Məhkəmə qərarları › İş №2(107)-276/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-276/2020

05.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-276/2020 05.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı, onun vəkili Rəcəbov Rəcəb Mömin oğlunun, cavabdehlər Cavabdeh1 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-995/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-995/2019 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan Zaqatala rayon Dağlı (Əlibayramlı) kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Zaqatala rayonunun Dağlı kəndində yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində 0,1431 ha həyətyanı torpaq sahəsi və həmin sahədə yerləşən 2 otaqlı bir mərtəbəli yaşayış evi vardır. Həmin evdə hazırda qaynı Cavabdeh1 və onun arvadı Cavabdeh2 onun razılığı olmadan yaşayırlar. Onlar həmin evi və evin həyətini qanunsuz olaraq ondan icazəsiz zəbt edib orada yaşyırlar və həyətindəki fındığı, meyvələri oğurluq yolu ilə ondan xəbərsiz olaraq yığaraq ona xeyli ziyan vurmuşlar. O, cavabdehlərdən ona məxsus evdən çıxmalarını tələb etsə də, sonuncular bundan imtina etmişlər. Bu səbəbdən də, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, mübahisəli yaşayış evi valideynlərindən miras qalmış, hazırda iddiaçının xüsusi mülkiyyətindədir. O, 1989-cu ildən həmin evdə yaşayır. O, evlənərək mərhum valideynlərinin razılığı ilə mübahisəli evə arvadını köçürmüş və uşaqları da həmin evdə doğulmuşdur. Hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır və onun başqa yerdə yaşamaq üçün yaşayış yeri yoxdur. Bu səbəbdən də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabddeh Cavabdeh2 oxşar məzmunda izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-995/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Rəcəbov Rəcəb Mömin oğlu apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və X3 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-995/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-995/2019 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX HDQHDƏDR-in RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Əli Bayramlı kəndində 0,1431 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İşdə olan Zaqatala RİH-ın Dağlı kənd inzibati ərazi dairəsinin xx xxxxxxxx 2019-cu il tarixli 421 saylı arayışından görünür ki, Cavabdeh1 1989-cu ildən halhazıradək ailəsi ilə birlikdə tikilmiş mərhum atası Seyidov Hacımuraddan miras qalmış ümumi evdə yaşayır. İşdə olan Zaqatala rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(033)-345/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və X4 Zaqatala rayonunun Dağlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı uşaqları ilə birlikdə xüsusi mülkiyyətdə olan evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 uşaqları ilə birlikdə onun xüsusi mülkiyyətində olan Zaqatala rayonunun Əli Bayramlı kəndində yerləşən iki otaqlı evdən çıxarılmaları və cavabdehlərin həmin ünvanda yerləşən onun xüsusi mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikdikləri damın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin hal-hazırda qüvvədə olan xx xxxxxxx 2015-ci il tarixli 2(033)-63/2015 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı mülkiyyətində olan Zaqatala rayonunun Dağlı (Əlibayramlı) kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı həmçinin müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdehlərin çıxarılmaları tələb edilən Zaqatala rayonunda yerləşən Dağlı kəndi ilə Əlibayramlı kəndi eyni yaşayış məntəqəsidir. İş üzrə cavabdeh olan “Ruqyat”ın adı isə səhvən “Ruqiyyət” kimi yazılmışdır. İddiaçı ərizədə göstərdiyi kimi birinci instansiya məhkəməsi də, həmin adı qətnamədə Ruqiyyət kimi yazmış, onun şəxsiyyət vəsiqəsində olan Ruqyat adını dəqiqləşdirməmişdir. İş materiallarından görünür ki, İddiaçı əvvəlki iddia ərizəsində olan tələblərlə yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə artıq bir dəfə məhkəmə araşdırmasının predmeti olmuş mübahisə ilə yenidən məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu maddənin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Eləcə də, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Lakin, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 261.0.2-cı maddəsinin tələbini pozaraq mübahisəyə mahiyyəti üzrə yenidən baxıb qətnamə qəbul etmişdir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Hazırki iş üzrə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-995/2019 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Zaqatala rayonunun Dağlı kəndində yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən cavabdehlərin çıxarılmaları tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 391, 400-404 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)- 995/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Zaqatala rayonunun Dağlı (Əlibayramlı) kəndində yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar