Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-281/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-1317/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : Qəbələ Rayon Məhkəməsinin (Hakim A.Əliyev) xx.xx.2019-cu il tarixli 2(025)-1317/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinin təmin edilməməsi qət edilmişdir. İşin faktiki halları: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə tikidirdikləri və yaşadıqları ünvan 2 ev 2 ünvanda yerləşən evə övladları ilə birlikdə məcburi köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2003-cü ildə cavabdehlə ailə həyatı qurub evlənmişdir. Nikahlarını xx xxx 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Həmin nikahdan xx xxxx 2004cü il tarixdə Günay, xx xxx 2005-ci il tarixdə Kənan, xx xxxx 2006-cı il tarixdə Samir və xx xxxx 2009-cü il tarixdə Leyla adlı uşaqları doğulmuşdur. Evləndikləri ilk illərdə mehriban yaşasalar da, sonradan cavabdehlə sözləri üst-üstə düşməmiş və yola getməmişlər. Ailəli olanda cavabdeh birmənalı olaraq uşaqlarına baxmamışdır. Qazandığını ancaq spirtli içkilərə xərcləmişdir. Onu isə iki qız övladı ilə evdən qovaraq çıxartmışdır. İki oğlu cavabdehin yanında qalmışdır. Dəfələrlə yaşadığı ünvana getmək istəsə də, onu evə barıxmamışlar. Hətta bir neçə dəfə həmin evə polis əməkdaşları ilə getmişdir. Ancaq cavabdeh onlara hücum edərək evdən çıxartmış, onu təhdid edərək övladlarının yanında döyüb təhqir etmiş və ünvanına nalayiq ifadələr işlətmişdir. Ailədaxili münaqişə ucbatından cavabdehlə ər-arvad münasibətləri tamamilə pozulmuşdur. Hazırda ayrı yaşayırlar. Məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2(025)-968/2019 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Cavabdehlə ailə quranda ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüşdür. Həmin həyətdə balaca bir ev olmuşdur. Gəlin köçdükdən sonra onlar evi sökərək yaşayış üçün həyətdə normal vəziyyətdə, bir zaldan və iki otaqdan ibarət ev tikmişlər. Evin inşa olunmasına atası köməklik etmişdir. Fərdi yaşayış evinin tikintisində onun əziyyəti çox olmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh onu evə qoymur. Cavabdeh bildirmişdir ki, aralarındakı rəsmi nikah pozulduğuna görə onu evə buraxmayacaqdır. Sənanın başqa bir qadınla münasibətləri vardır. Buna görə də o, həmin qadını evə gətirmək istəyir. Yanında olan uşağı ilə bacısının və anasının evində qalmağa məcburdur. Bu isə doğmaları üçün bir sıra maddi çətinliklər yaradır. Anasının yaşayış vəziyyəti də acınacaqlıdır. Yağışlı havalarda yağış suları evin altında qalaraq nəmişlik yaradır. Bu da uşaqların sağlamlıqlarına zərər vurur, uşaqlarını sağlam böyüdə bilmir, təhsilləri üçün maneçiliklər mövcuddur. Bu səbəbdən övladlarıuzun müddətdir ki, məktəbə gedə bilmirlər. Cavabdehin yanında qalan uşaqlar isə dərslərdəntamamilə uzaqlaşmışlar. Onlar sanki tüfeyli həyat keçirirlər. Cavabdeh valideyn olaraq uşaqlarlamaraqlanmır. Məqsədi uşaqlarını başına yığıb onların təlim və tərbiyəsi ilə məşğul olmaqdır.Bunun üçün onun normal yaşayış şəraiti olmalıdır. Onun özünün heç bir təhsili yoxdur, başqaşəxslərin evini təmizləməklə uşaqlarına baxır. Aylıq qazancı heç iki yüz manat civarında olmur.Kirayə yaşasa uşaqların qidalanmasına və təhsilinə xərcləməyə pulu qalmır. Buna görə də birgənikahları dövründə tikilmiş və yaşadıqları evə qayıdaraq yaşamaq istəyir. Birinci instasniya məhkəmsinin iclasında iddiaçı iddiada qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, göstərmişdir ki, o, 2003-cü ildə cavabdehlə evlənmişdir. Nikahlarını xx xxx 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxx 2004-cü il tarixdə Günay, xx xxx 2005-ci il tarixdə Kənan, xx xxxx 2006-cı il tarixdə Samir və xx xxxx 2009-cu il tarixdə Leyla adlı uşaqları doğulmuşdur. Əvəllər mehriban yaşasalar da sonradan cavabdehlə ailə münasibətləri pozulmuşdur. Cavabdeh onu və iki qız övladını evdən qovub çıxartmışdır. Oğlan uşaqları isə cavabdehin yanında qalmışlar. Məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2(025)- 968/2019 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Cavabdehlə ailə quranda ünvan 2 ünvanda yerləşən evə gəlin köçmüşdür. Həmin həyətdə balaca bir ev olmuşdur. Gəlin köçdükdən sonra evi sökərək yaşayış üçün həyətdə normal vəziyyətdə olan ev tikmişlər. Evin inşa olunmasına atası köməklik etmişdir. Cavabdehin başqa bir qadınla münasibətləri vardır. Buna görə də həmin qadını evə gətirmək istəyir. O, isə bacısının və anasının evində qalmağa məcburdur. Bu da doğmaları üçün bir sıra maddi çətinliklər yaradır. Məqsədi uşaqlarını başına yığıb onların təlim və tərbiyyəsi ilə məşğul olmaqdır. Bunun üçün normal yaşayış şəraiti olmalıdır. Buna görə də aralarındakı mübahisənin hüquq müstəvisində həllinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını, iddiası təmin edilməsə uşaqları ilə mübahisələndirilən evdə yaşamaq hüququnun verilməsini məhkəmədən xahiş edir. Birinci instasniya məhkəmsinin iclasında Cavabdeh məhkəmə iclasında iddianı etiraf etməyərək göstərmişdir ki, iddiaçı ilə olan nikahdan dörd övladı vardır. Nikahları xx xxx 2017-ci il tarixdə rəsmiləşdirilmişdir. Ailə olan zaman atası Əli Cəlilova məxsus həyətyanı torpaq sahəsində yerləşən evdə uşaqları ilə yaşamışlar. Daim uşaqlarının və ailəsinin qayğısına qalmışdır. Lakin son zamanlar iddiaçı özünü qeyri-adekvat apararaq ailəsinə qarşı biganə yanaşmış, uşaqların sağlamlığına, təhsilinə və inkişafına heç bir əsaslı səbəb olmadan biganəlik nümayiş etdirmişdir. İddiaçı valideyn kimi övladlarını orta məktəb təhsilindən məqsədəyönlü olaraq yayındırdığına görə Qəbələ rayon Təhsil şöbəsi tərəfindən xəbərdarlıq məktubu da göndərilmişdir. İddiaçının bütün bu hərəkətləri və davranışı, özünü cəmiyyət arasında hörmətsizcəsinə aparması övladlarının onunla birlikdə yaşamasını mümkünsüz etmişdir. Nikahları məhkəmə qətnaməsi əsasında pozulmuşdur. İddiaçı ilə birgə nikah dövründə onlar heç bir ev tikməmiş, torpaq sahəsi almamış və başqa qiymətli əmlaka sahib olmamışlar. Buna görə də məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəİdiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan əsassız qətnamə çıxarmışdır. O, ailə qurduqdan sonra mübahisəli ünvana gəlin köçmüş, orada yaşamaqla orada əlavə otaqlar inşa etmişlər. Ailə münasibətlərində yaranmış narazılığa görə cavabdeh zorla onu və iki qızını evdən çıxarmış və orada yaşamağa imkan verməmişdir. Məhkəmə baxışı zamanı bununla əlaqədar işin hallarına əhəmiyyət verilməmiş, ən azı iş üzrə mövcud sübutlara müvafiq qanuni və ədalətli hüquqi qiymət verilməmiş qalmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər iki tərəfin xahişi nəzərə alınaraq təxirə salınsa da, tərəflər yenidən məhkəməyə gəlməmiş, cavabdeh yenidən teleqram göndərərək məhkəmə iclasının vaxtının uzadılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası təkrar məhkəmə iclasının təxirə salınmasına lüzum görməmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə, hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində toplanmış sübutlar əsasında müəyyən edir ki, iddiaçı 2003-cü ildə cavabdehlə ailə həyatı qurub faktiki nikah münasibətlərinə girmiş və mübahisəli evə gəlin köçmüş, həmin nikahdan onların xx xxxx 2004-cü il tarixdə Günay, xx xxx 2005-ci il tarixdə Kənan, xx xxxx 2006-cı il tarixdə Samir və xx xxxx 2009- cu il tarixdə Leyla adlı uşaqları doğulmuşdur. İddiaçı gəlin köçəndən sonra cavabdehin valideynlərinin yaşadıqları evdə yaşamışdır. Tərəflər arasındakı nikah isə xx.xx.2017-ci il tarixdə Qəbələ rayonu Qeydiyyat şöbəsində qeydə alınmış və 12 nömrəli akt qeydi ilə rəmiləşdirilmişdir. 2019-cu ilin əvvəllərindən tərəflər arasında mübahisə yaranmış və iddiaçı evdən getmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-968/2019 saylı qətnaməsi tərəflər arasındakı nikah pozulmuşdur. Nikahları pozulan zaman iddiaçı cavabdehdən aliment tələb etməmişdir. O, hazırda anasının və yaxın qohumlarının yanında yaşayır. Tərəflərin birgə nikahlarından doğulmuş uşaqlardan Günay Gəlilova, Samir Cəlilov və Kənan Cəliov isə atasının yanında qalaraq yaşayırlar. Mübahisələndirilən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədləri yoxdur. İnzibati Ərazi üzrə Nümayəndəliyin verdiyi arayışa görə fərdi yaşayış evi cavabdehin atası Cəlilov Əliş tərəfindən inşa olunmuşdur. Məhkəmə kollegiyası mübahisəli ünvanda yerləşən evin cavabdehin atası olan X2 məxsus olması bildirilsə də, bununla bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, həmin şəxsin də iş üzrə məhkəmə icraatına cəlb edilməsinə ehtiyac görülməmişdir. Hazırki iş üzrə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin və qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinöə əsaslanaraq iddiaçının könüllü olaraq evdən getməsinə əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və hesabedirki, işə baxılarkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, eləcə də birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı 2003-ci il tarixdə cavabdehlə faktiki olaraq birgə nikaha daxil olmaqla evlənmiş, heç bir qeyd şərt olmadan, cavabdehin atasına məxsus olan (hüquqmüəyyənedici sənədlər mövcud deyil) ünvan 2 ev 2 ünvanında yerləşən evə gəlin köçmüş, birgə təsərrüfat aparmaqla cavabdehlərlə birlikdə həmin evdə yaşamışdır. Tərəflərin birgə nikahından xx xxxx 2004-cü il tarixdə Günay, xx xxx 2005-ci il tarixdə Kənan, xx xxxx 2006-cı il tarixdə Samir və xx xxxx 2009- cu il tarixdə Leyla adlı uşaqları doğulmuşdur. Tərəflər arasındakı münasibətlər pisləşdiyindən nikahları Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)- 968/2019 saylı qətnaməsi ilə pozulmuş, cavabdeh uşaqları ilə həmin evdən getmiş anasının və qohumlarının yanında yaşamış, sonradan həmin evə qoymamışlar. İddiaçının evdən çıxıb getməsi də heç də könüllü olmamış, tərəflərin gərgin münasibətlərinin nəticəsində baş vermişdir. Aralarında yaranmış narazılığa görə 2019-ci il tarixdən 2009-cu il təvəllüdlü uşağı ilə birlikdə anasının evində yaşayır. İddiaçının qeydiyyat yeri mübahisəli ev, hazırkı yaşayış yeri isə anasının evidir. Cavabdeh tərəf iddiaçını evə buraxmadığından o hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İş materiallarından görünür ki, iddiaçının gəlin köçüb yaşadığı zaman və hazırda mübahisə predmeti olan ev heç kimin mülkiyyətində olmamışdır. Mülki hüquq münasibətləri mülki hüquq subyektlərinin bərabərliyi prinsipinə əsaslandığı üçün həmin subyektlərdən birinin vəziyyətini yaxşılaşdıran qanun digər subyektin vəziyyətini pisləşdirir. Belə olan halda mülki qanunvericiliyin mülki hüquq subyeklərindən birinin və ya bir neçəsinin vəziyyətini yaxşılaşdıran normalarının geriyə tətbiqi bütün hallarda istisna olunur. Ona görə də Mülki Prosessual Qanunvericilik imperativ qaydada qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmasını tələb edir. İş materiallarından göründüyü kimi hazırki işdə tərəflər arasında mübahisəli yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər xx.xx.2000-ci ildən sonra yaranmışdır. Mülki Məcəllənin 228-ci maddəsi yaşayış binasının mülkiyyətçisi də orada yaşayan ailə üzvləri arasındakı münasibəti tənzimləyir. Lakin mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından sözügedən evə heç kimin mülkiyyət hüququ yaranmamışdır. Ona görə də hazırki işdə tərəflər arasındakı mübahisəyə birbaşa tətbiq edilməli hüquq norması yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev həmin dövrdə mülkiyyətdə olmadığına görə tərəflər arasındakı mübahisəyə onlar arasında mübahisə edilən hüquq münasibəti yaranan zaman qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2. maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 13.4. maddəsinə görə, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən,mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş) 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 2003-cü il tarixdən etibarən mübahisəli ünvanda fasiləsiz olaraq ailə üzvləri ilə birlikdə yaşamaqla təsərrüfat aparması həm iddiaçının, həm cavabdeh tərəfin etirafı ilə tam sübuta yetir. Beləliklə də, iddiaçı qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri qaydasında mübahisəli yaşayış sahəsindən istifadə etmək, yaşamaq hüququ əldə etmişdir. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Belə olan halda məhkəmə kollegiyası tərəflər arasındakı münasibətlərlə bağlı müəyyən olunmuş işin faktiki hallarına qiymət verməklə qeyd edir ki, iddiaçı ilə onun yetkinlik yaşına çatmayan yanında qalan övladının da qüvvədən düşmüş Mənzil Məcəlləsinin tələbləri qaydasında ünvan 2 ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə və yaşamaq hüququna malik şəxslər kimi qəbul edilməlidirlər. Bu zaman məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçı tərəfin həmin ünvanda qeydiyyatda olub-olmaması və ya hansı tarixdən etibarən mübahisəli ünvanda qeydiyyatda olması önəmli məsələ deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatını, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), həmin Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin və ya qəyyumlarının yaşayış yeri sayılır. Beləliklə məhkəmə kollegiyası sadalanan qanunvericilik aktlarına, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan plenum qərarına istinadən hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-1317/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-1317/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı himayəsində olan övladı ilə birlikdə ünvan 2 ev 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-281/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-281/2020
13.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver