Məhkəmə qərarları › İş №2(107)-284/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-284/2025

06.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-284/2025 06.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X7 qızının katibliyi, apellyasiya şikayəti vermiş İddiaçı, Cavabdeh1 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Zaqatala rayonu N.Aslanov adına Yengiyan kənd tam orta məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli e-2(075)-1919/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı 30 iyul 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1nə və Zaqatala rayonu N.Aslanov adına Yengiyan kənd tam orta məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 N.Aslanov adına kənd tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 49 №-li qanunsuz əmrinin ləğv edilməsi və həmin məktəbə işə bərpa olunması və məcburi işburaxma dövrü üçün məhkəməyə müraciət etdiyi tarixədək və ondan sonra işləmədiyi dövr ərzində işəgötürən tərəfindən ödənilməmiş olan əmək haqqının ümumi məbləğinin ona ödənilməsi barədə ədalətli, obyektiv və qərəzsiz qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2 ildən artıq Zaqatala rayon Təhsil Şöbəsi ilə əmək müqaviləsi bağlayaraq, N.Aslanov adına Yengiyan kənd tam orta məktəbdə musiqi müəllimi vəzifəsində işləmiş və onun 5 saatlıq dərs yükü olmuşdur. Lakin, iki il işləməsinə baxmayaraq, həmin məktəb onunla yazılı əmək müqaviləsi bağlamamış və birdən-birə heç bir səbəb olmadan qanunsuz şəkildə onu işdən azad etmişlər. Əgər onunla yazılı şəkildə əmək müqaviləsi bağlanmamışdırsa, cavabdeh necə iddia edə bilər ki, onların arasında əmək münasibətləri daimi deyil, müddətli xarakter daşımışdır. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli 107 №-li əmrdə qeyd olunmuşdur ki, “Aşağı Tala 5 nömrəli kənd tam orta məktəbin musiqi müəllimi İddiaçı Hüseyin oğlu xx.xx.2023-cü il tarixdən Cavabdeh1ndən razılıq gələnədək, məktəbə vakantda olan 5 saat musiqi dərsini tədris etmək üçün müəllim təyin edilsin”. Lakin, iddia ərizəsinə əlavə etdiyi xx.xx.2024-cü il tarixli, 49 №-li işdən çıxarma əmrində isə qeyd olunmuşdur ki, “N.Aslanov adına Yengiyan kənd tam orta məktəbinin musiqi müəllimi İddiaçı Hüseyin oğlu ilə bağlanmış müqavilənin müddəti xx.xx.2024-cü il tarixində bitdiyi üçün həmin tarixdən işinə xitam verilsin. Son haqq-hesab ödənilsin” Daha sonra isə ardınca “ruçka” ilə qeyd olunub: “Əsas: Əmək Məcəlləsi, maddə 68 bənd 2 (b)”. Göründüyü kimi, iki əmr bir-biri ilə ziddiyyət təşkil edir. Birinci əmrdə “Cavabdeh1ndən razılıq gələnədək”, ikinci əmrdə isə “İddiaçı Hüseyin oğlu ilə bağlanmış müqavilənin müddəti xx.xx.2024-cü il tarixində bitdiyi üçün” yazılmışdır. Bundan əlavə, iddia ərizəsinə “e-sosial”dan əlavə etdiyi Çıxarışlardan isə görünür ki, əmək müqaviləsinin bağlandığı tarix kimi xx.xx.2022-ci il tarixi göstərilmiş, əmək müqaviləsinin bitmə tarixi isə xx.xx.2023-cü il göstərilmişdir. Daha sonra isə əmək müqaviləsinin bağlandığı tarix kimi xx.xx.2023-cü il göstərilmiş, bitmə tarixi isə xx.xx.2024-cü il tarixi göstərilmişdir. Bu halda isə sual yaranır ki, bir əmək münasibətinə dair iki əmr necə olur və həmin əmrlərə dair yazılı əmək müqavilələri haradadır?. Buradan da görünür ki, işdən çıxma əmri tamamilə qanunsuz və əsassızdır. İddia ərizəsinə əlavə etdiyi əmrdən də görünür ki, tərəflər arasında hər hansı müddətlə bağlı razılıq əldə olunmamışdır. İşəgötürən birtərəfli qaydada özü müddət müəyyən edərək, birtərəfli qaydada əmək müqaviləsinə xitam vermişdir. Əmək Məcəlləyə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Aramızda hər hansı yazılı əmək müqaviləsi bağlanmadığından, tərəflər arasında olan əmək münasibətləri müddətsiz xarakter daşımalıdır. Əgər işəgötürən iddia edirsə ki, bu müqavilə müddətli əmək müqaviləsidir, bunu sübut edib göstərsin ki, həqiqətən də qarşılıqlı razılıq əsasında onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Lakin iddia ərizəsindən görünür ki, cavabdehlər öz mülahizələrinə əsasən, onunla bağlanılmış müqaviləyə “müddətli müqavilə” kimi yanaşaraq, onu işdən qanunsuz olaraq azad etmişlər. Bundan başqa hesab edir ki, onun gördüyü işin və ya göstərdiyi xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğundan, onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi. Bağlansaydı belə, bu yalnız qarşılıqlı razılıq əsasında olmalı idi. Bundan başqa bildirir ki, Şəki Rayon Məhkəməsinin bu yaxınlarda iki əmr üzrə barəsində işə bərpa tələbi ilə bağlı xeyrinə çıxan qətnamə ilə əlaqədar Cavabdeh1 onunla prinsip aparır və ona qarşı qərəzli mövqe sərgiləyirlər. Belə ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-645/2024 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi və Cavabdeh1 Bazar kənd tam orta məktəbinin 14 oktyabr 2023-cü il tarixli 162 №-li əmrinin ləğv edilməsi, İddiaçı Bazar kənd tam orta məktəbinə işə bərpa edilməsi və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, eləcə də Cavabdeh1 Lahıc kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli 90 №-li əmrinin ləğv edilməsi, İddiaçı Lahıc Kənd tam orta məktəbinə işə bərpa edilməsi və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Məhz bu qətnamədən sonra Cavabdeh1 ona qarşı qərəzli mövqe nümayiş etdirir. Hətta, Cavabdeh1 əməkdaşı ondan xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmiş olsa da, Zaqatala Rayon Məhkəməsi həmin şikayəti icraata qəbul etməkdən imtina etmişdir. Bunlardan da görünür ki, cavabdehlər onu qanunsuz və əsassız yerə işdən çıxarmışlar (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44, 45, 47, 74 və 132-ci maddələri ilə əsaslandırılmışdır). İş materiallarından görünür ki, iddia ərizəsi ilə əlaqədar birinci instansiya məhkəməsində aparılan araşdırma üzrə aşağıda qeyd olunan sənədlər məhkəməyə təqdim olunmuşdur: - Mərkəzləşdirilmiş elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixdə daxil edilmiş “Əmək müqaviləsi bildirişi”: Həmin Bildirişdə işçi İddiaçı 13 oktyabr 2022-ci il tarixdə “müddətli əmək müqaviləsi” əsasında əlavə iş yeri olaraq Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi vəzifəsinə təyin olunması və həmin müqavilənin bitmə tarixinin 14 iyun 2023-cü il tarixi olması barədə məlumatlar qeyd olunmuşdur. - Mərkəzləşdirilmiş elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixdə daxil edilmiş “Əmək müqaviləsi bildirişi”: Həmin Bildirişdə işçi İddiaçı 15 sentyabr 2023-cü il tarixdə “müddətli əmək müqaviləsi” əsasında əlavə iş yeri olaraq Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi vəzifəsinə təyin olunması və həmin müqavilənin bitmə tarixinin 14 oktyabr 2023-cü il tarixi olması barədə məlumatlar qeyd olunmuşdur. - Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbi üzrə 15 sentyabr 2023-cü il tarixli, 107 nömrəli Əmr: Həmin Əmrdə göstərilir ki, Aşağı Tala 5 nömrəli kənd tam orta məktəbin musiqi müəllimi İddiaçı 15 sentyabr 2023-cü il tarixdən Cavabdeh1ndən razılıq gələnədək, məktəbdə vakantda olan 5 saat musiqi dərsini tədris etmək üçün müəllim təyin edilsin. - Mərkəzləşdirilmiş elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixdə daxil edilmiş “Əmək müqaviləsi bildirişi”: Həmin Bildirişdə işçi İddiaçı 15 sentyabr 2023-cü il tarixdə “müddətli əmək müqaviləsi” əsasında əlavə iş yeri olaraq Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi vəzifəsinə təyin olunması və həmin müqavilənin bitmə tarixinin 14 iyun 2024-cü il tarixi olması barədə məlumatlar qeyd olunmuşdur. - Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbi üzrə 14 oktyabr 2023-cü il tarixli, 136(b) nömrəli Əmr: Həmin Əmrdə göstərilir ki, Aşağı Tala 5 nömrəli kənd tam orta məktəbin musiqi müəllimi İddiaçı ilə 14 oktyabr 2023-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanaraq, məktəbə musiqi müəllimi təyin edilsin. Əsas: Cavabdeh1 xx.xx.2023-cü il tarixli 42(1)-1297 nömrəli məktubu. - Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbi üzrə 11 iyun 2024-cü il tarixli, 49 nömrəli Əmr: Həmin Əmrdə göstərilir ki, N.Aslanov adına Yengiyan kənd tam orta məktəbinin musiqi müəllimi İddiaçı ilə bağlanmış müqavilənin müddəti 14 iyun 2024-cü il tarixdə bitdiyi üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “b” bəndinə əsasən həmin tarixdən işinə xitam verilsin və ona sonuncu haqq-hesab ödənilsin. - 26.07.2024-cü il tarixli, MŞŞ/MT001/2024-01190 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə Arayış: Həmin Arayışdan görünür ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1 və Zaqatala rayonu N.Aslanov adına Yengiyan kənd tam orta məktəbi ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən müvafiq qaydada ilkin mediasiya sessiyasının keçirilməsi təmin olunsa da, cavabdehlərin nümayəndələri həmin ilkin mediasiya sessiyasında iştirak etməmişlər. - Şəki Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, e-2(075)-645/2024 nömrəli qətnaməsi: Həmin Qətnamə ilə qət olunmuşdur ki, iddia tələbi təmin edilsin. Cavabdeh1 Bazar kənd tam orta məktəbinin 162 №-li, 14 oktyabr 2023-cü il tarixli əmri ləğv edilsin, İddiaçı Bazar kənd tam orta məktəbinə işə bərpa edilsin və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh1 Lahıc kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 90 №-li əmri ləğv edilsin, iddiaçı Şabanov X1 tam orta məktəbinə işə bərpa edilsin və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. - Zaqatala Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 1(033)-16/2024 nömrəli qərarı: Həmin Qərarda qərara alınmışdır ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 barəsində şikayət verilmiş şəxs İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunsun.

2. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Rayon Məhkəməsinin (hakim Kamran Musayev) 22 noyabr 2024-cü il tarixli e-2(075)- 1919/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Zaqatala rayonu N.Aslanov adına Yengiyan kənd tam orta məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli e-2(075)-1919/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə cavabdeh N.Aslanov adına Yengiyan kənd tam orta məktəbi arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən iddiaçı Yengiyan kənd Nəcəf Aslanov adına tam orta məktəbində musiqi müəllimi vəzifəsində işə başlamış və həmin müqavilə xx.xx.2023-cü il tarixə kimi bağlanmışdır. Bundan sonra yenidən xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanılaraq Yengiyan kənd Nəcəf Aslanov adına tam orta məktəbində musiqi müəllimi vəzifəsində işə başlamış və həmin müqavilə xx.xx.2023-cü il tarixə kimi bağlanmışdır. Həmçinin o, xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmaqla Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi vəzifəsində işə başlamış və həmin müqavilə xx.xx.2024-cü il tarixə kimi bağlanmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı ilə cavabdeh N.Aslanov adına Yengiyan kənd tam orta məktəbi arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi rəhbər tutulmaqla, həmin müqaviləyə xitam verilmişdir. Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, İddiaçı işə qəbul edilərkən, vakant vəzifəyə işə qəbul edildiyini bilirdi. Eyni zamanda, o, əmək müqaviləsinin müddətli olmasını da bilmişdir. Məhkəmə, ilk növbədə qeyd edir ki, iddiaçının cavabdeh məktəblə heç bir yazılı əmək müqaviləsi mövcud olmamışdır. Əmək müqaviləsi olmadığı halda, işçi üçün əsas sənəd kimi “əmək müqaviləsi bildirişi” qəbul edilə bilər. İş materiallarında olan əmək müqaviləsi bildirişlərindən görünür ki, İddiaçı müddətli əmək müqaviləsi əsasında xx.xx.2024-cü il tarixədək Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi vəzifəsinə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək münasibətləri mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması Əmək Məcəlləsinin əsas prinsiplərindən biridir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə kimi Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinin müddəti bitdiyi üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi rəhbər tutulmaqla N.Aslanov adına Yengiyan kənd tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 49 nömrəli əmri ilə xitam verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsas kimi göstərildiyindən, məhkəmə hesab edir ki, N.Aslanov adına Yengiyan kənd tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 49 nömrəli əmri qanuni və əsaslıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı əmək müqaviləsi bağlanmasa da, əmək müqaviləsi bildirişlərinə əsasən iddiaçının əmək müqaviləsinin müddətli olmasından və ona xitam verilmsindən məlumatı olmuşdur. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin əsaslandırılması üçün məhkəmə iclaslarında iştirak etmiş tərəflərin izahatlarına, proses iştirakçıları tərəfindən məhkəməyə təqdim olunmuş və mübahisə üzrə məhkəmə araşdırmasının predmeti olan əmək müqaviləsi bildirişlərinin, işə qəbul və işdən azad olunma barədə əmrlərin və iş materiallarında olan digər sənədlərin məzmununa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü, 7-ci, 44-cü, 45-ci, 47-ci, 49-cu, 68-ci, 73-cü, 76-cı, 87-ci və 300cü maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 119.2 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1 İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli e-2(075)-1919/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Şəki Rayon Məhkəməsinin e-2(075)- 1919/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdeh1 N.Aslanov adına kənd tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 49 №-li qanunsuz əmrinin ləğv edilməsi, həmin məktəbə işə bərpa olunması və məcburi işburaxma dövrü üçün məhkəməyə müraciət etdiyi tarixədək və ondan sonra işləmədiyi dövr ərzində işəgötürən tərəfindən ödənilməmiş olan əmək haqqının ümumi məbləğinin ona ödənilməsi barədə ədalətli, obyektiv və qərəzsiz qətnamə qəbul olunmasını” xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2 ildən artıq Zaqatala rayon Təhsil Şöbəsi ilə əmək müqaviləsi bağlayaraq, N.Aslanov adına tam orta məktəbdə musiqi müəllimi vəzifəsində işləmiş və onun 5 saatlıq dərs yükü olmuşdur. Lakin, iki il işləməsinə baxmayaraq, həmin məktəb onunla yazılı əmək müqaviləsi bağlamamış və birdən-birə heç bir səbəb olmadan qanunsuz şəkildə onu işdən azad etmişlər. Əgər onunla yazılı şəkildə əmək müqaviləsi bağlanmamışdırsa, cavabdeh necə iddia edə bilər ki, onların arasında əmək münasibətləri daimi deyil, müddətli xarakter daşımışdır. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli 107 №-li əmrdə qeyd olunmuşdur ki, “Aşağı Tala 5 nömrəli kənd tam orta məktəbin musiqi müəllimi İddiaçı Hüseyin oğlu xx.xx.2023-cü il tarixdən Cavabdeh1ndən razılıq gələnədək məktəbə vakantda olan 5 saat musiqi dərsini tədris etmək üçün müəllim təyin edilsin”. Lakin iddia ərizəsinə əlavə etdiyi xx.xx.2024-cü il tarixli, 49 №-li işdən çıxarma əmrində isə qeyd olunmuşdur ki, “N.Aslanov adına Yengiyan kənd tam orta məktəbinin musiqi müəllimi İddiaçı Hüseyin oğlu ilə bağlanmış müqavilənin müddəti xx.xx.2024-cü il tarixində bitdiyi üçün həmin tarixdən işinə xitam verilsin. Son haqq-hesab ödənilsin”. Daha sonra isə ardınca “ruçka” ilə qeyd olunub: “Əsas: Əmək Məcəlləsi Maddə 68 bənd 2 (b)”. Göründüyü kimi, iki əmr bir-biri ilə ziddiyyət təşkil edir. Birinci əmrdə “Cavabdeh1ndən razılıq gələnədək”, ikinci əmrdə isə “İddiaçı Hüseyin oğlu ilə bağlanmış müqavilənin müddəti xx.xx.2024-cü il tarixində bitdiyi üçün” yazılmışdır. Bundan əlavə, iddia ərizəsinə “esosial”dan əlavə etdiyi Çıxarışlardan isə görünür ki, əmək müqaviləsinin bağlandığı tarix kimi xx.xx.2022-ci il tarixi göstərilmiş, əmək müqaviləsinin bitmə tarixi isə xx.xx.2023-cü il göstərilmişdir. Daha sonra isə əmək müqaviləsinin bağlandığı tarix kimi xx.xx.2023-cü il göstərilmiş, bitmə tarixi isə xx.xx.2024-cü il tarixi göstərilmişdir. Bu halda isə sual yaranır ki, bir əmək münasibətinə dair 2 əmr necə olur və həmin əmrlərə dair yazılı əmək müqavilələri haradadır?. Bu hal bir daha cavabdehlərin saxta əməllərini gün üzünə çıxarır. Bunlardan da görünür ki, işdən çıxma əmri tamamilə qanunsuz və əsassızdır. Çünki, Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanmalı olduğu halda, işəgötürən Əmək Məcəlləsinin bu şərtini pozaraq onunla yazili əmək müqaviləsi bağlamamişdir. Əmək Məcəlləsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Onların arasında hər hansı yazılı əmək müqaviləsi bağlanmadığından, tərəflər arasında olan əmək münasibətləri müddətsiz xarakter daşımalıdır. Əgər işəgötürən iddia edirsə ki, bu müqavilə müddətli əmək müqaviləsidir, bunu sübut edib göstərsin ki, həqiqətən də qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlanmışdır. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Lakin, iddia ərizəsindən görünür ki, cavabdehlər öz mülahizələrinə əsasən, onların arasında bağlanılmış müqaviləyə müddətli müqavilə kimi yanaşaraq, onu işdən qanunsuz olaraq azad etmişlər. Bundan başqa hesab edir ki, onun gördüyü işin və ya göstərdiyi xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi, bu səbəbdən müddətli əmək müqaviləsi bağlana bilməzdi. Bağlansaydı belə, bu yalnız qarşılıqlı razılıq əsasında olmalı idi. Hətta, Cavabdeh1 əməkdaşı ondan xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmiş, Şəki Rayon Məhkəməsi isə həmin şikayəti icraata qəbul etməkdən imtina etmişdir. Bu da cavabdehin ona qarşı prinsip apardığını göstərir. Ümumiyyətlə, birinci instansiya məhkəməsi onun tərəfindən təqdim olunmuş sübutları sanki “görməzdən” gəlmişdir. Bu da onun hüquq və qanunla qorunan mənafelərimi kobud şəkildə pozmuşdur. İş materiallarından açıq-aydın şəkildə görünür ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, habelə qanunu səhv təfsir etmişdir. İş materiallarından görünür ki, məhkəmə işdə olan yazılı sübutlara düzgün hüquqi qiymət verməmiş, çoxsaylı mötəbər dəlillər təqdim etməsinə baxmayaraq, iddianın rədd olunması qənaətinə gəlmişdir.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 06 mart 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayətini vermiş İddiaçı və Cavabdeh1 nümayəndəsi X5 gəlmiş olsalar da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Zaqatala rayonu N.Aslanov adına Yengiyan kənd tam orta məktəbinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdeh Zaqatala rayonu N.Aslanov adına Yengiyan kənd tam orta məktəbinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş İddiaçı Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli e-2(075)-1919/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli e-2(075)-1919/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddiasının təmin edilərək, Cavabdeh1 N.Aslanov adına kənd tam orta məktəbinin 11 iyun 2024-cü il tarixli 49 №-li əmrinin ləğv edilib, həmin məktəbə işə bərpa olunması və məcburi işburaxma dövrü üçün məhkəməyə müraciət etdiyi tarixədək və ondan sonra işləmədiyi dövr ərzində işəgötürən tərəfindən ödənilməmiş olan əmək haqqının ümumi məbləğinin ona ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X5 isə apellyasiya şikayətini qəbul etmədiyini bildirib, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli e-2(075)-1919/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini – müəllimlərin orta məktəblərdə işə qəbul qaydalarına görə müddətsiz müqavilə bağlanmaqla müəllim vəzifəsinə təyin olunmaqdan ötrü müvafiq qaydada keçirilən imtahanlarda iştirak edib, bu hüququ qazanmaq lazım olduğundan, dərs saatlarının boş keçməməsi üçün vakant müəllim vəzifələrinə təhsil qurumunun özü tərəfindən qəbul edilən əmrlə müəllimlərin yalnız müddətli, yəni ən çoxu bir tədris ili üçün bağlanan müqavilələrlə işə götürülməsi, bu qaydalara görə də əsas iş yeri Zaqatala rayon Aşağı Tala 5 nömrəli kənd tam orta məktəbi olan İddiaçı Mərkəzləşdirilmiş elektron informasiya sisteminə 14 oktyabr 2023-cü il tarixdə daxil edilmiş “Əmək müqaviləsi bildirişi” və 14 oktyabr 2023-cü il tarixli 136(b) nömrəli Əmrə əsasən müddətli əmək müqaviləsi əsasında əlavə iş yeri olaraq 14 iyun 2024-cü il tarixinədək Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində vakant musiqi müəllimi vəzifəsinə təyin olunması, həmin müqavilənin bitmə tarixinin 14 iyun 2024-cü il tarixi olması və buna görə də tərəflər arasında həmin əmək münasibətlərinin 14 iyun 2024-cü il tarixdə bitdiyi nəzərə alınaraq, 11 iyun 2024-cü il tarixli 49 nömrəli Əmrlə onun həmin tarixdən Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi qismində əlavə işinə xitam verilməsi və ona qanunla nəzərdə tutulan qaydada sonuncu haqq-hesab ödənilməsi ilə əsaslandırdı.

4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Rayon Məhkəməsinin e-2(075)-1919/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdeh1 N.Aslanov adına kənd tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 49 №-li qanunsuz əmrinin ləğv edilməsi, həmin məktəbə işə bərpa olunması və məcburi işburaxma dövrü üçün məhkəməyə müraciət etdiyi tarixədək və ondan sonra işləmədiyi dövr ərzində işəgötürən tərəfindən ödənilməmiş olan əmək haqqının ümumi məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin normaları (maddələri)- (hazırkı mübahisə üzrə tərəflər arasında əmək münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyada): 2-ci maddənin 1-ci bəndi: Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2-ci maddənin 2-ci bəndi: Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddənin 5-ci bəndi: Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddənin 5-1-ci bəndi: Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 7-ci maddənin 2-ci bəndi: Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 44-cü maddə: Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 45-ci maddənin 1-ci bəndi: Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 47-ci maddənin f) bəndi: Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 49-cu maddənin 1-ci hissəsi: Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1- 2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddənin 1-ci hissəsi: Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddənin 2-ci hissəsinin “a”, “b” və “e” bəndləri: Tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar - əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 73-cü maddənin 1-ci hissəsi: Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 76-cı maddənin 1-ci bəndi: İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76-cı maddənin 2-ci bəndi: Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 87-ci maddənin 3-cü hissəsi: İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. 300-cü maddənin 1-ci hissəsi: Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə və işin konkret halları ilə müəyyən olunur ki, əsas iş yeri olaraq Zaqatala rayonu Aşağı Tala 5 nömrəli kənd tam orta məktəbin musiqi müəllimi vızifəsində işləyən İddiaçı 2023/2024-cü tədris ilində əlavə iş yeri olaraq 15 sentyabr 2023-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi vəzifəsində də işləyib, bu müddət ərzində yerinə yetirdiyi işlə əlaqədar müvafiq qaydada əmək haqqı almış və Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbi üzrə 11 iyun 2024cü il tarixli 49 nömrəli Əmrə əsasən onunla həmin məktəb arasında əlavə iş yeri olaraq mövcud olan əmək münasibətlərinə “müddətin 14 iyun 2024-cü il tarixdə bitməsi” ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “b” bəndinə əsasən həmin tarixdən xitam verilmiş və bununla əlaqədar ona qanunvericiliklə müəyyən edilmiş qaydada sonuncu haqq-hesab ödənilmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı 2023/2024-cü tədris ilində əlavə iş yeri olaraq 15 sentyabr 2023-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi vəzifəsinə işə qəbulu ilə əlaqədar tərəflər arasında müvafiq yazılı əmək müqaviləsi bağlanmasa da, 2023/2024-cü tədris ilində İddiaçı 15 sentyabr 2023-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi vəzifəsində işləməsi və onun bu vəzifəyə müəyyən müddətədək, yəni “14 iyun 2024-cü il tarixədək” qəbul olunmasının həmin dövrdə qanunvericiliyin tələb etdiyi qaydada Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmaqla rəsmiləşdirilməsi, onun bu işi ilə əlaqədar müvafiq qaydada əmək haqqı alması və müddətin bitməsi ilə əlaqədar onun bu əlavə iş yeri üzrə işinə xitam verilməsi - iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu, tərəflərin izahatları, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işəgötürən tərəfindən müvafiq qaydada Mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş 03 oktyabr 2023-cü il tarixli və 14 oktyabr 2023-cü il tarixli “Əmək müqaviləsi bildirişi”lərinin, Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbi üzrə verilmiş 15 sentyabr 2023-cü il tarixli 107 nömrəli, 14 oktyabr 2023-cü il tarixli 136(b) nömrəli və 11 iyun 2024-cü il tarixli 49 nömrəli Əmrlərin məzmunu ilə təsdiq olunur. Yəni, 2023/2024-cü tədris ilində tərəflər arasında mövcud olmuş əmək münasibətləri üzrə yazılı əmək müqaviləsi bağlanmasa da, İddiaçı həmin tədris ilində əlavə iş yeri olaraq Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbinə 14 iyun 2024-cü il tarixinədək vakant musiqi müəllimi vəzifəsinə təyin edilərək, 15 sentyabr 2023-cü ildən həmin tarixədək yerinə yetirdiyi işə görə əmək haqqı almışdır. Lakin, onun qeyd olunan bu vəzifəyə təyin olunmasının “müddətsiz” hesab olunması üçün heç bir qanuni və müqavilə əsasları mövcud deyildir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli e-2(075)-1919/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli e-2(075)-1919/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar