Məhkəmə qərarları › İş №2(107)-271/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-271/2024

12.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-271/2024 12.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X28 qızının katibliyi, İddiaçı nümayəndəsi X19 və Cavabdeh iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı miras əmlak üzərində tam həcmdə payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları X10 ilə X11 birgə nikahından beş övladı- Rəfiqə, Ofelya, İrəmiyyə, Rasim və Asif( hazırki iş üzrə cavabdeh) doğulmuşdur. X10 xx.xx.1993-cü ildə, X20 xx.xx.2008-ci ildə, sonuncuların övladları X15 isə xx.xx.2013-cü ildə vəfat etmişdir. Hazırki iş üzrə iddiaçı, X15 ilə xx.xx.1980-ci ildə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar. Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən edilir ki, Göyçay rayonu, Mollahacılı kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı(iddiaçı), X12, X5, X3, X4 və X11 adlarına daşınmaz əmlakın dövlət reyestrində 147 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən edilir ki, Göyçay rayonu, Mollahacılı kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 110,6 kv.m olan fərdi yaşayış ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı(iddiaçı), X12, X5, X3, X4 və X11 adlarına daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və “iddia predmetinin dəyişdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Mollahacılı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,26 ha və 0,07 ha həyətyanı torpaq sahələrindən mərhum X16 çatası 1/6 hissədən ibarət miras əmlak olan torpaq sahələri, eləcə də Göyçay rayonu Mollahacılı kəndində yerləşən, ümumi sahəsi 118 kv.m olan fərdi yaşayiş evinin mərhum X16 çatası 1/6 hissəsi üzərində tam həcmdə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 50 saylı qərarı ilə ona, mərhum qaynanası X16, mərhum həyat yoldaşı X6, qızları X17, X7 və X13 0,26 ha və 0,07 ha həyətyanı torpaq sahələri ayrılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilmişdir. Mərhum qaynanası X20 xx.xx.2008-ci ıl tarixdə, mərhum qaynatası X10 xx.xx.1993-cü il tarixdə və mərhum əri X15 isə xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. X8 və X1 miras qalmış torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün tərəfindən Göyçay rayon Notariat Ofisinə müraciət edilmiş, notarius xx.xx.2023-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Buna səbəb kimi cavabdehlə aralarında mərhum Kiçi İsmayılovadan miras qalmış əmlakla bağlı ixtilafın olması göstərilmişdir. X20 ilə X2 birgə nikahından beş övladı anadan olmuşdur. Hələ miras açılmamışdan öncə birinci növbəli vərəsələrdən Xəlilova (İsmayılova) Rəfiqə Abduləli qızı, Muxtarova (İsmayılova) Ofelya Abduləli qızı və Babayeva (İsmayılova) İrəmiyyə Abduləli qızı ailə quraraq ər evlərinə köçmüş, Cavabdeh isə evləndikdən sonra Göyçay rayonu Mollahacılı kəndində yaşayış evi inşa edərək, orada yaşamağa başlamışdır. Miras açıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə və qaydada birinci növbəli vərəsələrdən mərhum əri Rasim İsmayılov istisna olmaqla, digər vərəsələr mirası nə notariat kontoruna ərizə verməklə, nə də faktiki qəbul etmişlər. Rəfiqə Xəlilova, Ofelya Muxtarova və İrəmiyyə Babayeva notarial qaydada təsdiq edilmiş ərizə yazaraq, mərhum anaları Kiçi İsmayılovadan miras qalmış əmlakı qəbul etmədiklərini bildirmişlər. Lakin cavabdeh mirası qanunla müəyyən edilmiş qaydada qəbul etmədiyi halda bu barədə ərizə verməkdən imtina etmişdir. Kiçi İsmayılovadan miras qalmış əmlakı əri vəfat edənədək o, əri Rasim İsmayılov vəfat edəndən sonra isə faktiki olaraq qəbul edib, o idarə etmişdir. Belə ki, miras əmlakı öz əmlakı kimi idarə edərək, mütəmadi olaraq torpaq vergisini ödəmişdir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(046)-1894/2023 nömrəli iş üzrə qəbul etdiyi 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Qurbanov) iddia tələbinin qismən təmin edilməsi, Göyçay rayonu Mollahacılı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,26 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 118 kv.m olan fərdi yaşayış evinin 1/6 hissəsi və Göyçay rayonu Mollahacılı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,07 ha torpaq sahəsinin 1/6 hissəsi üzərində İddiaçı 1/2 payının müəyyən edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, miras əmlaka ümumi birgə mülkiyyətdə olan Göyçay rayonu, Mollahacılı kəndində yerləşən 0,26 ha torpaq sahəsinin və ümumi sahəsi 118 kv.metr olan yaşayış evinin və Göyçay rayonu Mollahacılı kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin X16 aid 1/6 hissəsi daxildir. Miras xx.xx.2008-ci ildə açıldığı zamanı miras qoyan X11 qanun üzrə vərəsəlik zamanı 5 vərəsəsi olmuşdur:1) qızı Xəlilova (İsmayılova) Rəfiqə Abduləli qızı,2) qızı Muxtarova (İsmayılova) Ofelya Abduləli qızı 3) qızı Babayeva (İsmayılova) İrəmiyyə Abduləli qızı,4) oğlu X15 və 5) oğlu Cavabdeh olmuşdur. Xəlilova (İsmayılova) Rəfiqə Abduləli qızı, Muxtarova (İsmayılova) Ofelya Abduləli qızı və Babayeva (İsmayılova) İrəmiyyə Abduləli qızı notariat qaydasında təsdiq edilmiş ərizə verərək miras əmlakdan imtina etdiklərini bildirmişlər. Xəlilova (İsmayılova) Rəfiqə Abduləli qızı, Muxtarova (İsmayılova) Ofelya Abduləli qızı və Babayeva (İsmayılova) İrəmiyyə Abduləli qızı kimin xeyrinə imtina etdiyini bildirmədiyindən məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1262-ci maddəsinin tələblərinə uyğun olaraq onları payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına əlavə edilməlidir. Beləliklə Xəlilova (İsmayılova) Rəfiqə Abduləli qızı, Muxtarova (İsmayılova) Ofelya Abduləli qızı və Babayeva (İsmayılova) İrəmiyyə Abduləli qızının mirasdan imtina etmələrini nəzərə alıb, məhkəmə hesab etmişdir ki, miras əmlakın qalan 2 vərəsə X15 və Cavabdeh arasında bölüşdürülməsinin mümkünlüyü yoxlanılmalıdır. İddiaçı miras qoyan X11 mərhum oğlu X15 ilə xx.xx.1980-ci il tarixdə nikah bağlamışlar, nikah bağladıqdan sonra Göyçay rayonu Mollahacılı kəndində yerləşən 0,26 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 50 saylı qərarı ilə X16, İddiaçı, X16, mərhum həyat yoldaşı X6, qızları X17, X7 və X13 0,26 ha və 0,07 ha həyətyanı torpaq sahələri ayrılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X20 xx.xx.2008- ci il tarixdə, X15 isə xx.xx.2013-cü il tarixdə vəfat etmişlər. X20 vəfat etdikdən sonra miras əmlaka oğlu Rasim İsmayılov sahiblik etməyə faktik başladığından, həmçinin Göyçay rayonu, Mollahacılı kəndində yerləşən 0,26 ha torpaq sahəsi və ümumi sahəsi 118 kv.metr olan yaşayış evi, habelə Göyçay rayonu Mollahacılı kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi X4 ümumi birgə mülkiyyətində olduğundan miras Azərbaycan Respublikası Mülki Məcəllənin 1255-ci maddəsinin tələblərinə görə X4 mülkiyyəti sayılmalıdır. Digər vərəsə Cavabdeh miras əmlakdan imtina etməmiş, miras qoyanın dəfnində, yas mərasimində zəruri xərcləri çəkməklə iştirak etmiş iddiaçının yaşadığı Göyçay rayonu Mollahacılı kəndindəki ev və həyətyanı torpaq sahəsi miras əmlak olan anası X16 məxsus Göyçay rayonu Mollahacılı kəndində yerləşən 0,26 ha torpaq sahəsinə bitişik olaraq yerləşir(iddiaçının izahatına və cavabdehin nümayəndəsinin iddiaçının izahatını təkzib etmədiyinə görə), həyətyanı torpaq sahələri bir-birindən məftil çəpərlə ayrılmış, Cavabdeh və ailə üzvlərinin, həmçinin İddiaçı və ailə üzvlərinin bir-birinin həyətyanı torpaq sahələrinə sərbəst giriş-çıxışı olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləndiyindən, onun miras əmlakda payının olması da nəzərə alınmalıdır. İddiaçı gəldikdə isə,məhkəmə qeyd etmişdir ki,miras əmlakı açıldıqdan sonra X15 qəbul etdiyindən, miras əmlak onun mülkiyyəti sayılmalıdır. X15 xx.xx.2013-cü ildə vəfat etdikdən sonra qanun üzrə vərəsəsi olan arvadı İddiaçı miras əmlaka faktiki sahiblik edərək mirasın qəbulu üçün müəyyənləşdirilmiş hərəkətləri etmişdir. Miras əmlak 2 vərəsə arasında İddiaçı və Cavabdeh arasında bölüşdürülməli olduğundan, İddiaçı miras əmlakda 1/2 payı müəyyən edilməklə iddia qismən təmin edilməli,Cavabdeh vərəsəlik hüququnun təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmədiyindən ona miras əmlakda payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin 1133.1, 1145, 1151.1, 1159.1, 1160, 1243.2, 1243.3, 1246, 1255, 1262, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına, “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin “iddianın qismən təmin edilməsi” hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməsinin səbəbi kimi mübahisələndirilən qətnamədə göstərmişdir ki, “digər vərəsə Cavabdeh miras əmlakdan imtina etməmiş, miras qoyanın dəfnində, yas mərasimində zəruri xərcləri çəkməklə iştirak etmişdir. İddiaçının yaşadığı Göyçay rayonu Mollahacılı kəndindəki ev və həyətyanı torpaq sahəsi miras əmlak olan anası X16 məxsus Göyçay rayonu Mollahacılı kəndində yerləşən 0,26 ha torpaq sahəsinə bitişik olaraq yerləşir (iddiaçının izahatına və cavabdehin nümayəndəsinin iddiaçının izahatını təkzib etmədiyinə görə), həyətyanı torpaq sahələri birbirindən məftil çəpərlə ayrılmış, Cavabdeh və ailə üzvlərinin, həmçinin İddiaçı və ailə üzvlərinin bir-birinin həyətyanı torpaq sahələrinə sərbəst giriş-çıxışı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləndiyindən, onun miras əmlakda payının olması da nəzərə alınmalıdır”. Yuxarıda istinad olunan normaların tələbi ilə məhkəmənin gəldiyi nəticəyə nəzər yetirdikdə aydın olur ki, məhkəmə iş üçün əhəmiyyətli olan halları tam araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün təfsir etməmiş, eləcə də mübahisəni tam şəkildə həll etməmişdir. Belə ki, mirasın faktiki qəbul edilməsi qaydası və müddəti yuxarıda istinad etdiyim maddi hüquq normasında, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqedə açıq aşkar göstərilmişdir. Vərəsə mirası niyyətlə deyil, faktiki olaraq ələ keçirməli və ona sahib durmalıdır. Miras əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün bütün lazımi hərəkətləri etməlidir. Miras qoyanın dəfnində, eləcə də yas mərasimində zəruri xərclərin çəkilməsi, dəfində iştirak etməsi, miras əmlak olan evlə həmsərhəd yaşanması, miras əmlakla cavabdehə məxsus həyətyanı torpaq sahələrinin bir-birindən məftil çəpərlə ayrılması, eləcə də miras əmlaka cavabdehin sərbəst girib-çıxması mirası faktiki qəbul edilməsi demək deyil. Digər tərəfdən cavabdeh izahatında qeyd etdiyi kimi X23 vəfatından sonra miras əmlak olan torpaq sahəsinə heç də sərbəst şəkildə girib-çıxmamış, iddiaçı ilə əlaqəsi olmamışdır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına vəqanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin faktiki hallarından görünür ki, cavabdeh qanunla müəyyən edilmiş qaydada və müddətdə mərhum Kiçi İsmayılovadan miras qalmış əmlakı faktiki olaraq qəbul etməmiş, bununla da mirası qəbul etmək hüququnu itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “M.Rzayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını hərtərəfli yoxlamadan əsaslı qəbul edə bilməz. Birinci instаnsiyа məhkəməsi istinаd оlunаn prоsеssuаl hüquq nоrmаlаrının tələblərini, еləcə də Kоnstitusiyа Məhkəməsinin hüquqi mövqеyini nəzərə аlmаmış, Cavabdeh izahatını digər sübutlarla birlikdə araşdırıb yoxlamamış, digər mövcud sübutlarla təsdiq edilməsi əsaslandırılmamışdır. Eləcə də cavabdehin izahatı obyektiv sübutlarla təsdiq edilmədiyi halda məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir. Bununlа dа, Аzərbаycаn Rеspublikаsı MPM-nin 106.1-ci mаddəsinin tələblərini pоzmuşdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X19 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, miras əmlakda onun da payı var. Ona görə də hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən məhkəmə aktının əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Məhkəmə tərəfindən işin araşdırılmış və mübahisələndirilməyən hallarından müəyyən edilmişdir ki, X10 ilə X11 birgə nikahından beş övladı- Rəfiqə, Ofelya, İrəmiyyə, Rasim(hazırki iş üzrə iddiaçının mərhum əri) və Asif( hazırki iş üzrə cavabdeh) doğulmuşdur. X10 xx.xx.1993-cü ildə, X20 xx.xx.2008-ci ildə, sonuncuların övladları X15 isə xx.xx.2013-cü ildə vəfat etmişdir. İddiaçı, X15 ilə xx.xx.1980-ci ildə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar. Miras əmlak iddiaçının qaynanası, cavabdehin anası X8 miras qalmış Göyçay rayonu, Mollahacılı kəndində yerləşən 0,26 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 118 kv.metr olan yaşayış evinin və Göyçay rayonu Mollahacılı kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin X16 aid 1/6 hissəsidir. X23 vərəsəsi olan qızları X18, X14 və X9 notariat qaydasında təsdiq edilmiş ərizə verərək miras əmlakdan imtina etdiklərini bildirmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, miras əmlaklar iddiaçıdan başqa həm də cavabdeh tərəfindən faktiki qəbul edildiyindən miras əmlaklar üzərində iddiaçının tam həcmdə payının müəyyən edilməsi mümkün deyil. İddiaçı isə apellyasiya şikayətində bildirir ki, miras əmlak açılan tarixdən, yəni qaynanası Kiçi İsmayılova vəfat etdikdən sonra vərəsə kimi yalnız mərhum əri Rasim İsmayılov, sonuncunun ölümündən sonra isə yalnız o, mərhum ərinin vərəsəsi olaraq miras əmlaklara sahiblik etmişdir. Bu səbəbdən də cavabdehin miras əmlaklarda pay hüququnun olmasını nəzərə almaqda məhkəmə səhvə yol vermişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia tələbi təmin edilməyən hissədə əsassızdır. Rayon Məhkəməsi həmin hissədə iddianı əsassız hesab edərək təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakter daşıyır, dəlillər əsassızdır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar