Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-272/2022 14.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli, 2(014)-2387/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə ona olan 13200 (on üç min iki yüz) manat məbləğində borcun qaytarılması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 13200 (on üç min iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ağdaş Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli, 2(014)-2387/2021 nömrəli qətnaməsi ilə iddiа təmin еdilərək Cavabdeh 13200 (on üç min iki yüz) manat borc tutularaq İddiaçı xeyrinə verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin iyun-avqust ayları ərzində Yasamal rayonu Akim Abbasov küçəsində yerləşən “Şərab” evini icarə götürmək istəyən uzaq qohumu Cavabdeh onunla birlikdə iş qurmaq məqsədi ilə və oranı təmin etmək, həmçinin Cavabdeh Təhil oğlunun “BMW” markalı avtomobilini sataraq lizinq yolu ilə “Toyota Camry” markalı avtomobil almaq üçün ondan ümumilikdə 35500 manat məbləğində borc pul almışdır. Cavabdeh 20.08.2020-ci il tarixədək müxtəlif vaxtlarda borc götürdüyü məbləğdən, 9000 manat, 6800 manat və iş qurmaq məqsədi ilə ilk dövrdə xərclədiyi 3550 manatı ona geri qaytarmışdır. Daha sonra onun atası Dəmirov Təhsil ona 3000 manat məbləğində borcun bir hissəsini qaytarmış və beləliklə Cavabdeh ona olan borcu 13200 manat məbləğində qalmışdır. Cavabdeh ona 13200 manat məbləğində borclu olduğunu etiraf edir və sözügedən borc məbləğinin hissə-hissə ödənilməsinə söz vermişdir. Lakin bu günə qədər həmin məbləği ödəməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar tərəfindən Yasamal Rayon Polis idarəsinin 29-cu Polis Şöbəsinə araşdırılması üçün müraciət olunmuş, sözügedən borcun alınması faktı öz təsdiqini tapmışdır, lakin Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 yanvar 2021-ci il tarixdə Qərar qəbul edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehlə faktiki olaraq“birgə şərik”kimi çıxış etmiş və müəyyən ticarət əlaqələrinə daxil olmuşlardır. Bu zaman hər iki şəxs tərəfindən məqsəd sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi olmuşdur və buna uyğun olaraq tərəflər həmin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə özlərinin vəsaitini sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə sərf etmişlərdir. Lakin mövcud pandemiya vəziyyətindən həmin an sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində durğunluq yaranmış və nəticədə tərəflər özlərinin əldə edəcəkləri gəlirlərindən məhrum olmuşdur. Eynizamanda iddiaçı iddia ərizəsində 20.08.2020-ci il tarixinədək müxtəlif vaxtlarda cavabdehin ondan 35500 manat məbləğində pul vəsaitini aldığını bildirsə də, həmin vəsaitlərin konkret hansı vaxtda və harada verilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, vəsaitlərin hansı valyutada olmasını, alınmış vəsaitlərin hansı şəraitdə təqdim edilməsi, təqdim edilmiş vəsaitlərin cavabdeh tərəfindən avtomobilin alınmasına yoxsa Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən 2 Şərab evini icaryə götürülməsi və təmir edilməsinə xərcləndiyini tam olaraq əsaslandıra bilməmiş, yalnız cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 yanvar 2021-ci il tarixli qərara və buna uyğun olaraq verilmiş izahataəsaslanmışdır. Hazırki iş üzrə birinci instansiyası məhkəməsi tərəfindən həmin halların heç biri araşdırılmadan və buna dair mənim izahat vermək və dinlənilmək hüququm təmin edilmədən qətnaməqəbul edilmişdirki, qeydedilən hal cavabdehin ədalətli məhkəməhüququnun pozulması iləxarakterizəolunur. Digər tərəfdən birinci instansiyaməhkəməsi tərəfindən hazırki iş üzrə məhkəmə qətnaməsi qəbul edilən zaman Yasamal rayon Polis Şöbəsinin 12 yanvar 2021-ci il tarixli qərarına istinad edilmişdirki ,həmin qərar məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Beləki, qeyd edilən qərar qanuni qüvvəsini almadığından hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malik deyildir. Məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilən zaman həmin qərara istinad edilərək iş üzrə məhkəmə qətnaməsi qəbul edilmişdir ki, bu hal qanunvericliklə yolverilməzdir. Faktiki olaraq iddiaçı cavabdehin ondan borc aldığını və həmin pulun hissə-hissə qaytarılmasına istinad etsə də, həmin vəsaitin borc verilməsini təsdiq edən yazılı müqavilə və ya müqaviləyə əlavələri, habelə həmin vəsait verilmişsə onun hansı məqsədlər üçün istifadə edilməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir ki, nəticədə iş üzrə ədalətli məhkəmə qətnaməsi qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi baxımından düzgün qiymətləndirilmə həyata keçirilməmiş, məcburi olmayan və qanuni qüvvəsinin almamış qərara istinadən yol çıxılaraq tərəflər arasındaki münasibətlərin “öhdəlik xarakterli”olması qərara gəlinərək əhəmiyyətsiz əqd təsdiqlənmiş və nəticə etibarı ilə iddia tələbi təmin edilərək onun iddiaçıya borclu olmağı barədə qətnamə qəbul edilmişdir. Qeyd edilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(014)-1859/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə borcunu qaytarmaqdan yayınır. Hazırki apellyasiya şikayətini də icradan yayınmaq və işi süni şəkildə uzatmaq məqsədilə vermişdir. Ona görə də Ağdaş Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Cavabdeh tərəf rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 206 99 77 və 05 293 31 39 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli, 2(014)-2387/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Yasamal rayon Polis idarəsinin 29-cu Polis şöbəsi tərəfindən verilmiş, 12 yanvar 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178- ci maddəsi ilə cinayət işi başlanmasının rədd edilməsi, İddiaçı məhkəmədə mülki iddia qaldırmaq hüquqlarının olması izah edilməsi qərara alınmışdır. 12 yanvar 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əlavə edilmiş izahatında Cavabdeh İddiaçı 13200 manat borcu olduğunu bildirmiş, həmin borcu isə hissə-hissə qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Buradan da göründüyü kimi cavabdehin iddiaçıya ümumi məbləğdən 13200 manat məbləğində qaytarılmamış pul öhdəliyi qaldığından, həmin pulu qaytarmaqla bağlı öhdəliyini icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə kollegiyasının iclasında təqdim olunmuş sənədlər əsasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 13200 AZN məbləğində qaytarılmamış pul borcu vardır. Lakin İddiaçı Cavabdeh verdiyi pulu geri istəsə də, sonuncu iddiaçının borcunu ödəməkdən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehin iddiaçıya 13200 manat borcunun olması iş materialları ilə tam sübut olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Kollegiya nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş pulun cavabdehdə olduğunu, cavabdeh isə iddiaçı qarşısında heç bir öhdəliyinin olmamasını sübut etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, kollegiya hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbini təsdiq etməkdə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Çünki, 12 yanvar 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əlavə edilmiş izahatında Cavabdeh İddiaçı 13200 manat borcu olduğunu bildirmiş, həmin borcu isə hissə-hissə qaytaracağına söz vermişdir. İkincisi, kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız cavabdeh tərəfindən alınmış pulun qaytarılması tələbidir. Kollegiya qeyd edilən dəlilləri əsaslı hesab etmir və bu dəlilləri iddia tələbindən yayınmaq kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli, 2(014)-2387/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-272/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-272/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver