Məhkəmə qərarları › İş №2(107)-283/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-283/2022

25.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-283/2022 25.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı1 (həmçinin digər iddiaçıların nümayəndəsi), onun və digər iddiaçıların vəkili Vəkil2, Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “mənzilin əvvəlki vəziyyətə qaytarılması, otaqlardan yaşayış hüququnun bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(051)-46/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı mənzilin əvvəlki vəziyyətinə qaytarılması, otaqlardan yaşayış hüquqlarının bərpa edilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən ünvan 1 ünvanda yerləşən, 2 otaqlı, 35 kvadrat metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıların açılıb əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh istifadəsində olan otağın pəncərəsinin əvvəlki yerinə qaytarılması, mövcud olan pəncərənin bağlanması, orderdə qeyd olunan 35 kvadrat metrlik sahədən ibarət 2 otaqdan yaşayış hüquqlarının bərpa edilməsi, cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılması, mənzilə girişin əvvəlki vəziyyətdə bərpa olunması, cavabdehin yaşayış otağına bitişik inşa etdirdiyi tualethamamın öz vəsaiti hesabına sökülməsi, Məmmədov Məmməd Əziz oğlunun sağlığında inşa olunmuş otağa və köməkçi sahəyə girişə qoyulmuş maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin (hakim N.Paşayev ) 07 sentyabr 2021-ci il tarixli, 2(051)-46/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri Topçubaşov (keçmiş xəstəxana döngəsi ev 4) küçəsi 6 saylı ev Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı ilə Məmmədov Məmməd Əziz oğluna 4 nəfər ailə üzvü ilə birlikdə verilmişdir. Bundan sonra Məmmədov Məmməd Əziz oğlunun və arvadı Afəyətin, qardaşı Etibarın, bacısı Arzunun və onun adına 353 saylı order yazılmışdır. Cavabdeh sonradan doğulduğundan, adı orderə yazılmamışdır. İddiaçı2 1988ci ildən həmin ünvana gəlin köçmüş, 2001-ci ildən həmin ünvanda qeydiyyatdadır. Tural və İddiaçı4lar həmin ünvanda doğulub, boya-başa çatmışlar. Order üzrə həyətdə 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzil vardır və həmin otaqlar həyətin girişindədir. Mənzil özəlləşdirilməmişdir. Buna baxmayaraq, həmin 2 otaqlı evin biri otağı 4 nəfər ailə üzvü ilə birlikdə onun, 1 otağı isə Cavabdeh faktiki istifadəsindədir. Cavabdeh mənzilin bir otağının digər otağa girişini bağlamış, pəncərənin yerini dəyişmiş, onların öz vəsaitləri hesabına inşa etdikləri evin divarına sanuzel quraşdırmış, onların digər otaqdan istifadələrini məhdudlaşdırmışdır. Həmçinin İddiaçı1 atası Məmməd Məmmədovun sağlığında onun üçün inşa edilmiş otağa girişlərini bağlamışdır. Onlar Mingəçevir şəhəri, Topçubaşov küçəsi 6 ünvanda yerləşən 2 otaqlı mənzildə qeydiyyatdadırlar, onların hər iki otaqdan sərbəst istifadə etmək hüquqları olmalıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi iddia tələbinin mahiyyətindən, məzmunundan təmamilə kənar məsələrlər əsasında qəbul olunmuşdur. Belə ki, yaşayış evinin özəlləşdirilməməsini nəzərə almayaraq mənzildə qeydiyyatda olan 3 nəfərin-Tahirə, Tural və İddiaçı4ların huüquqlarını pozaraq ünvan 4 yaşayış evini qeyri-bərabər 2 hissəyə bölmüşdür. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə isə təqdim etdikləri sübutları deyil, tələbləri ilə əlaqəsi olmayan sübutları nəzərə almışdır. Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(051)- 46/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdehin müdaxiləsi nəticəsində evindən lazımi qaydada istifadə edə bilmir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə obyektiv araşdırma aparmadan sonda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə obyektiv həqiqətə nail olmaq üçün ətraflı araşdırma aparmış, ekspertiza təyin etmiş, hətta yerli baxış keçirmişdir. Hesab edir ki, şikayət tam əsassızdır. Ona görə də şikayətin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Hüquq məsələləri: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(051)-46/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlər; Mingəçevir şəhər 3 saylı MİS-nin 17 iyul 2019-cu il tarixli, 230 saylı arayışından görünür ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri Topçubaşov küçəsi 6 ünvanında yaşayırlar. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 09.08.2019-cu il tarixli arxiv arayışından görünür ki, arxivdə mühafizə olunan Mingəçevir şəhər ZDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 10 aprel 1969-cu il tarixli 01 saylı protokolunda Məmmədov Məmməd Əziz oğlunun adına ev bölgüsü qeyd edilmişdir. DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Topçubaşov küçəsi 6 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə 3/8 hissədə Cavabdeh, 3/8 hissədə İddiaçı1, 1/8 hissədə X7 və 1/8 hissədə X4 adına 25.08.2016-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Topçubaşov küçəsi 6 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi üzərində 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı1 paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 25.08.2016-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Mingəçevir şəhər 3 saylı MİS-nin 17 dekabr 2019-ci il tarixli, 369 saylı arayışından görünür ki, X5 2005-ci ildən pasport qeydiyyatsız ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri Topçubaşov küçəsi 6 ünvanında yaşayır. işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X6 arasında 14 iyul 2005- ci il tarixdə Mingəçevir şəhər VVADQ şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 257 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından 17.08.2006-cı il tarixdə Murad, 20.02.2008-cı il tarixdə Nərmin, 26.04.2012-cı il tarixdə Fərhad adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-198/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı1 məxsus həyətyanı torpaq sahələri arasında sərhəd naturada müəyyən edilmişdir. Cavabdeh və İddiaçı1 arasında faktiki istifadəsində olan variantda müəyyən edilmişdir. İddiaçı1 tərəfindən aparılan söküntü işləri və digər qanunsuz əməllər qadağan edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3437/2020 saylı, 27 iyul 2020-ci il tarixli qərarının surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-198/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qətnaməsi Şəki Apellyasiya məhkəməsi Mülki kollegiyasının 2(107)-41/2020 nömrəli iş üzrə 13 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya məhkəməsi Mülki kollegiyasının 2(107)-41/2020 nömrəli iş üzrə 13 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Milli Arxiv İdarəsi tərəfindən verilmiş 03.05.2005-ci il tarixli arxiv arayışından görünür ki, Mingəçevir şəhər ZDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 10 aprel 1969-cu il tarixli 01 saylı protokolunda Zabolniçni döngəsi 4, 35 kvadrat sahədən ibarət mənzil ailə tərkibi 5 nəfərdən ibarət olan Məmmədov Məmməd Əziz oğlunun adına verilmişdir. Birinci instansiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qərardadı ilə təyin edilmiş, məhkəmə tikinti-texniki ekspertizasının 17 iyul 2021-ci il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən, 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıların açılıb əvvəlki vəziyyətə qaytarılması mümkün deyildir. Belə ki, ünvan 2 ünvanda yerləşən, 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzilin faktiki olaraq iki hissəyə təcrid şəklində bölündüyünü nəzərə alaraq, həmin 35 kvadrat metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıların açılıb əvvəlki vəziyyətə qaytarıldıqda iki hissəyə bölünmüş mənzillərin təcrid şəklində olduğu pozulur ki, bu da İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.9. bəndinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə ziddir. Eyni zamanda Cavabdeh 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzildən istifadəsində olan otağın pəncərəsinin əvvəlki yerinə qaytarılmaqla, mövcud olan pəncərənin bağlandıqda həmin yaşayış otağı təbii işıqla təmin olunmur ki, bu da İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.3.bəndinin tələblərinə ziddir. Bu səbəbdəndə, Cavabdeh istifadəsində olan otağın pəncərəsinin əvvəlki yerinə qaytarılması, mövcud olan pəncərənin bağlanması daşınmaz əmlakın təyinatına tənasübsüz zərər vurulmadan mümkün deyildir. ünvan 2 ünvanda yerləşən, 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzilin 1 saylı tikiliyə bitişik Cavabdeh istifadəsində olan torpaq sahəsinin daxilində ümümu sahəsi 138,78 kvadrat metr yaşayış və yardımçı sahə və 2 saylı tikiliyə bitişik İddiaçı1 istifadəsində olan torpaq sahəsinin daxilində ümümi sahəsi 102,77 kvadrat metr yaşayış və yardımçı sahə inşa olunmuşdur. Həmin tikililər bir dam altında və bir mülkiyyətdə olan torpaq sahəsində yerləşdiyini nəzərə alaraq, 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzilə bitişik inşa olunmuş tikililərə ara məsafəsinin olması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.6 bəndinə əsasən zəruri deyildir. ünvan 2 ünvanda yerləşən, 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzilə bitişik əlavə tikililər bir dam altında vahid tikili şəklində oduğundan, həmin tikililərin sökülərək əvvəlki vəziyyətinə qaytarılması mümkün deyildir. Azərbaycan Respublikası Mingəçevir şəhər Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş sxemə əsasən, ünvan 3 ünvanında yerləşən 35 kvadrat metrlik yaşayış evinə əsas giriş sahəsi 16,91 kvadrat metirlik olan otaqdakı olmuşdur. Tədqiq olunan ünvanda yaşayış evinə bitişik inşa edilmiş tualet-hamam tikilisinin ümumi sahəsi 18,56 kvadrat metr təşkil etdiyini nəzərə alaraq, həmin tualet-hamam tikilisinin inşa olunması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddələrinin 79.1 və 79.1.1 bəndlərində göstərilənlərə əsasən icazə tələb olunmadığını, eləcə də Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddənin 69.6 bəndinə əsasən ara məsafəsini saxlanılması zəruri olmadığını nəzərə alaraq, yaşayış evinə bitişik inşa edilmiş tualethamam tikinti normalarına uyğundur. Eyni zamanda tualethamam tikilisinin arxa hissəsində olan İddiaçı1 istifadəsində olan otağın daxilindən hər hansı bir ziyan olmadığını nəzərə alaraq, həmin evə bitişik inşa olunmuş tualet-hamam yaşayış evindən təyinatı üzrə istifadəsinə maneçilik törətmədiyi müəyyən olunur. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin hazırda həmin evdə yaşayanların mənafeyi və bir-birinə münasibətləri nəzərə alınmaqla evin qapılarının açılıb əvvəlki vəziyyətə qaytarıldıqda iki hissəyə bölünmüş mənzillərin təcrid şəklində olduğu pozulur ki, bu da İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.9. bəndinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə ziddir. ünvan 4 ünvanda yerləşən torpaq sahəsinin faktiki olaraq iki hissəyə bölündüyünü, tikililəri torpaq sahəsinin orta hissədə yerləşdiyini, ayrı-ayrılıqda giriş-çıxış yolu, yaşayış və yardımçı tikililəri olduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin 1/2 paylara uyğun şəkildə 2 hissəyə bölünməsi Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin, iştirakı ilə keçirilmiş baxış nəticəsində müəyyən olunmuşdur ki, baxış keçirilən ərazi Mingəçevir şəhəri Topçubaşov ( keçmiş xəstəxana döngəsi ev 4) küçəsi 6 saylı ev 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıları və pəncərələr hörülmüş, hər iki tərəf istifadələrində olan otaqlara əlavə otaq, mətbəx və sanuzel qovşaqları inşa etmişlər. Hər iki evə ayrı giriş-çıxış vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlavə birbirlərinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 5 ünvanda yerləşən 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzil İddiaçı1 və Cavabdeh ataları mərhum Məmmədov Məmməd Əziz oğlunun adına verilmişdir. Həmin mənzilin yerləşdiyi 0.08 hektar həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 və Cavabdeh hər birinin 1/2 hissədə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, mübahisəli mənzilin otaqları arasında olan qapıları və pəncərələr hörülərək mənzil və paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsi faktiki olaraq iki hissəyə bölünmüşdür. İddiaçı1 tərəfindən istifadəsində olan torpaq sahəsi daxilində faktiki istifadə etdiyi tikiliyə bitişik 102,77 kvadrat metr yaşayış və yardımçı sahə, Cavabdeh tərəfindən də eyni qaydada olan istifadəsində olan torpaq sahəsi daxilində faktiki istifadə etdiyi tikiliyə bitişik 138,78 yaşayış və yardımçı sahə inşa olunmuşdur. Həmin tikililər bir dam altında və paylı mülkiyyətdə olan torpaq sahəsində yerləşdiyi və mübahisəli mənzilə bitişik inşa olunduğundan, tikililərə ara məsafəsinin olması zəruri olmamış, həmçinin hər iki hissə təcrid şəklində ayrıca giriş-çıxış yoluna malik olduğundan, tərəflərin istifadələrində olan tikililərdən və torpaq sahəsindən istifadə etmələrinə heç bir məhdudiyyət olması müəyyən edilməmişdir. İkinci, Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Üçüncü, kollegiya işin müəyyən olunmuş hallarına əsasən, hazırkı mülki mübahisənin qanuni həlli üçün ilk növbədə, iddiaçının müvafiq subyektiv hüququnun cavabdeh tərəfindən pozulub-pozulmamasının müəyyən edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Ona görə də kollegiya belə qənaətə gəlir ki, iddiaçılar hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından hazırki iddianı vermək səlahiyyətinə də malik deyil. Kollegiya bildirir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçılar onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(051)-46/2021 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar