020-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 1512/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X13, Cavabdeh3 və müstəqli tələblər irəli sürməyən üçüncü şəxs Göyçay Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilmişdir. Birinci instansiya məhkəməsinn qəbul etdiyi həmin qətnamə ilə cavabdehlərin hüquqları pozulmuşdur. İddiaçı və cavabdehlər arasında miras məsələlərinə dair ixtilaf hələ də davam etdiyindən, onların arasında yaranmış hüquqi münasibətə Konstitusiya Məhkəməsinin Plenumunun ərizənin bu bəndində istinad edilən qərarı da şamil edilir. Həmin qərara əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində vərəsə tərəfindən müvafiq orqanlara müraciət edilməməsi onun vərəsəlik hüququndan məhrum edilməsinə gətirib çıxarmır. Apellyantın zamanında notariat orqanlarına müraciət edə bilməməsi tərəflər arasında olan ixtilaf və bu səbəbdən də apellyant Cavabdeh3 vərəşəlik şəhadətnaməsi almaq üçün tələb olunan sənədlərə çatımlığının olmaması idi. Birinci instansiya məhkəməsi isə öz qətnaməsində bu məqamları nəzərə almamışdır. İddiaçı və cavabdehlər arasında miras məsələlərinə dair ixtilaf hələ də davam etdiyindən, onların arasında yaranmış hüquqi münasibətə Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarı da şamil edilir. Həmin qərara əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində vərəsə tərəfindən müvafiq orqana müraciət edilməməsi onun vərəsəlik hüququndan məhrum edilməsinə gətirib çıxarmır. Apellyantın zamanında notariat orqanına müraciət edə bilməməsi tərəflər arasında olan ixtilaf və bu səbəbdən də apellyant Cavabdeh3 vərəsəlik şəhadətnaməsi almaq üçün tələb olunan sənədlərə çatımlığının olmaması idi. Birinci instansiya məhkəməsi isə öz qətnaməsində bu məqamları nəzərə almamışdır. X3 vəsiyyətnamə yazmadığından onun vəfatından sonra əmlak qanun üzrə vərəsələr arasında bölüşdürülməlidir. Apellyant Cavabdeh3 birinci instansiya məhkəməsi qətnamə çıxararkən mərhum Əhməd Əliyevin oğlu kimi ona çatacaq miras payın müəyyən edilməməsi səbəbindən cari apellyasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət edir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 357-362-ci və 384, 385-ci maddələrini rəhbər tutaraq, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1512/2022 saylı qətnaməsinin ləğv edilməsi, mərhum X7 oğlu mərhum X8 oğlu Cavabdeh3 mərhum X5 mərhum X11 çatacaq hissədə vərəsəlik və mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən cavabdehlərin mülkiyyət hüququnun pozulduğunu, cavabdehin vərəsəlik hüququna dair dövlət tərəfindən verilən təminatın gözlənilmədiyini və bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin tələblərinin pozulduğunu göstərir. Halbuki cavabdehlər iş üzrə məhkəmə iclaslarında iştirak etmiş, lakin mərhum atalarının qanun üzrə birinci növbə vərəsələri kimi, mərhum nənələrindən qalmış mirası qəbul etmələrinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi hüquqlarını təmsil etdiyi İddiaçı mərhum anasının qanun üzrə birinci növbə vərəsəsidir. Qanun üzrə birinci növbə vərəsə mərhum Əhməd Əliyev mərhum miras qoyanın sağlığında vəfat etdyi üçün və miras açıldığı vaxt sağ olmadığından apellyator və iş üzrə cavabdehlər mərhum nənələrinə münasibətdə qanun üzrə birinci növbə vərəsə sayılırlar. Lakin apellyator və digər cavabdehlər qanunda nəzərdə tutulmuş müddətdə mirası nə rəsmi, nə faktiki idarə etməklə qəbul etməmişlər. Halbuki Azerbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsində gösterilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktlk başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras verəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi məhkəmə apellyatorun və digər cavabdehlərin vərəsəlik hüquqlarını pozmamışdır, əksinə məhkəmə iclasında iştirak edən cavabdehlər mirası nə rəsmi, nə də faktiki idarə edilməklə qəbul etmələri haqqında hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Etiraza əlavə etdiyi arxiv arayışlarından görünür ki, apellyatorun mərhum atası X15 arvadı və uşaqları ilə birlikdə 1996-2006-cı illərdə Göyçay rayonunun Şəhadət kəndində yaşamışdır və onun ölümündən sonra arvadı və uşaqları 2006-2015-ci illərdə mərhumun təsərrüfatında yaşamışlar. Göyçay rayon İcra Hakimiyyəti Başçısının Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sorğusuna verdiyi 10 fevral 2023-cü il tarixli 5-46-36/2-06/2023 saylı cavab məktubuna əlavə edilmiş arayışdan görünür ki, X15 2007-ci ilə kimi Göyçay rayonunun Şəhadət kəndində yaşamış və 2007-ci ildə vəfat etdikdən sonra həmin təsərrüfatda mərhumun həyat yoldaşı və övladlarından bir neçəsi qeydiyyatdadırlar və yaşayırlar. Həmin arayışda göstərilir ki, Cavabdeh2 anası ilə birgə mərhum atasından qalma evdə, Cavabdeh3 və Cavabdeh2 anasının təsərrüfatında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhərində yaşayırlar. X18 filialı tərəfindən sorğusunaa cavab olaraq verilmiş 10 fevral 2023-cü il tarixli 37 saylı arayışdan görünür ki, mərhum miras qoyan X1 və ölümündən sonra Göyçay rayonunun Kürd kəndində yerləşən təsərrüfatında iddiaçının oğlu Nümayəndə və onun ailəsi yaşamışlar, miras qoyanın ölümündən sonra miras torpağın yerləşdiyi təsərrüfat Nümayəndə adına qeydə alınmışdır. Göyçay rayonu Potu Bələdiyyəsinin 13 fevral 2023-cü il tarixli 45 saylı məktubundan görünür ki, X3 vəfat etdikdən sonra onun torpaq və əmlak vergisini mərhum Nümayəndə ödəmişdir. Mülki işin materiallarında olan sənədlərdən və işin faktiki hallarından görünür ki, iddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət edənədək nə apellyator, nə də digər cavabdehlər miras əmlakla maraqlanmamış, heç bir orqana miras əmlaka dair hüquqmüəyyənedici sənədlərin alınması və mirasa vərəsəlik hüququ əldə etmək üçün müraciət etməmişlər. Lakin mirasın qəbulu üçün müəyyən edilmiş 6 aylıq müddəti ötürən apellyator və digər cavabdehlər iddiaçı məhkəməyə müraciət etdikdən sonra da eyni tələblə məhkəməyə nə iddia ərizəsi, nə də qarşılıqlı iddia ərizəsi verməmişlər. Göstərilənlərə əsasən Cavabdeh3 nümayəndəsi, Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2(046)-1512/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər və 3-cü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehlərdən Cavabdeh3 məhkəməyə göndərdiyi teleqramında məhkəmə kollegiyasının iclasının təxirə salınmasını xahiş etsə də məhkəmə iclasında üzrlü səbəblərdən iştirak etməməsi ilə bağlı heç bir sənədi təqdim etməmişdir. Digər cavabdehlər və üçüncü şəxsin nümayəndəsi isə səbəblərini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri- formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə - vərəsənin mirasın açıldığı yerin notariat orqanına mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşulür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: məsələn, vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və sair hallar. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o, hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və sair hallar aiddir. Eyni zamanda miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən verilən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və sair. Lakin, yuxarıda qeyd olunduğu kimi, mirasın qəbuluna istər rəsmi, istərsə də faktiki yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun; 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Qərar Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 10-cu bəndinə görə Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndinə görə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndinə görə nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1512/2022 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən kollegiya Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1512/2022 saylı qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin, ona etirazın dəlillərini məhkəmə iclasında iştirak etmiş tərəfin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 26 avqust 2022ci il tarixli, 2(046)-1512/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbi baxımından mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə xüsusi icraat qaydasında, yəni hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Hüquq haqqında mübahisə olduqda isə ərizə baxılmamış saxlanılmaqla iddiaçının ümumi əsaslarla iddia icraatı qaydasında məhkəməyə iddia vermək imkanı yaranır. Lakin bu iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olması anlamına gəlmir. Bu halda iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn əldə olunması (miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi, notariat orqanının, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayətin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini sübuta yetirməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilənlər nəzərə alınaraq kollegiya qeyd edir ki, hüquq barəsində mübahisə olduğu hallarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasının əsası kimi çıxış edə bilməzlər. Bu kimi hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasında yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Bu baxımdan hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbini diqqətə almadan ərizəni icraata qəbul etmişdirsə də belə həmin məhkəmənin sonrakı mərhələdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməsi imkanları da olmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddia icraatı qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxaraq həmin tələbin təmin olunması barədə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddia icraatı qaydasında faktı müəyyən etməklə yanaşı həmin əmlak üzərində İddiaçı vərəsəlik və mülkiyyət hüquqlarının da tanınmasını qət etmişdir. Halbuki vərəsəlik hüququ miras qoyanın ölümü ilə vərəsə üçün əlavə tanınma proseduru tələb edilmədən özü-özlüyündə yaranan bir hüquqdur. Qanunvericilikdə vərəsəlik hüququnun tanınması deyil, vərəsəlik hüququndan məhrumetmə imkanlarının olması nəzərdə tutulduğundan vərəsə vərəsəlik hüququnun tanınması üçün məhkəməyə deyil, mirasın açılması ilə özü-özlüyündə yaranan hüququndan istifadə etməsi üçün aidiyyəti notariat orqanına müraciət etməlidir. İddiaçı tərəfindən belə bir tələbin irəli sürülməməsinə baxmayaraq işə baxan birinci instansiya məhkəməsi tələbdən kənara çıxmaqla yanaşı bunun üçün məhkəmədə baxılması nəzərdə tutulmayan iddiaçının miras əmlak üzərində mülkiyyət hüquqlarının da tanınması nəticəsinə gəlmişdir. Halbuki məhkəmə tərəfindən mirasla bağlı qəbul edilən qətnamə əsasında əvvəlcə vərəsəlik şəhadətnaməsi əldə edilməlidir. Həmin şəhadətnamə əsasında isə miras əmlaka dair yekun mülkiyyət sənədi alınmalıdır. Kollegiya bildirir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Hazırki işdə işə baxmış birinci instansiya məhkəməsi iddia tələbini yolverilməzliyə görə qəbul etməkdən imtina etməyərək, prosesin sonrakı mərhələsində isə iş üzrə icraata xitam verməyərək iddia tələbinə mahiyyəti üzrə baxaraq, prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bundan başqa Cavabdeh3 apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1512/2022 saylı qətnaməsinin ləğv edilməsi ilə yanaşı, mərhum X7 oğlu mərhum X8 oğlu Cavabdeh3 mərhum X5 mərhum X11 çatacaq hissədə vərəsəlik və mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş xahiş etsə də məhkəmə şikayətçinin diqqətinə çatdırır ki, vərəsəlik və mülkiyyət hüququnun tanınması deyil, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarına əsasən vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli məhkəmənin səlahiyyətində olan məsələlərdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.4-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(046)- 1512/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, qərarın məzmununda şərh edilən hallara görə iş üzrə icraata xitam verilməli, miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi, notariat orqanının, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayətin verilməsi və s. tələblərdən hər hansı biri ilə ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququnun olması İddiaçı izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-266, 387, 398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(046)-1512/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, X13, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına (vəkil vasitəsilə) kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar