Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-28/2023 30.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, Əliyeva (Aslanova) Maral Rüstəm qızının, Kutal (Aslanova) Aynurə Nurəddin qızının, İddiaçı4 Nürəddin oğlunun və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan 0.74 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmaları tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- ümumi birgə mülkiyyətdə olan 0.74 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, Əliyeva (Aslanova) Maral Rüstəm qızının, Kutal (Aslanova) Aynurə Nurəddin qızının, İddiaçı4 Nürəddin oğlunun və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan 0.74 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmaları tələbinə dair Balakən Rayon Məhkəməsinin 7 yanvar 2022-ci il tarixli, 2(019)-60/2022 saylı qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, Əliyeva ( (Aslanova) Maral Rüstəm qızı, Kutal (Aslanova) Aynurə Nurəddin qızı, İddiaçı4 Nürəddin oğlu və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN- 435 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən ümumi birgə mülkiyyətlərində olan 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları və mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Balakən rayonunun Mahamalar kəndində qeydiyyatdadırlar. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə ailələrinin ümumi birgə mülkiyyətinə 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyətlərinə verilmiş 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 435 KOD 40108018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. 2002-ci ildə ümumibirgə mülkiyyətçi və ailə başçısı olan X3 həmin torpaq sahəsinin 0.49 ha hissəni, 11 avqust 2004-cü il tarixdə isə digər mülkiyyətçi olan X7 isə həmin torpaq sahəsinin digər 0.25 ha hissəsini Cavabdeh1 müvəqqəti olaraq icarəyə vermişdir. Onlar bir müddət Balakən rayonunda yaşamadıqlarından torpaq sahəsindən istifadə edə bilməmişlər. Bundan istifadə edən cavabdehlər uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edirlər və ondan gəlir və mənfəət götürürlər. Son illərdə dəfələrlə cavabdehlərdən torpaq sahəsindən çıxmalarını tələb etsələr də onlar torpaq sahəsindən çıxmırlar, əksinə torpaq sahəsini öz adlarına rəsmiləşdirmək istəyirlər. Bununla bağlı hər iki cavabdeh onlara qarşı qeyd olunmuş torpaq sahəsinə dair “Alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdirlər. Balakən Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(019)-136/2021 saylı qətnaməsi ilə onların iddiası rədd edilmişdir. Həmin qətnamənin surətini də ərizələrinə əlavə etmişlər. Məhkəmənin qətnaməsi qüvvəsini aldıqdan sonra da dəfələrlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətlərində olan torpaq sahəsindən çıxmalarını tələb etsələr də onlar mülkiyyətlərində olan torpaq sahəsindən çıxmırlar və istifadə etməkdə davam edirlər. Buna görə də qeyd olunmuş torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbi ilə Məhkəməyə müraciət etməli olmuşlar. Məhkəməyə Kutal ( Aslanova) Aynurə Nurəddin qızı bildirir ki, ərə getdikdən sonra Kutal soyadını qəbul etmişdir. Bundan başqa ataları X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 7 yanvar 2022-ci il tarixli, 2(019)-60/2022 saylı qətnaməsi ilə (hakim H.Səlimov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1, Əliyeva (Aslanova) Maral Rüstəm qızının, Kutal (Aslanova) Aynurə Nurəddin qızının, İddiaçı4 Nürəddin oğlunun, İddiaçı5 xüsusi mülkiyyətində olan, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndi ərazisindən iddiaçıların ümumi birgə mülkiyyətinə 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda da iddiaçıların mülkiyyətindədir. Torpaq sahəsindən isə cavabdehlər istifadə edirlər. İddiaçılar cavabdehlərdən mülkiyyətlərində olan torpaq sahəsindən çıxmalarını tələb etsələr də, cavabdehlər həmin torpaq sahəsinə heç bir hüquqları olmamasına baxmayaraq həmin torpaq sahəsindən çıxmırlar. Ona görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə mübahisə predmeti olan 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1, Əliyeva (Aslanova) Maral Rüstəm qızının, Kutal (Aslanova) Aynurə Nurəddin qızının, İddiaçı4 Nürəddin oğlunun, İddiaçı5 xüsusi mülkiyyətində olmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir hüququ olmadan həmin torpaq sahəsindən istifadə etmələrini, nəticədə iddiaçıların öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməmələrini, bununla da onların mülkiyyət hüquqlarının pozulmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1, Əliyeva (Aslanova) Maral Rüstəm qızının, Kutal (Aslanova) Aynurə Nurəddin qızının, İddiaçı4 Nürəddin oğlunun, İddiaçı5 xüsusi mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa olunmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 298.1, 298.2, 317.1, 317.2, 319.1, 442, 152.1, 157.2, 238.1, 238.3, 239.2-ci maddələri Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82 və 84-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsində işə baxılarkən məhkəmə iddiaçılara məxsus olan torpaq sahəsinin ölçülərini və real vəziyyətini araşdırmamış, bunun üçün xüsusi bilik tələb olunduğundan məhkəmə mühəndis texniki ekspertizasının təyin etməmişdir. Belə ki, iddiaçılara məxsus olan hüquqmüəyyənedici sənəddə torpaq sahələri üç ayrı-ayrı cizgidə hazırlanmış və birbirilərindən fərqli ərazilərdə verilmişdir. Onlar isə həmin torpaq sahələrindən yalnız 435 planşet nömrəsində olan ərazidən istifadə edir. Həmin ərazidə olan torpaq sahəsi isə hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərə uyğun deyildir. Balakən rayon məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Onlar iddiaçıların mübahisələndirdiyi 0.74 ha torpaq sahəsini deyil, daha az torpaq ərazisini istifadə edirlər. İddia tələbi qismən əsaslıdır. Məhkəmə iş üzrə iddiaçılara məxsus olan torpaq sahəsinin ölçülərini və real vəziyyətini araşdırmamış, bunun üçün xüsusi bilik tələb olunduğundan məhkəmə mühəndis texniki ekspertizasının təyin etməmişdir. Belə ki, iddiaçılara məxsus olan hüquqmüəyyənedici sənəddə torpaq sahələri üç ayrı-ayrı cizgidə hazırlanmış və bir-birilərindən fərqli ərazilərdə verilmişdir. Onlar isə həmin torpaq sahələrindən yalnız 435 planşet nömrəsində olan ərazidən istifadə edir. Həmin ərazidə olan torpaq sahəsi isə hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərə uyğun deyildir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 7 yanvar 2022-ci il tarixli, 2(019)-60/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın qismən 0.49 ha hissədə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir, Balakən Rayon Məhkəməsinin 7 yanvar 2022-ci il tarixli, 2(019)-60/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın qismən 0.49 ha hissədə təmin edilməsini xahiş etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 7 yanvar 2022-ci il tarixli, 2(019)-60/2022 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin Balakən rayonu Mahamalar kəndində yerləşən 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasını təmin etməkdə səhvə yol vermişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(019)-60/2022 saylı qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndi ərazisindən iddiaçıların ümumi birgə mülkiyyətinə 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda da iddiaçıların mülkiyyətindədir. Torpaq sahəsindən isə cavabdehlər istifadə edirlər. İddiaçılar cavabdehlərdən mülkiyyətlərində olan torpaq sahəsindən çıxmalarını tələb etsələr də, cavabdehlər həmin torpaq sahəsinə heç bir hüquqları olmamasına baxmayaraq həmin torpaq sahəsindən çıxmırlar. Cavabdehlər iddiaçılara məxsus torpaq sahəsinin 0,49 ha hissəsini istifadə edirlər. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, Balakən rayon məhkəməsində işə baxılarkən məhkəmə iddiaçılara məxsus olan torpaq sahəsinin ölçülərini və real vəziyyətini araşdırmamış, bunun üçün xüsusi bilik tələb olunduğundan məhkəmə mühəndis texniki ekspertizasının təyin etməmişdir. İddiaçıların mübahisələndirdiyi 0.74 ha torpaq sahəsini deyil, daha az torpaq ərazisini istifadə edirlər. İddia tələbi qismən əsaslıdır. Məhkəmə iş üzrə iddiaçılara məxsus olan torpaq sahəsinin ölçülərini və real vəziyyətini araşdırmamış, bunun üçün xüsusi bilik tələb olunduğundan məhkəmə mühəndis texniki ekspertizasının təyin etməmişdir. Belə ki, iddiaçılara məxsus olan hüquqmüəyyənedici sənəddə torpaq sahələri üç ayrı-ayrı cizgidə hazırlanmış və birbirilərindən fərqli ərazilərdə verilmişdir. Onlar isə həmin torpaq sahələrindən yalnız 435 planşet nömrəsində olan ərazidən istifadə edir. Həmin ərazidə olan torpaq sahəsi isə hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərə uyğun deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Ona görə də hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Şikayətin dəlilləri qətnamənin dəyişdirilməsinə əsas olsa da, ləğv üçün əsas deyildir. Məhkəmə kollegiyası tərəfindən mülki işin daha obyektiv araşdırılması üçün eksperiza təyin edilmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. 10 yanvar 2023-cü il tarixli, 10/7260 saylı ekspert rəyindən görünür ki, iddiaçılar İddiaçı1, Əliyeva (Aslanova) Maral Rüstəm qızının, Kutal (Aslanova) Aynurə Nürəddin qızının, İddiaçı4 Nürəddin oğlunun və İddiaçı5 Nürəddin qızının mülkiyyətlərinə JN-435 Torpa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Balakən rayonu, Mahamalar kəndi ərazisində 435W cizgisində 0.0614 ha, 435V cizgisində 0.1843 ha və 435 cizgisində isə 0.4945 ha olmaqla ümumilikdə 0.74 ha torpaq sahəsi işlənilmişdir. Mübahisəli ərazi həmin aktın 435 cizgisində göstərilən 0.4945 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir. İddiaçılar İddiaçı1, Əliyeva (Aslanova) Maral Rüstəm qızının, Kutal (Aslanova) Aynurə Nürəddin qızının, İddiaçı4 Nürəddin oğlunun və İddiaçı5 Nürəddin qızının mülkiyyətində olan Balakən rayonu, Mahamalar kəndi ərazisində mübahisəli 435 cizgisində göstərilən 0.49 ha torpaq sahəsinin naturada ölçüləri 0.49 hektardır. Mübahisəli torpaq sahəsinin sənədə göstərilən ölçülərə görə və torpaq sahəsinin naturada istifadə edilən ölçülərə görə yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçılara məxsus torpaq sahəsinin 0.49 ha hissəsi cavabdehlər tərəfindən bütövlüklə istifadə edilir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehlər apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Rəy cavabdehlərin mübahisəli torpaq sahəsinin 0.49 ha hissəsindən çıxarılması ilə bağlı dəlillərini təsdiq edir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Beləliklə kollegiya hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 7 yanvar 2022-ci il tarixli, 2(019)- 60/2022 saylı qətnaməsi dəyişdirilməli, cavabdehlər iddiaçılara məxsus Balakən rayonu Mahamalar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.49 ha hissəsindən çıxarılmalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 7 yanvar 2022-ci il tarixli, 2(019)-60/2022 saylı qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılara məxsus Balakən rayonu Mahamalar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.49 ha hissəsindən çıxarılsınlar. İş üzrə ekspertiza xərcini təşkil edən 25 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 25 manatı isə iddiaçılar İddiaçı1, Əliyeva (Aslanova) Maral Rüstəm qızının, Kutal (Aslanova) Aynurə Nurəddin qızının, İddiaçı4 Nürəddin oğlundan tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X4, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-28/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-28/2023
30.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver