Məhkəmə qərarları › İş №2(107)-271/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-271/2025

19.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-271/2025 19.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(025)-9/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. X7, Cavabdeh1, Cavabdeh2 və X2 ümumi birgə mülkiyyətində olan JN-674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 674A saylı planda sərhədləri göstərilmiş Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,6873 ha hissəsi İddiaçı tərəfindən istifadə edilir. İddiaçı həmin ərazidə 100 ədəd fındıq, 26 ədəd şabalıd, 37 ədəd qoz, 14 ədəd alma, 6 ədəd gilas, 4 ədəd alça, 4 ədəd əzgil və 1 ədəd armud ağacı əkdiyini iddia edir. Torpaq sahəsi Qəbələ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-49/2022 saylı qətnaməsi ilə iddiaçıdan alınmışdır. İddiaçı torpaq sahəsinə etdiyi yaxşılaşdırmaların dəyərini mülkiyyətçilər olan cavabdehlərdən tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı dəymiş zərərəin ödənilməsi tələbi barədə iddia qaldıraraq istifadəsində olan JN674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 674A saylı planda sərhədləri göstərilmiş Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində görülən yaxşılaşdırma işləri, çəkilən xərclər və çoxillik əkmələr (fındıq, şabalıd, qoz, alma, armud, gilas, əzgil və alça ağacları ilə) hesabına meyvə bağının salınmasına sərf edilən 14.440,0 manat məbləğində maddi vəsaitin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı izahatında göstərmişdir ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən bələdiyyə fonduna daxil olan istifadəyə yararsız 0,70 ha boş torpaq sahəsini 30 il bundan qabaq tutmuş, həmin vaxtdan etibarən ərazidə davamlı surətdə görülən yaxşılaşdırma işləri və çəkilən xərclər hesabına torpaq sahəsini istifadəyə yararlı vəziyyətə gətirərək çoxillik əkmələr (fındıq, şabalıd, qoz, alma, armud, gilas, əzgil və alça ağacları ilə) yetişdirməklə meyvə bağı salmış, o cümlədən həndəvərində 41 ədəd qovaq ağacı əkmişdir. Həmin ərazidə meyvə bağının salınmasından ötrü cəmi 14.400,0 manat məbləğində maddi vəsait sərf edilmiş, lakin əkilmiş ağaclar bəhərverən həddə çatmadığından indiyədək fayda götürülməmişdir. Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən istifadəyə yararsız 0,70 ha boş torpaq sahəsi islahat nəticəsində paylanan torpaqlara daxil olmadığından X5 ailə üzvlərinin mülkiyyətinə verilməmişdir. JN-674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı sonradan qanunsuz yolla əldə edilmişdir. Həmin Dövlət aktının saxta olmasına baxmayaraq təxminən 30 il müddətində ailə üzvlərinin istifadəsində olan Qəbələ Mıxlıqovaq kəndində yerləşən 0,70 ha kənd torpaq sahəsi (674A saylı planda göstərilən 0,70 ha torpaq sahəsi) Qəbələ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-49/2022 saylı qətnaməsi ilə onlardan alınmışdır. Ona görə də, JN-674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 674A saylı planda sərhədləri göstərilmiş Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində görülən yaxşılaşdırma işləri, çəkilən xərclər və çoxillik əkmələr (fındıq, şabalıd, qoz, alma, armud, gilas, əzgil və alça ağacları ilə) hesabına meyvə bağının salınmasına sərf edilən 14.440,0 manat məbləğində maddi vəsaitin cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və X1 tutularaq onun xeyrinə ödənilməsi haqqında iddia qaldırmışdır.

4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, islahat nəticəsində dörd nəfərdən ibarət olan ailə üzvlərinin (X7, Cavabdeh1, Cavabdeh2 və X2) ümumi birgə mülkiyyətinə Qəbələ Mıxlıqovaq kəndində yerləşən 0,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və JN-674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına göstərilən 674 A və 674 saylı plan əsasında təhkim edilmişdir. Həmin torpaq sahəsinin 674 A saylı planda sərhədləri göstərilən 0,70 ha hissəsi islahatdan sonra İddiaçı tərəfindən zəbt olunmuş və ətrafı çəpərlənərək özünə məxsus olan torpaq sahəsinə qatılmışdır. Torpaq sahəsində meyvə ağacları əkilmiş və ərazisindən özbaşınalıqla istifadə edilərək mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı torpaq sahəsindən istifadəsinin qanunsuz olduğu dəfələrlə izah edilsə də, onun ərazidən çıxarılması üçün göstərilən səylər nəticə verməmiş və mübahisə məhkəmə qaydasında həll edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-49/2022 saylı qətnaməsi ilə JN-674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 674A saylı planda sərhədləri göstərilmiş Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı qanunsuz sahibliyindən azad edilərək onlara qaytarılmışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X7, Cavabdeh1, Cavabdeh2 və X2 ümumi birgə mülkiyyətində olan JN-674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 674A saylı planda sərhədləri göstərilmiş Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,6873 ha hissəsini İddiaçı qanunsuz olaraq zəbt etmiş və ərazidə 100 ədəd fındıq, 26 ədəd şabalıd, 37 ədəd qoz, 14 ədəd alma, 6 ədəd gilas, 4 ədəd alça, 4 ədəd əzgil və 1 ədəd armud ağacı əkərək istifadə etmişdir.

6. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, İddiaçı X7, Cavabdeh1, Cavabdeh2 və X2 ümumi birgə mülkiyyətində olan JN-674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 674A saylı planda sərhədləri göstərilmiş Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə girmək və ərazidən hər hansı bir məqsədlə istifadə etmək hüququ olmamışdır. Ona görə də, İddiaçı həmin torpaq sahəsində görülən yaxşılaşdırma işləri, çəkilən xərclər və çoxillik əkmələr (fındıq, şabalıd, qoz, alma, armud, gilas, əzgil və alça ağacları ilə) hesabına meyvə bağının salınmasına sərf etdiyi maddi vəsaitin əvəzinin ödənilməsini tələb etmək hüququ yoxdur.

7. Qəbələ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(025)-9/2024 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia rədd olunmuşdur.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 213, 239 və 241-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Qəbələ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-49/2022 saylı qətnaməsi AR KTN Qəbələ Dövlət AİM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MİHO/1.2.47-2- 202-22 saylı məlumat

10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin və birinci instansiya məhkəməsində verdiyi izahatın dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, o, mübahisəli torpaq sahəsinə iddia ərizəsində də qeyd etdiyi ki, özbaşına girməmiş, sovet hakimiyyəti dövründə qanuni olaraq icarə (ailə podratı) əsasında iştifadə etmişdir. Həmin vaxt isə torpaq islahatı aparılmamışdı, ona görə də torpaq sahəsini faktiki öz torpaq sahəsi kimi baxaraq meyvə ağacları əkmiş, qulluq göstərmişdir. Qeyd olunan meyvə ağalarının isə dəyərinin qarşı tərəfdən alınaraq ona verilməməsi ədalətsizlik olardı. Ona görə də, mülki işin obyektiv araşdırılmasını və haqq-ədalətin bərpa olunmasını məhkəmə kollegiyasından xahiş edir.

12. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(025)- 9/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 239.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. İddiaçı Qəbələ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(025)-9/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

22. Hazırki iddia tələbi iddiaçının mübahisəli torpaq sahəsinə çəkdiyi yaxşılaşdırmalarla bağlı olmaqla Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəlləyə əsasən əmlaka sahibliyinin qanunsuz olduğunu bilən və ya bilməli olan şəxs vicdansız sahib, əmlaka sahibliyinin qanunsuz olduğunu bilməyən və bilməli olmayan şəxs isə vicdanlı sahib hesab edilir. Əmlaka yaxşılaşdırmalarını mülkiyyətçidən tələb etmə hüququ isə vicdanlı sahibə aiddir. Hazırki iş üzrə iddiaçı apellyasiya şikayətində mübahisəli torpaq sahəsinə özbaşına girmədiyini, sovet hakimiyyəti dövründə qanuni olaraq icarə (ailə podratı) əsasında istifadə etdiyini göstərsə də, məhkəməyə bu barədə heç bir rəsmi sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsindən heç bir hüquqi əsası olmadan istifadə etmiş və sahibliyinin qanunsuz olduğundan məlumatlı olmuşdur. Ona görə də, hazlırki halda iddiaçı vicdanlı sahib hesab edilə bilməz. Vicdansız sahibin isə Mülki Məcəllə ilə yaxşılaşdırmaları mülkiyyətçidən tələb etmək hüququ nəzərdə tutulmamışdır.

23. Mülkiyyət hüququ öz təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir, (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və sair), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyətçilər özgəsinin qanunsuz sahibliyindən əmlakını tələb etmiş və tələbləri Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-49/2022 saylı qətnaməsi ilə təmin olunmuşdur. İddiaçının isə mülkiyyətçilərə qarşı xərclərin ödənilməsini tələb etmə hüququnu yaradacaq Mülki Məcəllənin 157-ci maddəsində göstərilən hallar hazırki işdə mövcud deyildir. Ona görə də, iddia tələbi və apellyasiya şikayəti əsassızdır.

24. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(025)-9/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(025)-9/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar