Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-265/2022 10.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin evdən çıxarılmaları və maddi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: evdən çıxarma və maddi ziyan, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 və onun vəkili X1, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və onların vəkilin X7 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1 evdən dərhal çıxarılmaları, evini sökərək hissə-hissə satmaqla ona vurulmuş 40 000 manat maddi ziyanın, həmçinin hüquqi xidmətə görə ödənilmiş 190 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ev onun xüsusi mülkiyyətində olmuş, buna dair onun adına 27.01.1992-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlər onun evini zəbt edərək, sökmüş, evini hissələrə ayırmaqla satmışlar. Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsi ilə (hakim G.Cavadova) İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “cavabdehlərin evdən çıxarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-67/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), X3 və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə) Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin ünvan 1 evdən dərhal çıxarılmaları, evini sökərək hissə-hissə satmaqla ona vurulmuş 40 000 manat maddi ziyanın, həmçinin hüquqi xidmətə görə ödənilmiş 190 manatın ona ödənilməsi barədə iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 16960,73 manat dəymiş ziyana görə,190 manat hüquqi xidmətə görə vəkilə ödənmiş pul və 30 manat dövlət rüsumu 24 avqust 2019-cu ildə ölmüş X8 miras qalmış və cavabdehlər tərəfindən qəbul edilmiş Yevlax şəhəri, Əli Bayramov küçəsindəki mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 2-(2) mərtəbəli 8 otaqlı 217,28 kvm yaşayış, 156,48 kvm köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi və qəbul edilmiş digər miras əmlaklar hesabına alınaraq İddiaçı verilməsi, aparılmış ekspertiza tədqiqatnın dəyəri olan 300 (üç yüz) manatın cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınıb "xxxx" MMC-nin Kapital Bank ASC Sahil filialındakı hesabına ödənilməsi, (KOD 201218; VÖEN **********;SWİFT kod AİİBAZ2X; Müxbir hesab AZ37NABZ********************;VÖEN**********; Hesab AZ64AİİB400900C**********208) iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-67/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29.11.2021-ci il tarixli, 2(102)-5474/2021 nömrəli qərarı ilə, Cavabdeh1 Paşa qızının kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 67/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə (iddianın təmin edilən hissəsində) ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsi ilə (hakim G.Cavadova) İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “cavabdehlərin evdən çıxarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanda 1954-cü ildə tikilmiş birmərtəbəli, bir otaqlı, yaşayış sahəsi 26,5 kv.m., ümumi sahəsi 45,5 kv.m.-dən ibarət yaşayış evi 16.01.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən (mərhum əri X2 qanun üzrə vərəsəsi kimi) X4 məxsus olmuş, 23.01.1992-ci il tarixdə onun tərəfindən İddiaçı satılmış, 27.01.1992-ci il tarixdə İddiaçı adına qeydiyyat vəsiqəsi verilmiş, 29.03.2009-cu il tarixdə ünvan 2 ünvanda ikimərtəbəli, 8 otaqlı 217,28 kv.m. yaşayış, 156,48 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair X9 adına çıxarış verilmişdir. Həmçinin tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, buna (məhv olmuş daşınmaz əmlakla bağlı) dair müvafiq rəsmiləşdirmələr aparılmasa da, ünvan 1 ünvanda bir otaqlı ev 1994-cü ildə sökülərək yerində X9 adına verilmiş sənədlərdə (çıxarışda) göstərilmiş fərdi yaşayış evi tikilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mübahisəyə səbəb olan tikiliylə bağlı hadisələr 1992-1994-cü illərdə baş verdiyindən hazırki mübahisəyə 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllə tətbiq olunmalıdır. 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il ... müəyyən edilir. Məhkəmə araşdırmaları zamanı isə müəyyən edilmişdir ki, mübahisəli ünvanda faktiki olaraq hazırda iddiaçıya məxsus olan hər hansı fərdi yaşayış evi mövcud deyildir. İddiaçı tərəf isə 1994-cü ildən iddiaçıya məxsus evin söküldüyünü təsdiq etsə də, həmin vaxtdan indiyə qədər məhkəməyə müraciət etməməsinin səbəblərini ağlabatan şəkildə izah edə-əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırki iddia əsassız olduğundan, iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən, eyni zamanda iddiaçı tərəfindən hazırki iddia ilə bağlı tələb hüququ üzrə iddia müddəti ötürüldüyündən onun iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73, 76, 82-ci maddələri, 01.09.2000-ci ilə qədər qüvvədə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü, 34-cü, 39.1-ci, 59.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, apellyator qətnaməni qanunsuz və əsassız hesab edir. Çıxarılmış qətnamə qanunun tələbləri pozmaqla çıxarıldığından əsaslı hesab edilə bilməz. Hesab edir ki, məhkəmə həmin qətnaməni qəbul edərkən ədalətli olmamışdır. Belə ki, Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Məhkəmə proseslərində cavabdehlər ona məxsus olan evi sökdürərək satılmasını etiraf etmişlər. İşin materiallarında onun adına olan evin çıxarışı təqdim edilib. Cavabdehlər həmin çıxarış üzrə evi sökərək tamamilə yox ediblər. Evin texniki pasportu var. Həmin texniki pasportda evin mövcud forması, evin sxemi və koordinatları vardır. Həmin ev sökülərək başqa yerdə tikilmiş, sonra isə yenidən tikilmiş ev də sökülərək onların həmin evə girməmələri üçün tamamilə satılmışdır. O, vurulan ziyanla bağlı müvafiq ekspertizanın keçirilməsini istəmişdir. Məhkəmə vermiş olduğu vəsatətlərinin birini belə təmin etməmişdir. Onun əmlakı onun razılığı və icazəsi olmadan sökülüb, tamamilə satılmışdır. Həyətdə iki fərdi yaşayış evi var. Onun evi və ona aid torpaq sahəsinin cavabdehlərə heç bir aidiyyatı yoxdur. Bütün bunları məhkəmə yerində evinə baxmaqla aydınlaşdıra bilərdi. Ona aid olan çıxarışın döngə və nöqtələrinin cavabdehlərlə heç bir bağlılığı yoxdur. Qeyd etdiyi halları yerli məhkəməyə vermiş oİduğu vəsatətlərinin biri təmin edilsəydi, müəyyən etmək mümkün idi. Çünki evin konkret yeri, bu gün də cavabdehlərə aid deyil. Məsələ ondan ibarətdir ki. cavabdehlər onun evini sökərək başqa bir ev tikib. Bu tikilən evin də qardaşı X9 adında olan evlə heç bir bağlılığı yox idi. Həmin evdə o və ailəsi yaşayırdılar. O, tutulandan sonra isə bu evi də sökərək üzərində bir daş belə qoymamışlar. Nəticə etibarilə bütün bunlar onların evdən çıxarılmalarına hesablanmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X10 apelyasiya şikayətini müdafiə etdiyini və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X6 apelyasiya şikayətini müdafiə etdiyini Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)- 505/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında apellyasiya şikayətinin təmin edilmədən Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh1nln vəkili X12 apellyasiya şikayətinin təmin edilmədən Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 lazımi qaydada məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə kollegiyasının gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: (01.09.2000-ci il tarixə kimi qüvvədə olan) 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il ... müəyyən edilir. Həmin Məcəllənin 76-cı maddəsinə görə iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. Həmin Məcəllənin “iddia müddətinin tətbiq edilməsinin məcburiliyi” adlanan 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 82-ci maddəsinə görə iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Həmin Məcəllənin 81-ci maddəsinə görə tərəflərdən biri və ya hər ikisi vətəndaş olan mübahisələr üzrə iddia müddətinin axımı, borclu şəxsin borcu etiraf etməsini təsdiq edən hərəkətləri ilə də kəsilir. Fasilədən sonra iddia müddətinin axımı yenidən başlayır; fasiləyə qədər keçmiş vaxt yeni müddətə hesablanmır. Həmin Məcəllənin 442-ci maddəsinə görə vətəndaşın şəxsiyyətinə və ya əmlakına vurulmuş ziyan, habelə təşkilata vurulmuş ziyan SSR İttifaqının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu ziyanı vurmuş şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 452-ci maddəsinə görə birlikdə ziyan vuran şəxslər, ziyan çəkən qarşısında birlikdə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 454-cü ci maddəsinə görə məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi, ziyanı ödəməyi qət edərkən işin hallarından asılı olaraq, ziyanı ödəmək üçün məsul olan şəxsi, dəymiş ziyanı eyni ilə ödəməyə (həmin keyfiyyət və növdə olan əşyanı verməyə, zədələnmiş əşyanı düzəltməyə və s.) və ya vurulmuş zərəri tamam ödəməyə məcbur edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi: Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tаrixli, 2(039)-505/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29.11.2021-ci il tarixli, 2(102)-5474/2021 nömrəli qərarı ilə, Cavabdeh1 Paşa qızının kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-67/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə (iddianın təmin edilən hissəsində) ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qət edilmişdir. Ona görə də kollegiya iddia tələbinin maddi ziyanla bağlı hissəsini apellyasiya şikayətinin həcmindədə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianın maddi ziyanla bağlı hissəsini düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tаrixli, 2(039)-505/2020 saylı qətnaməsi iddia tələbinin maddi ziyanla bağlı hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-67/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə (iddianın təmin edilən hissəsində) ləğv edən, Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi iddiaçının qardaşı X9 borcunu etiraf edən konkret hərəkətlər etməsini göstərsə də, bu hərəkətlərin nədən ibarət olmasını, nə vaxt baş verməsini aydınlaşdırmayıb, bu halı hansı sübuta əsasən müəyyən etdiyini göstərməyib. Baxmayaraq ki, apellyaisya məhkəməsi həmin hərəkətlərin məhz konkret olmasını qeyd edib. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianın maddi ziyanla bağlı hissəsini düzgün olaraq iddia müddəti tətbiq etməklə təmin etməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. İddiaçı iddia müddətini ötürmüşdür. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanda 1954-cü ildə tikilmiş birmərtəbəli, bir otaqlı, yaşayış sahəsi 26,5 kv.m, ümumi sahəsi 45,5 kv.m.-dən ibarət yaşayış evi 16.01.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən (mərhum əri X2 qanun üzrə vərəsəsi kimi) X4 məxsus olmuş, 23.01.1992-ci il tarixdə onun tərəfindən İddiaçı satılmış, 27.01.1992-ci il tarixdə İddiaçı adına qeydiyyat vəsiqəsi verilmişdir. 1994-cü ildə iddiaçı ilə qardaşı X16 aralarındakı danışığa-razılığa əsasən X16 iddiaçıya ev alır, eyni zamanda İddiaçı məxsus ev sökülərək həmin tikilinin yerləşdiyi torpaq sahəsində, qardaşı X16 özünə ev tikir. Bundan sonra qeyd edilən tarixdə X16 mübahisəli tikilini sökərək hazırda cavabdehlərin yaşadığı ikimərtəbəli 2 saylı evi tikmiş, həmin vaxtdan da cavabdehlər ailəliklə həmin evdə yaşayırlar. Ancaq iddiaçı tərəf sökülən evlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəyə səbəb olan tikiliylə bağlı mübahisə 1994-cü ildə baş verdiyindən hazırki mübahisəyə 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəlləni tətbiq etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Həmin Məcəlləyə görə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il ... müəyyən edilir. İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. Həmin Məcəllənin “iddia müddətinin tətbiq edilməsinin məcburiliyi” adlanan 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, şikayətin dəlillərindən biri ondan ibarətdir ki, mübahisəli ev 2004-cü il tarixdə sökülmüşdür. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, mübahisəli ev 1994-cü il tarixdə sökülmüşdür. Belə ki, iş materiallarının 74-cü səhifəsində olan məhkəmə iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsi G.Orucova məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçı onun həyat yoldaşıdır, hazırda cəza çəkmə müəssisəsində cəza çəkir, əvvəllər ünvan 1 ünvanda iddiaçıya məxsus ev olmuşdur, buna dair iddiaçı 1992-ci ildə adına qeydiyyat vəsiqəsi də almışdır, 1994-cü ildə iddiaçının qardaşı, cavabdehlərin atası (həyat yoldaşı) mərhum Paşa həmin evi sökərək yerində özünə ev tikmiş və həmin vaxtdan da ailəsi ilə birlikdə orada yaşayırlar. Hesab edirlər ki, Paşa 1994-cü ildə həmin evi sökərək yerində özünə ev tikdiyindən evə görə onlara dəymiş ziyan cavabdehlər tərəfindən ödənilməlidir. Göründüyü kimi iddiaçının nümayəndəsi özü də etiraf edir ki, mübahisəli ev 1994-cü ildə sökülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu və yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından iddianı sübut etmək iddiaçının üzərinə düşür. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən mübahisələndirilən hissədə işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, ev iddiaçının razılığı ilə sökülməmişdir. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, tərəflərin eyni zamanda iddiaçı tərəfin izahatından müəyyən edilir ki, iddiaçı tərəfə ev almaq şərti ilə tərəflər evin sökülməsi ilə bağlı razılığa gəlmişlər. Ona görə də şikayət bu hissədə də əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, hazırda cavabdehlərin yaşadığı ev onun sökülən evinin yerində tikilən ev deyildir. Tamamilə başqa bir evdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini iddianın təmin edilməsi üçün əsas hesab etmir. Belə ki, iddiaçının iddia tələbi ondan ibarətdir ki, sökülmüş evlə bağlı özünə dəymiş zərərə görə pul məbləği istəyir. Yəni sökülmüş evin yerində ev tikilib tikilməməyinin tələbin mahiyyətinə hər hansı bir aidiyyəti yoxdur. Sonda tələb dəymiş zərərlə bağlıdır. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili də əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tаrixli, 2(039)-505/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tаrixli, 2(039)-505/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat İddiaçı alınıb "xxxx" MMC-nin Kapital Bank ASC Sahil filialındakı hesabına ödənilsin. (KOD 201218; VÖEN **********;SWİFT kod AİİBAZ2X; Müxbir hesab AZ37NABZ********************;VÖEN**********; Hesab AZ64AİİB400900C**********208) Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-265/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-265/2022
10.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver