Məhkəmə qərarları › İş №2(107)-282/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-282/2021

26.01.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-282/2021 26.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X12 məhkəmə iclas katibiyi, iddiaçılar İddiaçı4 (həmçinin İddiaçı1 nümayəndəsi) və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı “miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)- 855/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı4 və İddiaçı1 nümayəndəsi (anası) İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı4, X4. İddiaçı2 və İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş X9 miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən DƏDR-də qeydiyyata alınmış RX seriyalı ******* saylı Çıxarışda qeyd olunmuş 0.1108 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 53,8 kvm ümumi sahəsi olan fərdi yaşayış evinin ½ hissəsi üzərində onlara qanun üzrə vərəsəlik hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-855/2020 nömrəli (hakim E.Məmmədov) qətnaməsi ilə iddiaçılar İddiaçı4, X4. İddiaçı2 və İddiaçı1 Cavabdeh və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş X9 miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən DƏDR-də qeydiyyata alınmış RX seriyalı ******* saylı Çıxarışda qeyd olunmuş 0.1108 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 53,8 kvm ümumi sahəsi olan fərdi yaşayış evinin ½ hissəsi üzərində onlara qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı4 (həmçinin İddiaçı1 nümayəndəsi) apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)- 855/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. İşin faktiki halları: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş X17, iddiaçılardan İddiaçı4 qayınatası, digər iddiaçıların isə babası olmuşdur. Sabir Osmanovun vəfatından sonra Zaqatala rayon Əliabad qəsəbəsində 0.1108 ha həyətyanı torpaq sahəsi və həmin torpaqda yerləşən 53.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi miras qalmışdır. Sabir Osmanovun birinci növbə vərəsələri arvadı- Cavabdeh (hazırda həmin evdə yaşayır), oğlu X13 (15.01,2005-ci ildə vəfat etmişdir, vəfat etdiyi günə qədər Sabir Osmanova məxsus evdə yaşamışdır) olmuşdur. Mübariz Osmanov vəfat etdiyi günədək atası Sabir Osmanova məxsus evdə yaşamışdır. X13 iddiaçılardan İddiaçı4nm rəsmi nikahlı əri, digər iddiaçıların isə doğma atası olmuşdur. Sabir Osmanov (miras qoyan) vəfat etdiyi zaman onun sağ olmayan vərəsəsi Mübariz Osmanova düşən payı onlar qəbul etmişlər. Belə ki, mirası qəbul etmələrinə dair ərizəni xx xxxxxx 2020-ci il tarixdə mirasın açıldığı yer üzrə notariusa rəsmi qaydada göndərmişlər. Poçt da öz növbəsində onların ərizəsini xx.xx.2020-ci il tarixdə notariusa təqdim etmişdir. Göründüyü kimi Sabir Osmanovun vəfatından 3 ay bitməmiş onlar Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələbi olan ərizənin notariusa verilməsini həyata keçirmişlər. X11 miras qalmış əmlak 2 hissə bölünərək vərəsəlik payları müəyyən olunur, 1-ci hissə evdə yaşayan Cavabdeh, 2-ci hissə iddiaçılar.Sabir Osmanovun 3-cii bir vərəsəsi də var, qızı X7. Mehriban Sabir qızı 1996-cı ildə atasının təsərrüfatından çıxmış, ayrılmış və ərinə məxsus təsərrüfat və evdə yaşayır. X19 vəfatından 6 ay keçməsinə baxmayaraq ondan qalmı miras əmlakdan pay istəməsi barədə notariusa ərizə verməmiş və yaxud da miras əmlakı faktiki qəbul edib idarə etməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı4 və İddiaçı1 nümayəndəsi (anası) İddiaçı4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsi işə birtərəfli qaydada baxmış, ətraflı araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozaraq əsassız qətnamə qəbul etmişdir. Belə ki, miras qoyan əmlakına dair vəsiyyətnamə yazdığına görə məhkəmə hesab etmişdir ki, iddiaçılar qanun üzrə vərəsələr kimi mirasdan pay tələb etmək hüququnu itirmişlər. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş üzrə iddiaçıların məcburi pay tələb etmək hüquqları yaranmamışdır. Məhkəmə Mülki Məcəllənin 1133.1 və 1133.2-ci maddəsini səhv təfsir etmişdir. Belə ki, 1133.1 -ci maddəsində deyilir ki, ölmüş şəxsin əmlakı başqa şəxsə qanun və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Yəni maddələrdən belə başa düşmək olur ki, miras qoyan vəsiyyət qoymadığı halda əmlak qanun üzrə vərəsələrə keçir, vəsiyyət qoyduğu halda isə məcburi pay alacaq vərəsələr vardırsa onların payı qanun üzrə vərəsəlik açılır, digər hissəyə isə vəsiyyət üzrə vərəsəlik açılır. Yəni 1133.1 -cü maddəsində deyildiyi kimi hər iki əsasla vərəsəlik açılır. Məhkəmə 1133.2-ci maddəsində yazılanları oxuduqdan sonra 1133.1 -ci maddəsində yazılan "Hər iki əsasla" sözlərini unutmuşdur. Məhkəmə Mülki Məcəllənin 1159-cu maddəsinin tələbini pozmuşdur. Belə ki, həmin maddə də qanun üzrə vərəsələrin kimlər olduğunu izah edir. 1159.1.3- cü maddəsində deyilir ki, miras açıldığı zaman miras qoyanın vərəsəsi ola biləcək şəxs sag deyildirsə ona çatacaq pay onun uşaqlarına çatır. İddiaçılardan Məgrubə, Əminə və İdris miras pay alacaq mərhum Mübarizin uşaqlarıdır. Mübariz atasından tez öldüyünə görə onun payı onun uşaqlarına verilə bilməz." Bu fikir Mülki Məcəllənin ziddinə olan bir fikirdir, iddiaçıların hüquqlarını pozur. Bütün bunları nəzərə alaraq Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-855/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı4 (həmçinin İddiaçı1 nümayəndəsi ) apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qayınatası (digər iddiaçıların babası) X17 2019cu il tarixdə, əri Mübariz Osmanov isə 2005-ci il tarixdə vəfat etmişdir. Miras əmlak da qayınatası Sabir Osmanovdan qalmışdır. Hesab edir ki, ərinin 2005-ci il tarixdə ölməsinə, qayınatası tərəfindən Cavabdeh adına vəsiyyətnamə olmasından asılı olmayaraq onun və uşaqlarının həmin əmlakda payı var. Lakin birinci instansiya məhkəməsi iddianı təmin etməməklə qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, apellyasiya şikayətinin təmin olunmasını və iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, miras əmlak onun əri Sabir Osmanovdan qalmış, sonuncu da ölməmişdən qabaq həmin əmlakı ona vəsiyyət etmişdir. İddiaçının əri isə 2005-ci il tarixdə vəfat etmişdir. İddiaçıların həmin evdə heç bir payı yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər iddiaçılar İddiaçı3, İddiaçı2, 3-cü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümükünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi (vəkil) məhkəmənin elektrob kabinetinə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı tərəf rəsmi poçt vasitəsilə yanaşı, istifadələrində olan 050 *** ** ** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak edən şəxslərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-855/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Zaqatala RİHB-ın Əliabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X17 xx xxxxxx 2019-cu ildə, X13 xx xxxxxx 2005ci ildə vəfat etmişdir. Zaqatala rayonu Əliabad kənd soveti tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X14 nikahlarını xx xxxxxx 1988-ci ildə bağlamışlar. Zaqatala RİHB-ın Əliabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, mərhum X17 öldüyü günədək, yəni xx xxxxxx 2019-cu il tarixədək Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən evdə yaşamış və onun vəfatından sonra varis kimi qızı X7, arvadı Cavabdeh və oğlu X13 qalmışdır. Zaqatala RİHB-ın Əliabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, mərhum X13 öldüyü günədək, yəni xx xxxxxx 2005-ci il tarixədək Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən evdə yaşamış və onun vəfatından sonra varis kimi qızı X7, arvadı Cavabdeh və oğlu X13 qalmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2016 qeydiyyat tarixli **********7 qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində 0,1106 ha həyətyanı torpaq sahəsində yerləşən 53,8 kvm sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala rayon 2 saylı Notariat Ofisinin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx xxxxxx 2019-cu ildə vəfat etmiş X17 tərəfindən xx xxxxxx 2013-cü il tarixdə qoyulmuş 2-V-404 reyestr nömrəli vəsiyyətnamə ləğv olunmamışdır, qüvvədədir. İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 mirasın qəbulu üçün xx xxxxxx 2020-ci il tarixdə Zaqatala rayonu 2 saylı Notariat Ofisinə müraciət etmiş və vərəsəlik işi açılmışdır. xx xxxxxxxx 2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, X3 rayonu Əliabad qəsəbəsində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və pay torpaq sahəsini və ona məxsus bütün əmlakını X1 vəsiyyət etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X2 nikahlarını xx xxxxxxx 2012-ci ildə bağlamışlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Qeyd olunan Məcəllənin 1167-ci maddəsinə əsasən Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Mülki Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1170.2-ci maddəsinin tələbinə görə əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. Qeyd olunan Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Qeyd olunan Məcəllənin 1202–ci maddəsinin tələblərinə görə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından və təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, İddiaçı4 miras qoyan Sabir Osmanovun mərhum oğlu Mübariz Osmanovun arvadı, digər iddiaçılar Mübariz Osmanovun uşaqları, Cavabdeh isə miras qoyanın arvadıdır. Miras qoyan Sabir Osmanov 2019-cu iul tarixdə, miras qoyanın oğlu (iddiaçıların əri, digərlərinin atası) Mübariz Osmanov isə 2005-ci il tarixdə ölmüşdür. Həmin vaxtlar müvafiq olaraq mirasın açıldığı vaxt sayılır (MM-in 1146-cı maddəsi). Miras qoyan Zaqatala rayonunda daimi yaşadığından və daşınmaz əmlak Zaqatala rayonunda yerlədiyindən mirasın açıldığı yer Zaqatala rayonudur (MM-in 1147-ci maddəsi). Miras əmlak Zaqatala rayonu Əliabad qəsəbəsində 0,1108 ha torpaq sahəsində yerləşən 53,8 kv metr sahəsi olan fərdi yaşayış evindən ibarətdir. Məhkəmə kollegiyasının araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyan Sabir Osmanov sağlığında, yəni xx xxxxxxxx 2013-cü il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və pay torpaq sahəsini və ona məxsus bütün əmlakını arvadı X1 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə ləğv edilməmiş, qüvvədədir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Ona görə ki, apellyasiya şikayətinə nəzər saldıqda apelyator öz mənafeyindən çıxış etmiş, apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi apellyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halıından göründüyü kimi miras qoyan Sabir Osmanov 2019-cu il tarixdə, onun oğlu Mübariz Osmanov isə ondan əvvəl, yəni 2005-ci il tarixdə vəfat etmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyan sağlığında arvadı (iş üzrə cavabdeh) X1 vəsiyyətnamə qoymuşdur. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər (MM-in 1166-cı maddəsi). Hüquqi təbiətinə görə vəsiyyət birtərəfli əqd olmaqla hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi, məcburi pay almaq hüququndan məhrum etməsi onun öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Əqd kimi vəsiyyətnamənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o tərtib edildikdən sonra ehtimal olunan vərəsələr üçün heç bir hüquqi nəticə yaratmır. Vərəsəlik hüquq münasibətləri vəsiyyət edən şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə yaranır. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideyinlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Göründüyü kimi miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Beləliklə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına istinadən də kollegiya belə nəticəyə gəlir ki, miras qoyan (vəsiyyət edən) X17 öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs, yəni onun oğlu X5 olmadığından və məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyündən onun bu hüququ vərəsəlik qaydasında öz vərəsələrinə keçmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı4 (həmçinin İddiaçı1 nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-855/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar